Şair Faiq Balabəylinin şiirləri
Nazim Əhmədli / Kırımınsesi / Azerbaycan
Faiq Balabəyli
Dənizimə
Səni mələklərin qanadlarında,
gətirdi baxtıma Yaradan, bala.
mən səni görürəm, səni duyuram,
boylanıb baxsam da haradan, bala.
***
Dünyanın suları, okeanları,
sənin gəlişinlə gözümdən düşdü.
sel olub selləndi Xəzərim o gün,
ləpələr sevindi, sular gülüşdü.
***
Dəniztək ömrün də uzun olacaq,
bilirəm, ay ömrüm, ay günüm mənim.
qatıb qabağına apardı, yoxdu,
arxada qalıbdı pis günüm mənim.
***
Xəzərin qoynunda gəldin dünyaya,
Xəzərtək şəffafım, dərinim mənim.
yeni həyatımın başlanğıcısan,
çiçəyim, göyçəyim, şirinim mənim.
***
Hələ ki, körpəyəm, cocuğam indi,
mən səndən ömür, gün, il – öyrənirəm.
sənin qığıltına qulaq asıram,
sənin qığıltından dil öyrənirəm…
Xəbər göndərin ona
Xəbər göndərin ona
deyin, ölməmişəm mən,
Həyatından getmişəm
yuxuna gəlməmişəm, mən?
***
Deyin, neçə il qabaq,
səni atıb-gedəndi.
Ürəyi səndə qalıb
gəzdirdiyi bədəndir.
***
Dağım olmuş sinədə,
dağlanır arzusu da.
Göz yaşından boy atıb,
cücərir ruzusu da.
***
Deyin ki, əvvəlkidir,
dəyişməyib, həməndir.
Səni ürəkdən sevib,
həm o zaman, həm indi…
***
Heç nə boşalda bilməz,
ürəyinin yükünü.
sənin adına tutub,
qəm adında mülkünü.
Qayıt gəl
İndən belə göz yaşına rəhm elə
indən belə gəlirsənsə, qayıt gəl.
Üz-gözünü turşutmağa əsas yox
yatmışları silkələ gəl, oyat gəl.
***
Dərdim mülkdür ürəyimdə, – daşınmaz,
daş yumşalar, daş nazilər, daş anmaz.
Aparıbsan sevincimi, daşınmaz,
sənsiz mənə, məndən sənə, boyat gəl.
***
Söz danışmaq, düz danışmaq səninki,
sevincini parçalamaz qəmin ki…
Hər şey elə həmənkidi, həmən ki,
Ürəyini gəl buz elə, soyut gəl.
Çağır məni
Tanrım özün bilirsən ki,
ətraf necə sıxır məni.
səs ver, uzat əllərini,
öz yanına çağır məni.
***
Zərrə-zərrə kiçilirəm,
Qurtum-qurtum içilirəm.
Görürsən ki, keçilirəm,
Yetən bilir cığır məni.
***
Hanı o gün; nadinc, dəcəl,
Belə üzül, belə incəl.
yaxın qoymur zalım əcəl,
yetim məni, fağır məni…
İlahi, rəhm eləmə
Üzümü söykəməyə gövdəndə yer gəzirəm,
budaqların qol kimi sarmaşmır daha mənə.
qaranlıq dərə bilib ovcumda əl gəzirəm,
qoşa əlin ovucu, qaranlıq kaha mənə…
***
İlahi, daha rəhmin gəlməsin mən zalıma,
çöhrəmdə sevinc nədir, kədər də donmaz daha.
bu mənasız həyatda çiynimi söykədiyim,
bu ağac budağına quşlar da qonmaz daha…
***
Gözlərimin işığı öləziyib şam kimi
əriyib yoxa çıxır qəlbimin nisgili də.
Bir həyatın dibindən boylanıb üzü bəri
alın yazım oxunur… oxunur kölgəlikdə.
***
Daha heç nə qəlbimin sarı simini qırmaz,
nə bacımın göz yaşı, nə anamın ağısı.
çiynimi söykədiyim bu ağacın gövdəsi
üzümü söykədiyim yarpaqların ağrısı…
***
İlahi, rəhm eləmə, qoy uzansın bu ömür,
yaş olan yanaqların tamı, duzu bilinsin.
İlahi, qələmindən boy verən alnımdakı,
hər yetənə oxunan yazıların silinsin.
Uzaq bir adada tək qalsan əgər
Uzaq bir adada tək qalsan əgər,
başının üstündə uçsa qağayı.
ətrafı yosunlu çopur bir qaya,
yorğun kürəyinin olsa dayağı.
üzən bir gəminin xəyalın etsə,
özünü, üzünü sürtüb qumlara.
səndən uzaqlara xəyalın getsə,
hayına hay verən tapılmayınca.
başının üstündə uçan qağayı
uçub uzaqlardan qayıtmayınca,
bağışla məni…
***
Bağışla suları duzlu dənizə,
qaya gövdəsində axşama qədər.
yatan yarasaya bağışla məni…
dənizin üzünə qız saçları tək,
dağılan yosuna bağışla məni
səni gözlərimdən irağ qoymayan
yaxına, uzağa bağışla məni…
***
Heca şeirinin sətirləri tək
ard-arda üstünə gələn ləpələr.
ayağının altından qum dənəsini,
özüylə götürüb gedən ləpələr
yaxana sığınan xəfif meh kimi.
təzədən qayıdıb gəlirsə, bəs sən
nə üçün geriyə dönmürsən axı…
içimin, çölümün kinin-küdrətin,
yumaq istəyirəm, sıx gözlərin
islat göz yaşınla – yağışla məni,
bağışla məni…
Bir kimsə bilmədi
Gəldim uzaq bir səfərdən,
Gəldim bir kimsə bilmədi.
ürəyimdəki ağrıya,
Güldüm, bir kimsə bilmədi.
***
Bağrım başı paramparça,
De kimdə var ağrı bunca.
Gözlərimi yaş olunca,
Sildim, bir kimsə bilmədi.
***
Gözü qara bulaq üstə,
De sözünü varaq üstə.
Səndən ötrü ayaq üstə,
Öldüm bir kimsə bilmədi….