Türk dünyasının sevilən şairi Xuraman Muradovanın “Ay Laçın ,Can Laçın” kitabının İstanbulda təqdimatı keçirildi
Türk dünyasının sevilən şairi Xuraman Muradovanın “Ay Laçın, Can Laçın” kitabının İstanbulda təqdimatı keçirildi
Türk dünyası Elmlər Akademiyasının fəxri professoru, Özbəkistan Elmlər Akademiyasının fəxri akademiki, “Əlişir Nəvai” adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru, “Humay” milli mükafatı laureatı, “Vektor” Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, iş insanı, sahibkar, “VİP Milan Hospital”ın təsisçi direktoru Xuraman xanım Muradovanın “Ay Laçın, Can Laçın” kitabının İstanbulda Türk Ədəbiyyatı Vakfında möhtəşəm təqdimatı keçirildi.
Tədbirdə Türk Ədəbiyyatı Vakfının başkanı, Türk dünyasının tanınmış şairi Serhat Kabaklı, Türkiyənin nüfuzlu ziyalılarından olan professor Ramazan Korkmaz, Türk Ədəbiyyatı dərgisinin baş redaktoru İmdat Avşar, Azərbaycanımızın dəyərli ziyalısı, Milli Məclisin deputatı Vüqar İsgəndərov, Azərbaycanın tanınmış iş insanı Mahirə xanım Əsədova və Xuraman xanımın Türkiyədə yaşayan çoxsaylı pərəstişkarları iştirak ediblər.
Toplantıda Xuraman Xanım Muradovanın Böyük Türküstana səslənişlə başlayan möhtəşəm nitqi tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə, alqışlarla qarşılanıb.
Türk dünyasının sevilən şairəsi Xuraman xanım Muradovanın çıxışını dəyərli oxucularımıza təqdim edirik:
Dünyanın müxtəlif coğrafiyalarında olmasına rəğmən ürəyi böyük Türküstan eşqiylə – Turan sevdasıyla döyünən qan qardaşlarım, soydaşlarım!
Uca Yaradanın adı ilə Sizləri səmimi qəlbdən, dərin hörmət və ehtiramla salamlayıram!
Salam olsun, Azərbaycan!
Salam olsun, Türkiyəmiz!
Salam olsun, Özbəkistan!
Salam olsun, Qazaxıstan!
Salam olsun Qırğızıstan, Türkmənistan! Salam olsun böyük Türküstan!
Salam olsun Kərkükdə ürəyi bizimlə döyünən Türkmən
Analarımıza!
Salam olsun Altaylardan, Sibiryadan Tuvaya!
Salam olsun Xakaslardan Tatarıstana!
Salam olsun Başqırdıstandan Çuvaşiyaya! Salam olsun Krıma! Salam olsun dəyərli Türk insanlarının yaşadığı bütün doğma Turan Ellərinə!
Salam olsun Turanın ürəyi Tanrı dağına!
Salam olsun mənim gözəl Qarabağıma!
Mənim ürəyimdən misralara hopan pıçıltılara həmdəm olan Əziz oxucularım; dəyərli dostlar!
Görüşünüzə gəldiyim “Ay Laçın, can Laçın” kitabım dünyanın mən baxan tərəfdən görünən hissəsidir…
Bu kitab vücuduma, ruhuma sığmayan İlahi eşqimin sözdə təcəllisidir… Varlığımın aynası, qəlb evimin güzgüsü, taleyimin səhifələrdəki əksidir..
Görüşünüzə gəldiyim bu kitab bəzən hər misrasını kağıza köçürdükcə dərindən hiss etdiyim ürəyimin göynərtisi, ruhumun sızıltısıdır. Hayqırmaq istədiyim içimdəki Haqq səsidir.
Görüşünüzə gəldiyim bu kitab “Halallıq beşiyim”dir… Xəmirimi, mayamı halallıqdan yoğuran Atamın yaddaşımda şəkillənən obrazıdı… Yaşının hər dönəmində körpə uşaq saflığını qoruyan ismətli Anamın – sadə kəndli xanımın gözlərimdən getməyən zəhmətkeş qabarlı əlləridir, məsum baxışlarıdır, övladlarıma – qızım Laçına, oğlum Elçinə verdiyim Ana xeyir-duasıdır…
Görüşünüzə gəldiyim bu kitabım köksümdə qübar bağlayan nakam sevginin yarım qalan məktublarıdır…
“Ay Laçın, Can Laçən” kitabım misralara düzdüyüm Turan sevdamdı, Sizinlə Xarıbülbül ətirli Qarabağımdan Könüllər sultanı Tanrı dağına varan yol yoldaşlığımdı…
Uca Yaradan Türk qardaşlığımızı, birliyimizi, diriliyimizi, Azərbaycanımızı, Türkiyəmizi, Türk dünyamızı qorusun! Amin İnşallah!