GenelGüncel

Şölə Riad – Şeirler

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Şölə Riad

Daşımız varbaşımızdan yuxarı

Allah, sənə şükür olsun deyirik,

Suyumuz var, daşımızdan yuxarı.

Yeməyi ki, ağzımıza yeyirik,

Aş qaramız, aşımızdan yuxarı.

                ***

Kim deyir ki, alın yazım düz deyil?

Görmürük ki, qaşımızdan yuxarı?!

Dərdlərimiz əlli deyil, yüz deyil,

Heç nə yoxdur “kaş”ımızdan  yuxarı.

                 ***

Ayaq altı, dost əliylə qazılan,

Günahımız min bir yerə yozulan,

Cızma-qara necə gəldi yazılan,

Yaşamırıq, yaşımızdan yuxarı.

                 ***

Dar günümüz bizə gələn sınaqdır,

Səhv eləsək, özümüzə qınaqdır,

Kəfənimiz, günümüzdən dümağdır,

Daşımız var, başımızdan yuxarı.

10.12.2021

Həyat bizi yandırsa da, yaxsa da…

Həyat bizi yandırsa da, yaxsa da…

Amma, bizi yaşamağa öyrətdi.

Gendən durub, başqa gözlə baxsa da,

Həyat özü bizim üçün nemətdi.

                 ***

Bu dünyada yana-yana qalan var,

Dərdi-səri ürəyinə salan var,

Xoşbəxtliyə baxa-baxa qalanlar, 

Dərdləriniz ürəyimi göynətdi.

                 ***

Həyat özü gah şirindir, gah acı,

Dərdimizin görən varmı əlacı?

Mən Tanrıya yalvarıram, əl açıb,

Bu da məndən, sizə olan hörmətdi.

                 ***

Düzgün yaşamağa, düz ağlımız var,

Ölçüb-biçməyə də öz ağlımız var,

Yandırıb, yaxsa da köz, ağlımız var,

Həyat yolumuza niyə daş təpdi?

                 ***

Unut, həyatında nələr olubsa,

Gözlərin yaşarıb, yaşla dolubsa, 

Üzünün–gözünün rəngi solubsa, 

Həyatın verdiyi dərsdi, qiymətdi.

                 ***

Dərdləri özündən arala, getsin,

Nöqtə qoy keçmişə, qurtarıb, bitsin,

Bizim səsimizi Allah eşitsin,

Ondan istəyimiz təkcə möhlətdi.

                 ***

Biz girə bilmərik, Tanrıyla bəhsə,

Allahım heç kimi salmasın nəhsə,

Sizə xoş gəlməsə şeirimdə nəsə, 

Deməyin yazdığın yalan söhbətdi.

19.05.2024

Səni, sevdiyim üçün 

Sənə nəğmə qoşacağam,

Səni, sevdiyim üçün.

Sənə nəğmə qoşacağam,

Məni, sevdiyin üçün.

                 ***

Heç nə ürəyimi sıxmır,

Səni, sevdiyim üçün.

Sevincim dünyaya sığmır,

Məni, sevdiyin üçün.

                ***

Xoşbəxtlərin, xoşbəxtiyəm,

Məni, sevdiyin üçün.

Məni çəkdin xoşbəxtliyə,

Səni, sevdiyim üçün.

                 ***

Heç vaxt qəlbimi qırmadın,

Məni, sevdiyin üçün.

Heç nə üzümə vurmadın,

Səni, sevdiyim üçün.

                 ***

Sənlə ömrümü bölərəm,

Məni, sevdiyin üçün.

Sənin yerinə ölərəm,

Səni, sevdiyim üçün.

15.06.2024

Kəndim məni tanımadı 

Qonaq getmişdim, kəndimə,

Kəndim məni tanımadı.

Dəyişmişəmmiş sən demə,

Kəndim məni tanımadı.

                 ***

Elə bildim küsüb məndən,

Əllərini üzüb məndən,

Soyuq-soyuq baxıb gendən,

Kəndim məni tanımadı.

                 ***

Sorğuya, suala tutdu,

Dedim, yurdum həmin yurddu,

Niyə belə tez unutdu? 

Kəndim məni tanımadı.   

                 ***

Dedim bu bizim çeşmədi,

Doyunca ondan içmədim, 

Heç nə yadına düşmədi,

Kəndim məni tanımadı.

                 ***

Bu da, anamın təndiri, 

İnək, buzovun kəndiri,

Bu da ki, itin zənciri,

Kəndim məni tanımadı.

                 ***

O üzümə baxdı mənim,

Bu üzümə baxdı mənim,

Saçlarımda görüb dəni,

Kəndim məni tanımadı.

10.01.2022

Deyirlər ki, yatıb ölmək asandır

Deyirlər ki, asan ölüm, yatıb səhər durmamaqdır,

Rahatcana əzrayıla verib, gedir canını.

Mənim üçün bu cür ölüm, ömrü başa vurmamaqdır,

Ölən adam görmür bəlkə, ən sonuncu anını.

                ***

Bəlkə elə yatıbdır ki, qalxa bilmir yuxudan,

Köməyinə çata bilməz, yuxudakı adamlar.

Bəlkə özü səs salmayır, çığırmayır, çoxu da,

Qorxmasınlar deyə evdə yatanlar.

                ***

Nə biləsən, bəlkə elə gözlərinə qan çökür,

Biləndə ki yarım qaldı, yaşamağın həvəsi.

Nə biləsən o titrədir, yoxsa soyuq tər tökür,

Əzrayılın əllərində kəsiləndə nəfəsi.

                ***

Ölüm harda gəldisə gedəcək, vaxtı çatan,

Doğmaların üzündən, sevincini qoparır.

Ölməmişdən gözünə gəlib, görünən adam,

O kiminsə ruhudur, çəkib səni aparır.

                ***

Çox şeylə bacarırıq, ölümlə bacarmırıq,

Nə qədər pulun olsun, qızıl, gümüş, yatarın.

Yaşlanıb qocalsaq da, ürəkdən qocalmırıq,

Ayaqları yeyindir, o dünyaya, qatarın.

12.03.2023

Anaların haqqını biz qaytara bilmərik

Anaların haqqını biz qaytara bilmərik,

Gözümüzün üstündə gəzdirib, saxlasaq da.

Anaların haqqını düz qaytara bilmərik,

Vurub, çıxıb fərqini hər cürə yoxlasaq da.

                 ***

Anaların haqqını biz qaytara bilmərik,

Yuxusuz gecələri, narahat gündüzləri.

Qabağından dillənib, söz qaytara bilmərik,

Bizə dərs olmalıdır, anaların sözləri.

                 ***

Təsadüfən harasa gedib, düşsək aralı,

Elə bil tikan üstə oturarlar, analar.

Qayıdanda görərik, üz-gözləri saralıb,

Bizi görüb, sevincdən tutularlar, analar.

                 ***

Gecələr tez-tez keçib otağa, yoxlayarlar,

Biz yatanda üstümüz açıq qalmasın, deyə.

Çətinliklər olsa da, heç nədən qorxmayırlar, 

Balaları da baxıb, dözümlü olsun deyə.

                 ***

Eşitsə balasının başına bir iş gəlib,

Heç düşünməz özünün səhhətini, analar.

Yaşlarının üstünə vaxtından tez yaş gəlib,

Qazanıb bu dünyada cənnətini, analar.

                 ***

Biz bilmirik nə çəkir, anaların ürəyi,

Ayağımız büdrəyib, daşa dəyəndə bizim.

Bizə hər an lazımdır anaların köməyi,

Haqqınızı heç cürə verə bilmərik sizin.

                ***

Gəncliyini unudar, özlərini unudar,

Dərdimizi çəkməkdən saçlarına dən düşər.

Gözlərinin yaşını külək vurub qurudar,

Üzlərinə qırışlar yaşından erkən düşər.

                 ***

İşimiz alınınca, rahatlıq tapmayırlar,

Özlərini günahkar sayır, hər an analar.

Səhəri diri açıb, gecəni yatmayırlar,

Hər evdə qəlbi kövrək, narahat bir ana var. 

                 ***

Ürəkləri bizimlə gedib-gələr, hər yerə,

Bizsiz nə yemək yeyər, nə su içər analar.

Onlara həddən artıq doğma, əzizik deyə,

Nə bizdən inciyərlər, nə də küsər analar.

                 ***

Nə gecəsi gecədir, nə gündüzü gündüzdür,

Gecə hamı yatmamış yatağa da girməzlər.

Anaların haqqında deyilənlər dümdüzdür,

Anaların yerini mələklər də verməzlər.

                 ***

Anaların duası möcüzələr yaradar,

Yataqda olsaq belə sağalarıq, ölmərik.

Haqqı çəkiyə gəlməz, elə ona görə də-

Anaların haqqını biz qaytara bilmərik.

12.07.2023

Narahatam kəndimizdən

(Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi, Məzahir Hüseynzadənin mənə həsr etdiyi “Kəndinizə bir məktub yaz“ şeirinə cavab)

Narahatam kəndimizdən,

Məktublarım gedib çatmır.

Yoxsa duman, çəndir bizdə?

Poçtalyon da gedib tapmır.

                 ***

Görən, məni unudubmu?

O küçələr, o dalanlar.

Göz yaşını qurudubmu?

Ürəyi mənlə olanlar.

                 ***

Həyatımın uşaqlığı,

Aralıqda itməyibmi?

Yad ellərin uzaqlığı,

Məni yurdsuz etməyibmi?!

                 ***

Kəndimizi tərk edəndən,

Adladım, yel-quzaqları.

Böyüyübmü, mən gedəndən?

Kəndimizin uşaqları?

                 ***

Qəlbi görən qanayırmı?

Gözü dolan uşaqlığım.

Günlərimi sanayırmı?

Tənha qalan uşaqlığım.

                 ***

Arx boyunca söyüdlərin,

Sallanırmı budaqları?

Gözü yolda, böyüklərin,

Səsdə qalan qulaqları.

                 ***

Kimsə məndən danışırmı?

Qulaqlarım cingildəyir.

Yuxuları qarışırmı?

Məftildə it zingildəyir.

                 ***

Dərdim olmaz, görüb ölsəm,

Varmı köhnədən qalanlar?

Kəndimizə qonaq gəlsəm-

Məni tanımaz cavanlar.

                 ***

Ordan bura vurur hələ,

Kəndimin gözəl havası.

Yad eldə də olsam belə,

Məni qoruyur duası.

01.01.2022

Mənə şair deməyin

Mənə şair deməyin, 

Mən dərdimi yazıram.

Köçürüb ağ vərəqə,

Ürəyimdən pozuram.

                 ***

Qaçıram dərdlərimdən,

Misra-misra uzağa.

Qaçıram bəndlərimdən, 

Lap dönmüşəm uşağa.

                 ***

Sətir-sətir yeriyir,

Dolur, boş vərəqlərim.

Dərd əlindən əriyir, 

Gözü yaş vərəqlərim.

                 ***

Görür yanan qəlbimi, 

Qələm batır tüstümə.

Yazır bir-bir dərdimi,

Vərəqlərin üstünə.

                 ***

Qaralır vərəqlərim, 

Qələm dağ çəkir, ona.

Vərəqlər necə dözür?

Üz-gözü yana-yana.

                 ***

Ürəyimi boşaldıb, 

Yüngülləşirəm, bir az.

Elə düşünürəm ki, 

Ürəyim bir də dolmaz.

                 ***

Dərd içində azıram, 

Şeir dərdin əməyi.

Mən dərdimi yazıram,

Mənə şair deməyin.

05.09.2021

Yavaş-yavaş yaş gəlir, yaşımızın üstünə

Yavaş-yavaş yaş gəlir, yaşımızın üstünə,

Yaşımız çoxaldıqca, ömrümüzdən azalır.

Dərdləri çıxarmayaq başımızın üstünə,

Dərdlər elə bilməyin ömrümüzdən az alır.

                 ***

Dərdi qəlbinə salıb, əsəb keçirən adam, 

Elə bil öz əliylə, öz ömrünü qısaldır.

Dərdə-sərə baxmayan, bizdən seçilən adam,

Bizim tək adamlara onlar yaxşı misaldır.

                 ***

Özümüzə qiymət verib, qədrimizi bilək, bir az,

Bizə qiymət verməyənlər heç olmasın.

Üz-gözümüz qoy açılsın, gülək bir az,

Sonra bunlar bizim üçün gec olmasın.

                 ***

Çox yaşamaq istəyənlər, dərddən, qəmdən uzaq olsun,

İnanmasın qəlbi çirkin adamlara.

Vaxtsız ölüm səndən, məndən uzaq olsun,

Rəhmət olsun ömrü başa çatanlara.

27.05.2024

Bu sevgini dönə-dönə yaşadıq

Gah ayrıldıq, gah barışdıq, gah küsdük,

Bu sevgini dönə-dönə yaşadıq.

Gah dalaşdıq, gah danışdıq, gah susduq,

Bu sevgini dönə-dönə yaşadıq.

                ***

Dalaşanda sevgimizi bölüşdük,

İntizarı dənə-dənə yaşadıq.

Darıxanda xəyallarda görüşdük,

Bu sevgini dönə-dönə yaşadıq.

                 ***

Alışanda, külümüzə qarışdıq,

Yavaş-yavaş, sönə-sönə, yaşadıq.

Barışanda, şirin-şirin danışdıq,

Bu sevgini dönə-dönə yaşadıq.

                 ***

Dindən çıxdıq xətrə dəyən sözlərdən,

Sakitləşib gəldik dinə, yaşadıq.

Ağlayanda yaşlı, nəmli gözlərlə,

Bu sevgini dönə-dönə yaşadıq.

                 ***

Ayrılanda gözüm doldu, qəminlə,

Qorxduq sevgi bizdən dönə, yaşadıq.

Qarğışamı düşdük, denən səninlə?

Bu sevgini*** dönə-dönə yaşadıq.

                 ***

Həsrət döydü qapımızı bir zaman,

Sevgimizi verdik önə, yaşadıq.

Sevgi varsa, yaşamağa var güman,

Bu sevgini dönə-dönə yaşadıq.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest