Telman Hüseyn’in (Anadil) “Xoxan apardı”şeiri.
Dədə Telman kimi tanınan şair Telman Hüseynin (Anadil) “Xoxan apardı”şeiri.
Uşağı xoxanla qorxutma, bala,
Pozular iştahı, qaçar yuxusu.
Qalar ürəyində, qalar canında,
Qalar xəyalında xoxan qorxusu.
Bir vədə beləcə qorxudub məni
Səsimi beşikdə batırıbdılar.
Ağlasam, xoxanla hədələyiblər,
Xoxanla qorxudub yatırıbdılar.
Qırx birdən o yana şirin çağlarım,
Bu yanda taleyim tufan qopardı.
Günbəgün azaldı oyuncaqlarım,
İstədim, dedilər: xoxan apardı.
Məni o bucaqdan, məni bu küncdən
Gözünü bərəldib baxan qorxudub.
Gözüm açılandan, gözüm açandan
Mənim gözlərimi xoxan qorxudub.
Cırıb paltarımı, ayaqqabımı,
Süfrədən dadamı xoxan apardı.
Bəlkə müharibə elə xoxanmış,
Bax, mənim atamı xoxan apardı.
Boy atdım, yar sevdim, yarıdım dedim,
Xoxanlı günlərim day keçib gedib.
Bir səhər eşitdim toylu, büsatlı
Bu kənddən o kəndə yar köçüb gedib.
Qaçdım səksəkəli qapılarına,
Görən deyərdi ki, atlı çapardı.
Qızını soruşdum, anası güldü,
Dedi ki, ay bala, xoxan apardı.
Aşkara xoxan var, gizli xoxan var.
Aşkara xoxanlar qəmiş xoxanmış.
Dostluq eləmişəm, on il, on beş il,
Sonradan bilmişəm Məmiş xoxanmış.
Evimdən xoxana nəzir verirlər.
Yoxsa var-yoxumu çalıb-çapardı.
Maaşda pulumu kəsir verirlər,
Deyirlər: qalanın xoxan apardı.
Mənə deyirlər ki, möhkəm ol, kişi,
Dostların tənəsi çox gəlir mənə.
Atmaq istəyirəm mən bu vərdişi,
Xoxanlar o saat xox gəlir mənə.
Uşağı xoxanla qorxutma, bala,
Pozular iştahı, qaçar yuxusu.
Qalar ürəyində, qalar canında,
Qalar xəyalında xoxan qorxusu.