GenelGüncel

Türk dünyasının mənəvi Sərvəti…

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Türk dünyasının mənəvi Sərvəti…

Bu dünyaya gələn hər bir insanın son mənzili olur. Ancaq elə insanlar var ki,
o son mənzilə torpağın yox, milyonların qəlbinə köçür, insanların ürəyində özünə
yurd salır. Hər bir ölkədə azadlıq uğrunda mübarizə aparan insanlar yüksək
dəyərləndirilir. O da ola ki, həmin insan özünü, arzularını bu azadlığa sərf edə.
Bütün şüurlu ömrünü Türk bütövlüyünə həsr edən və insanların qəlbində
ölümsüzlüyə qovuşan bir istiqlal mücahididir Sərvət Kabaklı…
Çox təəssüflər olsun ki, mənəvi dəyərlərə son dərəcə sadiq belə işıqlı fikir
adamını, milli məfkurəli ziyalını sağlığında tanımaq bizə nəsib olmayıb. Bu
yaxınlarda Ədəbiyyatımızın və Ruhumuzun gönüldaşı, dəyərli ustadım İmdat
Avşar Əhməd Kabaklının monumental tədqiqatını – “Türk ədəbiyyatı” kitablarını
mənə göndərdiyində: “Əhməd Kabaklının bu beş cildliyini təkmilləşdirərək
yenidən işıq üzü görməyində Sərvət bəyin misilsiz xidmətləri olub. Əhməd
Kabaklının “Təməllərin duruşması”, “Yunus Əmrə”, “Mehmet Akif”, “Sultanüş
şüəra Necib Fazil”, “Şairi cahan Nedim”, “Şeir incələmələri” kitabları kimi ciddi
tədqiqat əsərləri Sərvət Kabaklının tərtibində yenidən işıq üzü görüb. Sərvət
Kabaklı təkcə ədəbiyyat dünyasına göstərdiyi bunca hizmətlərindən daha çox
ictimai fikir tarixində gördüyü əvəzsiz işlərlə yaddaşlarda iz qoyub. Türk
dünyasının bağımsızlığını həyat qayəsi sayan Sərvət bəy milli məfkurə adamı
idi…” demişdi İmdat bəy. Həmin gün İmdat bəyin bu təqdimindən yola çıxaraq
Sərvət bəyin imzasını aradım, “Ülkücülüğü Başbuğ Türkeşten öyrənin!”, “Başbuğ
və mənəviyyat”, “Demokrat, dövlət və millət adamı Türkeş”, “Kabaklı Hocadan
dövlətlilərə”, “Bizim Türk milliyyətçiliyimiz”, “Rind ola bilsəydik…”, “Eşq imiş
hər nə var aləmdə” və başqa yazılarını oxudum, onun həm ədəbiyyat dünyasında,
həm də siyasi müstəvidə sözün həqiqi mənasında bir istiqlalçı mücadilə adamı
olduğunu müşahidə etdim, Türk dünyasının ağrılı yeri olan Doğu Türküstanla bağlı
qələmə aldığı “Əsir Doğu Türküstan üçün” silsilə yazılarını – Doğu Türküstan
türklərinin cənnətməkan lideri “Türklük mücahidi” İsa Yusuf Alptəkinin, Doğu
Türküstanlı kardeşlerimizin Çin əsarətinə qarşı dirənişini həssaslıqla anlatdığı
sətirlərə isə könül yanğımı, göz yaşlarımı qatıb oxudum…


Görkəmli publisist, ictimai xadim Süleyman Sərvət Kabaklı 13 mart 1956-cı
ildə Elazığda dünyaya göz açmış, ilk, orta və lise təhsilini Elazığda
tamamlamışdır. Universitet təhsilinə 1975-ci ildə Ərzurum Atatürk Universiteti
Ədəbiyyat fakültəsində başlayan Sərvət Kabaklı daha sonra Fırat Universitetinə
nəql olunmuş, 1981-ci ildə Fırat Universiteti Türk dili və ədəbiyyatı bölümündən
məzun olmuş, qəzetçilik məsləyinə də elə məmləkəti Elazığda yayımlanan Uluova
qəzetində başlamışdır. Həmin ildən etibarən “Tərcüman” qəzetinin Elazığ
müxbirliyini üstlənmiş, eyni zamanda “Elazığ” və “Yeni Harput” qəzetlərinə
məqalələr yazmaqla bərabər Anadolu Xəbər Agentliyinin Ərzurum müxbirliyi
görəvini də layiqincə yerinə yetirmişdir. 1979-cu ildən “Tərcüman” qəzetinin
İstanbuldakı mərkəzində çalışmış, 1986-cı ildə qısa zaman kəsiyində “Yeni xəbər”,
“Türkiyə”, daha sonra isə “Yeni çağ” qəzetlərində məslək həyatını davam etdirmiş,
“Türk Basın Birliyi” tərəfindən yüksək xidmətlərinə görə dəfələrlə “İlin jurnalisti”
mükafatına layiq görülmüşdür. İstanbula gəldiyi ilk gündən onu mənəvi övladı
sayan əmisi, şeyxül-mühərririn Əhməd Kabaklının yanında bulunmuş, Əhməd
bəyin qurucusu olduğu Türk Ədəbiyyatı Vəqfində 1980-ci illərdən etibarən vəqf
müdürlüyü vəzifəsini icra etməyə başlamışdır.
Əhməd Kabaklı haqqa yürüdüyündə Şeyxül-mühərririn vəsiyyəti üzərinə
Türk Ədəbiyyatı Vəqfinin başkanlığı vəzifəsini 2001-ci il tarixdən etibarən Sərvət
bəy öz çiyninə götürmüş və Əhməd bəyin başladığı qutlu yolda böyük ürək və ruh
yüksəkliyi ilə hizmətdə bulunmuşdur.
Türkiyə Respublikasının səkkizinci cumhurbaşkanı Turqut Ozalın (1989-
1993) türkdilli respublikalar üzrə müşaviri olmuş, Doğu Türküstan xaricində bütün
türk ellərini qarış-qarış dolaşmış, ürəyi daim türklük, türk birliyi, türk dünyası üçün
döyünmüşdür.


Yoxluğunda belə işıqlı əməlləri sayğıyla anılanlar, həqiqətən də, xoşbəxt
insanlardır. Dəyərli İmdat bəyin söhbətlərindən tanıdığım, “Kalemi susmuş

yazılar”ını oxuduğum Sərvət bəyi indi əziz müəllimim, elmi məsləhətçim,
professor Asif Rüstəmli ilə bərabər anırıq.
Bir yağmurlu axşamda Asif müəllimin əziz dostu, məsləkdaşı Sərvət Kabaklı
ilə bağlı kövrək və işıq dolu xatirələrini dinlədikcə bu mübariz insanın Türk
dünyası üçün fədakar çalışmaları ilə bərabər həm də nə böyük Azərbaycan sevdalı
ziyalı olduğunu öyrənirəm: “Sərvət Kabaklı Azərbaycana can Azərbaycan deyərdi.
90-cı illərdə Qarabağ savaşı ərəfəsində Azərbaycanın haqq səsinə çevrilmişdi
Sərvət bəy. Qarabağ hadisələri ilə bağlı alovlu çıxışları, kəskin məruzələri ilə bu
ədalətsizliyi beynəlxalq tədbirlərdə vurğulayan, qabardan cəsarətli və mübariz bir
fikir adamı idi. Mən onunla İstanbulda, Elazığda, Bakıda bir neçə dəfə
görüşmüşdüm. Rəhbərlik etdiyi Türk Ədəbiyyatı Vəqfinin “Çərşənbə
söhbətləri”ndə qonaq olmuşdum, Əhməd Kabaklının anım günündə, Əli Əmiri
Əfəndi konfransında, Xızıda Cəfər Cabbarlı günündə və başqa tədbirlərdə bərabər
olmuşduq.
Sərvət Kabaklı elə bil mürşidi Əhməd Kabaklının ədəbi ömrünün davamını
yaşayırdı. Əhməd bəyin mənəvi övladı kimi həm də onun ədəbi irsinin ləyaqətli
təbliğatçısıydı. 2012-ci il idi. Sərvət bəyin təklifi ilə Əhməd Kabaklının “Harput
əfsanələri” kitabını Azərbaycan türkcəsinə uyğunlaşdırmış və kitaba ön söz
yazmışdım. “Harput əfsanələri”nin Bakıda keçirilən təqdimatına Sərvət bəy
Kabaklı ilə bərabər qardaşı böyük ziyalı Sərhat bəy Kabaklı, Elazığ vilayətinin
Bələdiyyə başqanı Süleyman Salmanoğlu, professor doktor Çingiz Özdəmir,
“Manas Yayıncılık” nəşriyyatının rəhbəri Şener Bulud, şair Hadi Önal və başqaları
təşrif gətirmişdilər. Azərbaycanın görkəmli elm adamlarının iştirakı ilə Bakıda
Əlyazmalar İnstitunda keçirilən kitab təqdimatı böyük bir bayram təəssüratı
yaratmışdı. Tədbiri İnstititun direktoru Paşa Əlioğlu aparırdı və elan edəndə ki, biz
Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun Elmi Şurasının
qərarı ilə Sərvət bəyə “İnstitutun fəxri doktoru” adını və “Fəxri doktor” elmi
diplomunu təqdim edirik” – bu məqamda Sərvət bəy çox kövrəldi. Həmin anları və
Sərvət bəyin səmimi çıxışını heç unutmuram. “Can Azərbaycanın candan əziz
alimlərini salamlayıram, – dedi. Mən bu mükafatı təkcə öz şəxsimə, öz adıma yox,

həm də Əhməd Kabaklının adına qəbul edirəm. Əmim, böyük ziyalı Əhməd
Kabaklının xatirəsinin belə əziz tutulduğu üçün özümü çox xoşbəxt hiss edirəm.
Bu mənəvi dəyər Sizin tərəfinizdən Əhməd Kabaklıya olan bir vəfa örnəyidir.
Azərbaycan hər zaman bizim üçün canımız qədər əziz olub. Biz “Azərbaycan”
mahnısını dinləyəndə həmişə təkcə gözümüz deyil, könlümüz də ağlayıb” – bu
fikirlərini dilə gətirəndə yenidən kövrəldi Sərvət bəy. Çox möhtəşəm, yadda qalan
bir çıxış elədi və sonda dedi ki: “Tolstoy yazır ki, ədəbiyyatı olan topluma millət
deyilir. Bu baxımdan biz olduqca böyük və qüdrətli bir millətik. Türküləri, şeirləri,
elmi və bədii əsərləri ilə bu millətə ruh verənlər isə bu millətin qəhrəmanları – var
oluşumuzun səbəbkarlarıdır. Əhməd Kabaklı hər bir əsərində Qərbin mədəniyyət
imperializmi qarşısında baş əyib öz milli və mənəvi dəyərlərini itirmiş və ya itirmə
istiqamətində olanlara, getdikləri yolun gedərgəlməz olduqlarını xatırladır. Milli və
mənəvi mənliyini qoruyanlara isə haqq yolunda olduqlarına əminlik aşılayır. Bu
mənada, Sizə – can Azərbaycanın candan əziz bilim adamlarına yürüdüyünüz
şərəfli yolda başarılar arzulayıram!
Əhməd Kabaklı bizə Türk ədəbiyyatı Vəqfini mənəviyyat məbədi olaraq
miras qoyub və bu məbəd bizim olduğu qədər də Azərbaycanlı qardaşlarımızın
müqəddəs ocağıdır. Biz Azərbaycanın bilim adamlarını, şair və yazar dostlarımızı
cani-könüldən bağrımıza basır, nə qədər ki, nəfəsimiz var, Kabaklı hocanın bizə
əmanət etdiyi bu müqəddəs ocağı ləkələmədən qorumağa, mühafizə etməyə söz
veririk!” Həmin tədbirdə Sərvət bəyin bu tarixi çıxışı çox böyüş alqışlarla
qarşılanmışdı.
Elazığda “Xəzər şeir axşamları” keçirilirdi. Həmin görüşdən bir il sonra
2013-cü il idi. Elazığda düzənlənən tədbirdə görüşdük. Həmin möhtəşəm tədbirdə
Sərvət bəy mənə Türk ədəbiyyatı vəqfinin “Türk ədəbiyyatına hizmət baratını”
təqdim etdi. Elazığ sanki Azərbaycanın dilbər guşələrindən biri kimi doğma gəldi
mənə. Sərvət bəy Elazığda Azərbaycan parkının açılmasında, Azərbaycan
şəhidlərinin şərəfinə abidə ucaldılmasında müstəsna xidmətlər göstərmişdi.

Türk dünyasının bağımsızlığı Sərvət bəyin həyatının mənası idi. Krım,
Kərkük, Doğu Türküstan, Qarabağ onun vətən sevdalı ürəyində bir göynərti idi.
Türk bütövlüyü üçün düşünmədən həyatını qurban verərdi.
Sərvət bəy Azərbaycan şəhidlərinin anısını həmişə uca tutar, torpaqlarımızın
azadlığı uğrunda qəhrəmanlıqla canında keçənləri böyük rəhmətlə anardı. Çox
əfsuslar, ömür vəfa etmədi ki, Sərvət bəy Qarabağın azadlığa qovuşduğu,
Qarabağın azad səmasında qoşa dalğalanan Türkiyə-Azərbaycan bayraqlarının
ucaldığını görsün… (Bu məqamda Asif müəllimin qəhərləndiyini hiss edir,
söhbətimizi yekunlaşdırmaq istəyirəm…)


Turqut Ozalın həyatının son günləri ilə bağlı ilə xatirələrdə oxumuşdum ki:
Ömrünün son günlərində Turqut Ozal Buxarada Şah Nəqşibəndi həzrətlərinin
məzarını ziyarət edirmiş. Sərvət Kabaklı qeyri-iradi bir intuisiya ilə Nəqşibəni
həzrətlərinin qəbrindən bir ovuc torpaq götürür. Bunu görən Özal: “Götür,
götür, Sərvət bəy! Bu müqəddəs torpaq bizə lazım olacaq!” – deyir. Və Özal
on gün sonra vəfat edir, Sərvət bəyin türbədən götürdüyü həmin torpaq
Turqut Ozalın məzarına səpilir.


Bu gün Sərvət bəyin haqqa yürüdüyü gündür…
Sərvət bəy yaşamı boyunca yanında sədaqətlə addımladığı,
ideyalarına və yoluna sadiq qaldığı böyük Əhməd Kabaklı ilə haqq evində də
yanaşı uyuyur.
Tale elə gətirsin ki, bir gün bizlər ürəyi Qarabağla, Azərbaycanla
döyünən bu böyük fikir adamlarını ziyarət edək və Qarabağdan, Şuşadan
apardığımız torpağı onların müqəddəs məkanına – məzarlığına
səpələyək…
Nur içində uyuyun, Böyük İnsanlar!!!


Asif müəllimin Sərvət bəylə bağlı həm kövrək, həm də qürur dolu
xatirələrini dinlədikcə və qələmə aldıqca düşünürəm ki: bunlar adi yaşanmışlar

deyil, dəyərli bir tarixdir, mənəviyyat kitabımızın ən qiymətli səhifələrindəndir.
Seyid Cəfər Krımərin Məhəmməd Əmin Rəsulzadəyə ünvanladığı sözlər gəlir
ağlıma: Bir gün həyatınızı canlandıracaq baxtlı bir türk gənci yetişəcək və ömür
yolunuzu qələmə aldıqca “Nə xoşbəxtəm ki, bu yaşamağa dəyər səhifələri yazıram
– deyə Sizinlə qürur duyacaq…”- deyir.
Ruhunuz şad olsun, Sərvət bəy!
İndi mən həmin o baxtlı türk gənciyəm. Nə xoşbəxtəm ki, Sizin yaşamağa
dəyər şərəfli ömür yolunuzu işıqlandırıram… Nurlar içində uyuyun!
Xəyalə Zərrabqızı
28 avqust 2021

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest