GenelGüncelKırım TarihiKültür SanatTürk Dünyası

UKRAYNADA TATAR  NƏFƏSİ – Məmməd Oruc

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Məmməd Oruc

UKRAYNADA TATAR  NƏFƏSİ

  ( Yol qeydləri)

  Qərbi Ukraynada təzəcə  məskunlaşdığım otel otağında televizor pultuna  ona  görə  əl  atdım  ki, bəlkə rus  dilində  yayım  yapan bir  kanal  tapam və  dünyadan  xəbər  tutam. Lakin Ukrayna televiziya   şəbəkəsinin əllialtı  dalğası  arasında rusca  verilişlər yayımlayan    kanala  rast  gəlməsəm  də, daha  asan  qavradığım  Krım-tatar  türkcəsindəki  verilişlər (ATR kanalında)  qarşılaşdığım  boşluğu   doldurdu və  bir  anda məni  Qərbi Ukraynada- Polşa, Çexiya, Macarıstan sınırının beş  addımlığında  tatar  nəfəsi,  tatar  havası  vurdu.

     Krım  tatarlarının  tarix  boyu və xüsusən ötən   yüzillikdə üzləşdikləri  məhrumiyyətlərdən xəbərdarsansa, damarında  türk  qanı  axırsa,  sənə  bir  köynək  yaxın təhkiyəni,  ləhcəni  eşidəndə  necə  kövrəlməyə  bilərsən?…

     Sözün  açığı,  mən  o  günəcən Krım-tatar  türkcəsinin ( Osmanlı  türkcəsindən  sonra)  bizim  Azərbaycan  dilinə bu  qədər  yaxın,  mərhəm  olduğunu   bilmirdim və    sonsuz   maraqla,  fasilə  vermədən,  bir  neçə  verilişə  tamaşa  eləyəndən  sonra bu  sonuca  gəldim  ki, Krım- tatar  türkcəsi Azərbaycan  və Türkiyə  türkcələri türkcələri  arasında təşəkkül  tapmış bir  dildir; Krım-tatar dili.  Onlar  özlərini  də,  dillərini hər  gün Ukraynanın  Tatar   kanalında belə  təqdim  edirlər: “ Mən   Krım  tatarıyım,  dilim  də  Krım-tatar  dili”.

      Əsasən, Qıpçaq türklərinin ( Oğuzlarla çiyin- çiyinə)  Krım  yarımadasında  yaratdıqları türk  dövlətlərindən, türk  xanlıqlarından və  bu  xanlıqların müstəqillik  mübarizəsindən, daima nəhəng  imperiyalar  arasında hərb  meydanına  çevrilməsindən danışmaq  fikrim  yoxdur, mən  sadəcə, demək  istəyirəm  ki,Ukraynanın Krım-tatar  türkcəsində sutka  ərzində   bir-  birindən  maraqlı  yayımlar  yapan ATR kanalı   məni  “Almaz”  otelində yaşadığım  iki  həftə  ərzində darıxmağa  qoymadı,  daha  doğrusu, mən  darıxmağa  macal  tapmadım. Qürbətdə  də bunca  şirin  daha  nə  ola  bilər?..

     Krım  tatarları, tarix  boyu  öz  yerində,  ən  dəhşətli  məhrumiyyətlə  İkinci Dünya  müharibəsinin sonlarında  üzləşdilər;  milyonlarla Krım  vətəndaşı ( tatar  olduğuna görə) “ Ellər  atası”nın sərəncamı  ilə,  bir  neçə  günün  içində Orta  Asiyaya, əsasən,  Özbəkistana sürgün  olundular.  Səbəb  nə   idi?  Bu  sualın  cavabı  hələ   də  çözülməkdədir. Bu  suala  cavab  verməli  olan quruluş  isə  tarixə   gömülüb.

      Ukrayna  dövlətinin, Sovet  rejimi  dağılandan  sonra,  tarixi  fürsətdən  istifadə  eləyib Krım yarımadsına  qayıda   bilən  bir  ovuc  Krım  tatarı  üçün ayrıca  telekanal  ayırması,  əlbəttə, siyasi  məsələdir. Çünki Krım  tatarı  bu  tribunadan  dünyaya  həqiqəti  söyləyir…Amma  məsələ  bundadır  ki, bu  gün Krım  tatarı,   bu  gün  dünyayaya  bu  trubunadan  həqiqəti  söyləsə  də,  rus  pasportu  almağa  məhkumdur,  çünki  əks  halda  o  yenidən ana  yurdunu  tərk  etmək  zorunda qala  bilər. Axı, bu  gün  onun  Vətəni   yeni   rus  işğalına  məruz  qalıb.

     Ukraynanın  Qərbinə yola  düşməmişdən  qabaq Kiyev  şəhərində,  Azərbaycan  səfirliyində yazıçı  dostum,  Səlahiyyətli  səfir Elmira  Axundova  ilə  görüşməyim isə,  sırf  yaradıcılıq  məsələləri  ilə  bağlı  idi. Hələ  Elmira  xanım Ukraynada  səfir  kimi   yenicə  fəaliyyətə  başlayanda,  mənə  səfirliyin  qayğılarından, qarşısına  çıxan  çətinliklərdən yazırdı, amma   inamla  onu  da  vurğulayırdı  ki, o,   bu  işləri  yoluna  qoymalıdı.

     …Elmira  xanım  məni  səfirliyin  ərazisi  ilə  tanış  eləyir. Burada  Azərbaycanda  bar  verən  meyvə  ağaclarının,  demək  olar  ki,  hamısından  var; ərik, gavalı,  alma, alça,qoz,  armud,  ağ  gilas və  hətta  şahpalıd. Ağacların  yarpaq  tökümü  başlasa  da, səfirliyin  həyəti  yaşıllıq  içində  üzür,  elə  bil  yaz  yenidən  gəlib. Oktyabrın  əvvəlləri  olmasına  baxmayaraq, hava  da  günəşli  və  mülayim.Hətta, qızılgül  kolları da  ovuc  içi  boyda pardaqlayıblar. Hətta  şahpalıd  ağacının  koğuşundan  bir  dələ  də  ox  kimi  çıxır və  otların  arasında  nə  isə  axtarır. Qan-qırmızı  meyvələrini  hasıla  gətirmiş itburnu  kolunun qarşısında  ayaq   saxlayıram.

      -Belə  yerdə  necə  darıxmaq  olar?…

      -Məni daha  çox  yaradıcılıq  düşündürür,  mən  buraya  gələndən bir  cümlə  də  olsun, ürəyimcə yazı  yaza  bilməmişəm.

     – Ulu  öndərlə  bağlı  beş  cildlik  romanlar  silsiləsindən  sonra daha  nə  yazmaq  istəyirsiz?

      -Heydər  Əliyevlə  bağlı  yeni  kitab.

      -Altıncı  cild?

      -Yox, “Naməlum  Heydər  Əliyev”.

      -Bu  gələcək  kitabın  adıdır?

      -Yəqin  ki…

      -Bəyəm,  Ulu  öndərlə  bağlı  elə   anlar   qalıbmı  ki, Siz  bu  barədə  yazmayasınız?

      -Qalıb,  mən  də  elə  o  anları  yazmağı  planlaşdırmışam…

     …Elmira  xanımın  illər  öncə,  bu  gün  artıq  dünyanın  onlarca  ölkəsində  çap  olunan o  beşcildliklər  üzərində işlədiyi  illər  yadıma  düşür. Əslində,  bizim  ədəbi  yollarımız  da o  kitablardan  birinin redaktəsi  zamanı  kəsişmişdi.

     – Hətta, mən  Zərifə  xanım Əliyeva  haqqında  da  kitab  yazmağı  planlaşdırmışam…Materiallarım  da,  demək  olar  ki,  hazırdı…

      …İstəyirəm,  zarafat  eləyim.

        -Şairlər  demişkən,  bəs  bu  dilbər guşədə Sizə  mane  olan  nədir? Niyə  yaza  bilmirsiniz?

    …Təəssüflə  gülümsünür.

     -Ukrayna  bu  gün  dünyanın ən  qaynar  nöqtələrindən  biridir…Hər  gün  bir  görüşə  çağırırlar və  sən  orada  çıxış  etməlisən, Azərbaycanı- İlham Əliyevi  təmsil  etməlisən. Bilirsən,  bu  nə  boyda  məsuliyyətdi?

     -Yəqin  ki, burada  yaşayan  azərbaycanlılar  da, çətinə  düşəndə  sizə  pənah  gətitlər?

      -Əlbəttə,  amma  onlara kömək  edə  biləndə  rahatlıq  tapıram.

       -Burada  yaşayan  azərbaycanlıların  sayını bilmirsiniz ki?

       -Kmi  deyir  yarım  milyon,  kimi  deyir   üçyüz min, amma  həqiqi  rəqəm  heç  kimə  məlum  deyil, amma  bir  şey aydındır  ki, ya   Kiyevdən Bakıya, ya  Bakıdan  Kiyevə  uçmaq  üçün azı  bir ay  qabaq  bilet  sifariş  verməlisən.

       -Hardasa  oxumuşdum ki, 1992-ci  ildə erməni  işğalı  zamanı Qubadlıdan, Zəngilandan  olan bir  neçə   köçkün  ailə gəlib  Krımda  məskunlaşıblar…

    -Bu,  acı  da  olsa,  həqiqətdir…

    Şahpalıd  ağacının  altında  daha  bir  dələ  görqnəndə söhbəti dəyişmək  qərarına  gəlirəm:

     -Bu  dələlər  nə  ilə  qidalanır,  görəsən?

      Elmira  xanım,  yəqin  ki,  cavab  əvəzi,  başını  qaldırıb  qoz,  şahpalıd  ağaclarına  baxır…

      Sükutu  mən  pozuram:

      -Amma  bu  yerlərin  şahpalıdları  acı  olur…

       Həmsıhbətim  də,  yaxşı  anlamda,  müəmmalı   dillənir:

      -Azərbaycana  baxma,  burada  hər  meyvə  ağacı  şirin  bar  vermir…

       Sonra  Elmira  xanım səfirliyin  binasında aparılmış  son  təmir  işləri  ilə  bağlı  danışır,  sanki,  hesabat  verir,  eyni  zamanda iş  icraçılarından  gileylənir,  bürokratiyanın  hər  yerdə  mıvcud  olduğunu  qeyd  eləyir. Və  birdən  gülümsünür:

      -Truskavesdən  qayıdanda  da, mütləq,  səfirliyə  gələrsən, söhbətimizi  davam  etdirərik.- Yenə  gülümsünür.- Yəqin  ki,  yeni  sualların  da  olacaq.

      …İki  həftədən  sonra Truskavesin- Karpat  dağlarının səfalı  sularından  bir  daha  içib Kiyevə  qayıdanda, Truskaves- Kiyev  sürət  qatarının adına “SV”  deyilən xüsusi  vaqonunda  gəlməli  oldum. Çünki Ukraynanın Müstəqillik  günü  ərəfəsi  olduğundan, adi  kupeyə  bilet  yox  idi.İki nəfərlik  kupe, əlbəttə, təmtəraqlı  idi, amma  ən  maraqlısı  kupe  yoldaşımdı. O, Lomonosov  adına Moskva Dövlət  Universitetinin Şərqşünaslıq  fakultəsini  bitirmiş Krım  tatarı  idi və ilk  dəfə  idi  ki,  Vətəndən  uzaqlarda mənim  tariximə,  ədəbiyyatıma məndən  az  bələd  olmayan insana  rast  gəlirdim. Adı  Rəşid  idi. Rəşid  Qaspiralı. Arada  soruşdum  ki, məşhur  türkoloq İsmayılbəy Qaspiralıın nəslindən  deyil

  ki?

       -Yox, -dedi,- yox,  bu  gözəl  soyad  qismətdəndir.

        Söhbət  əsnasında  ona  daha  bir  sual  verdim:

       -Sizcə, Krım  tatarlarının  axırı bu  dəfə  necə  olacaq?

        O, inamla dilləndi:

         -Bütün  Krım  tatarları  Krıma  dönəcək,  intəası  gec-tezi  var.

         Və  bu  kəlməni  elə  bir  inamla  dilinə  gətirdi  ki,mənim  bu  barədəki  gümanlarım,  şübhələrim tamamilə  alt-üst  oldu.

     …Mən  vədimə  xilaf  çıxmadım. Kiyevdə  qatardan  düşəndən  sonra birbaş  Azərbaycan  səfirliyinə  gəldim. Yenə  hava  günəşli  idi,  yenə  bazar  günüdü, yenə səfirliyin  bağçasında  dələlər  görünürdü,yenə fidanlar pardaqlamışdı.

      Borispol  hava  limanına  yol  alanda  sürücü  Misirxan maşının   televizoruna  toxundu. Və ATR-  Tatar  kanalının  aparıcısı  Gülnarə  Şükürovanın artıq  mənə  doğmalaşmış simasını  gördüm, yapışıqlı  səsini  eşitdim.

       “ Əcnəbi  topraqda Allah  olsan  da,

         Səni  unutmayan  Vatanın  olsun…”

         Kim bilir,  artıq  neçənci  dəfə  idi  ki,  mən  Gülnarə  xanımın  dilindən  bu  misraları  eşidirdim…

                                              Bakı-Kiyev-Bakı,Oktyabr ayı, 2021.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest