Təranə Vahidin hekayəsi
Nazim Əhmədli / Kırımınsesi / Azerbaycan
Təranə Vahid
AXŞAMÜSTÜ
Səhər gülümsədi, günorta heyrətləndi, axşam çıxıb getdi…
Bir müddət çəliyinə söykənib – şikarını gözləyən qurbağa kimi – nəfəsini içinə çəkdi. Sonra tor görən gözləri ilə ətrafına boylandı. Dayandığı yerdə üç yol kəsişirdi. Biri dərəyə uzanırdı. Orda sarı-qırmızı gillərin arasından bulaq qaynayırdı. Kəndin qız-gəlinləri axşam-səhər bu bulaqdan su daşıyırdı. Kimi səhənglə, kimi vedrə ilə.
Qoca, çal qaşlarının altındakı xırda gözləri ilə bu durna qatarına biganə qala bilmirdi. Vaxtaşırı çolaq ayağını sürüyə-sürüyə bu dikdirə qalxır, dolu bədənli qadınlara, incə belli gəlinlərə, qu quşu kimi zərif boyunlu qızlara dişi tökülmüş canavar quzuya baxan kimi baxırdı.
Amma onun qığılcımı sönmüş ölgün baxışları heç kimi ürkütmürdü. Arvadlar fikirləşirdi ki, qoca kişidi, hay-hayı gedib, vay-vayı qalıb. Gəlinlər onu görəndə özlərini yığışdırırdılar ki, qoy qoca necə abırlı gəlin olduqlarını görsün. Qızları kəndin dəliqanlı gədələrindən başqa heç kəs maraqlandırmırdı. Qocaya da keflərinə düşəndə salam verirdilər, keflərinə düşməyəndə yox. Bu da qocanın xətrinə dəyirdi. Dodağının altında mızıldanırdı ki, Allahın altında cavan vaxtım olaydı. Onda görərdiniz ki… Bu sözləri deyəndə dodağı əsirdi. Bilirdi ki, day bundan sonra cavan olası deyil ha… Həqiqəti zəqqum kimi xirtdəyindən içəri ötürürdü.
İkinci yol üzümlüyə gedib çıxırdı. Üzüm yığını çoxdan başlamışdı və qoca yaxşı bilirdi ki, bu kənddə bineyi-qədimdən belə bir adət var. Cavanlar üzüm yığanda kanistrdən çaxır süzüb içə-içə məst olub kəndin qızlarından danışırlar. Məsələn, filan qızın gözəl gözlərindən, filankəsin biçimli ayaqlarından, filan qızın qızılı rəngli saçlarından o qədər danışırlar ki, o gecə hamı yuxuda o ayaqları, o gözləri, o saçları görürdü.
Səhər də kəndə xəbər yayılırdı ki, o sevimli ayaqların, gözlərin, ya da saçların yiyəsini qonşu kənddən filankəsin oğlu qaçırıb. O gün üzümlük yasa batırdı. Özünü toxtaq tutan cavanlardan neçəsi həmin gecə gizlicə gözünün yaşını əlinin dalı ilə silib, qıza ürəyini açmadığına görə özünü söyür, ürəyində balaca bir çala qazıb körpə məhəbbətini oradaca basdırırdı. Sonra burnunun suyunu balışa silir, elə o balışı da qucaqlayıb yatırdı.
Üçüncü yol gedib qəbiristana dirənirdi. Kənddə ölüm-itim olanda camaatın yadına düşürdü ki, belə bir yol da var. Gediş-gəliş az olduğundan bu yolu həmişə ot basırdı, bu da yuxa ürəkli qadınların dilində çox kədərli ağıya çevrilirdi. Mənası da belə olurdu ki, yolda qaratikan, sarıtikan olmasaydı, hər gün görüşünə gələrdim. Qadınların uydurduqları bu bəhanə hamının xoşuna gəlirdi.
Qoca diksindi. Elə bil, gözünə Əzrail dəydi. Əyilib yerdən qara bir daş götürüb qəbiristana uzanan yola qolazladı.
Hələ də bulaqdan qız-gəlinlərin qaqqıltısı, üzümlükdən cavanların hayqırtısı gəlirdi…
Səhər qocanın öldüyünü eşidəndə hamı mat-məəttəl qaldı. Kəndə qəribə sakitlik çökdü. Elə bil, hamı qocanın ruhunu incidəcəyindən ehtiyat edib səsini içinə saldı.
Cənazəni qəbiristana aparanda gün günorta olmuşdu. Qara-qura paltar geyinmiş arvadlar əllərini dizlərinə çırpa-çırpa qaratikanlı yollar, ayrılıq və ölüm barədə qəmli nəğmələr oxuyur, qəbiristana uzanan yol tanış oxşamaları eşitdikcə cana gəlib dirilirdi…
Axşamüstü kənd yenidən canlandı. Qız-gəlinlər bulağa səmt aldı, cavanlar kluba bitişik çayxanada laqqırtı vura-vura domino oynadı, kölgə səssiz-səmirsiz hər tərəfi basdı. Sonra heç nə olmamış kimi bütün kənd şirin yuxuya getdi…