GenelGüncelKültür Sanat

Tələt Mərdi – Həqq – Şeirlər

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Tələt Mərdi-Həqq


Şeirlər


Bu şeirlər tam doğma türkcəmizdədir. Onlarda qonşu ulusların bircə sözü də işlədilməyib. Belə şeir yazmaq təcnis yazmaqdan çətin olsa da çox sevirəm bunun üçün baş sındırmağı. Bəzi sözlər bu gün şifahi və yazılı dilimizdə işlədilmədiyindən, onların anlamını qarşısında yazmışam. Bu sözlərin çoxunu dilçilərdən başqa tanıyan yoxdur.

Aşağıdakı şeirlərdə də arxaikləşmiş, qədim anıtlarda, qəbirüstü daşalarda, qayaüstü cizgilərdə yaşayan dogma sözlərimiz var. Ümumiyyətlə mən istənilən yazılarımda, şeirlərimdə, hətta danışığımda belə unutduğumuz dogma sözləri işlətməyə çalışıram. Əgər istədiyim sözü tapmasam, onda gəlmə sözü yazmağa məcbur oluram. Bununla da qarşıda qalmış qısa ömrümdə dilimizə zərrəcə də olsa fayda vermək istəyirəm. Qoy bütün dünya bilsin ki, türk dilləri qonşudan bircə söz belə borc almadan bütün kainatdan, həyatdan mükəmməl danışa bilir.  

                DİL

Gördüyün nə varsa, öz dili vardır –
Quşların quş dili, daşın daş dili.
Anlamı gizləyən örtüyü qaldır,
Gözün göz dili var, qaşın qaş dili.
                    *
Quş daşı anlamaz, daş da ağacı,
Hamı*1 doğmasına açar könlünü.
Yalqızlıq ən ağır, ən qorxunc acı,
Köksündə boğular yalqızın ünü.
                      *
Özgə ellərdə də dolanır kişi,
Ancaq acısını bölüşə bilmir.
Olsun da düzəlir, gedir çox işi,
Nə yazıq, təklikdən ürəyi gülmür.
                 *
Dilidir bağlayan yurda yurddaşı,
Yalqızın könlünü dili isidir.
Dil ulusun başı, könlü, yaddaşı,
Damğası*2, yarlığı*3, bələdçisidir.
                    *
Onu törədən də elə dilidir —
Dilindən doğulub-düzülür ulus.
Dili yaşayırsa, eli diridir,
Öldüsə, dağılıb-pozulur ulus.
                     *
Elin yasası da dillə qurulur,
Dilidir ulusun ən ağır*varı.
Torpaq da, mənlik də dillə qorunur,
Yaşamaq istərsən, dilini qoru !
                          *

1.hamı – qamu, qamus, kom – topluluq bildirir.

 2. damğa – möhür. 3. yarlığ – sənəd, əmr, fərman. 

4.ağır – dəyərli, qiymətli.
5 aprel – 2006


TÜRK XATUNU, TÜRK ANASI

Ərindən öncə oyanır,
Gün işığıyla boyanır,
Alnıaçıq, dik dolanır
Türk xatunu, türk anası.
              *
Əkin-biçində işçidir,
Savaş günü döyüşçüdür,
Elə xaqandır, başçıdır
Türk xatunu, türk anası.
              *
Usu*1, duyğusu itidir,      …* us – ağıl
Sözü, yarğısı*2 qatıdır.    …*yarğı – hökm, zabitə
Tomris xatun, Məhsətidir
Türk xatunu, türk anası.
              *
Ərinə xaqantək baxır,
Oğulu yurd üçün doğur,
Ərənə*3 söyləməz ağı     …* ərən – şəhid, bahadur.
Türk xatunu, türk anası.
            *
Kutsaldır südü, al qanı,
Bəngüdür*4 sevgisi, sanı.     …*bəngü — əbədi
Ulu Türkün tini*5, tanı*6,     …* tin – ruh, *tan — can
Qaynağı*7, könül xaqanı –   …*qaynaq – məbəy
Türk xatunu, türk anası.
                

1.us – ağıl. 2.yarğı – hökm, zabitə. 3.ərən – şəhid, bahadur.

 4. bəngü — əbədi. 5. tin – ruh. 6.tan – can. 7. qaynaq – məbəy.

İSTƏK

Bir çiçəkdə gözüm qaldı,
Ərkim çatmadı dərməyə.
Dilim ağzımda qovruldu,
Qaraldı, döndü sürməyə.
              *
Hey ona baxıb ağladım,
Gözümü sıxıb ağladım.
O yerdən çıxıb ağladım;
Onu tez unudum deyə.
              *
Ürəyim ondan doymadı,
Ancaq dərməyə qoymadı.
Ahımı kimsə duymadı,
Gözlərimi tikdim göyə.
               *
Böcək böcəyə qovuşa,
Çiçək çiçəyə qovuşa,
Göyçək göyçəyə qovuşa,
Hey sevinib yarı öyə.
                *
Bakı — 2000


KÖNÜL BAĞÇAM

Hələ becərirəm könül bağçamı,
umaraq — arısı gələcək bir gün.
Gələcək umduğum qonaqlar, hamı
bağçamın yerini biləcək bir gün.
                   *
Onun güllərinin bəngüdür*1 çoxu,   …*bəngü — əbədi
günbəgün saçırlar bənzərsiz qoxu.
Onları göynəyən yarama yaxıb
duyuram, çox dərdi siləcək bir gün.
                      *
Əkdiyim fidanlar hey ucalacaq,
budaqları türlü barla dolacaq,
Barı dadıldıqca hey çoxalacaq,
elin örtüsünə*2 dolacaq bir gün.   …* örtü  — süfrə
                     *
Necə ağrısam da duyulmamaqdan,
ögey rəftarlardan, sayılmamaqdan,
qorudum irzimi kirdən, yamaqdan,
umdum, haqq üzümə güləcək bir gün.
                       *
Güvənc yerim oldu biliklə zəhmət,
doğruluq, nəciblik, dözüm, dəyanət.
Bir ürək, bitirsə əbədi nemət,
sanma ki, o ürək öləcək bir gün —
onu daşıyanı, öyüdləyəni,
qəmdən sıxılanda, toxda, deyəni
oxuyub, anlayıb, sevib, bəyənib
el-oba yadına salacaq hər gün.
                      *

1.bəngü (unudulmuş doğma sözüzümüz)  — əbədi. 

2.örtü (u.d.s) –süfrə.Bakı – 2000

OLMADI

Baxdın mənə gülə-gülə,
Məcnun olub düşdüm çölə,
Gülünc oldum xalqa, elə,
Dərdimi bilən olmadı.
               *
Axı niyə gördüm səni ?
Oda, közə saldın məni.
Çaşdım yolu, izi, yönü,
Düz yola salan olmadı.
                *
Dindirdim, qəzəb eylədin,
Qovaraq əzab eylədin,
Məni qul hesab eylədin,
Ürəyimdə yağ qalmadı.
                 *
Nə acıymış dilün sənin,
Nə zalımmış, könlün sənin ?!
Ha gözlədim, umdum səni,
Gəlib könlümü almadın.
                  *
Gecə-gündüz dərd-qəm yeyib,
Yazıq-yazıq boyun əyib,
Hey ağladım yar-yar deyib,
Yaşımı silən olmadı.
              *
Tanrıya dedim sözümü,
O da susdu göylər kimi.
Tək-tənha duydum özümü,
Ölmək istədim, ölmədim.

Sentyabr – 1974

SARI QIZ

On səkkiz olmuş yaşın,
ay qıvrımsaç, sarı qız.
Ox saçır gözün-qaşın,
köksü dağın qarı qız.
             *
Görən vurulur sənə,
hörüklənir telinə,
izləyir sinə-sinə,
sanır səni yarı, qız.
             *
Uyurlar baxışına,
can alan göz-qaşına,
rənginə, naxışına,
kəpənək qız, arı qız.
            *
Oxun mənə də dəydi,
qapımı sevgi döydü,
könlüm qasırğa duydu,
məni ondan qoru, qız.
             *
Sevgiyə uymasa yar,
sevəni saymasa yar,
qoynuna qoymasa, yar
yanar diri-diri, qız.
                 *
Şamaxı – 1979

.
OXU GECƏLƏRİ

                    Anılar* silsiləsindən

Sanki yüz illər ötdü,
O bəxtəvər günlərdən.
Çoxu yaddaşdan itdi,
Bəzisi dönər hərdən.
            *
Anıram, yığılardıq
Masanın çevrəsinə.
Sirli işıq dolardı
Atamın çöhrəsinə.
              *
O, bir kitab oxuyar,
Dolğun, axıcı səslə.
Balacalar uyuyar,
Biz dinlərdik həvəslə.
            *
Əsərdəki olaylar
Canlanar göz önündə;
Günlər, həftələr, aylar
Keçərdi bircə anda.
               *
Əsər çəkərdi bizi
Aləminə, çağına.
Atardı fikrimizi
Keçmişin qucağına.
               *
Sonra anam oxuyar,
Sonra mən oxuyardım.
Atam nitqimi öyər,
Sevinc, qürur duyardım.
                *
Yatmaq vaxtı yetişər,
Ard sabaha qalardı.
Kipriklərim bitişər,
Məni yuxu alardı.
               *
Ancaq beynim yatmayıb
Hey səhnələr qurardı.
“Evə dolardı” bayır,
Uçardım, at yorardım.

Bakı – 2005

OĞLUMA ÖYÜD

Doğru yolu bilər müdrik böyüklər,
Cavanları, nadanları öyüdlər.
El yükünü daşısa da igidlər,
Xalqı haqqa bilgə xaqan aparır.
                   *
Hər bir işi tutmaq gərək çəmindən,
Çırmalanıb etmək gərək dəmində.
Gec əkilən tum çürüyür zəmində,
Qurd-quş yeyir, qarğa, siçan aparır.
                    *
Pənahımız uya*, birlik, sevgidir, …*uya – ailə.
Təklik yalnız Yaradana özgüdür*. …* özgü – məxsus.
Yalqız insan bu dünyadan tez gedir,
Mal-mülkünü yetən-keçən aparır.
                   *
Təmkinin də, qaçmağın da dəmi var,
Tələsən də, gecikən də uduzar.
Hey pusquda — ölüm-itim, dərd-azar,
Kimsə bilməz kimi haçan aparır.
                 *
Buz dağının suda ucu görünür,
Bəlanın da altı gizli sürünür.
Hər varlığın əsli sirrə bürünür,
İncə bulud müdhiş tufan aparır.
                      *
Min illərin yaşam tərzi yasadır,
Hamını o adət, yasa yaşadır.
Yasaları pozanı tez daş edir
Zalım ölüm, yazıq, nalan aparır.
                    *
Ata-ana balaların xanıdır,
Sağlam bala öyüdünə qanıdır.
Böyügünə asi olan canidir,
Arxasınca söyüş, hüsran* aparır.

1.uya – ailə. 2. özgü – məxsus. 3.hüsran – ziyan, 

uğursuzluq, nakamlıq, bədbəxtlik.7 may – 2021

***

BİZDƏN KÜSÜB BİZİ ATAN UŞAQLIQ

Necə bilməmişik dəyərinizi !

Ay ötən cavanlıq, itən uşaqlıq.

Duyulmadan gedib atdınız bizi,

“zaman dənizində” batan uşaqlıq.

                     *

Duymadıq xoşbəxtlik elə sizdiniz,

görünür duymadıq, siz də bezdiniz.

Qərib durnalartək çəndə azdınız,

gəncliyi ardınca dartan uşaqlıq.

                 *

Min iltək keçdiniz sizi yaşarkən,

ancaq çox az sürüb getdiniz erkən.

Hərdən heç ummadan yada düşərkən

şimşəktək parlayıb ötən uşaqlıq.

                     *

Gecdir artıq, sizə çatmaz ünümüz,

nə yaxşı ki, sizi anır könlümüz,

anıb göz önünə düzür könlümüz,

bu cür dadımıza yetən uşaqlıq.

                    *

Yox-yox, itmədiniz, hər vədə varsız,

siz oğulda, qızda, nəvədə varsız,

soy adlı əbədi növbədə varsız,

hələ də yaşayan, bitən uşaqlıq,

ay ötən cavanlıq, itən uşaqlıq.

Aprel — 2017

QAYIT TÜRKLÜYÜNƏ !    

Ey cənnət diləyib kef arzulayan,

Olmayan aləmin sorağındasan.

Puç etmə ömrünü, qəflətdən oyan,

Bax, doğru cənnətin qucağındasan.

                    *

Gör ki, cənnətini necə yıxırlar,

Varını sırtlantək çalıb-tıxırlar,

Bacı-qardaşını asıb-boğurlar,

Sən isə hələ də “Nuh çağındasan”.

                 *

Vuruş öz haqqının zəfəri üçün,

Ulusunun hər bir nəfəri üçün.

Daş ol yurdun səddi, sipəri üçün,

Niyə biganəsən, bunca yandasan ?

                     *

Atıb inancını uydun yad dinə–

Yabanı soyların hiylələrinə.

Yas tutdun yadların ölülərinə,

Zülmətə bürünmüş qara gündəsən.

                   *

Elinin başında yadlar durdular,

Sənin torpağında dövlət qurdular,

Zərli məbədlərdə dövran sürdülər,

Sən isə yoxsulsan, uçuq hindəsən.

                     *

Yerdə yüz min illər öndər sən oldun.

Gülüstan ölkələr, şəhərlər saldın.

Zəkan birdən-birə axsadı, soldun,

Hamıdan daldasan, şilsən indi sən.

                    *

Yad et uluları, bozqurt ərləri,

Sıyrıl cəhalətdən, qır zəncirləri,

At saxta dinləri, gülünc pirləri,

Diriykən uyuma qara sində* sən,    …*sin – məzar

Qayıt türklüyünə, yürü öndə sən !

May – 2019

ÖYÜD

Könül bərk yapışma sonlu dünyadan,

O, ən bərk əli də qıracaq bir gün.

Onda iki yüzə çatmaz bir adam,

Hamı qəbr evinə varacaq bir gün.

                   *

Aldanma altuna, uyma daş-qaşa,

Coşub-qürrələnmə, utancaq yaşa.

Ən uca başlar da dəyəcək daşa,

Hər qəlbi qəm-kədər saracaq bir gün.

                     *

Ölümün əlindən kimsə qurtulmaz,

Min loğman yığıla, bir çarə bulmaz.

Dövlət də, sərvət də yardımçı olmaz,

Ürək təslim olub, duracaq bir gün.

                   *

Çalış, yaxşılıq et, borcun azalsın,

Heç kimi incitmə, suçun az olsun.

Çox şey qamarlama, yükün az olsun,

Səfərin ağırdır, yoracaq bir gün.

                 *

Ruhu can xətrinə kölə eləmə,

Xaindən, alçaqdan kömək diləmə.

Hər üzə gülənə sirrini demə,

Yolunda əngəllər quracaq bir gün.

                    *

Sənət aşiqindən uğur yan ötməz,

Biliklə işləsə, əməyi itməz.

Rəhmdil kimsədən haqq həzər etməz,

Zalımın bağrını yaracaq bir gün.

                    *

Tələt haqq quludur, haram mal yeməz,

Düzlük aşiqidir, yalan söyləməz.

Yandıqca ürəyi, təlaş eyləməz,

Umur ki, anılar bu ocaq bir gün.

2 yanvar – 2003

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest