Səddam Laçın – Şeirleri
Nazım AHMETLİ
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Səddam Laçın
Yuxu yozma
Yum gözünü, bəlkə hər şey düzəldi?
Bir yuxu ki, gerçəyindən gözəldir,
Oyanma.Oyandınsa, yuxulara inanma.
***
Bir yuxudur gerçək olan, bir həyat
Aç gözünü, inanmasan, bir də yat.
Yubanma.
Yubandınsa, əbədi yat, oyanma.
***
Ölmüşəmmi ağlayasan, gözəlim?
Kim desə ki, ağlamaqla düzəlir,
İnanma.
İnandınsa, ağla qızım, utanma.
***
Bir eşqi ki, qurban verdik bir səhvə,
Yüz dəfə də “gəlmə” desəm, bir dəfə
Gəl, amma
Evdə səni gözləyən var, yubanma.
Ölü adam
Əcəlin də öz vaxtı var
Öldürməklə adam ölmür
Sözün də bir söz vaxtı var
Öl deməklə adam ölmür
***
Adam ölür dərd çəkəndə
Adam ölür qəm çəkəndə
Adam ölür bir gülüşə
Kirpikləri nəm çəkəndə
***
Birdən birə adam ölmür
Adam ölür ayrılanda
Adam ölür bir yuxuda
Adam ölür ayılanda
***
Əkdiyini biçə-biçə
İçə-içə ölür adam
Başın tutub qaça-qaça
Küçə – küçə ölür adam
SƏNDƏN GÖZƏL OLMASIN
Mən səni neynirəm ki…
Sən olsan da sevirəm, olmasan da sevirəm
Ey dodağı yasəmən, yanaqları qızılgül
Qorxma payız gələndə
Sən solsan da sevirəm, solmasan da sevirəm
***
Sən sev deyə sevmirəm…
Mən səbəbsiz sevirəm, qarşılıqsız sevirəm
Sizin sevgiləriniz, bu gün olur, sabah yox.
Mən sevəndə bir ömür ayrılıqsız sevirəm
***
Mən səni neynirəm ki…
Sən olmayan günlərin
Hər günü bir şeirdi, hər günü bir qəzəldi
Səndən gözəl olmasın, sənsizlikdə gözəldi
Qadınsan
Yaman kövrək olmuşam, ürəyim dərd tapalı
Bir bəhanə tap, qayıt, sən ki, gözü qapalı
İnandığım qadınsan
***
Heç kəsim yoxdur axı, dərdimi ovutmağa
Əl-ələ gəzmək nədi, gözlərinə baxmağa
Utandığım qadınsan
***
Sən ayrısan əzizim, ifadə etmək olmur
Gözlərindən uzağa gördüm ki, getmək olmur
Dayandığım qadınsan
***
Səndə həqiqət tapıb, inanmışam sevgiyə
Hər doğulan günəşlə daha çox sevim deyə
Oyandığım qadınsan
***
Çalış göz gözə gəlmə, vədə vermə axşama
Sənə alışmayıblar, girmə könül baxçama
Çiçəklər qısqanırlar
***
Ən gözə rəssam mənəm, bu da əsərim deyib
Qurban olduğum Allah, elə gözəllik verib
Mələklər qısqanırlar
***
Üz cevirib gedirsən, getmə, qayıt deyəndə
Dağınıq saçlarını düzəltmək istəyəndə
Küləklər qısqanırlar.
Kişi unutqanlığı
Bir qadın unutmuşam…
Göz rəngi yadımdadı,
gözün xatırlamıram.
Bir qadın unutmuşam…
Səsi qulağımdadı
Sözün xatırlamıram.
***
Yanından düz keçərəm
Səsin duysam, dönərəm
Axı mən, bədbəxt oğlu
Səsin xatırlayıram
Özün xatırlamıram.
***
Bir qadın unutmuşam.
İllərdi dodağımda
Dodağının dadı var
Gözlərimdə həsrəti,
əllərimdə boşluğu
Hardasa ən təpədə
Ürəyimdə adı var.
***
Bir qadın unutmuşam.
Ona yazılan şeirin
Sətrin unutmamışam
Evimin ünvanını
Unuduram, İlahi
Unutduğum qadının
Ətrin unutmamışam.
***
Çoxmu unutqanam mən?
Dəli kimi sevdiyim,
qadını unutmuşam.
Belə unutmaq olmaz!
Ad günü yadımdadı
Adını unutmuşam
Dikdaban
Acı həqiqətlər qorxudur deyə
İnsan adət edir xəyallar qura.
Kaş aşiq olduğum rəngli gözlərin
Ağ-qara dünyamı işıqlandıra
***
Kaş ki, səhvlərimi saymaq yerinə
Çox yox, bircə dəfə məni sayaydın
Yerə qoymadığın telefon kimi
Məni də yanından ayırmayaydın
***
Səni qısqanıram əyin-başına
Yaraşır deməzdim sevinməsəydin
Məni paltarıntək sev istəyərdim
Hər həftə təzəsin geyinməsəydin
***
Məni incidirsən, yorursan demə
İzin ver qəlbinə girim bu səfər
Sənə yük olmaram həyatın boyu
Çiynindən asılan çantalar qədər
***
Hələ hündür daban ayaqqabları
Elə sevirsən ki, utanır ömrüm
O səni bir qarış uzun göstərir
Mən səni görəndə uzanır ömrüm
Özünə vəsiyyət
Sevdin, sevilmədinmi?
Özünü oda atma.
Dərhal ordan uzaqlaş
Alışmayasan, şair.
***
Danışmaqla düzəlmir.
Hətta düzəlsə belə
Gərək bəzən susasan
Danışmayasan, şair.
***
Nə yardan inciyəsən,
nə də ki Yaradandan
Bəxtindən inciyəsən
Barışmayasan, şair.
****
Baş götürüb gedəsən,
Özgələri bir yana
Heç öz işinə belə
Qarışmayasan, şair
İBRAHİMƏ
Kaş səni İbrahim kimi
Yandıralar, yanmayasan
Əzrail girə yuxuna
Yatasan, oyanmayasan
***
Bir dodaqda ah olasan
Gah öləsən, gah olasan
Yusif kimi şah olasan
Qulluğunu danmayasan
***
İnsan, nə gec oyanmısan?
Heç özündən utanmısan?
Murdar sudan yaranmısan
Özünü pak sanmayasan
***
Allah sevər ar edəni
Günahını xar edəni
Niyə səni var edəni
Bircə dəfə anmayasan?
***
Su verib, sən də içmisən
O salan yoldan keçmisən
Qanmazlığı sən seçmisən
Mümkün deyil qanmayasan
***
Bəsdi oldun hayıl-mayıl.
İnsan ol, insandan sayıl
Ayıl, insan oğlu, ayıl
Ayıl ki, yubanmayasan
Bir qarışlıq adam
Günəşi görmək üçün gecə baxırsan göyə…
Hamı sənə kor deyir, necə baxırsan göyə?
Çox qarışıq adamsan
***
Biz isə ağıllıyıq, hər şeyi “düz” bilirik
Ürəyin dünya boyda olsa da biz bilirik
Bir qarışlıq adamsan
***
Saçında ağ tellərin qaralarla yarışır
Belə də davam elə, sənə də bu yaraşır
Tam yarışlıq adamsan
***
Gözlərindən axanlar gözünə bir də baxmır
Axı niyə baxanlar üzünə bir də baxmır?
Bir baxışlıq adamsan?
***
Ahın yerdən göylərə, heç çatmasın,əzizim
Səni qara buludlar aldatmasın, əzizim
Bir yağışlıq adamsan.
Unudulan qadın
Göz yaşını qurutmağın yanında
Bir dənizi qurutmağa nə var ki
Dərd eləmə, qurban olum dərdinə
Unut məni, unutmağa nə var ki
***
Mən ki sənin sevmədiyin adamam
Elədirsə, kimin dərdin çəkirsən?
Get tarının, mizrabanın dərdin çək
Niyə gəlib simin dərdin çəkirsən?
***
Axtardığın mən olsam da, əzizim
İtirdiyin mən deyiləm, bilirsən…
Mən olsamda, itirdiyim adamı
Axtarmaram, sən deyiləm, bilirsən…
***
Bir baxçada gül olsan da sonunda
Ləçək-ləçək qurudulan qadınsan
Unut məni, unutmağa nə var ki?
Sən özün də unudulan qadınsan
Müşviqə
Nə olardı, İlahi
İllərdi gördüyümüz
Yuxumuz çin olaydı
Sevincimdən uçaydım
Ürəyim qanadlanıb
Ağ göyərçin olaydı
Budağına qonmağa
“Yenə o bağ olaydı”
Bu dəfə “otuz yeddi”
Bizdən uzağ olaydı
***
Yenə o bağ olaydı
Bu dəfə eşqimizi
Doyunca yaşayaydıq
Mənim şeirlərimi
Sənin cehizlərini
“O bağ”a daşıyaydıq
***
Bu dəfə “otuz yeddi”
Bizdən uzağ olaydı
O ölüm gətirənlər
Nə biz tərəfdən keçə
Nə də sizə gələydi
Kaş onların yerinə
Götürüb Müşkünazı
Cavid bizə gələydi
***
“Arzuya bax, sevgilim
Tellərdindən incəmi?
Söylə, ürəyincəmi?
***
Bu dəfə “otuz yeddi “
Bizdən uzağ olaydı
Əcəlin qorxusundan
Barı bizdən yazanlar
Doğru kəlam yazaydı
O tayda Şəhriyarım
“Heydərbaba”-ya salam
Bu taydan Əhməd Cavad
Ona salam yazaydı
***
Bu dəfə “otuz yeddi”
Bizdən uzağ olaydı
Yanvarın yeddisini
Səkkizini görəydim
Ağarmış saçlarını
Dilbər, özüm hörəydim
Ölsəm də, Nargində yox
Qollarında öləydim.