Şuşada – Şeirler – Həsən Lütfi
Həsən Lütfi
Şuşada
Gözəl Vətən, gözün aydın, bitib xəzan Şuşada,
Minarə bülbülü hər gün verir əzan Şuşada.
***
Gülür səmada Üzeyrin, Xanın nəcib ruhu,
Sədalanıb dilə gəldikcə tar-kaman Şuşada.
***
Daş üstə daş qoyuruq alnımızda tər yağışı,
Doğur rifah günəşi doğma, mehriban Şuşada.
***
Yanır hər evdə ocaq, parlayır hər üzdə sevinc…
Yaratmışıq necə nurani bir cahan Şuşada!
***
Şah ölkəmiz yenə zümrüd tacın qoyub başına,
Olub qızıl qanımız uğruna rəvan Şuşada!
***
Bu tərlan oylağını seyrə çıx, laçın könlüm,
Əyan olar sənə cənnət səfası can Şuşada.
***
Dəva qılar çiçəyiylə, otuyla min dərdə,
Dumanlı dağlar ahıl bir təbibdi, san, Şuşada.
***
Qurub söz əhli üçün munisanə bir məclis
Qəzəl deyir yenidən sanki Natəvan Şuşada.
***
Bu “Vaqif” abidəsin qarlı qış günündə bizə
Edib bir odluürək dahi ərməğan Şuşada.
***
Şükür, murad atımız şahə qalxıb, ey Lütfi:
Bu gün ilahi ədalətdi hökmran Şuşada!
Ucalıq rəmzidir, əxlaqi nişandır kəlağay
Ayda nur haləsidir, dağda dumandır kəlağay,
Ucalıq rəmzidir, əxlaqi nişandır kəlağay.
***
Nənələrdən bir əmanətdi vətən qızlarına,
Qocaman tariximiztək qocamandır kəlağay.
***
Gül təravətli, ipək hörgülü, yarpaq butalı,
Qəlb açan bağça kimi nəş’ə saçandır kəlağay.
***
Atılıb ortaya çox qan-qadanın almış önün,
Barışa arxa-dayaq, sülhə hayandır kəlağay.
***
Başımın tacı, başıntək uca tut daim onu,
Toxusan, al ələ can riştəmi, candır kəlağay.
***
Ehtiramla bükülər parçaya Qur’an, gözəlim,
Sən də bir ülvi kitabsan, sənə şandır kəlağay.
***
Eşq mizrabı gətirmiş dilə könlüm sazını,
El deyir, Lütfi sənə aşiq ozandır, kəlağay.
Leyla Qarazadənin şəxsində bütün müəllimlərə ithaf
Talış yüksəklərində bir səadət qəsri bərpadır,
O sarsılmaz binanın banisi bir ülvi sevdadır.
***
Qaranquşlar kimi üz tut cənuba sən də, ey könlüm,
Qanadlanmaq dilərsən, şəhpərin, əlbəttə, xülyadır.
***
“Bu gün sən çox gözəlsən” səslənir seyr etdiyim dağlar,
Bu ucqar kənd, İlahi, özgə aləm, özgə dünyadır.
***
Ləpirlənmiş cığırlar, qıy vuran azadə qartallar
Mənə yol göstərir, yerdən göyə şükrüm hüveydadır.
***
Yol aldım qəsrə sarı, yoldaş oldum yolçu mehlərlə,
Dedim vardıqda, ey göz, bax, nə qəlboxşar təmaşadır!
***
Ayaq açmış çiçəklər oynaşır məktəbli şövqüylə,
Bənövşə bəndə düşdükdə gülüş üzlərdə peydadır.
***
Münəvvər çöhrələr, parlaq zəkalar, ağ qiyafətlər,
Bu zülmətsiz fəzada hər tərəf, hər yan sürəyyadır.
***
O ulduzlar içində bədrlənmiş bir qəmər gördüm,
Sual verdim, nədir ismi? Cavab aldım ki, Leyladır.
***
Nə Leyla? Xoş təbəssümlər çəmənzarında bir lalə,
Nə lalə? Al günəşdən feyz alan şəfqətli simadır.
***
Zəifsən söyləməm şə’nində, haşa, ey zərif xilqət,
Şüur bənnasısan sən, kim sənintək ali bənnadır?
***
Tükənməz sə’yin əlyetməz xəyallar gerçək etməkdə,
Həqiqətdə füsunkar varlığın bir canlı rö’yadır.
***
Böyük bir xalqın iqbalı sənin çiynindədir indi,
Yorulmaq bilmə, ey şanlı müəllim, rütbən ə’ladır.
***
Səadət qəsri inşa etmisən məktəbli canlarçün,
Bu qüdsiyyət, bu sevgi çox əzizdir, çox dilaradır.
***
Diləklər çərpələngi enməsin göylərdən, ey Lütfi,
Həyat eşqiylə şən rüzgarlar əssin, xoş təmənnadır.
Süpürgəçi analarımıza
Zülmət niqabı ta yer üzündən kənar olur,
Günçöhrələr, üzündə niqab, aşikar olur.
***
Onlar bizim vətən beşiyində yatan tozu
Şəfqətlə qaldırır, açılan sübhə yar olur.
***
Yollar uzun-uzun daranır, tel-tel oxşanır,
Biganə görməsin deyə toz pərdədar olur.
***
Ancaq daraq nəzakəti yoxdur süpürgədə,
Əllər dolur qabarla, könüllər qübar olur.
***
Ey ömrü keşməkeşli anam, çilləkeş bacım,
Dağtək vüqarınız baş ucaldan vüqar olur.
***
Siz silkinəndə əlbisənizdən yağan qübar
Hura gözündə sürmələnir, bərqərar olur.
***
Zəhmət təriylə kim suvarırsa əməl bağın,
İzzət nihalı ərşə boy atmış çinar olur.
***
Dərd insanın için yesə də, qədrin artırar,
Tut yarpağı tutulsa məgər qurda, xar olur?
***
Bir mehriban gülüşlə, gözəl sözlə, Lütfiya,
İnsanlıq iqlimində boranlar bahar olur.
Behiştdən gələn məktub
Məsnəvi
Bu naməni, anacan, vermişəm səba yelinə,
Səhər zamanı varıb busələr vurar əlinə.
Mükəddər olma, balan haq yolunda kamə çatıb,
Bu yolla cənnət alıb, can verib məqamə çatıb.
Mən indi ruha səfa səhnələrlə üz-üzəyəm,
İlahi süfrədə Peyğəmbərimlə diz-dizəyəm.
O öz əliylə mənə lütf edir, çəkir nazımı,
Yazan qələm nə mübarək yazıb alın yazımı.
Pıçıldaşır başım üstündə incə yarpaqlar,
Axır ayağımın altında nurdan ırmaqlar.
Çadırlarında gümüş badələr, qızıl meylər,
Gülüzlülər mənə nərgiz gözüylə “gəl” söylər.
Bu cilvələrlə “gözəl kimdi?” sorsalar məndən,
Dilim deyər səni, var xahişim fəqət səndən:
Qəmimdə şam kimi təmkinlə yan fəraq oduna,
Dözümlülük tacı ziynətdi haqsevər qadına.
Halalçörək atamın çökməsin kədər üzünə,
Sevinc ne’mətini etməsin haram özünə.
Haçan şəhid bulağından alırsan ovcuna su,
Deyirsən əksimi görcək, nə sirli aynadı bu…
Güləndə naz ilə çəkməmdə əkdiyin güllər,
Gülümsə sən də, gözündən qoy axmasın sellər.
Öpüb sığalladığım saçlarında dən görürəm,
Səni, vüqarlı anam, Şahdağıyla tən görürəm!
Məsnəvi
Səməd Vurğuna ithaf
Sözü, ilhamı cavan, təb’i rəvan bir şair,
Saçı dağ zirvəsitək ağ, qocaman bir şair
Necə mə’nalı baxışlarla baxır Kür çayına…
Dahilik düşmüş əzəldən bu ədibin payına.
Ovlamış, bax, yenə bir nazlı şeir ceyranını,
Başlamış yazmağa öz şanlı “Muğan” dastanını!
Zamanın fırtınasından qırışıb gərçi üzü,
Doludur gizli gühərlərlə bu hikmət dənizi.
Bir fikir şimşəyi şaxdıqda işıldar baxışı,
Qələmindən çilənər dəftərinə söz yağışı.
Uca dağlarda əsalətlə süzən tərlanlar,
Gen düzənlərdə nəzakətlə gəzən ceyranlar
Deyir, ey müdrik ozan, ey sinədəftər bülbül,
Saz götür, söhbətinin vurğunudur çünki könül.
Böyük ustad! Unudulmaz el üçün çarpan ürək
Bir şirin xatirətək ömr eləyər sonsuzadək.l
Yadigar sözlləriniz əl əməyi, göz nurudur,
Bir maralgözlü bulaqdan da təmizdir, durudur.
Siz Qobustan qayasın qoymadınız xar olsun,
Dedi tarix, bu mətanət, bu hünər var olsun!
İsti bir şəfqət uman gəncliyə can yandıraraq
Çox qığılcımları siz etmisiniz gur bir ocaq.
Siz bu od yurdunun atəşnəfəs ustadısınız,
Qəhrəman xalqımızın qəhrəman övladısınız!
Ana məktəbin dilindən
Qapım bağlı, yolum boş – kədərlidir mənzərəm,
Yollara səhər-axşam həsrət baxır pəncərəm.
Haçandır tunc ürəyim məktəbli quzuları
Həyəcanla döyünüb səsləmir dərsə sarı.
Yay gəlib, munis günəş yerə yaxından yanır,
Ülkər balalarımsa məndən gendə dolanır.
İlin qızğın çağında deyir, gülür təbiət,
Mənimsə həmdəmimdir kədərli bir sükunət.
Üç ay keçsin, balalar, gəlin, gülün, oynaşın,
Maarif gülşənində arılartək qaynaşın.
Oxumaq həvəsiylə hər fəndən şirə çəkin,
Gözəl bir gül tapılmaz cahanda kitab təkin.
Hər kitab bir tükənməz kamal xəzinəsidir,
Müəllim kamilliyin bariz nümunəsidir.
Mənsə hər körpə nəslin himayəsində duran,
Gəncliyin baharına qaranquşlar uçuran
Mübarək bir yuvayam, müqəddəs bir ocağam,
Yaddaşlar lövhəsində silinməz qalacağam!
Ana əlləri
İpəkdən yumuşaq, güldən ətirli,
Sevgi mö’cüzəli, şəfqət sehirli,
Müqəddəs, mehriban ana əlləri,
Sığallar uyuyan ana əlləri.
O əllər mələklər busəgahıdır,
Dar gündə övladın ilk pənahıdır.
Qalxanda duaya ana əlləri,
Səd çəkər bəlaya ana əlləri.
O əllər – bir kitab, qırışlar – sətir,
Hər sətir özündə min sirr gizlədir.
O əllər gözəllər, nərlər böyüdər,
İnsanlıq bağına bağbanlıq edər.
İstisin eşq adlı günəşdən alar,
Verilsə, dünyanı səhmana salar
Səhmana alışıq ana əlləri,
Dünyaya yaraşıq ana əlləri.
Sevgiliyə məktub
Salam, iki gözümün işığı, nuru gözəl,
Ey mehriban gözləri bulaqdan duru gözəl.
Sən öz doğma kəndinə getdiyin gündən bəri,
Qəmlərə məskən olub ürəyimin şəhəri.
Sən gəz, dolan, maralım, buludyaran dağları,
Mən də bir bulud kimi ötüb keçən çağları
Dolaraq, boşalaraq hey anım yana-yana,
Bilmirəm, dərd əlindən qaçım, gedim hayana.
Aramızdan ayrılıq çay kimi axsa belə,
Xəyalım körpü salıb sən olduğun sahilə.
Sahili görünməyən kürələr ümmanında,
Mehmanı olduğumuz dünya xanimanında
Bir ev var, indi ona ruh verir gül nəfəsin,
Onun daş yaddaşına hopur sənin su səsin.
Hənirdəyən sobası gecə nağıl danışır,
Gözlərin xumarlanır, kirpiklərin qovuşur.
Səhər səni oyadır dan nəfəsi, ban səsi,
Mürgülü gözlərinə qonur ana busəsi.
Ağ birçəkli nənənin dizi dibində hərdən
Yun corab toxuyursan ipək əllərinlə sən…
Dərd qurddan iştahalı, könül yarpaqdan incə,
İpək sözlər yaranır dərd qəlbimi yeyincə.
Ancaq mən istəmirəm sənsiz şeir toxuyum,
Sən ən gözəl şeirsən, qayıt, səni oxuyum!
Xançobanın dilindən Saraya
Müxəmməs
Ax, Arpaçayım, ax, nə xumar göztək axırsan!
Mən Xançobanın qəlbini axdıqca yaxırsan,
Ey bənd uçuran, sən ki, nə sədd olsa yıxırsan,
Yarımla ömürlük niyə səd çəkdin aramdan?
Gül fəsli ayırdın məni gülçöhrə Saramdan.
Daldıqca ötən günlərə, ey ayna misalım,
Qarşımda yenə canlanır əhdində vəfalım,
Çiynində küzə gül kimi gülmüşdü həyalım,
Örtəndə küləklər ay üzün ağ kəlağayla,
Söylərdi bulaqlar doğulan sevgiyə layla.
Bir köç səhəri bülbülə pay çatdı çiçəkdən,
Aldım mən ipək töhfə o əndamı ipəkdən,
Yaylaqda açıb yaylığın iylərdim ürəkdən,
Gün gəldi, o ülfət nişanın yellər apardı,
Yellər dedi: Ellər! Saranı sellər apardı!
Leyləkmi gətirmişdi onu qundaq içində?
Ceyranmı böyütmüşdü ova, oylaq içində?
Bir laləyə bənzərdi bizim oymaq içində,
Gündən – günə gözlərdə xoş əxlaqla ucaldı,
Dağlar qızının, heyf, özü getdi, dağı qaldı.
Ey səsləyən imdadə məni son nəfəsində,
Yol gözləyirəm mən də bu dünya dərəsində,
Gəl, ey mələyim, gəl, deyiləm can həvəsində,
Al canımı, cismim bu fəna gülşənin olsun,
Ruhumsa pər açsın, əbədiyyən sənin olsun.