GenelGüncelKültür Sanat

Tofiq Nurəli

Tofiq Nurəli
Tofiq Nurəli

DƏRBƏND

Qəlbimdə bir nəğmə dolaşır elə..,

Nə vaxt eşitmişəm, yadımdan çıxıb.

Havası başıma vuranda hərdən

Sanki təkərlərim oxundan çıxır.

Ah, necə unutdum mən o nəğməni..,

Pəsdən oxunardı; yorğun.., bariton.

Onda ruhu vardı bir dağ kəlinin..,

Onda ruhu vardı qara barıtın.

Orda pəncərəyə günəş düşürdü..,

Bir də uzaqlaşan nal tappıltısı…

Bir gözəl baxırdı o pəncərədən—

Qarşıda möhtəşəm DƏRBƏND QAPISI…

…İgidlər doğrandı NARINQALADA..,

Yağıya qul getdi o gözəl pəri…

Qoruya bilmədik—bu gözəl  VƏTƏN

Hər yandan budanır o vaxtdan bəri…

İgidlər doğrandı Narınqalada

İgidlər doğrandı Narınqalada

İgidlər doğrandı Narınqalada

İgidlər doğrandı Narınqalada

Dərbənd ki, bu yurdun tən ortasıydı,

Yoxuydu bu yurdun ucu-bucağı…

Xainlər söndürdü gecə yarısı

Dağların başında yanan ocağı…

…İgidlər doğrandı Narınqalada

İgidlər doğrandı Narınqalqda

İgidlər doğrandı  Narınqalada

İgidlər doğrandı Narınqalada

…Min ildi səs gəlir Narınqaladan..,

O səs qeybə gedir gün çıxa-çıxa…

Deyirlər o qızdı, belə oxuyur:

—Bir gün su gələcək bu köhnə arxa..,

  Yetər ki,oğullar doğsun analar,

  VƏTƏN  qana dönsün damarlarında..,

 Girib savaşlara, göz də qırpmadan

Baş kəsib-qan töksün VƏTƏN yolunda!

                                                              11 04 17      

Tatarı

Yaxşı bir qamçısı vardı atamın

Qamçı toxunmuşdu dana gönündən…

Qamçının havada vıyıltıları

Adamın zəhrini yarırdı gendən.

Hərdən yağ çəkərdi o gön qamçıya

Sevməzdi qamçıya kimsə toxuna.

Atdan enən zaman atam qamçını

Taxardı həmışə sağ sapoquna…

Usta edən zaman ürgəni., dayı

Atlar şahə qalxar…şıllaqlayardı…

…Dartardı  kəndiri at boğulunca

Sonra da bu xamı şallaqlayardı…

Hərdən kürəyimə həmin qamçıdan

Enən göy zolaq da xatalı idi…

Qamçı göndən idi..,

Dana gönündən…

Qamçının adı da tatarı idi…

Bir gün Qərib müəllim tarix dərsində

Dedi monqol tatar hamısı türkdü

Biz də onlardanıq.., böyük kökdənik

Adımız gələndə dünyalar hürkür…

Bütöv xəritəni iki əliylə

Göstərib dedi ki gör hardan hara…

Atlatın belində əldə tatarı

Biz hökm eyləmişik bu dünyalara…

Dövlətlər qurmuşuq, ellər almışıq..,

Qalalar tikmişik., yollar salmışıq…

Tarix öz küncünə tullayıb bizi..,

Gör nə günə qalmışıq..

…Sanki gözlərindən odlar saçıldı..

Qığılcım sıçradı odlu dəmirdən…

Birdən qəhərləndi bu arıq kişi..

Sanki boğulmuş at yüyən gəmirdi…

Gərək yol verməyəydik

Kimsə qürurumuza., şənimizə toxuna…

Gör kimlər tapdaq oldu

Gör kimin sapoquna…

Hər gecə yerimdə qaçırdı yuxum

…Sovet… 60-ın tən ortaları…

Atlılar çapırdı xəritə boyu..

Hamının əlində həmin tatarı…

Sifətimə toxunur o atların nəfəsi..,

Kürəyimdə qamçının yeri də doğmalaşır…

…Hərdən gedib gizlicə götürürdüm qamçını..

Sanırdım ki  bu qamçı çox şey bilir.., danışmır…

…Tarix üzün döndərdi bizim də babalardan..

Büküldü yavaş-yavaş o atların dizləri…

Endik böyük səhnədən.., əbədi qaldı lakin,

Tarixin kürəyində tatarının izləri…

         ALBAN  DAĞLARI

Alban dağlarından gəlirəm,dostum—

Alban kəndlərinin keçib içindən…

Gözüm hansı yana zillənirdisə

Mənə danışırdı öz keçmişindən…

Mənə deyirdilər totemlərindən..,

Dedilər burdaydı sükut məbədi…

Qüzey yamaclarda könə qəbirlər

Deyirdi deyildir heç nə əbədi…

Qarxundan,Şəkidən, Cekdən gəlirəm—

Tarixin havası hopub canıma…

Çaraxdan,Çayruddan,Dərkdən gəlirəm

Girərək tarixin imtahanına…

Orda ocaqlar var vaxtı əridir—

Ərimiş zamanlar ağarır hələ…

Biz “allah” deyirik, “rəbbim” deyirik..,

Onlar “tanrı” deyib çağırır hələ…

Necə müqəddəsdir o uca dağlar..,

Burda günah varsa qoy mənim olsun!

O alban kəndində belə deyirlər:

Nahaq iş tutana DAĞ  QƏNİM  OLSUN…

Dövranlar qovuşub-qarışıb burda—

Qapılar açılır DAN  QİBLƏSİNƏ…

…Kəndin arxasında diş-diş qayalar

Bənzəyir bir alban dəbilqəsinə…

…Bir kilsə varıymış o qayalıqda—

Mən özüm görmüşdüm qalıqlarını…

…Daha oralara cığır aparmır—

Tarix ordan kəsib ayaqlarını…

Gedək mən tanıdın o HUN  DAĞINI..,

O HUN  QAYASINI göstərim sizə..,

O HUN  BULAĞININ tarix suyundan

Təpin canınıza, gözlərinizə…

Alban dağlarında doğulmuşam mən,

Bir alban kəndində–adı da YERFİ…

Bu sözün hər hərfi mənə deyir ki,

Söylə sən bu qədər mağmınsan nədən?!.

Sən hunsan-albansan-qıpçaqsan—türksən,

Dünəndə, sabahda vaxtın var sənin..,

Tarixin ən uca saraylarının

Ən uca yerində taxtın var sənin…

…Böyük tarixlərin keçib içindən

Alban dağlarından gəlirəm ,dostum.

…Bəlkə sən deyəsən,ey DƏMİR  QAPI..,

Bəlkə sən deyəsən mən niyə susdum?!.

Antik dünyaların yadigarıyam—

Mənim ki, susmağa haqqım yox axı!..

Tarix göylərində yanır ulduztək

ALBANUS—bir parça Turan torpağı!..

           07 12 18

            BABADAĞDA

Heç kimdən, heç nəydən təmənnası yox,

Heç zadın önündə başını əyməz.

Gədası gədadı bu puç dünyanın,

Burda hökümdar da bir pula dəyməz.

Burda bir söz demək elə günahdı..,

Bu azman sükutlar min sirri saxlar.

…Bu dağdan o dağa bir ömür yoldu..,

Dağlardan yuxarı dağlardı yenə,

Dağlardan aşağı dumanlı dağlar.

Dağlar səltənəti  gedib  xəyala..,

Yolunu gözləyir hansı qismətin?!.

…Dünyada çox şeyi anlamaq olur,

Anlamaq çətindi dağ əzəmətin.

Bu sərtik, bu vüqar, belə sadəlik..,

Dörd yanı bürümüş bu azadəlik

İdrak sərhəddinə sığışır çətin..,

İnsanı özündən çəkib aparır—

Göstərir səmtini əbədiyyətin…

Əlini gözünün üstünə qoyub

özünə–ömrünə baxırsan sanki…

bu yaxın zirvələr necə uzaqdı..,

sanki indi olmuş ötən uzaqlar…

…Dağlardan yuxarı dağlardı yenə,

Dağlardan aşağı dumanlı dağlar!

                                                           24  03  15

Baba dağı

Tahir  müəllimə məktub                                                                            

Ay müəllim, Baba dağı necədi?,

Kəllər gədiklərdən aşırmı görən?

Gecələr dünyanı leysan döyəndə

Sellər dərələrdən daşırmı görən?

Qayasında çox laçınlar qovmuşam,

Yuvasından göyərçinlər qovmuşam,

Qırt oturan bildirçinlər qovmuşam—

Biri günahımdan keçirmi görən?

Ilk sözümü şimşəklərə yazmışdım—

Heç bilmirəm neçə kərə yazmışdım…

Sinfimizdə bəxtəvərə yazmışdım..,

O ağı qaradan seçirmi görən?

Leysanından tutub göyə çıxardım—

Leysan məni döyə-döyə çıxardım…

Heç bilmirəm göyə niyə çıxardım—

Leysanlar bu sirri açarmı görən?

Sevdiklərim köçdü getdi dünyadan,

Mənə bir eşq borclu getdi dünyadan…

Bu üzüboz,qovdu-qaçdı dünyadan

İlk eşqin gözü su içirmi görən?

Ay müəllim,Baba dağı necədi?!.

Zirvələrin ay çırağı necədi?!.

Qarşısında günahlarım neçədi—

Pirim günahları ölçürmü görən?!.

                                                               04  12  16

       ***

Bu köhnə qəbristanda

bu şibyəli-xınalı başdaşları

unudublar kimliklərini–

itibdir yaddaşları;

üstündə yazı yox..,

deməyə sözü yox–

sözü də unudublar…

Soyuq sükut içində

yayı eyni, qışı eyni–

nə isti, nə soyuq…

…Birdən eşidirəm onların sükutlu səsini:

—biz tarıxin əsgəriyik, biz tarixi qoruyruq!..             

26.03.21

                   ***

***

Ağlına gəlməz ki, qardı Qonaqkənd,

Ağlına gəlməz ki, təkəm, tənhayam.

Ağlına gəlməz ki, könlümə düşdün,

Çox şeylər ağlına gəlməz bu gecə,

Ağlına gəlməz ki,

            gəlməz ki, gəlməz…

Ağlına gəlməz ki, şəklinə baxdım,

Baxdım və şəklini öpmək istədim,

Ağlına gəlməz ki, körpən qoymadı –

            bətnindəki körpən!

Ağlına gəlməz ki, olub keçənlər

            məhəbbət olmayıb,

                 bir oyun olub,

            Bəlkə nağıl olub –

    söylərsən bir vaxt

                    oğluna,

                          qızına,

                                nə bilim kimə…

İncimə,

        sən Allah, məndən incimə

          o, şirin nağılın sonu kədərmiş,

          eh, sənin taleyin qəza-qədərmiş…

          Mənimdə taleyim elədir, vallah!

Ağlına gəlməz ki, qardı Qonaqkənd,

Ağlına gəlməz ki, təkəm…

            tək niyə?!

– Mən varam –

 dünya var bu boş otaqda…

Ağlına gəlməz ki, gecə yarıdır,

Və şeir yazıram mən sənin haqda…

Ağlına gəlməz ki,

          gəlməz ki, gəlməz,

Çox şeylər ağlına gəlməz bu gecə!..

                        **

Qar yağdi dağlara… məndən uzaqda.,

Qeyb oldu dünyadan hər cığır, hər iz…

Köhnə bacalardan qalxan tüstülər

Milləndi göylərə səssiz-səmirsiz.

Tənha evimizin artdi qubarı,

Buz oldu göz yaşı pəncərəmizin.

Bir uşaq boynunu burub ağladı,

Bağlı qapısında kənd evimizin.

Heç kim tanımadı, heç kim görmədi,

Bu uşaq kim idi? Gəlmişdi niyə?

… O bağlı qapıda durub hər gecə

Ağlaya-ağlaya qeyb olur göyə…

                                   27.11.96.

***

Heç kəs gözləriylə  görməyib yəqin,

Ölən sevgilərin başdaşlarını.

Ey dostum, əlvida, əlvida daha,

Qoru gözlərini, göz yaşlarını.

Bilmirəm nə qədər sevirsən məni,

Bilmirəm gözündə qarayam, ağam.

Onu bilirəm ki,

            təəssüf, ancaq

Mən səni tezliklə unudacağam.

Budur, qatiliyəm sənin eşqinnin,

Düşmən qarşısında mərdlər baş əyməz.

Qoru gözlərini, göz yaşlarını,

Mənim kimisinə ağlamaq dəyməz.

Ürəyim deyir ki, ayrılaq gərək,

Gözləmə, gəlmərəm yazla, yağışla.

Mən sənə hüç nəyi vədə vermirəm,

Bağışla, bağışla, məni bağışla.

…Ey dostum, əlvida, əlvida daha,

Qoru gözlərini,göz yaşlarını.

Heç kəs gözləriylə görməyib yəqin,

Ölən sevgilərin baş daşlarını…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest