QOŞMALAR – Murad Köhnəqala
Nazım AHMETLİ
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
QOŞMALAR
Məğrurluq eyləyib comərdəm deyən
Məğrurluq eyləyib comərdəm deyən,
Suyulub özgənin malına dəyməz.
Haramlar üstündə gələn səltənət,
Bir qara iyidin telinə dəyməz.
***
Qüdrətdən enibdi gözəlin xalı,
Tanrıya bəllolar aşiqin halı,
Sözü tutulmayan ərin saqqalı,
Çölün yovşanına, koluna dəyməz.
***
Köhnəqalam söylər köhnə söhbətdi,
Haqqın göndərdiyi cana minnətdi,
Yaxşı arvad, yaxşı övlad dövlətdi,
Hər yetən kişinin əlinə dəyməz.
Dost bağında bülbul oldum, çox ötdüm
Dost bağında bülbul oldum, çox ötdüm,
Hal anlamaz qonça güllər sağ olsun.
Eşqili baş sərxoş gəzib dolaşar,
Açıq kəmər, incə bellər sağ olsun.
***
Çox gəzmişəm bu dərdlərin damını,
Nuş etmişəm badəsini camını,
Mən görmədim şirinlərin tamını,
İndən belə acı dillər sağ olsun.
***
Köhnəqalam söylər köçdü köçənlər,
Altun irdələyib, gövhər seçənlər,
Arşınlayıb kəfənimi biçənlər,
Üstümə daş hörən qollar sağ olsun.
Ala gözlərini sevdiyim dilbər
Ala gözlərini sevdiyim dilbər,
Get-get deyən əlin əylədi məni.
İpək köynəyinlə qovğaya qalxan,
Bir cüt qonça gülün gülün əylədi məni.
***
Qürbətdən-qürbətə alıb köçürdüm,
Xınalı əllərdən badə içirdim,
Mənciyəz xəlvəti baxıb keçirdim,
Boğazında xalın əylədi məni.
***
Köhnəqalam söylər dərvişə bənzər,
Süzgün baxışların sərxoşa bənzər,
Qız, sənin yaşların on beşə bənzər,
Üzüldüm, bu halın əylədi məni.
Fələk məni bağa bağman eylədi
Fələk məni bağa bağman eylədi,
Soldurunca mənə yağı kəsildi .
Sərxoş oldum badə tutdum əlimdə,
Doldurunca mənə yağı kəsildi.
***
Fani dünya bir vəfasız yarıymış,
Qürbət eldə qərib gəzən zarıymış.
Qul başımda bu yazılar varıymış,
Bildirincə mənə yağı kəsildi.
***
Köhnəqalam oxum küsdü yayıma,
Daş asıldı qamətimə boyuma.
Minnət oldu haqdan gələn payıma,
Öldürüncə mənə yağı kəsildi.
Məni görməyənin xoş o halına
Məni görməyənin xoş o halına,
Düşmüşəm vəfalı yar axtarıram.
Bülbülü didərgin gülü talanmış,
Viranə bağlardan bar axtarıram.
***
Yıxılar körpülər uçular tağlar,
Yarından ayrılan ah çəkib ağlar.
Handadı yıxılmış o qarlı dağlar,
Düşüb alçaqlarda qar axtarıram.
***
Köhnəqalam gəlsin arif yoluna,
Aşiqlər buyursun sağı-soluna.
Haqq nəzər eyləsin çaşqın quluna,
Nədi bu fanidə var axtarıram?
Ömür sarayında pozuldu bağçam
Ömür sarayında pozuldu bağçam,
Perikdi bülbülü – gül yalın oldu.
Qurudu bulağı çəkildi çayı,
Hürküşdü sonası – göl yalın oldu.
***
Mənə dost-müsafir haqqı öyənlər,
Könül gəzdirənlər, xirqə geyənlər.
Badələr nuş edib yahu deyənlər,
Yox oldu yollardan – yol yalın oldu.
***
Köhnəqalam söylər gəlib çökdülər,
Axcasız balıq tək suya çəkdilər.
Sonunda cismimi ağa bükdülər,
Ayaq yalın oldu əl yalın oldu.
Bülbülü ötməsə dal-budağında
Bülbülü ötməsə dal-budağında
Bülbülü ötməsə dal-budağında,
Bağbansız bağçaya gül deyilərmi,
Yanı bəzirganlı karvan keçməsə?
***
Ceyran yaşayarmı düzə qaçmasa,
Tərlan dura bilməz göyə uçmasa.
Dəli iyidləri süfrə açmasa,
Qaralan damlara el deyilərmi?
***
Köhnəqalam söylər axtarma dərman,
Ölümə çarə yox, əcələ noqsan.
Əzrayıl çağırar əlində fərman,
Vaxtı çatmayana gəl deyilərmi?
Sabahdan əsəndə dağın yelləri
Sabahdan əsəndə dağın yelləri,
Titrədib bağları güldən oynadar.
Axşam sürü vaxtı mələşər quzu,
Qərib ürəyimi teldən oynadar.
***
Qarlı olar uca dağın başları,
Suyunda görünər əlvan daşları.
On beşində bir gözəlin qaşları,
Çəkib tər iyidi eldən oynadar.
***
Köhnəqalam söylər ər libasında,
Görükər gözünə yar libasında.
Şeytan qarşı gələr var libasında,
Tamahkar adamı yoldan oynadar.
Aman tanrım, duran karvan mənimdi
Aman tanrım, duran karvan mənimdi,
Karvankeçməz yol əlində qalmışam.
Qanlı bülbül ağlar mənim günümü,
Nə dilbilməz gül əlində qalmışam.
***
Dərd içində ağlayaram gülərəm,
Oturub da sapa mərcan dələrəm.
Haqq evindən bir xiridar dilərəm,
Satammıram ləl əlində qalmışam.
***
Köhnəqalam söylər bağladım vərəm,
Gəldim abdal kimi şallara girəm.
Quldan xəta gələr ağadan kərəm,
Gəl xətalı qul əlində qalmışam.
Ərənlər keçdiyi yollara düşdüm
Ərənlər keçdiyi yollara düşdüm,
Gəldi qənşərimə nökər xan mənim.
Qismətin sirrini bilə bilmədim,
Kəsdirdi üstümü ha dövran mənim.
***
Bülbül nədi gül dalına qonmuşam,
Aşiq nədi mətləbimi qanmışam.
Zərgər nədi dizim üstə yonmuşam,
Bu gümüş bu altun bu mərcan mənim.
***
Köhnəqalam başım gəzdi küllərdə,
Meylim quşu məskən saldı güllərdə.
Xəstə düşdüm qaldım qürbət ellərdə,
Adlamaz yanımdan bir löğman mənim.
Murad Köhnəqala