Genel

Rəşad Məcid

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Rəşad Məcid

QARAGÖL, YOXSA SEVLİC

Çingiz müəllimin təşəbbüsü, kənd camaatının köməkliyi ilə 500-ə yaxın ərizə,
məktub, teleqram göndərilib


Əziz oxucu! Tale elə gətirib ki, mən bu yazını çap olunandan təxminən bir il sonra
Laçın rayonunun Qarıqışlaq kəndində oxumuşam. Qarıqışlaqda hər kəs Qaragöllə
nəfəs alar, dədə-baba yurdumuza düşmənin göz dikməsi ilə kimsə barışmazdı.
Necə ki, Laçın işğal olunduqdan sonra rayonun bütün əhalisi doğma dağlara
qayıdacağına inamını bir gün də olsun itirmədi. Bu məqalədə haqqında söz açılan
Çingiz Mehrəliyevi də yaxından tanıyırdım. Qaragöllə bağlı SSRİ kimi qüdrətli
imperiyaya dava açan o mərd və yorulmaz ziyalı həm Bərdəyə gələndə yolunu
bizdən salar, həm də biz Laçına, Qarıqışlağa gedəndə ailəmizə yüksək
qonaqpərvərlik göstərərdi. Məcburi köçkün düşdükdən sonra da mərhumla bir neçə
dəfə görüşmək fürsətim oldu. Üzərindən on illər keçdikdən sonra yazının müəllifi
Rəşad Məcidlə də tanış oldum. Bir qədər geniş söhbət etmək imkanı olanda mütləq
Qaragöldən, Çingiz Mehrəliyevdən, Gəloxçu elinin başqa bir mərd ziyalısı, 1992-
ci ilin mayında Laçını tərk etməyərək şəhid olan İbiş Əsgərovdan danışardıq.
Qaragöl ətrafında sərhədlərin demarkasiyası ilə bağlı yaranmış gərginlik bu yazını
yenidən xatırlamağıma səbəb oldu və mətni əldə etdim. 1989-cu ildə qələmə
alınmış və o dövrün nüfuzlu “Elm və həyat” jurnalında çap olunmuş bu yazı
həqiqətən də Qaragöllə bağlı çox qiymətli araşdırmadır. Bu araşdırmada üzə çıxan
ən önəmli faktlardan biri də budur ki, o dövrdə Ulu Öndər Heydər Əliyev cəmi
ikicə ay öncə hakimiyyətə gəlmiş olsaydı, Azərbaycanın bu gün Qaragöldə
demarkasiya aparmasına lüzum olmayacaqdı. Beləliklə, AzNews.az portalı olaraq
Qaragöllə bağlı Rəşad Məcidin unudulmaz, aktual və konkret faktlarla zəngin
məqaləsini diqqətinizə təqdim edirik.
Taleh Şahsuvarlı,
AzNews.az portalının baş redaktoru


“Min cür nemətlərlə zəngin olan cənnət Azərbaycan torpağı!” Uzun illər dəbdəbəli
kəlmələr torpağımız haqqında yazılan cild-cild əsərlərdən, romanlardan,
poemalardan, şeirlərdən düşməyib. Uzun illər bu Vətəni qarşımıza qoyub eninə-
uzununa tərifləmişik. Amma bu gözəlliyə, bu nemətlərə qəsd ediləndə, cənnət
torpağımız tikə-tikə, parça-parça kəsilib “qonşulara” veriləndə səsimiz çıxmayıb,
çıxıbsa da, tezcə ağzımıza daş basılıb.

Cənnət Azərbaycan torpağında hüsnünə şeirlər qoşduğumuz göllər var – Göygöl,
Maralgöl, Ağgöl və s. Bu göllərdən biri də Azərbaycan SSR-in Laçın rayonu ilə
Ermənistan SSR-nin Gorus rayonu arasındakı sərhəddə yerləşən Qaragöldür.
İndiki sərhədlərimizdən uzaqda yerləşən qədim Göyçə Sevana döndüyü kimi,
Qaragöl də yavaş-yavaş özünə təzə ad “qazanmaqda” – “Sevlic”ə dönməkdədir.
Dönməkdədir yox, Azərbaycan xalqının “fərasətli” oğullarının köməkliyi
sayəsində artıq çevrilibdir.
Yaman mürgüləmişik. Qulağımızın dibində top atılıb, oyanmamışıq. Hələ deyəsən,
indi-indi mürgüdən qalxırıq, oyanırıq, top səsini, mərmi səsini eşidirik! Daha
doğrusu, torpağımızın daha bir cənnət guşəsinin – ürəyimizin başı Dağlıq
Qarabağın Artsağa “çevriləcəyini” eşidib ayılırıq və mətbuatımızda 1969-cu ildə
Azərbaycan SSR-dən kəsilib Ermənistana verilən torpaqların, meşələrin, kəndlərin,
o cümlədən, Qaragölün taleyi barədə söz deyirik, hay salırıq.
… Qaragöl haqqında bu yazımla əlaqədar Laçın rayonunda olarkən qəribəydi ki,
mənə Qaragölün dərdiylə bilavasitə haçansa məşğul olmuş hansısa bir təşkilatın
sənədləri ilə deyil, Qarıqışlaq kənd orta məktəbinin müəllimi Çingiz Mehrəliyevlə
görüşməyi tövsiyə etdilər.
Laçın Rayon Partiya Komitəsinin binasında təsadüfən tanış olduğum Çingiz
müəllim, sən demə, elə Qaragöllə bağlı yenə birinci katiblə görüşmək
arzusundaymış. Niyyətimi bildirən kimi Çingiz müəllim qoltuğundakı qovluqları
göstərdi, sanki sinəsindən alov püskürürdü, yanıqlı-yanıqlı danışırdı. Yox,
sızıldayırdı. Deyəsən, yaxşı tapışmışdıq…
Bu adam – istedadlı müəllim, kənd ağsaqqalı saçlarını Qaragölün taleyi uğrunda
ağardıbdı. İyirmi ildən artıqdır ki, Laçın rayonunun və respublikanın əlaqədar
təşkilatlarının qapısına ayaq döyür, həyəcan təbili vurur, di gəl ki, nə səsinə səs
verən var, nə sözünü eşidən. Qaragöl yaylağının günü-güzəranı da qarala-qarala
gedir. İyirmi il ərzində Çingiz müəllimin təşəbbüsü, kənd camaatının köməkliyi ilə
respublikanın, ölkənin bu məsələ ilə az da olsa əlaqəsi olan təşkilatlarına 500-ə
yaxın ərizə, məktub, onlarca teleqram göndərilib. Təsəvvür edirsinizmi, 500-ə
yaxın!.. Çingiz müəllimin evində üst-üstə qalaqlanmış çoxlu qovluqlarda Qaragöllə
bağlı qiymətli sənədlər, müxtəlif illərin xəritələri bu adamın narahat ömründən
xəbər verir.
Çingiz müəllimin söhbətini dinlədikdə onun qoynunda yaşadığı bu uca dağlara
bənzəyən qəddi-qaməti qarşısında, ağrıyla danışdığı həqiqətlər qarşısında əyilirəm,
Qaragölün qara taleyində özümü və ümumən hamımızı günahkar sayıram. Və
Çingiz müəllimin dəst-dəst yığılmış qovluqlarındakı sənədləri, topladığı xəritələri,
bir də ömrü Qaragöl yaylağında keçən bu ağsaqqalın yaddaşındakı söz-söhbətləri
bu yazı üçün ən etibarlı mənbə hesab edirəm.

ÖNCƏ BİR AZ YAXIN KEÇMİŞDƏN…
Böyük İşıqlı dağının ətəyində yerləşən Qaragöl və Qaragöl yay otlağı Gəloxçu
tayfası adlanan doqquz para (Qarıqışlaq, Hacılar, Quşçu, Soyuqbulaq, Qılışlı,
Mişni və s.) kəndin olub.
Yazağzı dədə-babalarımız bu yaylaqlara qalxar, bu otlaqlarda mal-qoyun
saxlardılar. Qaragölün dupduru, tərtəmiz suyundan çay qoymaq, xəmir yoğurmaq
üçün istifadə olunardı. Məscid adlanan yerdə camaat dini mərasimlər keçirər,
yaylaqda ölənləri buradakı Qaraməmmədli, Qanlıca qəbiristanlıqlarında dəfn
edərdilər.
Xalq Qaragölə həm də müqəddəs ibadətgah – pir kimi baxardı. Camaat payızda
yaylaqdan köçəndə gölün sahilindəki böyük daşın (“Çıraq daşı” nəzərdə tutulur-
red.) üzərində piltə yandırardılar. Qədim bir inamın işartısı gələn bu adət hələ
yaxın illərə kimi qorunub saxlanırdı.
Bu yerlərin sakinləri ətraf dağların (Keçəl dağ, Böyük İşıqlı, Sarı dağ, Göy dağ,
Dəmirdaş, Boz dağ) və otlaqların (Ayıdərəsi, Əyriqar, Qanlıca, Dəlijəli, Yolaşan)
adlarını lap qədimdən öz dillərində adlandırmış, nəsildən-nəslə ötürmüşlər.
Sovet hakimiyyəti qurulduqdan sonra 1927-1929-cu illərdə Azərbaycan SSR və
Ermənistan SSR arasında sərhəd xətti müəyyən olunmuş və Zaqafqaziya Mərkəzi
İcraiyyə Komitəsi tərəfindən təsdiq edilmişdir. Həmin sərhəd xəttinə əsasən,
Qaragöl yay otlağı Azərbaycanın tərkibində qalmışdır. O illərdə nəşr olunan bütün
xəritələrdə gölün və ərazinin Azərbaycan SSR-ə məxsusluğu açıq-aşkar görünür.
1928-ci ildə kolxoz quruluşu başlanandan sonra Qaragöl yaylağı Laçın rayonu üzrə
3 N-li yay otlağı kimi qeyd edilmiş və Qarıqışlaq kəndindəki Telman adına
kolxozun istifadəsinə verilmişdir.
Azərbaycan SSR Nazirlər Sovetinin 3 may 1951-ci il 557 N- li qərarında da Laçın
rayonunun inzibati ərazisində yerləşən Qaragöl yay otlaq sahəsinin Laçın rayonu
təsərrüfatlarının istifadəsinə verildiyi bir daha göstərilir.
1960-cı illərə kimi Qaragöl yay otlağından Laçın rayonunun təsərrüfatları, Laçın
camaatı əvvəlki kimi istifadə edib. 1960-cı illərdən isə yaylağa Ermənistan SSR
Gorus rayonunun təsərrüfatlarının da ayağı açılmağa başlayıb. 1964-cü ildə həmin
rayon Qaragölün sahilində böyük su-nasos stansiyası qurub və gölün suyunu
insafsızcasına çəkib ətrafdakı erməni fermalarına, otlaqlarına vurmağa başlayıb.
Bu nasos stansiyasının kimin razılığı ilə nəyə əsasən qurulduğu isə müəmma olaraq
qalıb. Nasos stansiyası göldə suyun səviyyəsini aşağı salmaqla bərabər, həm də
onu çirkləndirməyə başlayıb.

Bu özbaşınalığa əks tərəfdən elə bir ciddi müqavimət görməyən Gorus rayonunun
rəhbərləri Qaragöldə balıq yetişdirmək fikrinə düşüblər. Qaragöldə yetişdirilən
qiymətli balıq Gorus şəhərinin ərzaq mağazalarında geninə-boluna satılıbdı.
Laçın rayonunun, respublikanın əlaqədar təşkilatlarının mürgülədiyini görən
Çingiz müəllim həmin dövrdən Qaragölü müdafiəyə qalxır, müxtəlif təşkilatlara
məktublar, şikayətlər göndərməyə başlayır.
1968-ci ildə onun “Azərbaycan kommunisti” jurnalına göndərdiyi məktub jurnalın
1969-cu il 10-cu nömrəsində çap olunur:
“…Qaragölün taleyi təkcə Laçın rayonunun rəhbərlərini deyil, habelə
respublikanın əlaqədar təşkilatlarını da narahat etməlidir. Qaragöl bütün
ətraf təbiətin həyat mənbəyidir. Qaragöl yaylağında ətraf kəndlərin mal-
qarası otarılır. Bu göl yaylaq əhalisi üçün misilsiz sərvətdir. Sevan gölündə
suyun səviyyəsini qaldırmaq üçün milyon manatlarla vəsait xərcləyən
ermənistanlı yoldaşlar nə üçünsə güclü nasoslarla Qaragölün suyunu sorur,
onu tamamilə sıradan çıxarırlar. Bir müddət də belə davam etsə, Qaragöl
quruyacaq, yaylaq isə öz təsərrüfat əhəmiyyətini itirəcəkdir. Nə qədər ki, gec
deyil, bu barədə təsirli tədbirlər görülməlidir.
Ç.Mehrəliyev, Laçın rayonu, Qarıqışlaq kəndi”.
Məktubun işıq üzü görməsindən bir az əvvəl isə, sən demə, Qaragölün, eləcə də
Qaragöl yay otlağının ən axar-baxarlı sahəsinin taleyi Azərbaycan və Ermənistan
SSR Ali Soveti Rəyasət heyətlərinin 7 may 1969-cu il qərarı ilə gizlicə yüksək
kabinetlərdə həll olunmuşdur.
Həmin bədnam qərarla ikitərəfli komissiyanın razılığı əsasında Azərbaycan
əliaçıqlıq edərək Qaragöl ərazisindən xeyli torpağı kəsib Ermənistan SSR-ə
vermişdir. Lakin bu “qərar” Azərbaycan xalqından xəbərsiz imzalanmış,
xəyanətkar rəhbərlər xalqdan gizlin bu qərara razılıq vermişlər.
Bu gün aşkarlıq və demokratiya şəraitində Azərbaycan xalqının 7 may 1969-cu il
qərarının səbəblərini, bu qərarı kimlərin və necə hazırladıqlarını, sərhəd xətlərinin
çəkilməsində kimlərin iştirak etdiyini, ümumiyyətlə, bu qərarla bağlı bütün
məsələlərin işıqlandırılmasını tələb etməyə tam haqqı var. Bu qaranlıq məqamlar
aydınlaşdırılmasa, xalq bu satqın “əliaçıqları” tanımayacaqdır. Bunun isə
keçmişdən daha çox bizim gələcəyimizə zərəri vardır.
1969-cu ilə kimi isə erməni “alimləri” bekar dayanmamış, həmin bədnam qərara
“real zəminlər” hazırlayıbmışlar. Ən öncə Zaqafqaziya MİK-nin 1927-1929-cu il
arxiv sənədləri, həmin illərin xəritələri yoxa çıxmışdır. Onu da deyim ki, hətta
1928-ci ildə tərtib edilmiş Laçın rayonu yay otlaqlarının pasportlaşdırma xəritəsi
də yoxa çıxmışdır.

DƏMİRDAŞ, YOXSA KİÇİK İŞIQLI?
X.C.Zamanovun “Kiçik Qafqazın gölləri və anbarlarının su balansı” (Bakı, 1969)
kitabından:
“…İşıqlı Qaragölü Həkəri çayının sağ qolu olan Ağoğlan çayının sağ qolu
Xoznavarçayın mənbə hissəsi rayonunda, dəniz səviyyəsindən 2666 metr
yüksəklikdə yerləşmişdir. İşıqlı Qaragölü Azərbaycan SSR-in dövlət sərhədindəki
Böyük İşıqlı dağının (3552 m) şimal ətəyindədir. Qaragöl şimaldan Boz dağ və
Göy dağla, şimal-qərbdən DƏMİRDAŞ və Kiçik İşıqlı dağı (3455 m) ilə, cənubdan
Keçəl dağ, şərqdən isə alçaq Moren tirəsi ilə əhatə olunmuşdur”.
1969-cu ildə çap olunmuş bu kitabda Qaragölü əhatə edən dağların adı aydın
şəkildə göstərilir. Zaqafqaziya MİK-nin 1927-1929-cu illərə aid sənədlərində
sərhəd xəttinin Böyük İşıqlı və Kiçik İşıqlı dağlarından keçdiyi qeyd edilib.
Erməni alimlərinin “ustalığı” və belə işlərdə “yüksək təcrübəsinin” nəticəsi olaraq
1942-ci ildən sonrakı xəritələrində Kiçik İşıqlı dağı Dəmirdaşın “yerinə köçür”,
Dəmirdaş isə “yoxa çıxır”.
Çingiz müəllim 1985-ci ilin noyabr ayında hər iki respublikanın qarşılıqlı
komissiyası Qaragöl ərazisində olarkən Azərbaycan SSR-in 1:25000 miqyaslı
1942-ci il xəritəsində həmin düzəlişi öz gözü ilə gördüyündən ürək ağrısı ilə
danışır.
Deməli, bu “düzəlişin” məqsədi aydındır. Belə ki, 1969-cu ildə təsdiq olunacaq
xəritələrdə bu faktdan istifadə olunacaq, sərhəd xətti Kiçik İşıqlı əvəzinə
Dəmirdaşdan keçəcək və 5-6 km-ə qədər Laçın rayonunun ərazisinə doğru
çəkiləcəkdir. Beləliklə, Laçın rayonunun Qaragöl yay otlağının sahəsi təxminən
250 hektar azalacaq, gölün böyük hissəsi Ermənistan SSR-in ərazisində qalacaqdır.
SURƏTİN SURƏTİ
Başqa bir “real zəmin” isə müəmmalı bir protokolun surətinin surətinin tapılması
(!) olacaq. SSRİ Dövlət Yer Quruluşuna Nəzarət İdarəsinin rəisi A.S.Zemtsevin
Azərbaycan SSR Qarıqışlaq kənd sakini Ç.Mehrəliyevə 6 fevral 1987-ci il tarixli
cavabından:
“Hörmətli Ç.Mehrəliyev yoldaş.
Sizin 22 dekabr 1986-cı il və 17 yanvar 1987-ci il tarixli məktublarınıza əsasən
SSRİ Dövlət Yer Quruluşu və Xəritəçilik İdarəsinin arxivindəki materiallar
öyrənilmişdir. Buna əsasən bildiririk:

  1. SSRİ Dövlət Yer Quruluşu və Xəritəçilik İdarəsinin arxivində Zaqafqaziya
    MİK-nin sənədləri yoxdur…
  2. Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələrinin sərhəd
    xəritələrinin dəqiqləşdirilməsi ilə bağlı respublikalararası müşavirəsinin
    05.03.1938-ci il tarixli protokolunun surətinin surəti (!) tapılmışdır.
    Protokolun 8-ci maddəsində deyilir: “Qaragöl Ermənistan SSR-ə
    məxsusdur”…
  3. Dəmirdaş dağı ilə bağlı deyərdik ki, çap olunmuş müvafıq xəritələrdə
    həmin ərazidə belə dağ qeydə alınmayıb “..
    Göründüyü kimi, A.S.Zemtsev çox bəxtəvərcəsinə protokolun surətinin surəti
    tapıldığını bildirir. Yəqin ki, oxuculara həmin varlığı və yoxluğu dəqiq məlum
    olmayan “protokolu” kimlərin imzaladığı maraqlı olar. Buyurun, tanış olun:
    İsaxanyan, Qalustyan, Çerekeşveli, Metreveli, Ağalarzadə, Akopocan, Karkaşadze,
    Matsknviç, Kotyuk, Tatulov, Komarovski və Qriqoryan.
    Sizcə, Azərbaycan SSR tərəfindən həmin protokolun doğruluğunu kim təsdiq edib?
    Qəribə və ağrılı da olsa, deyək: Azərbaycan MİK-nin o illərdəki işlər müdiri
    Qadakçyan.
    Həmin protokola əsasən 10.IV.1945-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət
    Heyətində respublika sərhədləri təsdiq edilmişdir. Təsdiq olunmuş xəritədə artıq
    Qaragöl Ermənistan SSR-in ərazisinə düşüb. Həmin xəritəni imzalayıblar:
    Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi Kübra xanım Fərəcova,
    Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin məsləhətçisi M.Kələntərov və
    Azərbaycan SSR Baş Geodeziya və Xəritəçilik İdarəsinin əməkdaşı P.Savenko.
    Təəssüf ki, 1969-cu ildəki qərarı və xəritələri imzalayanların kim olduğunu öyrənə
    bilmədik. Yəqin ki, illər ötəndən sonra həmin şəxslər də məlum olacaq.
    Ancaq 1969-cu ildə Qaragölü, eləcə də respublikamızın başqa rayonlarından
    gizlicə verilmiş torpaqları qonşularımız tam zəbt edə bilmirlər, Heydər Əliyevin
    Azərbaycan KP MK-nın I katibi seçilməsi buna mane olur.
    Çingiz müəllim və başqa qeyrətli oğlanlarımız isə dayanmadan öz tələblərini,
    həyəcan dolu məktublarını müxtəlif təşkilatlara yollamaqda davam edirlər.
    1973-cü ilin 29-30 avqustunda həmin məktub və şikayətlərin əsasında Qaragölə
    qarşılıqlı komissiya gəlir və 1927-1929-cu illərin sənədlərinə əsaslanaraq
    Qaragölün Azərbaycan SSR-ə məxsus olduğunu göstərir. Ancaq komissiya neçə
    illərdən bəri Ermənistan SSR-in gölün suyunu sorub qurtaran nasosunu
    yığışdırmaq əvəzinə, qərara alır ki, Azərbaycan SSR də bir nasos qursun. Bu isə
    gölün daha şiddətlə çirklənməsinə şərait yaradır.
    Nəhayət, 1984-cü ildən sonra saxta tarixlər yer üzərinə köçürülməyə başlayır.
    “İzvestiya” qəzetinin 1986-cı il 29 yanvar nömrəsində Çingiz Mehrəliyevin
    “Dağlar gözəlinin taleyi” adlı məktubu çap olunur. Bu məktubda Qaragölün taleyi

ilə bağlı məsələlərdən bəhs edilir. Hər iki respublika Nazirlər Sovetinin
müavinlərinin cavabları və redaksiyanın fikri də həmin məktubla bərabər işıq üzü
görür. Göstərilir ki, bu “dağlar gözəlini” gələcək nəsillərə qoruyub saxlamaq
hamının borcudur.
Qəzetin işə qarışması təsirsiz qalmır. 1986-cı ilin 7 avqustunda hər iki
respublikanın qarşılıqlı komissiyası Qaragöldə olur. Komissiya qərara alır ki,
göldən su-nasos stansiyaları götürülsün, balıq yetişdirilməsi və tutulması qadağan
olunsun, respublikalararası Qaragöl Dövlət qoruğu yaradılsın. Komissiyanın
üzvləri Qaragöl ərazisində azərbaycanlıların Qara Məmmədli, Qanlıca
qəbiristanlıqlarının erməni ekstremistləri tərəfindən vəhşicəsinə dağıdılmasının
şahidi olur. Qeyd edək ki, bu cür hadisələr başqa sərhəd rayonlarımızm ərazisində
də baş vermişdir. Amma heç kim bu barədə ağzını açıb bir kəlmə danışmamışdır.
Nəhayət, Azərbaycan SSR Nazirlər Soveti və Ermənistan SSR Nazirlər Soveti
“Qaragöl” (“Sevlic”) dövlət qoruğunun yaradılması haqqında 17 noyabr 1987-ci il
408/717 nömrəli qərar qəbul edir.
Sahilin çəmənlik, axar-baxarlı hissəsi, gölün demək olar ki, 90 faizi Ermənistan
SSR-in “Sevlic” qoruğuna tabe olur. Qaragölün cüzi hissəsində və daşlı-çınqıllı,
ayaqdəyməz sahilində isə 1988-ci ilin yanvarın 1-dən “Qaragöl” qoruğu yaradılır.
RESPUBLİKALARARASI “QARAGÖL” DÖVLƏT QORUGU artıq iki ilə
yaxındır ki, yaradılıb. Qoruğa yeddi nəfər işçi ştatı verilib. Qoruq yaradılarkən
Bakı şəhərinin sakini, Azərbaycan Geodeziya İdarəsinin əməkdaşı Cəlal Nağıyev
qoruğa direktor təyin olunur. Qaragölə olan “böyük məhəbbət” onu bura çəkib
gətirir. Qoruqda elmi işlər üzrə direktor müavini ştatı isə hələ də boşdur. Qoruğun
idarəsi göldən təxminən 50 kilometr aralıda, Laçın şəhərində, Meşə Təsərrüfatı
İdarəsinin binasında bir otaqda yerləşir.
Qoruğun üç nəfər yegeri, yəni bilavasitə Qaragöldə işləyən adamlar 10-15 km aralı
kəndlərin sakinləridir və çox zaman həftələrlə Qaragölə ayaq basmırlar. Heç gölün
sahilində yegerlərin qalması üçün münasib bir tikili də yoxdur.
Qarşı tərəfdən Qaragölə geniş yol, işıq çəkildiyi, tikililər inşa edildiyi halda,
qoruğun işçilərinin və Laçın rayonu əlaqədar təşkilatlarının Qaragölə belə
münasibətinə ənənəvi etinasızlığın və laqeydliyin davamından başqa nə ad vermək
olar? Bax, biz beləyik, qulağımızın dibində top atılır, ayılırıq və təzədən mürgüyə
gedirik. Yaxşıca yığışaq, ağlaşaq, vəssalam…
“Elm və həyat”, 1989.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest