GenelGüncelKültür Sanat

Rafiq Yusifoğlu – BƏDİİ SÖZÜN HƏRARƏTİ

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Rafiq Yusifoğlu

şair, fololofiya elmləri doktoru, professor

BƏDİİ SÖZÜN HƏRARƏTİ

         Hərdən özüm özümə sual verib özüm də özümə cavab vermək ehtiyacı hiss eləyirəm. Görünür, bütün bunlar məni duyan tənqidçilərin, ədəbiyyatşünasların azlığından, bəlkə də yoxluğundan qaynaqlanır…

          Özümə tez-tez verdiyim suallardan biri də budur:

         –Şairlik nədir?

         Bu sualın çeşidli cavabları sıralanır ağlımda:

         –Şairlik insan kimi yaşayıb, sevgi əzabını dadıb, gözəllikdən vəcdə gəlib,  haqsızlığa üsyan edib, həqiqətə qahmar çıxıb bütün bunları poetik şəkildə əks etdirmək bacarığıdı… Şairlik, rəssamlıq hamının baxıb, hamının görmədiyi şeyi görmək və başqasının bacarmadığı tərzdə təsvir eləməkdir… Şairi şair eləyən isə bədii sözdür…

         Artıran söz qədrini sidq ilə qədrin artırar,

         Kim nə miqdar olsa əhlin eylər ol miqdar söz…

                                               M.Füzuli

         Bəs bədii söz nədir? Mən nə vaxtsa bədii sözü məna ocağının közlərinə bənzətmişəm. Doğrudan da, bədii söz olmadan üşüyən oxucunu isidən, onun ürəyində yaşamaq, sevib-sevilmək, gözəllikdən zövq almaq  eşqi oyadan gözəl sənət əsərləri təsəvvür eləyə bilmirəm.

         Bədii söz dünyanı ayrı şəkildə görmə və ayrı şəkildə əksetdirmə, mənalandırma nəticəsində yaranır. Yaradıcılıqda bədii mənalandırma olduqca vacib məsələdir. Şair, yazıçı hər hansı bir həyat hadisəsini mənalandırmağı bacarmırsa, ədəbi uğurdan söhbət belə gedə bilməz. Bədii həqiqət məhz bədii mənalandırma nəticəsində yaranır.  Bədii söz «şeh düşəndə üşüyən çiçəkdi», «bülbülün bağrını yediyi üçün ağzı qanlı çıxan gül»dü… 

         «Bir nigari ənbərinxətdir könüllər almağa, Göstərir hərdən niqabi-qeybdən rüxsar söz» –deyən ulu Füzuli nə qədər haqlı idi! Doğrudan da, bədii söz elə bir məna niqabına bürünmüş gözəldir  ki, onu duymayan, «üstünə nəzəri fikir açarları», «meyarları» ilə gələn lovğa, təkəbbürlü tənqidçiyə, ədəbiyyatşünasa heç zaman üzünü göstərməz…  

         Bədii söz elə bir çiçəkdir ki, onun gözəlliyini hər göz görə, qoxusunu hər ciyər hiss edə bilməz… Təəssüf ki, «nəzəri fikir qasırğası» çiçəyə bənzəyən bədii sözün üstünü «cəfəngiyyat tozu» ilə örtməkdən başqa bir şeyə yaramır…

         Tənqidçini gözəl çiçəklə oxucu arasında bitən qanqala, tikana bənzədən yazıçı çox haqlıdı…Bulanıq suda balıq tutmaq asandır. Təəssüf ki, çox zaman bütün ədəbi cərəyanlar, izmlər, dolaşıq nəzəri mülahizələr əsas fikri, müəllif qayəsini açmaq əvəzinə, elə bil ki, onu ört-basdır eləməyə xidmət edir. Məna gözəlliyini, incə məqamları görə bilməyən, bədii mətni incələməyi bacarmayan tənqidçilər, ədəbiyyatşünaslar şeiri təhlil etməkdən çox, öz «nəzəri hazırlıqlarını» gözə soxmağa çalışırlar… Bu da əslində bədii mətndəki incə məqamları görə bilməməni gizləməyə xidmət edir.

         Başqa sözlə desək, bədii mətni duymayan, ondakı incə mətləbləri görə bilməyən bəzi tənqidçilər öz səriştəsizliklərini nəzəri fikir, nəzəri mülahizələrlə ört-basdır eləməyə çalışırlar. Əslində bədii yaradıcılığın özü kimi, bədii dəyərləndirmədə də istedad ən əsas amildir.  Genetik kod – içində dünyaya obrazlı şəkildə baxış pəncərəsi yoxdursa, heç bir bədii sözün yaran­masından və onun dəyərləndirilməsindən söhbət belə gedə bilməz.…

         Ədəbiyyatşünas ədəbiyyatın, şeirin, sənətin, dilin incəliklərini bilməli, çox oxumalı, çox öyrənməli, özü üçün dəyərləndirmə meyarları formalaşdırmalıdır. Tədqiqatçı nə qədər mütaliəli, nəzəri hazırlıqlı, analitik təfəkkürə malik zəhmətkeş bir insan olsa, bir o qədər yaxşıdır. Lakin bu da danılmaz həqiqətdir ki, istər bədii yaradıcılıqda, istərsə də əsərlərin təhlilində, dəyərləndirilməsində təkcə nəzəri hazırlıq, bilik, mütaliə kifayət eləmir.

         Ən əsas məsələlərdən biri istedaddır, duyumdur. Ancaq hamı­nın görə bilmədiyini görə, hamının deyə bilmədiyini deyə, hamının yaza bilmədiyini yaza bilmək üçün istedad çox vacib şərt olsa da, seyid cəddinə arxayın olduğu kimi, insanları düşün­­dürən, onları düşünməyə, yaşamağa, yaratmağa həvəs­ləndirən əsərlər yazmaq, eləcə də sənət nümunələrini saf-çürük edib dəyərləndirmək üçün təkcə istedad  kifayt eləmir, sadala­dığımız digər vasitələr də lazımdır. Başqa sözlə desək, təkcə istedada arxalınıb, ənənəyə, ədəbi təcrübəyə, illər boyu formalaşan bədiilik meyarlarına, özündən əvvəl deyilən maraqlı fikirlərə, zəhmətə, mütaliəyə, nəzəri hazırlığa da arxa çevirmək olmaz…

         Bir daha xatırlatmağı vacib sanırıq ki, gözəl ədəbiyyat­şünas olmağın birinci şərti bədii mətni lazımi şəkildə dəyərlən­dirmə bacarığı ilə birbaşa əlaqəlidir.  Əlbəttə, ədəbiyyatşünasın nəzəri hazırlığı vacibdi. Ancaq çoxlu nəzəri ədəbiyyatdan istifadə heç zaman  səviyyəli bədii təhlilə zəmanət verə bilməz. Ədəbiyyatşünasın birinci vəzifəsi bədii ədəbiyyatı dəyərlən­dirmək ustalığıdı. Bədii mətni lazımi şəkildə incələməyi bacarmayan, qəliz cümlələrlə istedadsızlığını ört-basdır eləyən ədəbiyyatşünas kimə lazımdır axı?!

         Düzdür, bütün dövrlərin, zamanların, bütün dünya xalqlarının ədəbiyyatının, nəzəri fikrinin bir ortaq, ümumi cəhəti vardır, lakin bu o deməkmidir ki, Şərq ədəbiyyatını Qərb, Qərb ədəbiyyatını Şərq ədəbi-nəzəri meyarları ilə dəyərləndirməliyik? Hər dövrün, zamanın ədəbiyyatı kimi, hər xalqın ədəbiyyatının da spesifik cəhətləri vardır ki, bunu mütləq nəzərə almaq lazımdır.

         Çox təəssüf ki, indi ədəbiyyatşünaslıq elmimizdə və ədəbi tənqidimizdə ayrı-ayrı dövrlərdə, ayrı-ayrı yaradıcı şəxsiyyətlər tərəfindən yaranan əsərləri, rəngarəg janrlı bədii mətnləri xarici nəzəri-estetik meyarlarla dəyərləndirmə meyli özünü göstərməkdədir.  Belə çıxır ki, xaricilər necə düşünürsə, biz də elə düşünməli, onlar necə yazırsa, biz də elə yazmalıyıq?! Bu ona bənzəmirmi ki, tutalım, xaricdə şortiklə gəzirlər deyə, bizdə şalvar geyinənləri qeyri mədəni adlandıraq və ya əksinə? Qərb düşüncə tərzi, əxlaqi və estetik meyarları ilə Şərq düşüncə tərzi, əxlaqi və estetik meyarları eyni ola bilərmi?

         Təəssüf ki, yağı yağlıq, ayranı ayranlıq eləyən «ədəbi proses nehrəsinə» məhsulun keyfiyyətini öyrənmək üçün Avropa qaşığı uzadırıq. Belə bir el deyimi var: «Damarına baxıb qan alarlar»… Təssüf ki, bizim bəzi ədəbiyyatşünas­larımız Avropa ədəbiyyatının damarına baxıb, Azərbaycan ədəbiyyatından qan almaq cəhdi göstərirlər…

         Digər tərəfdən, əgər bizim poeziyamız dünya nəzəri fikri kontekstində öyrənilirsə, paralellər aparmaq zərurəti ortaya çıxır. Həmin prinsiplər əsasında yaranan Avropa ədəbiyyatı nümunələri həmin prizmadan dəyərləndirilən Azərbaycan ədəbiyyatı nümunələri ilə müqayisə edilmirsə, elmi qənaətin dolğunluğun­dan söhbət gedə bilərmi?

         Müstəqillik illərimizin poeziyasına, nəsrinə dəyər verərkən birinci növbədə həyatımızdakı dəyişikliyin ədəbiyyatı­mızda, incəsənətimizdə nə şəkildə əksini tapıb tapmadığını öyrənmək lazımdır. Poeziyamız haqqında yazılan dissertasiya­larda müstəqillik illəri poeziyamızın mənzərəsi görünmür. Bir tərəfdən icmalçılıq buna imkan vermir, digər tərəfdən yersiz nəzəri müddəalar poeziymız haqqında fikirləri bir az da tutqunlaşdırır, oxucunu çətinliyə salır. Az-çox görünən mənzərənin önünə nəzəriyyə pərdəsi çəkməyə nə ehtiyac var?

         Təəssüf ki, şeirdə, sənətdə uğur qazana bilməyən bəziləri yaxşı əsər yaza bilməməyin hayıfını nüfuzlu qələm sahiblərini tənqid eləməklə çıxmaq istəyirlər… Avropa, rus ədəbi-nəzəri fikri kontekstində təkcə ədəbiyyatımıza baxmayın, elə öz ədəbi-nəzəri fikrimizə, ədəbi tənqidimizə baxın, görün biz nə gündəyik? Nə  gündə olan ədəbi tənqidimiz ədəbiyyatımıza nə gün ağlaya bilər?

         Ədəbi meyarlar  birbaşa bədii forma məsələsi ilə əlaqəlidir və hər xalqın özünəməxsus, əsrlərin sınağından çıxmış ədəbi janrları vardır. Qloballaşma, ədəbi-mədəni əlaqələr düşüncələrin yaxınlaşması ilə əlaqədar eyni həyati problemləri sənətin mövzusuna çevirməyi, ortaq janrlardan istifadəni belə gündəmə gətirir. Lakin unutmaq lazım deyil ki, nə qədər yaxınlaşma olsa belə, bədii düşüncə millidir, ona görə ki, birbaşa mühitlə, adət-ənənələrlə, milli psixologiya, milli əxlaqi dəyərlərlə bağlıdır. Kim özgə paltarı geyinib toya getmək istəyər? – Heç kim… Bədii əsərin də öz libası olmalıdır… Öz məzmununa uyğun…

         Poetik əsər bir növ incə ruhlu lətifəyə bənzəyir. Lətifəni şərh eləyəndə onun gözəlliyi, dadı-duzu qaçdığı kimi, incə, sətiraltı mənalarla yüklü lirik parçanı ehtiyac oldu, olmadı şərh eləyəndə də eyni vəziyyət alınır. Bədii mətndəki incəliyi duymaya-duymaya yazılan şərh nə qədər nəzəri hazırlığa malik insanın qələmindən çıxsa belə, sətirlər arasından işaran məna işığını «nəzəri pərdəyə» büküb, onu görünməz eləyir… Poetik duyum da yumor duyumu kimi bir şeydi… Bu duyum yoxdusa, gərəksiz, yorucu şərhlər başlayır…

         Şeir də canlı insan kimidir. Hər bir adamı başa düşmək üçün fərdi yanaşma vacib olduğu kimi, insan düşüncəsinin məhsulu olan şeirə də həssas yanaşılmalıdır. Görünür elə buna görə Xətib Təbrizi yazırdı ki, şeiri təhlil etmək onu yazmaqdan çətindir. Rəsul Rza isə deyirdi: «Aydındır şeirin dili, nadan min il oxusa, yenə bir şey anlamaz»!

         Mənim «Bir ovuc torpaq» adlı bir şeirim var. Bir ahıl qaçqının dilindən verilir. Qısa məzmunu belədir: «Qardaş sandığımız nankorlar bizi qırıb çatdılar. Elə qaçhaqaç düşdü ki, hər şeyimiz qaldı. Həyətdən çıxanda isə bir ovuc torpaq götürə bildim. Geri dönə bilməsəm, o bir ovuc torpağı mənim gözümə atarsınız»!

         Şeirdən az-çox başı çıxan adam bir incə detalla verilən ağrını, göynərtini o saat duya bilər… Sağ olsunlar, duyublar ki, yerini dəqiq bilmədiyim hansısa dərs vəsaitinə də salıblar. Niyəsini bilmirəm, ancaq bu şeiri bəyənməyənlər, ona ağız büzənlər də var. Onları qınamıram da… Heç kəs öz boyundan yuxarı tullana bilməz. Toyuq üçün bir ovuc dənin içindəki mirvari nədirsə, məna çalarını görə bilməyənlər üçün də bədii söz odur…

         Bir daha xatırlatmağa məcburuq ki, bədii sözün mahiyyətini anlamaq üçün ilk növbədə insanın poetik duyumu olmalıdır. Özünün yerini bilməyən sözünün də yerini bilmir. Sözünün yerini bilməyəndən isə şair, yazıçı olmaz.

         Bədiilik sözü şahlıq taxtına qaldırır, onu cilalayır, itiləyir, ovxarlayır, kəsərini, təsir gücünü, emosionallığını qat-qat artırır. Bədii söz canlıdır, yaşayır, nəfəs alır, yanır, nur saçır, həyəcanlandırır, düşündürür, ağladır, güldürür…

         …Sözümü özünə dost-simsar sananlar da olub, sözümü söz eləyənlər də. Mənim söz ağacım neçə dəfə bar verəcək, – deyə bilmərəm… Ancaq onu bilirəm ki, bədii sözdən alınan həzzi heç nə əvəz eləyə bilməz… Çünki bədii söz, doğrudan da, məna ocağının közləridi, bədii söz poetik duyumlu insanı biganəlik sazağından qorumaq  gücündədi…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest