Genel

QONAQ

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

ƏLİ BƏY AZƏRİ

QONAQ

hekayə

May ayının ilk ongünlüyüydü. Cah-cəlallı bir yaz günüydü. Günəşin sarı-qızılı şəfəqləri hər yana nur səpələyirdi. Qızıloba yurdunun təbiəti kimi insanları da qayır-qayır qaynaşırdı. Bu mənzərəni səmadan seyr edən olsaydı, bircə adamın da dayanıb-durduğunu görməzdi, hamı qarışqa kimi hərəkətdə, işində-gücündəydi. 

Valeh atası Qəzənfər kişi ilə yonca biçirdi. Bu il yaz yağışının bolluğundan yoncanın ilk biçini on-on iki gün qabağa, mayın ilk günlərinə düşmüşdü. Axşamüstü yoncanı biçib qurtarmaqdaydılar ki, Qəzənfər kişi oğlunu evə göndərmək istədi. Valeh axıradək qalıb kömək edəcəyini bildirsə də atası razılaşmadı. 

-Sən get, bala. – dedi. – Mən oraqla qıraq-bıcağı da qaşıyım, kərənti girməyən yerləri də sivirim, sonra gələrəm. Heyifdi, qalmasın. Sən də get, bir havır kitablarına göz gəzdir. İki ay nədir ki, bir də gördün bir göz qırpımında gəlib keçdi… baxdın ki, səhər imtahandasan…

Valeh daha inadkarlıq göstərmədi, üst-başını səliqəyə salıb evə yollandı. 

Kəndə çatanda aralıqda bir neçə nəfərin bir yerə toplaşdığını gördü. Addımlarını yeyinlədib onlara yaxınlaşdı. Poçtalyon Səməndər idi, adamlar onun başına yığışmışdılar, qızğın söhbət gedirdi.

Səməndər qonşu kənddən idi, elə poçt şöbəsi də orda yerləşirdi. Bir poçt şöbəsi sovetliyin üç kəndinə xidmət göstərirdi. Səməndər həftədə bir dəfə Qızılobaya gəlir, bir dəfə də sovetliyin o biri kəndinə gedər, qəzet-jurnalları, məktubları, ayda bir dəfə də adamların təqaüdlərini çatdırardı. Səməndər Valehi aradan görən kimi əlini yellədi.

-Yaxın gəl. – dedi. – Sənə məktub gətirmişəm. 

Valeh həyəcanla Səməndərə yaxınlaşdı. Əl tutub görüşdülər. Səməndər bir quş qıvraqlığı ilə əl atıb boz meşin çantasından məktubu çıxardaraq Valehə uzatdı. Valeh dərhal alıb konvertin üstünə baxdı, məktub əsgərlik dostu Orxandan gəlmişdi. 

-Kimdəndi? – Həmkəndliləri soruşdular. 

Kəndə az-az məktub gələrdi. Odur ki, məktub hamını maraqlandırırdı. 

-Əsgərlik dostumdandı. – Valeh qısa cavab verib onlardan aralandı.

Valeh Orxanla Bakıda tanış olmuşdu. Onlar orta məktəbi bitirəndən sonra ikisi də bir instituta sənəd verib bir imtahan qrupuna düşmüşdülər. Bunların tanışlıq tarixçəsi də elə o tarixdən başlamışdı. İyirmi gün ərzində mehribanlıqları dostluğa çevrilmişdi. Tale ikisini də eyni sınağa çəkmişdi. Dörd imtahanın dördündən də qiymət alsalar da müsabiqədən keçib instituta qəbul ola bilmədilər, necə deyərlər, konkursa düşdülər. Hər ikisi Bakıda qalıb işləmək arzusunda olsa belə, valideynlərinin təkidi ilə kəndə qayıtmalı olmuşdular. “Nə olar, bu il keçə bilmədiniz, daha yaxşı hazırlaşıb gələn il qəbul olunarsınız. İnstitut qaçmır ki…” – Hər ikisinin valideynləri kənd adamlarının əksəriyyəti kimi eyni fikirdəydi. “Təki övladım gözümün qabağında olsun!”

Valehlə Orxan başqa-başqa rayonlarda yaşayırdılar. Biri dağ, digəri aran ərazisi hesab olunan rayonlararası məsafə, bəlkə də, yüz əlli kilometrdən bir az da çox olardı. Dostlar kəndlərinə qayıtdıqdan sonra bir-birləri ilə məktub vasitəsilə əlaqə saxlayır, Bakıda qalmadıqlarına heyfslənirdilər. 

İş elə gətirdi ki, hər ikisinin on səkkiz yaşı tamam olan kimi hərbi komissar çağırış vərəqi göndərdi. Çağırışın vaxtı çatan kimi möhlət vermədən hərbi xidmətə yolladı. Valideynləri çox çalışsalar da komissar gənclərə instuta qəbul olunmaq üçün daha bir şans vermədi. Xoş təsadüfdən onlar Biləcəri çağırış-toplanış məntəqəsində də qarşılaşdılar, ikisinin də adı bir komandaya yazılmışdı. Ukraynaya yola salınan qatarda da bir vaqonda yol getdilər. Karantinləri də, əsgərlikləri də bir yerdə keçdi. Onların dostluğu bu müddət ərzində daha da möhkəmləndi, mükəmməlləşdi, sarsılmaz qalaya çevrildi. 

Ay ötdü, il dolandı, əsgərlikləri başa çatdı. Dostlar hərbi xidmətdən qayıtdılar. Ayrılanda məktubla əlaqə saxlayacaqlarına söz verdilər. Bir də nəyin bahasına olursa, olsun, yayda Bakıya gedib instituta qəbul olunacaqlarını qərarlaşdırdılar. Əsgərlikdən ayrılarkən komandirlərindən xahiş edib yaxşı xasiyyətnamə, bir də ali məktəbə sənəd vermək üçün zəmanət də götürmüşdülər. Zəmanət instituta qəbul olunmaq üçün ən mükəmməl sənəd hesab olunurdu. Zəmanət kafi qiymətlərlə də instituta qəbul olunmağın qarantıydı. Daha heç bir konkurs-müsabiqə onların qarşısını kəsə bilməzdi. 

Valeh kəndə gələn kimi Orxana məktub yazıb yollamışdı. Cavabını gözləmədən on beş gündən sonra ikinci məktubunu da yazmışdı, birincinin çatıb-çatmadığından çox nigaran idi. Bu günlərdə üçüncü məktubu yazmağa hazırlaşırdı ki, poçtalyon onu qabaqladı. Valeh bilmədi ki, Orxan hansı məktubuna cavab yazıb. Ümumiyyətlə, onun məktublarını alıbmı? Evə qədər getməyə hövsələsi çatmadı, poçtalyondan beş addım aralanan kimi konverti açıb içindəki məktubu çıxartdı. Həyəcandan qəhərləndi, sanki uzun illər ayrı düşdüyü əziz-giramından xəbər gəlmişdi. 

Orxan yazırdı: “Əvvalə Bayat ellərindən sənə şanlı salamlar yollayıram, əziz dostum Valeh! Məktubunu aldım. Oxuyub şad oldum. Sənin də həmişə şad və xürrəm olub firavan yaşamağını qoca təbiətin varlığından arzu edirəm. Sevinirəm ki, sənin kimi bir dostum var. 

Orxan, məni qonaq dəvət edirsən. İnan ki, gəlməyə ürəyim uçunur, quş kimi qanad axtarıram ki, uçub gələm. Lakin vəziyyət elədir ki, mən sizə heç cürə gələ bilmərəm. Əsgərlikdən qayıdan kimi atam məni Pendir zavoduna işə düzəltdi, heç üç gün də dincəlməyə imkan vermədi. Hərbi komissarlığa qeydiyyata saldırmağa apardı, ordan da zavoda döndük. “Sahə müvəkkili danışıq edir”, deyib adımı işə yazdırdı. Bir gün sonra da “direktor sifariş edib ki, oğlun səhər işə çıxsın”, deyib zavoda apardı. Bir sözlə…

Yüz əlli manat maaşımdır. Siftə eləmişəm, birinci ayın maaşın almışam. Müdirimiz də əlaçıq adamdır, hərdən kefinin yaxşı vaxtı beş-on manat cibxərcliyi verir. Bir də həftədə bir dəfə üçkiloluq balonla çiyə verirlər, onu da mamam bazarda satır. Bir sözlə, işlərim yaxşıdır, bircə institut məsələsi müəmmalı qalır. Gələndən atam bir dəfə də olsun institutun adın tutmayıb. Belə getsə, atam məni oxumağa buraxmayacaq. Yaxşısı budur, sən imkan tap, bizə qonaq gəl, bəlkə ikimiz atamı yola gətirə bildik. 

Hələlik. Səbirsizliklə yolunu gözləyirəm. Xudafiz! Dostun Orxan. 28 aprel 1985-ci il”

Valeh həyətlərinə çatan kimi anası ilə qarşılaşdı. 

-Bəs atan necoldu?

-İndilərdə gələr.

-Bəs sən nə yaxşı tez gəldin? – Anası cavab gözləmədən əlavə etdi. – Əlindəki kağız nədir?

Valeh məktubdan söhbət açdı, ürəyindən keçənləri anasına bildirdi. 

-Ana, atama özün deyərsən. Birdən mən deyərəm, alınmaz, ortalığa inciklik düşər. O boyda əsgərlik dostum qonaq çağırır. Çox ləngimərəm, tez gedib Bayatlıya dəyib qayıdaram. 

-Elə deyirsən ki, elə bil Bayatlı dəyirmanın o tayıdı, bircə saata gedib dəyib qayıdacaqsan… –  Anası narazılığını bildirdi.

-Bircə saata olmasın, iki günə olsun, bir gün o tərəfə, bir gün də geriyə…

-Atana da yazığın gəlsin də, ay bala. Köməyi bircə sənsən. Gör nə boyda təsərrüfatı tək hərləyir. Mal, heyvan nobatına ayrı-ayrılıqda gedir, bağı, bostanı suvarır, otu biçir, yarpağı gülləyib qurudur, hələ hökumətin də işinə gedir…

-Demirəm ki, atama kömək etməyim…

-Heç olmasa, yoncanı yığışdırın, sonra get. Birdən yağış yağar, yonca qaralıb xarab olar, zəhmətiniz hədər gedər. Yazın bu vaxtları yaman yağış olur. Elə bil göyün gözündən muncuq tökülür. 

-Yaxşı da, ay ana, onu bilirəm. Bu gün biçdik, sabah çevirərəm, quruyar, birisi gün də bağlayıb gətirib yığarıq dama. Ta birisi gün də “Ya Allah” deyib düşərəm yola. Uzaqda deyillər ha…

-Uzaqda olmadıqlarını bilirəm, ancaq naqolay yerdədilər, gedib-gəlmək çətin olur. 

-Bir gün o tərəfə getsin, bir gün də bu tərəfə… Gedib gəlməyim uzağı iki gün çəkər. Orda bağlanıb qalası deyiləm ha…

Yoncanı yığışdıran günün ertəsi obaşdan Valeh yola çıxdı. Kənd avtobusu rayon mərkəzinə çox erkən gəlirdi ki, adamları başqa yerlərə gedən avtobuslara çatdıra bilsin. Ordan Bayat rayonuna birbaşa avtobus işləmədiyindən əvvəlcə Qaradizə rayonuna, ordan da Avşarabada yollanası oldu Valeh. Bayata gəlib çatanda gün batmaq üzrəydi. Orxanın yaşadığı Baharlı kəndinə avtobus işləmədiyini eşidəndə qanı lap qaraldı. Yaxşı ki, bazarın qabağından gec qalanları yığıb-aparan taksilərin getdiyini öyrəndi. Vaxt itirmədən soraqlaşıb bazarın qabağına gəldi. Taksi sonuncu adamını gözləyirmiş, Valeh oturan kimi Baharlıya yol aldı.  

25-30 evdən ibarət Baharlı kəndi Kürlə Araz çaylarını birləşdirən Qarabağ kanalının sol sahilində düzənlikdə yerləşirdi. Suyun bolluğundan kənd ərazisi yamyaşıl dona bürünmüşdü. Axşam düşməsinə baxmayaraq kənd Valehin xoşuna gəldi. Orxangilin evini elə onu gətirən taksi sürücüsü nişan verdi. Xəbərsiz gələn qonağı gülərüzlə qarşıladılar. 

-Orxan, bəs sənin belə bir dostun var, indiyənəcən bizə niyə deməmisən? – İntiqam kişi oğlunu məzəmətlədi. – Qonaq çağırmısan, gərək əvvəlcədən xəbər eliyəydin…

Orxan pərtliyini büruzə vermədi. 

-Gündüzdən gələcəyini bilsəydim, elə rayon mərkəzində qarşılayardım. Dağbəyinin kafesində hər gün quzu kəsilir, ordaca kabablıyardıq. – İntiqam kişi üyüdüb tökürdü. – Qonağın hesabına bizim də damağımıza kabab dəyərdi, ağzımız tama gələrdi. 

İntiqam kişi toyuq kəsdi, arvadı Səmayə tez-tələsik əl-ayaq edib onu hazırladı. Bir-iki saat keçər-keçməz süfrə hazır oldu, ailə süfrə başına toplaşdı. 

Orxanla Valehin yerini kəllayı otaqda saldılar. Dostlar gecə yarıyadək uzun-uzadı söhbətləşdilər, olub-keçənləri xatırladılar.

-İntiqam dayı sərt adama oxşayır, deyəsən… – Valeh hər ehtimala qarşı soruşdu. 

-Hə, son vaxtlar kişinin dəfi dönüb. Əvvəllər belə deyildi, indi ona nə olub, bilmirəm. Elə hey deyir, işlə, pul qazan. Sənin tayların evə xışma-xışma pul gətirir, sən də gözünü döyürsən. Qorxuram məni oxumağa da buraxmasın. 

-Bəlkə mən deyim?

-Yox, yox! İndi desək, acığı tutar. Anam bir-iki dəfə söhbət açmaq istəyib, atam ağzının üstünə vurub, “oxumaq nədi” deyib. “İndi dövran dəyişib. Oxumaq zamanı getdi. Oxuyub gəlib cırıq, yamaqlı şalvarda gəzəcəksə, mənə elə oxumaq lazım deyil. Qoy, getsin işləyib pul qazansın…”

Nə vaxt yuxuya getdiklərindən xəbərləri olmadı. 

Səhər tezdən İntiqam kişinin gur səsinə oyandılar. 

-Ay bala, cavan adam da bu vaxta qədər yatarmı? Gün günorta oldu axı…

Tələsik durub əl-üzlərini yudular. Anası ilə atası obaşdan qalxıb bütün işləri görmüşdülər. 

-Bizdə də belədi. – Valeh Orxana söylədi. – Mən yuxudan oyanana kimi anam inəkləri sağıb naxıra ötürür. Tövləni, qapı-bacanı süpürür. Samovarı qaynadıb süfrə hazırlayır. Atam heyvanları kənddən çıxardıb nobata qoşur.

Tələsik səhər yeməyini yeyib yola çıxdılar. İntiqam kişinin köhnə ağ rəngli “Jiquli”sində rayon mərkəzinə tərəf istiqamət götürdülər. Axşam gələndə Valeh fikir verməmişdi, yol çox kələ-kötür idi. Ya yük maşınları yolu bu günə salmışdılar, ya da yağan yağışlar…

Səmayə arvad qabaqda əyləşmişdi. Valehlə Orxan isə arxa oturacaqda yanaşı oturmuşdular. Yol boyu ancaq İntiqam kişi gur-gur guruldayırdı. Səmayə arvad da “hə”, “yox”la onun dediklərini təsdiqləyir, bir sözlə, yola verirdi. Orxanla Valeh imkan düşdükcə astadan pıçıldaşır, gah da him-cimlə bir-birini başa düşürdülər. 

Rayon mərkəzinə gəlib çatanda İntiqam kişi maşını əvvəlcə Pendir zavodunun qabağına sürdü. 

-Orxanın işi dövlət işidir, ona gecikmək olmaz. – dedi. 

Orxan Valehlə sağollaşıb düşmək istəyirdi ki, İntiqam kişi dilini sürüdü:

-Orxan, səhər-səhər siftə səndən… Maaşını da alıbsan… Bir dəfə də sənin əlinin bərəkətini sınayaq…

-Siftəni həmişə mən vermişəm, bu dəfə də özüm verəcəm. – Səmayə arvad ərinə deyindi. – Uşağı qonağın yanında utandırma. Bəlkə heç cibişdanına pul qoymayıb. 

-Sən narahat olma. Öz əvəzinə yenə də verərsən. Orxan day yekə kişidir. Gəlir-çıxarını bəri başdan bilsə, yaxşıdır. 

Orxan cibindən yaşıl üçmanatlıq çıxardıb sürücünün sağ böyründəki dördkünc qutunun üstünə qoydu. 

-Ay bərəkallah! – Atası razılığını bildirdi. – Bu oldu başqa məsələ…

İntiqam kişi maşını yol ilə sürməkdə davam etdi. Bir də bazarın qabağında saxladı. Valeh buraları tanımasa da bazarı tanımağa ehtiyac yoxdu. Səmayə arvad belinə bağladığı adyalın arasında eşələndi, eşələndi, bir göy beşlik çıxardıb sükanın qabağında bardaçokun üstünə şappıldatdı. Arvadın pulu şəst ilə şappıldatması Valehi çaşdırdı. 

-On ildir bazardayam, hələ də uyğunlaşa bilmirəm. Bir ay taksi sürməklə əsl bazar adamı olmusan. – Arvad bunu deyən kimi maşının qapısını çırpıb getdi. 

İntiqam kişinin heç vecinə də olmadı.

-İndi də gedək avtovağzala, səni yola salım, get. 

Ordan uzaqlaşdılar. İntiqam kişi nəsə dodaqaltı mızıldanırdı. “O çubuşun, bu toyuğun, daha nə qaldı, nə qaldı…” Gəlib avtovağzalın qabağına çatdılar. Valeh avtobusları görcək cəld əlini cibinə salıb bir göy beşlik çıxartdı və yavaşca bayaq Orxan pul qoyan qutunun üstünə qoydu. Bunu elə elədi ki, İntiqam kişi görməsin. İntiqam da İntiqam idi, dörd gözü vardı. 

-Boyy, heç yaxşı olmadı… – deyib etirazını bildirdi. – Sən pulunu götür, bala. Bizim yerin öz adəti var. Bizdə qonaqdan pul götürməzlər. 

Valeh özünü eşitməməzliyə vurub maşından aralandı, yavaş-yavaş avtobuslara tərəf getdi. Arxasınca gəlib gəlmədiyini öyrənmək üçün yerişini yavaşıtdı. Bu zaman İntiqam kişinin “Jiquli”si sürəti artırıb oradan uzaqlaşdı. 

Bu zaman Valehin qulaqlarında bir cingilti əmələ gəldi, atasının sözlərinin əks-sədası sürət götürən maşının təkərlərinin qıjıltısında əriyib yox olmaqdaydı. “İnsanlar müxtəlif cür olur. Bəziləri düşdükləri mühitə uyğun davranır, bəziləri də əhatələrində olan adamlara müvafiq hərəkət edirlər. Bəlkə heç getməyəsən? Gedib elə bir səhnə ilə rastlaşarsan ki, sənə çox pis təsir bağışlayar. Ömrünün sonunadək unuda bilməzsən!” Atası bunları demişdi Valehə. Vəssalam!

Avtobuslara çatıb dayandı. Padpreslərə yapışdırılmış trafaretlərə baxıb öyrənmək istəyirdi ki, görsün hansı avtobusla getmək lazımdır. Sükan arxasında oturan sürücülərin hamısı ona baxırdı. Qəfildən qulağına bir səs gəldi: “Qonaq!” Valeh elə bildi ki, bunu sürücülərin hamısı birdən səsləndirdi.                

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest