GenelGüncelKültür Sanat

Qürub edən Günəş – Səma Muğanna

Nazım Ahmetli – Kırımınsesi Gazetesi – Azerbaycan

Səma Muğanna

Qürub edən Günəş

“Qəlbindən silsən də,tale,alın yazısı insanın ən böyük düşmənidir,çünki heç vaxt silinmir”….

Reyhanın kənarı yanmış dəftərində nə qədər gizli arzular,tükənməz sevgi varmış.Əgər o gün,məhz təqvimdə yazılan o tarixdə Reyhan Muradı bağışlasaydı,onlar xoşbəxt olacaqdı.Bu küçədə,bu otaqda Reyhanın qoxusu dolaşırdı.Dəli olan Murad Reyhanın qoxusunu ətrafda izləyirdi.Dəli-divanə olduğu bu eşq onun qəlbində ağır bir silah kimi dayanmışdı.

  Şəkillər kimidir sevgi.Bir foto çəkdirərsiniz və bütün sevginizi o şəkilə ərmağan edərsiniz.O şəkil parçalana,yırtıla,hətta kül ola bilər,ancaq bilirsinizmi ki,hər foto kül olarkən onun içindəkilər də məhv olar? Açarla qapını açırsınız.Kilid açılır.Bəs fotoların kilidi nədir? Sevgi..Sevgi şəkillərin ən böyük kilididir.Bu kilidi açıb qazanmaq üçün yalnızca bağışlamaq lazımdır.Bəs,Reyhan Muradı bağışladımı? Nə zaman? Yaxın əyləş,əziz oxucum! Mən söyləmişdim axı mənim hər günüm filmdir.Gəl bu filmi birlikdə izləyək…

Axşam saat 21:00 radələrinə təsadüf edirdi.Soyuq,tənha payız elə bil bu dərdləri vücuduna don geymişdi.Reyhansa evdə tək-tənhaydı.Stolun üstündə isti çay,yanan şam və dəftəri vardı.Nə edə bilərdi başqa? Onun da tək təsəllisi bu idi…

  Birdən qəfildən qapı döyüldü.Diksinərək ayağa qalxıb qapıya keçib: -“Kimsiniz?” deyə fısıldadı.

-Mənəm,Murad.Reyhan,qapını aç,xahiş edirəm!

-Rədd ol,sənin kimi birisini tanımıram.Çıx həyatımdan!

-Xahiş edirəm,ölürəm.Son nəfəsimi sənin qollarında təslim etmək istəyirəm.

-Çıx get dedim!

-Qapını açıb baxsan,görəcəksən ki,həqiqəti deyirəm!

   Reyhan fikirləşirdi.Qapını açacaqdımı? Bu tilsimi məhv edəcəkdimi? Açar kilidi açıb Reyhanla Muradı birləşdirəcəkdimi? Bu sualların cavabı Reyhanda idi,ancaq Reyhan özü də qaçırdı bu suallardan.Bilirdi,bilirdi ki,açarla açılan bütün qapılar hər zaman xoşbəxtliyə aparmır.

   Açar sevginin düşmənidir,əziz dost.Qıfıla bənzəyir.Bizim taleyimizdəki nöqtələri bir-birinə doğru bağlamır…

Reyhanın son qərarı qapını açmamaq oldu.Göz yaşlarına hakim ola bilmirdi,ancaq onun göz yaşlarını heç kəs duymurdu,yalnız Muraddan başqa…

-Reyhan,bilirəm ki,yenə göz yaşlarına boğulmusan.Aç qapını,danışaq.

-Mən sənə bir damla da göz yaşı tökmərəm! Yetər!

-Bəs niyə susursan?

   Murad çox yaxşı bilirdi ki,Reyhan susduqda göz yaşlarına boğulur.Həmişə çiyinlərində ağlayan qadın indi ona üz çevirmişdi..Əslində,bu göz yaşları Reyhanın deyil,Muradın həyat hekayəsinin damla-damla yığılan və səhifələrində quruyub ölən çiçək idi.Sevgi şəkilə bənzədiyi kimi göz yaşlarına da bənzəyir.Damla-damla dolur və sonunda yaşaya bilməyib tərk edir bu fani dünyanı,insanları da.

-Murad,sən heç vaxt ölə bilməzsən.Əgər ölsəydin,bu gün qarşımda deyildin.Sənin simanı görmək deyil,sənin səsini duymaq belə istəmirəm!

  Xənçər kimi ürəyinə batan bu sözlərdən sonra səs gəlmədi.Reyhan stola tərəf yaxınlaşanda isti çay üstünə dağıldı və yanan şam dəftərin üzərinə düşdü.Reyhandan qəfildən bir qışqırıq qopdu.Ardınca hönkürtü çəkdi..Bütün taleyi o dəftərə bağlı idi,ancaq dəftərin kənarı yanmışdı.Bununla belə elə bil Muradın da əcəli onu aparmağa gəlmişdi…

-Muraaad!

   Səs gəlmirdi.Reyhan daha dözə bilməyib qapını açdı.Muradı qarşısında hönkürtü çəkən yağışın altında islanmışdı.Nəfəs almırdı,ancaq simasında qəribə təbəssüm vardı.Reyhan onun qollarının arasına alıb:-“Muraaad,Muraaad” deyə səslədi.Səs gəlmirdi.Sadəcə Reyhana gülümsəyən bir sima vardı orada…Bu kiçik daxmada yaşayan kiçik qız və onun dostu qələmi vardı…

1 il sonra….

 Reyhan yenə də otağında dörd divarın bir küncünə sığınıb ağlayırdı.1 il boyunca Reyhan bu cür yaşamışdı? Bəli..Gözlərindən kainata sığmayacaq sevginin kədərli baxışları yatırdı,ancaq Reyhanın göz yaşlarıyla birgə onlar da oyanmışdı.Səssizcə gəzinən körpə onun göz yaşlarını silir və yenə “tənhalar ölkəsinə” qayıdardı.Qapı döyüldü.Kim gəlmişdi? Bilinmirdi.Dəfələrlə Reyhanın qapısı çalınmış,ancaq o Muradı itirdikdən sonra bir dəfə də olsun geriyə dönüb baxmamışdı.Qapıları bu dəfə açarla deyil,qıfılla bağlamışdı.Çıxmadığı otağın qapısını yalnız açarla kilidləmişdi.Kilidlənən qapınan heç kim keçə bilmirdi.Bu qapı dəfələrlə çalındı,ancaq nə eşidən,nə də o qapını açan oldu.Reyhana xatirə qalan yalnız Muradla olan fotoları idi.Hər dəfə şəkillərinə baxdıqda göz yaşlarını saxlaya bilməz və onlarla söhbətləşərdi…

Başlıqda qeyd etdim ki,sevgi şəkillər kimidir.Şəkillər də gizlənər.O insan həyatımızda oldu,olmadı bizi həmişə izləyər.Bəs yanan dəftərçə? Niyə məhz o gün şam o dəftərin üzərinə dağıldı və niyə dəftərin yalnız kənarı kül oldu? Onun kül olmasıyla birgə Murad da fani dünyadan köç etdi? Çünki şam da insan ömrü kimidir.Yanarkən sönər,alovlanarkən üsyan edər.Bəs bu dəftərçənin günahı idi? Bu yaşananlara şahid olması…

Şahid olduğumuz hadisələr filmə bənzəyə bilər,ancaq insan taleləri film deyildir.Qatar kimi gəlib keçərdir…Yolda olan qatar yenə gecikdi.Sizə Reyhanın Murada yazdığı son məktubu oxumağınızı istəyirəm.İndi Reyhan haradadır? Sualının cavabını məndən soruşmayın,çünki yoxdur.Mən tale izlərini izləyərək qələmə aldım. “Tənhalar ölkəsindən”   iki sevdalı da köç edib getdi…

“Gecədir.Bir azdan Ay doğacaq”…

Murad,bu sənə son məktubumdur.Bəlkə də səhv edirəm sənə yazmaqla,ancaq sən bu məktubu oxuduqda mən burada olmayacam.Mən “Tənhalar ölkəsini” bir azdan tərk edirəm,Murad.Bir azdan taleyimdə gizlənmiş bütün sirrləri göz yaşlarım yuyub apardıqda mən də çiyinlərimə yeni yükləri alıb gedəcəyəm.Bu sənə sevgi mesajı deyil.Bəlkə də bu məktub başqa birisinin əlinə keçərsə,o da elə düşünər,ancaq bu bir əlvida məktubudur.Məni bilirsən,təsadüfləri sevmədiyim kimi əlvidaları da sevmirəm,ancaq qərarım qətidir.Bəlkə bir gün səni bağışlayacam,amma bu yalnız sonsuz kainatda olmayanda baş verəcək.Bəlkə bir gün göz yaşlarım səni bağışlayacaq.Nə bilmək olar? Mən tale yüklərimi çiyinlərimə alıb gedirəm.Bir azdan sən doğulacaqsan.Axı gecədir.Bax,Günəş bir neçə saat öncə qürub edib.Günəş axı mənəm,Murad.Sənin hər səhər səbirsizliklə oyanıb gözlədiyin doğmayan Günəşin…O Günəş heç vaxt doğulmadı.Tanrının hüzurunda sənə əlini uzatsa da,doğulmadı.Bəlkə də sən onun əlini tutsaydın,o doğulacaqdı.

  Murad,sənin sevgini,sənin özünü,duyğularını çox yaxşı bilirəm,əzizim.Sadəcə bizim alın yazımız buna icazə vermədi.Həmişə yadındadırmı deyirdim ki,insanın ən böyük düşməni tale nöqtələri və alın yazısıdır? Çünki onlar bizim əlimizdə deyil təəssüf.Biz onları idarə edə bilmirik.Onlar xəritədə yollarını itirərlərsə,bizi qurban verərlər.Verdilər.Noldu? Ayrıldıqmı? Əlbəttə ki,yox! Sadəcə bu fani dünyada qovuşmaq bizə qismət olmadı. “Qovuşmaq” sözü bilirsən necə ağırdır? Çünki göz yaşları olan yerdə qovuşmaq deyə bir şey yoxdur! Mənim göz yaşlarım damla-damla axdı,ancaq sonunda sel oldu.Xəritədə yollarını itirdilər.Səni itirdilər.Mən səni,sən məni itirdin.Hamısı bilirsən niyə? Göz yaşlarıma və açara görə.Talelərimizi birləşdirən açar qapalı qapıların kilidini açmadı.Bəlkə də mən açsaydım,bu belə olmayacaqdı.Nə açar,nə də sən izin verdin.Ola bilər ki,bu yazını oxuduqda məni günahkar hesab edəsən,ancaq günahkar mən deyiləm! Nə mən,nə o kimsəsiz körpə! Mən dəli olmuşam artıq sən görmürsənmi? Ölü bir insana məktub yazmaq da nə demək? Yenə qapını açarla kilidləmişəm və qarşımda əriyən şamla,kənarı kül olan dəftərçəm mənə baxır.Hər gecələri və hər səhər tezdən bir uşaq gəlir yanıma.Balaca qızcığaz.Məni bəzən əzizləyir,bəzən boğmağa çalışır.Məni incidir və hər dəfə sənin ölümünlı bağlı məni günahkar hesab edir.Bu uşaq kimdir,Murad? Nolar axı,Murad,əvvəl yuxularıma gəldiyin kimi yenə gəlsən? Dərdlərinə dərman olsan? Ancaq sən də qaçırsan.Bilirəm,əzizim;günahkar sən deyilsən,amma bil ki,mən də deyiləm! Günahkar tale nöqtələri alnımıza yazılan alın yazımızdır! Necə ki,təqvimdəki tarixləri,yaddaşımızdakı düşüncələri silib ata bilmiriksə,eynən onlar da elədir.Görürsən bir-birlərinə necə bənzəyir? Bu fani dünyada bir-birinə zidd olan yalnızca gündüz-gecə,Günəş və Ay’dır! Mən qürub edən Günəş,sən gecənin ən səssiz zamanında doğulan,işıldayan Ay…Ulduzların içində tənha deyilsən,əzizim,əksinə,daha çox xoşbəxtsən.Sənin xoşbəxtliyin mən deyiləm,Murad.Mən  qürub edən Günəşəm…Həm taleyində,həm də yaddaşında.Yalnızca qəlbində səhərlərinin aydınlanan Günəşiyəm…

  Əlvida,əzizim.Mən “Tənhalar ölkəsindən”  göyərçin kimi köç edib gedirəm.Gözlərini qırılmış qanadlarımla örtüb gedəcəyəm,narahat olma.Bu dəfə salamat qal deyil, “əlvida” deyirəm…

Gecikən qatar tez gəlsə də,burada bir cəsəd yatırdı.İnsanlar bu cəsədin üstündən atlayıb keçirdi.Kimiləri ağlayır,kimiləri isə təəccüb içində,kimiləri də qaçırdı “Tənhalar ölkəsinin” gecikən qatar stansiyasından. “Gecikən qatar” stantiyasında cəsəd tapıldı! Reyhan adlı bir şəxs.Yaxınları haradadır?

   Heç kəs bu sualın cavabını bilmirdi,amma bütün qəzetlər Reyhandan danışırdı.Bütün qəzetlərdə Reyhanın şəkilləri vardı.Demək,Reyhanın düşmən bildiyi alın yazısı yenə də ona oyun oynamışdı,ancaq bu dəfə tək “alın yazısı” deyil,şəkillər də bu oyunda qalib gəlmişdi.Bəzən şəkillər də acımasız ola bilirmiş…

  Reyhanın qapısında yatan Muradın cəsədi, “gecikən qatar” stansiyasında isə  Reyhan..Bu dəfə tale nöqtələri onları o biri dünyada qovuşduracaqdı? Bəs,qürub edən Günəş və gecənin səssizliyində doğulacaq Ay harada idi? Bəs,Reyhanın göz yaşları?

   Hər şey dayanmışdı.Neçə-neçə insan “Tənhalar ölkəsindən” qaçırdı.Demək olar ki,heç kəs qalmamışdı.Tək qalan Reyhanın gözlərində qurumayan göz yaşları idi.Son damlası da gözlərində qurudu Reyhanın…

   Hamının cəsəd kimi gördüyü bu iki sevdalı,əslində,ruhlarını təslim etmişdi Tanrıya.Payızın da soyuq vücuduna geyindiyi don kimi onlar da vücudlarındakı sevgini Tanrıya təslim etmişdilər.Əcəl gəldikdə isə onların yalnız soyuq,çürümüş vücudlarını aparmağa gəlmişdi.Heç kəs..Heç bir insan bu iki sevdalının yaşadıqlarını bilmədi.Bu hadisələrin şahidi yalnız şam,süfrəyə dağılan çay və kül olan dəftər oldu…

    Reyhanın ayaq izləri “gecikən qatar” stansiyasına kimi davam edirdi.Qatar dayanmış,amma ayaq izləri silinməmişdi. “Tənhalar ölkəsinə”  qar da yağdı,çovğun da başladı,lakin bu ayaq izləri silinmədi.Artıq “Tənhalar ölkəsində” heç kəs qalmamışdı,zatən yaşaya da bilməzdi.Burada yalnızca yaşayan Murad və Reyhanın ruhu idi.Bu iki ruh da ayrı-ayrı evlərdə dörd divara qapanmışdı.Doğru,bəlkə də onlar bu dünyada qovuşmadı,lakin Tanrı onları öz yanına aldı..Onların sevgisi çəkilən şəkillərdə yaşayır…

Azərbaycan Yazıçılar Birliyinin üzvü

                                         Səma Muğanna

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest