GenelGüncelKültür Sanat

QORXU  – hekayə

Nazim Əhmədli /Kırımın sesi qazetesinin Azərbaycan təmsilcisi

Orxan FİKRƏTOĞLU

              QORXU            

              hekayə                                                               

      Yolun ortasında  adam boyda  it oturmuşdu. Zəncirini sümük təki gəmirirdi.  Zəhmi  göydə buludları, yerdə küləyi basmışdı.  Yaşıl yulğunluğun  yarpaqları üstündə uçuşan   xallı  kəpənəklər də  qoxularından itə tərəf uçmurdular. Günortanın istisində hardansa yaxından səslənən gur  muğamat səsi iti lap qıcıqlandırırdı.  O,uzaq səsin yiyəsi hər dəfə xırıltılı radio dalğalarının  altından zəngülə vurduqda  it dişləri ilə qırdığı kiçik dəmir parçasını   daha böyük şiddətlə sağa sola dartışdırırdı.

     Bədənini silkələyən doğma qorxusunu tanıdı. Qorxusu onunla  bir doğulsa da ondan çox böyük idi. Uşaq vaxtı qorxusu da uşaq idi. Həmin o ,xam vaxtları   qorxusunun  başına oyun açardı. Yolun ortasında tərs keçi kimi dayanıb ora bura şütüyən maşınlardan qorxmazdı. Doqquz mərtəbəli binanın damına qalxıb,beton artırmadan  aşağı sallanardı. İllər ötdükcə qorxusu içində  böyüdü.  Yaşadığı ömür  uzaqdan “qorxmaz adam”  ömrü kimi görünürdü. Cavanlıqda qorxusunu üzə çıxmağa qoymamışdı. Dar dolaba yığılmış çirkli paltar kimi içinə dürtüb gizlətmişdi. Sonra İllər ötdü. Və bir gün bu “  dolabın ”rəfləri  ağırlığa dözməyib qırıldı.  Qorxusu bütün  çılpaqlığı ilə üzə çıxdı. Son günlər qorxusu   lap ağ eləmişdi. Gözlərindən neft fantanı  kimi çölə fışqırırdı. Dincliyi, rahatlığı yox idi. At üstündəymiş kimi dinc vaxtlarında belə harasa tələsirdi.  Yuxuya da tələsə tələsə gedirdi.  Ömrü qorxusunun  qaranlığı altında qalmışdı.Daha işləyə də bilmirdi. İnsanlardan da qorxurdu. 

    İt hindu kahininə bənzəyirdi. Yerindən tərpənmək fikri  yox idi.  Məğrur heykəl  təki başını dik tutub harasa uzaqlara baxırdı. 

   Evdən çıxanda arvadına demişdi ki dənizə çimməyə gedir.  Bir saata qayıdacaq.  Nədənsə  arvadına evə dönəcəyi vaxtı saatına qədər düz deyəndə çalışırdı geç qayıtsaın. Arvadı bu gecikmələrə məhəl qoymurdu. O, arvadı üçün maraqlı adam deyildi. Bunu özü də yaxşı bilirdi. Qazandığı pulu  qəpiyinə qədər arvadına verirdi.  Arvadı ona heç zaman ağır söz deməmişdi. Onunla birlikdə  “heç bir söz ” demədən  yaşamışdı. Köynəyini yumuşdu. Yeməyini bişirmişdi. Hamama salıb cimdirdmişdi.  Aralarında sevgi olmasa da, nifrət də yox idi.  Arvadı  uzun illər  divardan asılmış şəkil kimi idi. Gözünə dəyməyəndə hara yoxa çıxdığını soruşurdun.  Görəndə isə nə şəkli olduğunu anlaya bilmirdin. Son günlər arvadından da qorxurdu. İtdən qurtulub bağ evinə vaxtından tez dönsə arvadının lal baxışlaırndan utanacağdı.

   İtə sarı boylandı.Canavara oxşayırdı. Bəlkə canavardı?  Hər nə idisə mərd və qorxmazdı.  Heç zaman bu it qədər öz istəyinin yiyəsi ola bilməmişdi. Kiməsə baş üstə deyib yaşamışdı. Kiminsə iti olan bu it də,  ondan fərqli olaraq özü özünün ağasıydı.  Həyata qalib doğulmuşdu.  İtin quru buludlu göy üzündən,üstündə mərdi  mərdana dayandığı yoldan heç bir  asılılğı  yox idi. Heç kəsdən qorxmurdu. İstədiyini eləyirdi.  Yaltaqlıq nədi bilmirdi. Yalan danışmırdı.  Heç kimə hesabat vermək  fikrində də deyildi. O, ölümdən  də xəbərsiz idi.  Onun bu sərt  it həyatında ən qəddar hadisə nə zamansa  ölümü olacaqdı.  İt bunu bilmədiyindən  ölümündən də qoxmurdu.  Bu dəqiqə o üstündə  dayandığı yolun ağasıydı.  Və bu ağalığını əlindən vermək  fikri yox idi.

    Əyilib yerdən  daş götürdü.  İt həmin an duyuq düşdü. Daş təhlükəsinin  olduğunu  qan yaddaşı ilə anladı.

 Məğrurluğunu pozmadan  onu bir  rəqib kimi dişinə vurdu.  Sonra  it ağlıyla nəsə anlayıb  hürə hürə üstünə cumdu.

    Gözlərini yumub  qorxa qorxa  daşı itə sarı atdı. Daş itə dəymədi. Dəymədi nədir heç çatmadı da.  Daşdan çox torpaq kəsiyi olduğu üçün havada  ovulub yola töküldü.Bircə  anda ağzı qurqupu qurudu.  Qışqırığı ağzından deyil, burnunun  deşiklərindən çıxdı.  Geriyə qaçmaq istədi.Bacarmadı. Ayaqları qəfil  tutuldu. Qışqırığı  öskürəyə oxşadı. Dizləri qatlandı. Yerə çökdü. İt ona şatan kimi şalvarının balağından yapışdı.  Alacalanmış gözlərindən  yanağına doğru səsiszcə yaş axırdı. Hərdən hərdən ağlamağını vurğulayan   hıcqırığı  elə vahiməli səslənirdi ki, it bu  “şaraqqıltıya ”  beş altı addım kənara  hoppanırdı.  Sonra yenə hürə hürə üstünə cumub şalvarının balağını dartışdırırdı.

    Toxtayanda  itin başı üstə oturub  qalib gözləri ilə harasa uzaqlara baxdığını gördü.  Ayağa qalxıb ayaqlarını sürüyə sürüyə  geri dönəndə  belə it ona  tərəf baxmadı. Görünür itin gözündən  bir rəqib kimi birdəfəlik  düşmüşdü.

   Qapıdan içəri keçib ” it ağzından çıxmış ” şalvarını, parça tikə olmuş ayaqqabılarını evin arxasındakı qumluqda bacdırdı. Arvadı baxçadakı qızıl gülləri sulayırdı.  Onu görən təki hirslənib:-“ Bu nə sir sifətdir! Yekə kişisən o boyda vəzifə sahibisən.  Lümbələmlüt,  palçıq içində hardan gəlirsən belə? ”- dedi.

   Arvadına cavab vermədi.Dinməzcə qızıl gül tağlarının arasındakı   yaş torpağın üstünə oturdu. Arvadı ağzı deşikli  gül sulayan ilə gülləri suladığı  kimi onu da suladı.

   Güllərdən xoş ətir qoxusu gəlirdi.

    Hər dəfə sulandıqca bir barmaq böyüklüyündə  böyüyürdülər.

    Qəfil canını tanış qorxu bürüdü. Əvvəlcə güllərdən, sonra sudan  qorxdu.

     Qorxa – qorxa arvadının üzünə baxdı.

    Arvadı qorxduğunu anlayıb :-“ Dur get  paltar geyin. Soyuqlayarsan! ”-dedi.

    Evə keçdi.Yüngül yay köynəyini geyinəndə gözü pəncərədən  görünən gömgöy dənizə sataşdı.  Günəşli, gözəl bir yay günüydü. Sahildə xeyli adam vardı. Qayğısız,qorxusuz,  arın-arxayın dincəlirdilər.

   Arvadı otağa girib:-“Dənizdə çimə bildin ? ”-soruşdu.

   -“Hə çimdim ! ”-dedi.

Arvadı yenə:-“Su necəydi ?”-xəbər aldı.

    -“İstyidi”- dedi və hiss etdi ki  mədəsi qıcqırır. Ürəyi əsir. Dizləri taqətdən düşür. Və hardansa içinin lap dərinliyindən boğazına doğru qalxan qorxu  bədənini silkələyir.

   Özünü  ələ alıb:-“  Sənə dedim axı su istiydi. Niyə hər dəfə  məndən suyu   coruşursan ? Nə  istəyirsən məndən? ”- deyə qışqırdı  və qorxa qorxa çevrilib  arvadının üzünə baxdı. 

Arvadı onu eşitmirdi.  Pəncərədən həsrətlə dənizə tərəf baxırdı.   Və arvadının da  gözlərində yenicə cücərmiş  yamyaşıl,şirmayı kimi hamar əbədi qorxu vardı.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest