Qız təbəssümü

Hekayə
 
Elə bil bu otuz üç il bir göz qırpımında gəlib keçmişdi. Ürəyindən ötüb keçənlər
qızı çaşdırmışdı. Yeddi ildən sonra qırx olacaq. Qırxdan sonra…
 
Həyətin başından anasının səsi eşidildi.
 

  • Ay qız, hardasan?
     
    Qız anasının onu gördüyünü bilsə də cavab vermədi. Gözünü  beş-altı yerdən
    çat vermiş  güzgüyə zilləmişdi. Güzgü çiy kərpicdən tikilmiş evin eyvan 
    dirəyindən asılmışdı. Anasının dediyi kimi, bu güzgü Nikolayı taxtda görmüşdü.
     
    Axşamın alatoranında hava qaralmışdı, kəndin girəcəyindki yolla örüşdən
    qayıdan mal-qaranın, qoyun-quzunun səsi gəlirdi. Gündüzkü sükutun pozulduğuna
    baxmayaraq kəndin sakit həyatında darıxdırıcı bir ovqat vardı. Bu ovqat günlərlə
    qızın ürəyindən çəkilmir, ruhunu sıxırdı.
     
    Qız gözünü sınıq güzgüyə dikib, saçlarını da açıb sinəsinə tökmüşdü. Kəndin
    qənşərindəki dəmir yolunda ara-sıra görünən qatarlar güzgüdə əks olunurdu. Gecə-
    gündüz bu qatarlar hara dartınır görəsən? Hərdən bu darısqal  həyətdən çıxıb o
    qatarlara sarı qaçmaq, o qatarlarda hara isə, ağlının huşunun gətirmədiyi,
    tanımadığı lap uzaq yerlərə getmək istəyir. Təki bu sınıq güzgüdən səssiz-küysüz,
    işsiz-gücsüz bu həyatdan uzaq olsun, çox uzaq.
     
  • Ay qız,  hardasan? Şər qarışanda güzgüyə baxmazlar, gəl, toyuq-cücəni  hinə
    yığ. Əl-ayağın yığılan vaxtıdı.
     
    Qız öz aləmində idi. Anasının səsi elə bil dərin bir quyunun dibindən gəlir,
    güzgüyə toxunub cingilti ilə onun saçlarına dağılır, ordan da yerə tökülürdü. Qız
    güzgünün içində gördüyü kəndin dəmir yolundan gözünü çəkmirdi. Hə, görəsən
    yenəmi oradan qatar keçəcək? Kimlər gələcək bu qatarda? Bəlkə… Yox,  yəqin 
    daha o, gəlməz, deyirlər, çoxdan evlənib. Bəlkə hələ  uşaqları da var. Kim bilir,
     dünyanın o biri başında nələr olur? Əl boyda bir məktub nədi ki, onu da yazmır.
    Anasının dediyi kimi, indi daha heç  kimə inam qalmayıb, hamı dəyişib. Özü də
    insanları bu  dağılmış zəmanə dəyişdirdi. Çarxın dönsün fələk, rahatca oturmuşduq
    evimizin altında, bu nə oyundu, başımıza gəldi?

 
Güzgüdən ayrılıb anasına sarı getdi. Toyuq-cücəni hinə doldurub, evlərinin yan
tərəfindəki daxıla (onlar bu daxıla duş deyirdilər) keçdi, bir az əvvəl  odun qalayıb
yandırdığı «kalonkada» qızan suyu soyuqladı, paltarlarını soyunub bir tərəfə atdı,
suyu açıb  saçlarını islatdı, yuyub qurulayandan sonra çiyinlərini suyun altına
tutdu. Yarıqaranlıq daxılda işıq  olmadığından qız hərdən üşənən kimi olurdu. İsti
yay axşamlarında  ilıq su ilə oynamaq  xoşuna gəlirdi. Çiyinlərindən üzü aşağı incə
bədənini yalayıb axan ilıq su hələ əl dəyməmiş balaca məmələrinin arasından keçib
bədəninin aşağılarına doğru axırdı. Ovcunu məmələrinin alt hissəsinə  tutub  suyu
saxlamaq istəyirdi. Hələ dodaqları öpüş görməmiş, saçlarına kişi nəfəsi
dəyməmişdi. Hər dəfə  ilıq duşun altına girəndə bu yarıqaranlıq daxılda qəribə
hisslər keçirirdi. Sərin su çiyinlərini, kürəyini, incə belini, ağ-appaq baldırlarını
yalayıb üzüaşağı axır, ayaq barmaqlarının ucundan daxılın döşəməsindəki boruya
dolur, ordan da çöldəki arxa gedirdi. Hər dəfə də çiməndə  bədənini yalayıb keçən
bu ilıq su kişi əllərini, kişi nəfəsini xatırladır və bir az sonra isə uydurulmuş “əl və
nəfəs su” şəklində axıb gedirdi.
 
Qız həmişə Rusiyada işləməyə gedən cavanları qınayırdı. Ancaq  onlara yazığı
da gəlirdi. Neyləsin, cavan, boylu-buxunlu oğlanlar nə etməli, acından
ölməliydilərmi? Uzaq ellərə çörək dalınca  didərgin düşən cavanların taleyi onu
çox narahat edirdi. Nə isə, daha bu barədə fikirləşməyəcək!
 
Qız suyun altından çıxmaq istəmirdi. Yay axşamları sərin su ilə oynamaq onun
xoşuna gəlirdi. Birdən daxılın qapısına bərkidilmiş güzgüdə özünü gördü. İlahi,
necə də qəşəngdi, güzgüdən ona baxan qız. Özünə gülməyi tutdu. Ay ağılsız, o 
sənsən, axı.
Qızın bu kənddə heç rəfiqəsi də yoxuydu. Tay-tuşları hamısı ərə getmişdi.
Hərənin bir dəstə külfəti varıydı. Bəs o?  O, niyə getməyib. Kimi gözləyir. Yenə
güzgünün içindən görünən dəmir yolu gözünün qabağına gəldi. Yəqin ki bir gün o
qatar kimisə gətirəcək.
 
Çimib qurtardıqdan sonra nazik çit xalatını əyninə çəkib evə girdi. Anası
dəmlədiyi çaydan bir stəkan içib yerinə uzandı. Heç yuxusu da gəlmirdi. Yatağında
ilan kimi qıvrılır, bədənində gəzən həsrəti qovmağa çalışır, ancaq bacarmırdı. Həm
də bu sirli giziltinin, bədənində gəzən qərib həsrətin nə olduğunu yaxşı bilirdi.    
 
Gündüzlər ona məhrəm olmayan kişi tayfasının yad və acgöz baxışlarından
qaçmaq üçün evdən çölə çıxmır, bütün günü anası ilə həyətdə qurdalanırdı.
Axşamlar isə kənddə işıqlar yanmadığından televiziya verilişlərinə baxa bilmir, tez
yıxılıb yatırdı.  
 

Pəncərənin bir küncündən göy üzünün bir parçası görünürdü  və ona elə gəlirdi
ki, ulduzlar göy üzünə səpələnmiş buz parçalarıdır. Onların nə istiliyi, nə də 
soyuqluğu yer üzünə gəlib çatmır.
 
Çox vaxt yatağına girəndə yuxusu ərşə çəkilir və ona elə gəlirdi ki, uzandığı 
çarpayı  get-gedə  balacalaşır və dərin bir quyunun dibinə sallanır. Bədənindəki
gizilti ruhunu təlatümə gətirən həsrətə qarışır, boğazındakı qəhərdən yanağına axan
isti göz yaşları yastığını isladırdı. Ancaq neyləmək olar. Taleyi ilə barışmalıydı.
Qorxmazın onu atıb getməsi, artıq on üç ildən bəri ürəyinə düyün vuran ayrılıq, 
hələ qaytara bilmədiyi nişan üzüyü, hər şey,  hər kiçik detal belə varlığına
dərd–qəm kimi yazılır, amansız  taleyinin törəməsi olan tənhalığı ürəyini göynədir,
həyatda yarımadığını hiss elədikcə fələyin ona bağışladığı belə ağrılı taleyini
lənətləyir və əlacı hər yerdən üzüləndən sonra gücü gözlərindən tökdüyü yaşa
çatırdı. Adi vaxtlarda isə kənddə onu tanıyanlar belə qızın daxili dünyasını görə
bilmir, dərdlərindənsə bir  kimsənin xəbəri olmurdu.
 
Səhər tezdən durub evlərinin yanından keçən su arxının yanına getdi. Bu su
arxının üstündə bəlkə də hər gün dava düşürdü. Kimsə bağ-bağatını sulamaq üçün
suyu öz bağçasına döndərir, başqa birinə su çatmır, bir sözlə,  aləm qarışır bir-
birinə.
 
Qız arxın yanındakı balaca daşın üstündə əyləşib ayaqlarını suya sallamışdı.
Arxın suyu sakit olduğundan eyvanlarındakı dirəyə bərkidilmiş güzgünü
xatırladırdı. Qızın şəkli suya düşmüşdü. Qəribədi, arxın suyunda güzgüdəkindən də
gözəl görünürdü. Göydəki bulud layları da elə bil suyun altında idi. Və qız elə bil
göy üzündən bu arxa baxır və bu arxın su üzündən o yanda (əslində isə bu yanda)
özünü görürdü. Suyun içindəki qızın dodağında şirin bir təbəssüm alışıb yanırdı.
Suyun içindən qızın üzü  daha çox gənc görünürdü.
 
Şeytanın ağlına gəlməyənlər də onun ağlına gəlir. Birdən əksini su apardı, bəs
onda nə olacaq. Yox, su onu apara bilməz, axı o   real deyil. Reallıq burda arxın
yanındadı. O, əyləşib suya baxır, su da axırdı. Bir addımlığındakı söyüdlərin
budaqlarındakı uzun, nazik yarpaqlar xışıldayır, ara-sıra sərçələrin civiltisi
eşidilirdi.
 
Qız başını qaldırıb qarşı dağlara baxdı. Dağların başı üstündə bulud layları
durmuşdu. Bir az da qaralıb yerə doğru sallanaraq aşağı yamaclara kölgə salmışdı.
O bulud laylarının altındakı dağlardan o yana başqa dağlar başlayırdı və o
dağlardan o yana başlayan dağlarda bəlkə bir inni-cinni yoxuydu. Ancaq onu
bilirdi ki, əlləri çatmayan o dağlara gedən yollar bağlıdı. Bir zamanlar həmən
dağların ətəyindəki gözəl bir kənddə də onların ailəsi yaşayırdı və iki mərtəbəli

gözəl bir evləri də vardı. Kəndin yaşıl talasında da nənələrinin, babalarının
qəbirləri vardı. Ancaq o qəbirlərin indi salamat olub-olmadığını bilmirdi. On ildən
artıq bir vaxt keçdiyinə baxmayaraq, o yerlər cığır-cığır, tala–tala yadında
qalmışdı. Ordan ayrılanda iyirmi üç yaşı olardı. Qardaşı bu kənddə müəllim
işləyirdi, atası da vəfat eləmişdi. Nişanlısı Qorxmaz da çörək qazanmaq üçün
Rusiyaya getmişdi. İndi Rusiya uzaqda, çox uzaqlarda idi və onun nişanlısı da
həmən o uzaq Rusiyada, hansısa şəhərin bazarında çak-çukla məşğul olurdu. Yəqin
ki, orada bir “sarı saçı” da vardı.
 
Səhərin açılmasından bir neçə saat keçməsinə baxmayaraq, hələ bulud
laylarının arxasından boylanmaq istəyən günəş dağların sinəsində yatıb qalan boz
dumanı  qova bilməmişdi. Kəndin qızları bəzənib-düzənib dəmiryol stansiyasının
yanındakı kluba tərəf gedirdilər. Deyəsən, şəhərdən artistlər gəlmişdi. Dünən
danışırdılar ki, məşhur müğənnilər konsert verəcək. Bəlkə o da getsin? Yox, o,
getməyəcək! 
 
Həyətin girəcəyinə çatanda anasını gördü. Anası çaşqın halda:
 

  • Ay qız, harda itib-batmısan, kəndin qızları kluba getdi,
    sən də hələ suların yanında veyllənirsən, nə görmüsən bu sularda, suya, güzgüyə
    baxmaqdan axırda başına hava gələcək. Qızın dodaqları qaçdı üzünə yayılan xoş
    təbəssüm gözlərində güldü. Anasına heç nə demədi və yavaşca evə girib qapını
    örtdü. Bəlkə də anası düz deyirdi. Nə vaxta kimi bu arxın qırağında durub suya
    baxmaq olar.
     
    Atası anasını çox erkən on səkkiz yaşı olanda qaçırdıb. Anasının anası isə daha
    gənc olanda  on altı yaşında ərə                                                        
    gedib. Özününsə otuz üç yaşı var, hələ də güzgüdə dağlara, sulara baxır.
    Yaşadıqları kəndin dörd yanı düzənlikdi. Bir tərəfdən baxanda isə dağlar  görünür.
    Yayın cırhacırında da o dağların başından qar əskik olmur. Keçmişdə ağır xəstələr
    üçün o dağlardan qar gətirərmişlər. Bunu anasından eşitmişdi. Anasına da yerli
    camaat danışmışdı. İndi isə o dağlara getmək müşgüldü, lap istəyir bütün kənd
    xəstə düşə və hamı da qar istəyə. Çünki o dağlar artıq bizdə deyil. Bir də axı, indi
    zaman dəyişib. Lap ucqar kəndlərdə də qar istəyən xəstəyə soyuducudan buz
    verirlər, buz da ki, ya o yanlıq eləyir, ya da bu yanlıq. Bir də axı qarın nə dəxli
    var…
     
    Qızın fikirlərinin tarım çəkildiyi, ovqatının zəhrimar daddığı  bir məqamıydı və
    özünü darısqal bir yerdə, hava çatışmayan bir məkanda hiss eləyirdi. Onu beş on
    adam qovurmuş kimi nəfəsi tıncıxmışdı. Başında dəhşətli bir ağrı vardı. Göz
    qapaqlarının ağırlığından bədəni süstləşmişdi.  Eyvan dirəyindən asılan güzgü

gözünün qabağındaydı elə bil. Güzgüdən də ona sarı sanki üzündə qırışlar olan qarı
baxırdı. Qarının saçları ağarıb tökülmüşdü. Ağzında da bir dənə belə dişi də
yoxuydu.
 

  • Lənət şeytana! – qız öz-özünə danışır, kimi isə çağırırdı.
     
    Ancaq  çağırdığı anası deyildi. Kimi isə başqa bir adamı çağırırdı. Çağırdığı da
    ona səs vermirdi. Qız çağırdıqca səsi dərin quyunun dibindən əks səda verib
    qayıdır,  qulaqlarındakı uğultu evin tavanına dəyib döşəməyə səpələnirdi elə bil.
     
    Bir az sonra müxtəlif səslər bir-birinə qarışdı. Anasının, atasının, qardaşının
    səsləri və bir də bu kənddə tanımadığı başqa adamların səsləri. Deyəsən
    qonşularından da kiminsə səsi varıydı. Ancaq bu səsləri biri-birindən ayırd eləmək
    çox çətin idi. Bir azdansa, qız bu səslərin daha çoxaldığını, çığırtılarla əvəz
    olunduğunu hiss elədi. Elə bil bütün kənd onun başına yığılmışdı, hamı qışqırırdı.
    Deyəsən bir qadın ağlayırdı. Anasının səsinə oxşadı o qadının səsi. Qız bu evdən o
    yanları da görürdü. Bir az aralıda isə kəndin qənşərindən keçən dəmir yoluydu…
    Özü də hər gün  güzgüdən gördüyü dəmir yolu…
     
    Bütün qonşular onlarda idi. Qız huşunu itirib yıxılmışdı. Kəndin həkimi onu
    müayinə edib, nevrozdu, qorxulu bir şey yoxdu deyib getmişdi. Artıq qız da özünə
    gəlmişdi. Yanaqlarına qan  gəlmiş, özünün rəngi də qayıtmışdı. Dodaqlarında şirin
    bir təbəssüm vardı. Ancaq bu şirin təbəssümün içində daha çox kədər çalarları hiss
    olunurdu.         
                                                                
    Axşama az qalırdı. Artıq hamı dağılıb getmişdi, qız anası ilə qalmış,
    əməlli–başlı da özünə gəlmişdi. Hərdən onda belə hallar olurdu. Hələ köçkün
    düşməmişdən əvvəl ermənilərin atdığı  mərmidən qorxmuşdu. Durub həyətə çıxdı.
    Havanın isti olmasına baxmayaraq, nazik gödəkcəsini də əyninə aldı. Soyuducudan
    bir az soyuq su götürüb içdi. Ürəyinə sərinlik yayıldı.
     
    Uzaqdan qatarın taqqıltısı gəlirdi. Bu vaxtlar dəmir yolundan qatar keçmirdi.
    Qeyri-ixtiyari dirəkdən asılan güzgüyə yaxınlaşdı. Onların yaşadığı ev bir az
    yüksəklikdə olduğu üçün stansiyanın bir tərəfi  ovuc içi kimi görünürdü. Qız
    dəmiryolu stansiyasına həmişə güzgüdə baxırdı. Və deyəsən indi kəndin
    girəcəyindəki yolda nə isə olub. Elə bil hamı oraya sarı qaçırdı. Qatar dayanmışdı.
    Bir neçə adam qatarın güzgüdə görünən qapılarının birindən nəsə düşürdü. Qız
    diksinən kimi oldu. Düşürdülən şey                                                
    cənazəyə oxşayırdı. Kimdi görəsən,  o bədbəxt? Barmağını dişləməyə macal
    tapmamış anasının çığırtısını eşitdi.
     
  • Qorxmaz!!!                                                 
     
    Qız özünü itirdi. Çaşmış kimi əlləri  ilə dirəkdən asılan güzgünü döyəclədi,
    güzgü çilik–çilik olub yerə töküldü.
     
    Qız saçları dağılmış halda ayaqyalın həyətdən çıxdı. Dəmir yoluna sarı qaçırdı.
    Ayaqları tutulmuşdu, elə bil, heç yerə də dəymirdi. Uçurdu deyəsən. Bəs hara
    gedir, bu nədi, elə bil o uçur? Hə, bu da bulud layları. O, buludların arasıyla hara
    uçurdu görəsən? Dəmiryolu isə hələ uzaqdaydı. Lap uzaqda. Ancaq ona elə gəlirdi
    ki, bax indicə çatacaq. Çata da bilmirdi. Nəfəsi tıncıxmış, saçları da üzüaşağı
    sallanıb dartılırdı. Yanaqlarından üzü aşağı qan axırdı elə bil…
     
    Hə, bax çatır deyəsən. Heç qatar da yoxdu. Qatar gedib deyəsən. Hara getdi bu
    qatar? Bəs cənazəni kim apardı?
     
    Qonşular qızın qolundan tutub gətirəndə anası həyətin bir küncündə büzüşüb
    ağlayırdı. Birtəhər anasının yanına gəlib onu qucaqladı. Yanaqlarından yuvarlanıb
    axan isti göz yaşları bir az əvvəl dodaqlarına qonan təbəssümü əridib yox eləmişdi.
    Güzgü qırıntıları isə ətrafa səpələnmişdi. Günəşin yandırıcı şüaları isə güzgü
    qırıntılarına dəyib müxtəlif istiqamətlərə əks olunurdu.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest