GenelGüncelKültür Sanat

Ülkər Piriyeva – Şeirler

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Ülkər Piriyeva

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Politoloq/Jurnalist

Xatirələr

Hər gün bir xatirəm gözdən silinir,

Bunları eşitmək ağırdır səndən.

Bizim yollarımız ayrı düşəndən,

Qurtula bilmirəm dumandan, çəndən.

                   ***

Canımın ağrısı zülm edir mənə,

Bir bilsən, nə qədər bağlıyam sənə.

Gözündən düşsəm də, hər an, hər gecə,

Həyatın ən şirin nağılıyam sənə.

                   ***

Gözüm tor tutubdur göz yaşlarından,

Eləcə, arxanca darıxıb gedir.

Nədir çəkdiklərim sevgi yolundan,

Həyat göz ardında buraxıb gedir.

                   ***

Ürəyim ağrılar məzarlığıdır,

Dəfn etmə özünü, tez ayıl insan.

Bəlkə, bu sevgivin dayazlığıdır,

Ayıl, ayıl gəl beləcə, çıx tabutundan.

                   ***

Deyirsən, cəld tərpən, gör səhvlərini,

Gör mənim yolumda nə yaratmısan.

Xoş bir gələcəkdən bəhs edən məni,

Gözünün yaşı tək silib atmısan!

                   ***

Yığıb bir araya əyri-düzləri,

Bir ortaq mərama gələ bilmirəm.

Səninçün yığdığım xatirələri,

Hələ, sənin kimi silə bilmirəm.

                   ***

Sağ əldən sənliyə çatdığım ömrü,

Bir göz qırpımında silə bilməzsən.

Sənli gələcəyə qatdığım ömrü,

Buz tək əridiyin bilə, bilməzsən.

                   ***

Hər gün bir şirinim əriyir gözdə,

Bir görsən, tökülüb nə düşür gözdən.

Səni mənə “Nur”la bağlayan izlər,..

Məni parçalayıb sürüşür gözdən!

Bu aprel ayında

Coşub damarında qanı qaynadı,

Bu yurdda dənizin hələ, çayında.

Bir tarix yazıldı sinənə Vətən,

Bu aprel ayında, aprel ayında.

                   ***

İgidlər sarılıb topa-gülləyə,

Qoymadı xalqımız qəddini əyə.

Al bayraq sancıldı Lələtəpəyə,

Bu aprel ayında, bu aprel ayinda.

                   ***

Hər kəs bir şüarda, hər kəs bir səsdə.

Çiçəklər bağlandı hey dəstə-dəstə.

Şəhidlər doğuldu zirvələr üstdə,

Bu aprel ayında, aprel ayında.

                   ***

Ana yurd vicdandı, ruhdu, ürəkdi,

Bir cüt gözümüzdə torpaq bəbəkdi.

Türk oğlu Vətəni göylərə çəkdi,

Bu aprel ayında, aprel ayında.

                  ***

Qarabağ torpağa, daşa qayıdar,

Kəlbəcər, Zəngilan, Şuşa qayıdar…

Qayıdar, nə varsa, qoşa qayıdar,

Bu aprel ayında, aprel ayında…

Aprel/2016

Həyat

Ağacdan, insandan, daşdan, qayadan,

Hamıdan, hər şeydən keçirsən həyat.

Beləmi tapşırıb Ulu Yaradan,

Canı şərab kimi içirsən,həyat!

                   ***

Dərdimi bölüşdüm dənizlə, çayla,

Hönkürə-hönkürə səslə, harayla.

Məqamla, fəsillə, saatla, ayla,

Hər kəsin vaxtını ölçürsən, həyat!

                   ***

Səninlə gah küsər, gah barışarıq,

Sənli fikirlərim qatmaqarışıq.

Hər kəsin qəlbində bir cürə işıq,

Boyadan-boyaya köçürsən həyat!

                   ***

Hərarət duyulmaz qəmli çıraqdan,

Sevgim kül bağlayıb qaçır ocaqdan.

Gah gözdən salırsan, gah ucalıqdan,

Əzirsən, döyürsən, biçirsən həyat!

                   ***

Hər ömrün öz yası, toyu, büsatı,

Dağılan lələyi, sınmış qanadı.

Mən haqqı gəzirdim dərd qabaqladı,

Kaş, erkən biləydim, nə cürsən həyat!..

Allahım sən alma bu gözəlliyi

Düşüb yer üzünə Tanrıdan gəlir,

Torpaq gözəlliyi, su gözəlliyi.

Hələ qoy yaşayaq günlər içində

Allahım sən alma bu gözəlliyi..

                   ***

Bir üzü qaranlıq bir üzü işıq ,

Elə başdan-başa dünya yaraşıq.

Hələ gözəllikdən heç doymamışıq,

Allahım sən alma bu gözəlliyi..

                   ***

Haqq ilə nahaqqı ayırır insan,

Ruhunu söz ilə doyurur insan..

Qəlbini içindən sıyırır insan,

Allahım sən alma bu gözəlliyi..

                   ***

Hər xeyir tapılar bir itən şərdə,

Nə deyim sonumda gizlənən dərdə..

Gözəllik eşqiylə gəzir Bəşər də,

Allahım sən alma bu gözəlliyi..

Ürəyimə yağış yağır bu gecə

Gözlərindən baxışların tökülür,

Od nəfəsim sənlə dara çəkilir…

Varlığımda eşq sarayı tikilir,

Bir xəbərsiz eşq yaranır gizlicə,

Ürəyimə yağış yağır bu gecə..

                   ***

Bəxtim sənə nə göz yaşı ol deyir,

Nə tökülən göylər daşı ol deyir..

Bir ürəyin gəl sirdaşı ol deyir,

Arzularla ötüb gedir gün necə,

Ürəyimə yağış yağır bu gecə..

                   ***

Baxışınla gözlərimə dolanda,

Ta qayıtma… Sığın onda, qal onda…

Adın qəlbdə, taleyinsə alında,

Sənsiz günüm nə yaşana, nə keçə,

Ürəyimə yağış yağır bu gecə..

                   ***

Öldü əlimizdə, öldü od-ocaq,

Olduq ayrı-ayrı daha yad ocaq.

Sevirdik- neyləyək ölümdən ancaq,

Arzular asıldı, gör, neçə-neçə..

Ürəyimə yağış yağır bu gecə..!

Tale istəməzsə, əldən nə gələr

Eşqim ölçülməzki, dərya görsən də,

Tale istəməzsə, əldən nə gələr.

Uzaq-yaxın demə qaçıb gəlsən də,

Tale istəməzsə, əldən nə gələr..

                   ***

Sevirəm sözünü demə, boşuna,

Məhəbbət görməsən gəlməz xoşuna.

Şəkər əvəzinə zəhər qatar aşına,

Tale istəməzsə, əldən nə gələr.

                   ***

Bəzən uduzarsan vaxt oyununda,

Onun günahını daşı boynunda.

Çarəsiz, əllərin bağlı qoynunda,

Tale istəməzsə, əldən nə gələr.

                   ***

Səhrada qovrulan Məcnun olsa da,

Eşqindən Leyli də, dönmədi yada.

Sevgisi dillərə düşdü dünyada,

Tale istəməzsə, əldə nə gələr

                   ***

Dağlara Fərhad eşqin cızsa da,

Yusif yuxuları xeyrə yozsa da,

Fərhadla Şirin dastan olsa da,

Tale istəməzsə əldən nə gələr..

Vətən

Doludur tarixin şərəflə, şanla,

Yuyuldun bir zaman içilməz qanla.

Döyüşdün qarşını kəsən dumanla

Vətən!

                   ***

Sınaqdan yol keçdi torpağın, daşın,

Bayrağı ucaltdı hər vətəndaşın.

Süzülsün gözündən sevinc göz yaşın,

Vətən!

                   ***

Qartal doğulmusan, qartal olmusan,

Məhəbbətlə ürəyimə dolmusan.

Ömür boyu çox xəyala dalmısan,

Vətən!

                   ***

Bir yandan cəfalı bir ömür sürdün,

Neçə ağrı-acı, faciə gördün.

Dərdin tən ortadan ikiyə böldü,

Vətən!

                   ***

Muğamın lal edər ötən dilləri,

Sazın haray salar səslər elləri.

Sızalayar könlümün titrək telləri,

Vətən!

                   ***

Çiçəkli, ətirli dilbər yazımsan,

Dilimdə zümzüməm, xoş avazımsan.

Bəxtimin payısan, alım yazımsan,

Vətən!

Tənhalaşdı ürəyim..

Ayrılığın içində ayrılıq havasında,

Kədərimlə çağladı, coşdu-daşdı ürəyim.

İtirdi sevincini, itirdi kədərini,

Tənhalaşdı beləcə, tənhalaşdıə ürəyim..

                   ***

Illər üstə çoxaldım, ömür üstə azaldım,

Gözlərimə od-alov, saçlarıma qar aldım.

Sözlər gəldi boğazda düyünləndi, saraldım,

Tənhalaşdı beləcə, tənhalaşdı ürəyim.

                   ***

Nə bilim günahım nə, yoxuşdu alın yazım,

Mayasın ahdan aldı ürəyimdə avazım.

Bir gün məndən getmədi boran, şaxta, ayazım,

Tənhalaşdı beləcə tənhalaşdı ürəyim.

                   ***

Həsrət qaldım könüldə günə damın içində,

Xatirəyə hey dönür gün adamın içində.

Yüz adamın içində, min adamın içində,

Tənhalaşdı beləcə, tənhalaşdı ürəyim.

                   ***

Adın bircə qalacaq xatirə dəftərimdə,

Bitməyəcək bircə yol heç vaxt dərdi, sərimdə.

Bəlkə də, heç halımdan yoxdu heç xəbərində,

Tənhalaşdı beləcə, tənhalaşdı ürəyim..

Bəlkə tapam

Heç bilmirəm, necə sənə qayıdım,

Gedə-gedə, dönə-dönə gəzirəm,

Unutduğun hansı günü oyadım?

İtirmişəm, səndə səni gəzirəm.

                   ***

Əllər enib dizlərimə, hardasan?

Kədər çöküb gözlərimə, hardasan?

Yuxu gəlmir gözlərimə, hardasan?

Gizlətdiyin gözlərini gəzirəm.

                   ***

Kül ələnir yanıb-sönmüş ömürdən,

Dönmək olmur üzü dönmüş ömürdən,

Bəlkə gəldin ya xəbərlə, ya birdən;

Qulağımda səslərini gəzirəm.

                   ***

Əzab dolu Aydan, Gündən keçirəm,

Bəzən yaxın, bəzən gendən keçirəm.

Harda oldu od içindən keçirəm,

Soyutduğun közlərini gəzirəm.

                   ***

Səndə incik ürəyimlə barışıb,

Nisgilimlə, gileyimlə barışıb,

Mən öz qadın taleyimlə barışıb –

Qəlbimdəki sərsərini gəzirəm!

Tanrım istəməzsə, əldən nə gələr

Xoşbəxtlik ölçülməz dövlətlə, varla,

Tanrım istəməzsə, əldən nə gələr?

Qapın da açılmaz doğma açarla –

Tanrım istəməzsə, əldən nə gələr?

                   ***

“Sevirəm” sözünü demə, boşuna,

Məhəbbət görməsən gəlməz xoşuna.

Şəkər əvəzinə zəhər qatar aşına,

Tanrım istəməzsə, əldən nə gələr.

                   ***

Bəzən uduzarsan vaxt oyununda,

Onun günahını daşı boynunda.

Çarəsiz, əllərin bağlı qoynunda,

Tanrım istəməzsə, əldən nə gələr.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest