GenelGüncel

Qurban BAYRAMOV

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Qurban BAYRAMOV
Tənqidçi-ədəbiyyatşünas
Mənəvi saflığın Şirindil düsturu
 
  
Elə mətləblər var ki, onu demək üçün bəlkə də illərlə gözləməli olursan.
 
İndi məqamı çatıb, indi də deməyək, bəs nə vaxt deyək? Şirindilin, dünənə
qədər hamıdan cavan olan Şirindilin birdən-birə 65 yaşı tamam olur və Şirindil
dönüb Şirindil Alışanlı olur, ən azı mənim gözümdə…  Ona görə də, elə bilirəm,
illər boyu onun üçün  ürəyimdə gəzdirdiyim hisslərimi, fikirlərimi yazıya çevirərək
sənədləşdirmək məqamıdır…
 
Şirindil Alışanlı mənim üçün saqqalı ağarmamışdan ağsaqqal olmağı
bacarmış dəyərli bir insan; daim ayaqda olan alim, həm mehriban, həm də müdrik
dost…  Şirindilin heç bir kanona, ölçü-biçiyə boyun əyməyən  özünəməxsus həyat
konstitusiyası var və bunu yazan da odur, əməl edən də, amma pozan vaxtını
görməmişəm! Onun öz həyat kultu var, bura məişət həyatı da, elm həyatı da
daxildir. Əslində, o, ən çox elm adamıdır! Pedant elm adamı yox, elmi canı-qanı,
övladı, həyatı qədər sevən, həyat eşqi ilə dolu Elm Adamı!
 
Onun Azərbaycan elmində öz qaynar qazanı, Azərbaycan elminə öz şirin
payı var!.. Bu, böyük məziyyətdir! Şirindil əlində boş kasa gəzdirib pay axtaran, bir
çömçə də bura qoy, deyən umsuqlardan deyil!.. Onda həm dosta layiq, həm də
alimə layiq müdriklik var!.. Şirindil dostu qoruyan dost, istedadı qoruyan
istedaddır!.. İstedadsızlığa qarşı prinsipial və barışmazdır… Fikrimcə, Şirindil
alimlik müstəvisi şəxsiyyətinin müstəvisinə, şəxsiyyətinin müstəvisi alimliyinin
müstəvisinə ən çox müvazi olan şəxsiyyət tipidir…
 
Belə şəxsiyyət tipi üçün, elə bilirsiniz, yaşamaq asandır?  Əsla! Özü də,
həmişə qayğılar içində girinc olasan!  Yox, Şirindilin özünə qalsa, elə də qayğısı
yoxdur! Şükürlər, ziyalı ailəsi, oxumuş, intellekt sahibi həyalı övladları… Amma
Şirindil qədim Qarabağ mahalının uca dağları lacivərd üfüqlü, gülüzarlı, şaqraq
bulaqlı, Həkəri çaylı, ata yurdu Laçınını itirib,  dağdan ağır qardaşı, poeziyamızın
Məcnun şairi Hüseyn Kürdoğlunu itirib, itkin düşmüş, şəhid olmuş, qaçqına-
köçkünə dönmüş, Azərbaycanın bütün bölgələrinə səpələnmiş qohum, qardaş-
bacı, dost-yoldaş xatirində və gözünün qabağındadır… Bunların hamısının
xeyrində-şərində iştirak etmək, xəstəsinə-qocasına baş çəkmək… Bu da, onun
mənəvi borclarından biridir, çiyin yüküdür… Şirindil yurd itkisinin dağdan ağır
dərdini çiyinlərində, nisgilini ürəyində gəzdirən qədim yunan əsatirlərinin

qəhrəmanları timsallıdır, imkanı daxilində qayğı çəkən hatəmkeşdir, səxavət
kanıdır… El sözü – qohumcanlıdır, dostcanlıdır…
 
Çünki Şirindil ruh adamıdır və onun ruhu hamı üçün, dostları, qohumları,
həmkarları, iş yoldaşları üçün doğmadır… Bunlar isə mənəvi saflıqdan,  insanın ruh
halının yaxınlığından doğur… Onda eqoizm, narsizm, özündən müştəbehlik, yersiz
lovğalıq, dargözlülük yoxdur… Həlimdir, səlimdir, ürəyigenişdir… Bir sözlə, o,
başqasının uğuruna özününkü kimi sevinən, ağa qara, qaraya ağ deməməyi həyat
devizi edən, haqqın yanında durmağı bacaran, mənəvi saflığın həyat düsturunu
ortaya qoyan insandır… O, həm adam kimi, həm də kişi kimi yaşamağı bacaran
kişilərdəndir… Başqa sözlə, Şirindil Alışanlı Azərbaycan ziyalısına  xas olan ən gözəl
xüsusiyyətləri özündə cəmləşdirmiş, yüksək intellekt sahibi, passionar təfəkkürlü,
vətənpərvər, prinsipial bir alim, yanımcıl bir dostdur…
 


 
Bunları isə gənc, hələ Şirindili yaxından tanımayan oxucularım üçün, həm
də, bilib yaddan çıxaranların yaddaşını təzələmək üçün yazıram…
 
Alışanov Şirindil (Şirindil Alışanlı) Həsən oğlu 1952-ci il oktyabrın 28-də
Azərbaycan Respublikası Laçın rayonunun Əhmədli kəndində anadan olub. Bakının
19 və 111 nömrəli məktəblərində orta təhsil alıb. 1970-1975-ci illərdə Bakı Dövlət
Universitetinin filologiya fakültəsində təhsilini davam etdirib, ədəbi tənqid üzrə
ixtisas kursunu bitirib. 1976-1987-ci illərdə Azərbaycan Milli Elmlər
Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi, İnstitutun elmi
katibi, bölmə müdiri vəzifələrində çalışıb. 1977-1980-ci illərdə SSRİ Elmlər
Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun Ədəbiyyat
nəzəriyyəsi şöbəsində çalışıb, məşhur estetik Yuri Borevin rəhbərliyi ilə romantizm
probleminə həsr olunmuş namizədlik dissertasiyası yazıb və 1981-ci ildə müdafiə
edib. Bu məqamda, bir səciyyəvi və ibrətamiz nüansı xatırlatmaq istərdim. Şirindil
haqqında onun elmi rəhbəri professor, akademik Yuri Borisoviç yazır: “Əziz
Şirindil, həyatda ömrün elə anları gəlib çatır ki, insan bir vaxtlar nəyisə öyrətdiyi
tələbəsindən özü öyrənməyə başlayır. Sən indi o məqamda olan tələbələrdənsən
və mən səninlə qürur duyuram”.
 
Ustadının qürur duyduğu bu insan indi filologiya elmlər doktoru,
professordur. AMEA Nizmi Gəncəvi adına Ədəbiyyat İnstitutunun  “XX əsr (sovet
dövrü) Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiridir, Azərbaycan Yazıçılar və
Jurnalistlər birliklərinin üzvüdür.
 
Bu, elə-belə həyatı faktlar deyil, bunun arxasında yuxusuz gecələr, zəhmət,
istedad durur. Yaradıcılıq əzabına və sevincinə tablaşmaq durur. Şirindil Alışanlının

keçdiyi həyat yolu təkcə özünə, ailəsinə yox, elmimizə, xalqımıza, mənəviyyatımıza
səmərə verən ziyalının həyat yoludur…
 
Şirindil ilk yaradıcılıq illərindən sərbəst elmi düşüncə mövqeyindən, dünya
humanitar fikrinin standartları kontekstində düşünməyə çalışan gənclərdən olub
və bu səciyyəni bu günə qədər artıra-artıra saxlayıb, özünün yaradıcılıq kredosuna
çevirib.
 
O, olduqca dəyərli və fəal bir elmi yaradıcılıq yoluna malik tənqidçi,
ədəbiyyatşünasdır. 1976-cı ildən ədəbi-tənqidi məqalələri ilə mətbuatda çıxış
edir. Ədəbiyyat İnstitutunda yazılan və ədəbi, elmi mühitdə maraqla qarşılanan
“Ədəbi proses” silsilə məcmuələrinin əsas müəlliflərindən olub. 1977-ci ildə
Nizami adına Ədəbiyyat İnstitutunun və Azərbaycan Yazıçılar Birliyinin poeziyaya
həsr olunmuş birgə respublika konfransında məruzə edib, ədəbi-nəzəri fikrin ən
aktual problemləri ilə bağlı müzakirə və konfranslarda ardıcıl çıxışlarıyla yadda
qalıb. O, ədəbi tənqidin nəzəri-metodoloji problemləri, müasir poeziya, onun əsas
inkişaf meylləri, poetik axtarışları barədə yazdığı məqalələrlə dövri mətbuatda və
bir çox məcmuələrdə müntəzəm çıxış edir. Bunlar adi yazılar və sıradan olan
çıxışlar olmayıb, fundamental nəzəri biliklə yoğrulmuş, ədəbi və elmi ictimaiyyətdə
qəbul edilən, hesablaşılan fikir və mülahizələrdir…
 
Şirindil Alışanlının elmi fəaliyyət dairəsi genişmiqyaslıdır, indiki anlayışla
desək, qlobal siferaya malikdir. Xeyli kitabı və yüzdən artıq elmi və ədəbi-tənqidi
məqaləsi çap olunmuşdur. Onun “Sözün estetik yaddaşı” (1994), “Romantizm:
mübahisələr, həqiqətlər” (rus dilində), (2000), “Ədəbi-bədii düşüncənin
sərhədləri” (2010), “Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı”
(2011), “Ədəbi-nəzəri fikrin tarixiliyi və müasirliyi” (2013) və s. bu qəbildən
monoqrafiyaları nəzəri-elmi səviyyəsi ilə fərqlənən, müasir, çağdaş
filoloji mühitdə  elmi-estetik təfəkkürü zənginləşdirən, inkişaf etdirən və dost-
düşmən qarşısına çıxarmağa layiq əsərlərdir.
 
O, 1993-1998-ci illərdə “Elm” qəzetinin baş redaktoru, 1997-2014-cü illərdə
“Elm” Redaksiya, Nəşriyyat və Poliqrafiya Mərkəzinin direktoru olub. Bir sıra
mötəbər elmi jurnalların və çoxcildlik nəşrlərin redaksiya heyətinin
üzvüdür. Moskvada çıxan “Akademiçeskie tetradi”, “Nauçnaya kniqa” jurnallarının
beynəlxalq redaksiya heyətinin və Akademiyaların Beynəlxalq Assosiasiyasının
Kitab nəşri üzrə Şurasının üzvüdür, yəni beynəlxalq miqyasda nüfuz
sahibidir.  Hələ buraya respublika daxilində olan onlarla redaksiya şuralarındakı
iştirakını əlavə etmirik…
 
Şirindil fəaldır, zəhmətkeşdir, yorulmadan ədəbiyyatşünaslıq elmimizin
təbliği və tanınması işi ilə məşğul olur. Onun respublikamızda 1976-cı ildən bu

günümüzə qədər keçirilən onlarla  elmi konfranslarda və sessiyalardakı məruzələri
buna bariz misaldır. 200-dən çox ədəbi-tənqidi, publisist məqalələrini, rəhbərliyi
və redaktəsi ilə çap edilmiş olduqca vacib onlarla elmi məcmuələr və
antologiyaları, redaktə etdiyi kitabları, elmi rəhbərliyi ilə müdafiə olunmuş işləri,
hazırda rəhbərlik etdiyi namizədlik işlərini, müdafiə edilən dissertasiyalara elmi
opponentliyini də əlavə edəsi olsaq, onun çeşidli, çoxsahəli elmi-yaradıcılıq,
təşkilatçılıq və naşirlik fəaliyyətinin miqyası barədə ətraflı təsəvvür yaratmış
olarıq.
 
Şirindilin qədrşünaslığını, sələfləri və müəllimlərinə ehtiramını xüsusi
vurğulayardım. Ədəbiyyatımızda və elmimizdə böyük xidmətləri olmuş, hazırda
haqq dünyalarında uyuyan bir çox alimlərimizin elmi-ədəbi irsinin qorunub-
saxlanılmasında, onların təkrar nəşr edilərək gələcək nəsillərə çatdırılmasında
Şirindilin xidmətləri ölçüyəgəlməzdir. Görkəmli ədəbiyyatşünas-alimlərimiz Yaşar
Qarayevin, Azadə Rüstəmovanın, Tofiq Hacıyevin, Zakir Məmmədovun, Hüseyn
Kürdoğlunun, Ağa Laçınlının və adlarını çəkmədiyim neçə sələfimizin ədəbi irsinin
yenidən işıq üzü görməsində bu gün onun çəkdiyi zəhmət bir insanlıq örnəyidir.
Onun Səməd Vurğun, Nəbi Xəzri, Məmməd Cəfər, Mir Cəlal, İlyas Əfəndiyev,
Kamal Talıbzadə, Bəkir Nəbiyev, Hüseyn Arif, Tofiq Hacıyev, Qasım Qasımzadə,
Yaşar Qarayev, Məsud Əlioğlu, Elçin, Qəzənfər Paşayev və başqa sənət adamları,
müəllimləri barəsində yazdığı elmi-nəzəri portret-oçerklər öz dəyəri ilə fərqlənir,
həssas bir ürək sahibi olan Şirindilin elmi-ictimai statusunu müəyyənləşdirir.
 
Onun bu statusunu müəyyənləşdirən mühüm amillərdən biri də, ekran-efir
vasitəsilə ictimaiyyətlə qurduğu ünsiyyətdir. Vaxtaşırı televiziya kanallarında,
müxtəlif mətbuat orqanlarındakı ayrı-ayrı ədəbi şəxsiyyətlər haqqındakı çıxışları,
elmi-ədəbi irsimizin mühüm problemlərinə güzgü tutan açıqlamaları da alim
şəxsiyyətinin hərtərəfli açılmasında az əhəmiyyət daşımır.
 
Bütün bu elmi fəaliyyəti nəzərdən keçirərkən, son olaraq belə bir qənaətə
gəldim ki, elm uğrunda çalışmaq, yazıb-yaratmaq, filoloji aləmə səmimi xidmət
etmək istəyi ziyalı insanların iç dünyasından, mənəvi aləmindən
qaynaqlanır. Millətin döyünən qəlbi, cəmiyyətin düşünən beyni olan belə ziyalılar
həm də milli yaddaşın, milli ruhun daşıyıcısı kimi elm zirvəsinə ucalırlar. Nəcib
həyat amalı, xeyirxah məqsədləri ilə fəaliyyət göstərən bu şəxsiyyətlərin
yaradıcılıq ruhu həm də onların özünütəsdiq əzmindən irəli gəlir.
 
Yüksək yaradıcılıq duyumu ilə fərqlənmək qabiliyyətini isə ilk növbədə,
insanın kamillik səviyyəsi, şəxsi ləyaqət hissi, sağlam həyat tərzi dünyaya
gətirir. Bütün bunların vəhdətindən doğulan ən ali keyfiyyət aid olduğu şəxsi
ədəbi-elmi camənin şirininə çevirir.
 

Düşünürəm ki, dövrümüzün görkəmli, nüfuzlu söz adamlarının,
şəxsiyyətlərinin, qələm dostlarının  ayrı-ayrı məqamlarda Şirindil Alışanlı barəsində
fikirlərinin bir qismini xatırlatmaq yerinə düşər.
 
Xalq yazıçısı Anar: “Şirindillə çox illər bundan qabaq tanış olmuşam. Onun
zahiri görünüşü də, yaradıcılığı da dəyişməyərək qalmışdır. O, nəşriyyat direktoru,
alim kimi həmişə qaynar fəaliyyətdədir”.
 
Xalq yazıçısı Elçin: “Bu gün görkəmli ədəbiyyatşünas-alim kimi nüfuz
qazanmış Şirindil 70-ci illərin ikinci yarısında ədəbi prosesə gəlmişdir və mənim
üçün doğma olan tənqidçi-ədəbiyyatşünaslar nəslinin ən istedadlı
nümayəndələrindən biridir”.
 
Akademik Teymur Kərimli: “Şirindil Alışanlı dəyərli bir ədəbiyyatşünas
olmaqla yanaşı, həm də yüksək insani keyfiyyətlərə malik bir şəxsiyyətdir. Biz
Şirindil Alışanlı ilə artıq 42 ildir ki, yol gəlirik və tanıdığım gündən etibarən heç vaxt
onunla dost, həmkar olmaqdan peşman olmamışam”.
 
Akademiyanın müxbir üzvü Kamran Əliyev: “Şirindil Alışanlı gördüyü işləri
şişirtməyi, qabartmağı xoşlamır. Onun fəaliyyət dairəsi genişdir. Şirindilin ən
böyük nailiyyəti onun sadəliyi, saflığıdır”.
 
Professor Məhərrəm Qasımlı: “Şirindil Alışanlı ədəbi, elmi fəaliyyətində
müstəsna xidmətləri olan alimdir. “Sözün estetik yaddaşı” kitabı onun xarakteri,
həyat tərzi, ədəbi həyatı ilə yaxından səsləşir. O, konseptual düşünən, Azərbaycan
filoloji fikrində örnək olan alimlərdəndir”.
 
Mərhum tənqidçi-ədəbiyyatşünas Arif Əmrahoğlu: “Azərbaycan filoloji
fikrinin görkəmli nümayəndələrindən biri olan Şirindil Alışanlı müasir nəzəriyyəyə
dərindən bələd olan və bu sahədə ən son uğurları müntəzəm şəkildə mütaliə edən
və araşdırmalara tətbiq edən dəyərli ədəbiyyatşünas alimdir. O, ənənəvi filologiya
ilə müasir filologiyanın son uğurlarını əlaqələndirmək missiyasının
daşıyıcılarındandır”.
 
Akademiyanın müxbir üzvü Tehran Əlişanoğlu: “Şirindil Alışanlının
ədəbiyyatşünas mövqeyi on illərdir ki, elmi-ədəbi mühitə məlumdur, milli
ədəbiyyatşünaslığın pozitiv ənənələrinin tədricən unudulmasına qarşı həssas
münasibəti də mətbu çıxışlarından bəllidir. Onun qələmindən çıxmış sistemli
tədqiqat əsərləri ədəbiyyatşünaslıq elmimizin sabahına böyük inam doğurur”
 
Filologiya elmlər namizədi İlham Məmmədli: “Mənim fəxr elədiyim
müəllimim, ustadım professor Şirindil Alışanlı yüksək erudisiyalı ziyalı, dərin elmi

təhlil təfəkkürünə malik alim, vətəninin uğurlarını öz uğurları sayan, ağrılarını öz
ağrısı hesab edən vətəndaşdır”.
 
Mənə elə gəlir ki, bütün bu sadalanan keyfiyyətlər mənəvi saflığın Şirindil
düsturundan xəbər verir. Bu düsturu yaradan və bu düsturla yaşayan Şirindil
Alışanlını 65 yaşı münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, uzun ömür,
yeni uğurlar diləyirəm!

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest