Vətən sağ olsun
Nazım AHMEDLİ
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Mina RƏŞİD
Vətən sağ olsun
(hekayə)
Evimizdən ayrılanda böyük qız idim. Hər şeyi olduğu kimi xatırlayıram. Ən sadə güllə səsindən tutmuş, ən dəhşətli mərmi yağışınadək. Xatirəmdə hər şey ağrılı, yaralı və kədərlidir. Bəzən o günlərin ovuc içi qədər sevincini xatırlamaq üçün yaddaşımı ələk-vələk edir, sonunda əlimdə qalan yalnız hədsiz təəssüf olur.
Atılan mərmilərdən kənddə yaralananlar, şəhid olanlar çox olsa da,
adamlar evlərindən ayrılmırdılar. Dəfələrlə top-tüfəng səsindən
pərən-pərən düşsək də, səhəri yenə geri – son ümid yerimiz olan evimizə qayıdırdıq. Heç yadımdan çıxmaz. Yaz idi, qonşu kənddə uzaq bir qohumun evində gecələmişdik. Səhər açılan kim evimizə döndük. Elə bil bir il idi evdən çıxdığımız. Bir gecəlik həsrətdən qəribsəyən anam darvazanı açıb həyətə keçən kimi dizi üstə çöküb torpağı öpdü. Onda mən hələ torpaq həsrətu, yurd şirinliyinin nə olduğunu bilmirdim. Onda mən təsəvvür belə etməzdim ki, onlardan qopmaq, daha doğrusu, zorla qoparılıb çöllərə səpələnmək nə deməkdir. Necə böyük ağrıdır…
Xatirələrimin ən ağrılısı və qorxuncu isə evimizdən axırıncı dəfə çıxmağımızdır. Ayrıla bilmirdik. Dönüb-dönüb arxaya baxır, nəyi və nə üçün qoyub getdiyimizi bir daha dərk etməyə çalışırdıq. Yarım saat da ləngisəydik, əsir düşə bilərdik. Biz isə gözümüzü, qəlbimizi, ruhumuzu zorla da olsa, ayırıb, onu əsirlikdə qoymuşduq. Onu… Nəhayətsiz çöllərində əsən veyil küləkləri, sabahadək ulayan qurd-quşu ilə birlikdə o kəndi qoyub çıxmışdıq. Əsir düşməmək üçün əsir vermişdik onu. O kəndi…
Son günlər kənddə onsuz da az adam qalmışdı. Kənd səssiz, qaranlıq xarabaya bənzəyirdi. Mənə elə gəlirdi arxamızca baxan gözlərində yaş da qalmayıb yolumuza sıxa. Dəhşət onu daşa çevirib. Özü boyda böyük, qara, üzü cadar-cadar daşa… Müharibə mənim taleyimə yazılmışdı. Sadəcə, yazı deyildi bu. Möhür idi. Silinməsi, pozulması qeyri-mümkün olan möhür. Ağır fərmana atılmış son kimi… Atam 1992-ci ilin aprel ayında düşmən mərmisindən şəhid olmusdu. Bu mərmi mənim arzularımı parmparça etmiş, çilikləmişdi. Sonralar ha çalışsam da, çilklənmiş ömrümü bir yerə yığa bilməmiş, hər parçasını bir küncdə görmüşdüm. İki qardaşım döyüşdən yaralı dönmüş, illərlə bu yaraların ağrısını yaşamış, qazi olmuşdular.
… İtkilər məni sevmişdi. Dərdi lal-dinməz çəkməyimdənmi xoşallanmışdı, ya nədən?! Bilmirəm. Onu bilirəm ki, anamı 1998-ci ilin payızında dəmiryolu vağzalında itirdim. Nə qədər dəhşətli idi. Onu vağzalda yol gedənlərin və yol gələnlərin qələbəliyində deyil, sığındığımız vaqonun dar, tənha və kimsəsiz küncündə itirmişdim… Bundan sonra tamam yox oldum. Hisslərim, arzularım, ümidlərimlə birlikdə hər şey məni tərk etdi. Heç nəyə təəccüblənməyən, ağrını bütün dəhşəti ilə bədəninə çəkən birinə çevrildim… Ölümlər və sarsıntılarla dolu bir ömrün tikanları üstündə təkbaşına addımladım…
Bir də onda ayıldım ki, mən Bakıda ola-ola ən böyük arzumu unutmuşam. Artıq 24 yaşım vardı. Amma nə olsun Cek Londonun qəhrəmanı Martin İden də sonradan mübarizə ilə arzusuna çatmışdı. Özüm özümə müəllimlik elədim. Özüm öz əlimdən tutub qaldırdım, öz qoluma söykəndim, öz köksümə sığındım… Əvvəl texnikum, sonra universitet tələbəsi oldum…
İndi 30 ilə yaxın həsrətdən sonra torpaqlarımız düşməndən azad edilib. Hər gün kəndimizdən çəkilmiş videolara baxıram. O ikimərtəbəli,
eyvanından qırmızı gülləri saçaq-saçaq tökülən yaraşıqlı evimizdən,
bənövşəli, nanəli böyük həyətimizdən əsər-əlamət yoxdu. Sanki burada
belə bir ev, həyət heç olmayıb. Təkcə qonşumuz – balaca oğlu ilə
birlikdə gözlərim önündəcə şəhid olmuş o billur səsli xanəndə Şahmalı
Kürdoğlunun hasarındakı günbəzin dibində qalan bir ovuc daşdan
bilirəm ki, burada bizim də evimiz vardı…
İndi hər gün bizə torpaqlarımızı, yurdumuzu qaytaran, o böyük Zəfəri
bəxş edən Şəhidlərimizdən yazıram. Onların cənnətdəki doğum
günlərini təbrik edirəm. Düşünürəm ki, dünyada ən şirin və ən kövrək
xatirələr Şəhidlərimizlə bağlı olanlardı. Həmin xatirələr, sadəcə kağız
üzərinə yazılmır, həm də ürəyimə, qəlbimə həkk edilir. Daşlaşmış, sükunət və ağrı içində olan xatirələrimin yerində yamyaşıl cücərtilər kimi… Bahar ətirli… Həyat ətirli… Sən demə, daşlaşmış xatirələr üzərində yeniləri cücərərmiş… Ümid dolu, sabaha inam və ismarıc dolu xatirələr… Bu xatirələri bütün dünyaya danışmaq istəyirəm, qoy bizim necə mərd, igid oğullarımızın olduğunu görsünlər, deyə. Bilsinlər ki, Azərbaycan qəhrəmanlar diyarıdır. Onun uşağından tutmuş qocasına qədər Vətən uğrunda savaşa hazırdı. Necə ki, biz bunun 44 günlük Vətən
müharibəsində şahidi olduq. Oğullarımız müharibə xəbərini eşidəndə qol
götürüb oynadılar, çünki Qarabağı özümüzə qaytarmaq, düşməndən
intiqam almaq ən böyük arzumuz idi. Çünki öləziyən ümidləri cücərtmək lazım idi. Buna görə də, Ali Baş Komandanımızın ətrafında sıx birləşdik. Məktəb uşaqları daxıllarındakı qəpikləri, qocalar öz təqaüdlərini Ordumuza, əsgərimizə göndərdilər. Əli silah tutanımız düşmənlə savaşmağa tələsdi…
Bir qazi haqqında yazı hazırlayıram… Kamil – həm əsgər, həm də aşpaz idi. Vətən müharibsi başlayandan cəhd edir ki, vuruşsun, düşməndən intiqam alsın. Amma qoymurlar, deyirlər ki, sən də belə xidmət edirsən, döyüşənlərə xörək bişirirsən. Bu da bir xidmətdi. Kamil bir gün dözür, bir ay dözür, nəhayət, bir gün yaxasından önlüyü açır və ön cəbhəyə qaçır. Ağlaya-ağlaya komandirə deyir ki, məni bağışlayın, arxada dözə bilmədim, döyüşmək istəyirəm. Komandirin qürurdan gözləri dolur. O aşpaz igid əsgər kimi düşmənlə savaşır və bir
qolunu Vətənə qurban verir… Qazi kimi evlərinə dönür…
…Bir gecə İsmayılın atasının gözünə yuxu getmir, sanki hiss edir ki,
oğlu qayıdacaq. Görəsən yaralandımı? Həyətə düşür, oturub bir daşın
üstündə səhəri dirigözlü açır. Birdən darvaza döyülür, diksinir, ürəyi
əsir, qapını açmaq istəmir. Darvaza yenidən döyülür və atanın ürəyi elə
bil, yerindən qopur…
İsmayıl cəbhədən atasına zəng edəndə demişdi: “Ata, söz ver ki, şəhid olsam, ağlamayacaqsan, sınmayacaqsan”. Atasının elə o andaca ürəyi getmişdi… İsmayıl igid oğlandı, necə deyərlər, düşməni gözündən
vururdu. Bir gün qanlı döyüşlərin birində bərk yaralanır. Yoldaşları ona
sarı gedərkən əli ilə işarə edir ki, gəlməyin, mən şəhid oluram. Deyirlər
ki, İsmayıl şəhid olduğu an gülümsəyirdi…
…Mübarizin dediklərindən: “Biz Şuşa istiqamətində irəliləyirdik. Bir gün mən də bəzi yoldaşlarım kimi yaralandım. 3 gün köməksiz, yaralı vəziyyətdə qaldıq. Elə bir relyef, elə şərait idi ki, ora nə maşın, nə də əlavə qüvvə gələ bilərdi. Sonra yenidən atışma oldu və mən təzədən yaralandım. Bizə su içməyə icazə vermirdilər. Bir gün yağış yağdı və bizi sellofana bükdülər. Biz o sellofanı deşib, dodaqlarımıza su vururduq. Bir neçə gün sonra mən huşunu itirdim. Gözümü açanda xəstəxanada idim. Gördüm hamı çalıb-oynayır. Biz zəfər çalmışdıq. Güclə ayağa qalxdım və pəncərədən sağ qalan əlimi yelləyib adamların sevincinə qoşuldum…”
Zəfərin xatirələri köz kimi yandırır: “Şəhid olan dostum Azərin ailəsini ziyarət etmək istədim. Uşaqları üstümə yüyürdü və məni ataları bilib boynuma sarıldılar. O qədər təsirləndim ki, bir də hərbi geyimdə onlara getməyəcəyimə özümə söz verdim. Anladım ki, şəhid anaları, ataları, xanımları, övladları da bir qəhrəmandır…”
…“Qəhrəman bizim üçün ölməyib. Biz hər gün onunlayıq”, – deyir həyat yoldaşı – hərbi geyimdə yoldaşının tabutuna çiynini verən qadın…
…“Tərlan başımın tacı, gözümün nuru, o mənim qəhrəmanımdır”, – deyir, şəhid anası…
Şəhid valideynləri deyirlər ki, bilirdik, torpaqlarımız alınmalıdır. Bu da şəhidsiz, qansız olmur. Biz oğlumuzla fəxr edirik. O, Vətən, yurd,
uğrunda şəhid olub. Vətən sağ olsun!
Elə bu kövrək xatirələr də sonra qəlbimdə misralara dönür:
O quruca torpağın,
Daşın sağ olsun, Vətən!
Hər şəhid bir bayraqdı,
Başın sağ olsun, Vətən!