QHT sədri: Paşinyan hakimiyyətinin davranışı Ermənistanın uğursuz dövlət olduğunu təsdiqləyir
Bakı, 22 sentyabr, Səadət Hakıyeva, AZƏRTAC
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Ermənistanın bəzi müsəlman ölkələri ilə əməkdaşlıq planlarına münasibət bildirərkən, onu uğursuz dövlət adlandırdı və qeyd etdi ki, bunun bir beynəlxalq adı da var – “Failed state”. Beynəlxalq hüquqa əsasən uğursuz dövlət konsepsiyasının bir neçə xüsusiyyəti var. Bu cür dövlətlərdə ümumi siyasi vəziyyətin qeyri-stabil olması, iqtisadi göstəricilərə əsasən kəskin iqtisadi tənəzzül, mərkəzi hökumətin əhaliyə keyfiyyətli dövlət xidmətləri göstərməməsi, ölkədə insan hüquqlarının pozulması halları, əraziyə nəzarət baxımından zəif rolu, geniş yayılmış korrupsiyanın mövcudluğu müşahidə olunur. Dövlətimizin başçısı müsahibəsində Ermənistanda iqtisadi vəziyyəti, bazarın məhdudluğunu, əhalinin azalmasını, hər hansı bir investisiya üçün cəlbedici olmamasını qeyd etdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli deyib.
QHT sədri bildirib ki, beynəlxalq hüquqda uğursuz dövlət doktrinasının elementlərini analiz edərkən qeyd etmək olar ki, Ermənistanın Azərbaycana qarşı bu cür destruktiv münasibəti, sülh danışıqlarına zərbə vuran təxribatçı hərəkətləri, bununla da regionda həyata keçirilən iqtisadi layihələrdən təcrid olunması onun uğursuz dövlət elan edilməsini qaçılmaz edib.
R.İskəndərli Ermənistanın müstəqilliyinin formal xarakter daşıdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, müstəqil dövləti səciyyələndirən atributların Ermənistanda mövcudluğu şübhə doğurur: “Mən əslində müstəqil dövlət dedikdə, onun rəmzi dövlət simvollarına (bayraq, gerb, himn və s.) malik olmasını nəzərdə tutmuram. Burada ən vacib müstəqillik faktoru heç kimdən asılı olmayan daxili və xarici siyasətin yürüdülməsidir. Müstəqil ölkəyə heç kim “forpost” demir. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Ermənistanın siyasətinin əsas qayəsi özlərini alçaltmaq, məzlum, yazıq xalq imici yaratmaqdır. Onlar ondan-bundan imtiyaz, ianə, qrant, kömək qoparmaqla məşğuldurlar. Prezident İlham Əliyev haqlı olaraq vurğuladı ki, sən necə müstəqil ölkəsən ki, özün qərar qəbul edə bilmirsən. Prezident bununla da Ermənistanda nə müstəqil daxili, nə də xarici siyasətin olmadığını bildirdi”.
QHT sədri diqqətə çatdırıb ki, hazırda Ermənistan hakimiyyəti əhalinin diqqətini iqtisadi, sosial və digər problemlərdən uzaqlaşdırmaqla məşğuldur. Bu cür davranış elə məhz uğursuz dövlətlərin davranışı üçün xarakterikdir.