Kültür Sanat

QƏDİM SÜJETLƏRİN MİFOLOGİYASI VƏ MÜASİR HƏYATIN MOZAİKASI

QƏDİM SÜJETLƏRİN MİFOLOGİYASI VƏ MÜASİR HƏYATIN MOZAİKASI

Lütviyyə Əsgərzadə
Lütviyyə Əsgərzadə
İnsan ətraf aləmlə vəhdədədir. Təbiətdə baş verən hadisələri duyur, qavrayır, yaddaş kitabxanasında saxlayır. Eyni zamanda, gördüklərinə, dərk etdiklərinə müəyyən münasibəti yaranır. İdrak prosesləri vasitəsilə ətraf aləmi öz beynində əks etdirən insan, hiss və emosiyaların köməyi və gücü ilə yeri və zamanı gəldikdə yaddaşında qoruyub saxladığı hadisələrə hisslərlə münasibətini bildirir. Çünki hisslər birbaşa insanın münasibəti, münasibət isə şüurla bağlı olan psixi faktdır. “Cisim və hadisələrə bəslənilən münasibətlərin beyində əks etdirilməsindən ibarət olan psixi fəaliyyət psixologiyada hiss və emosiya adı ilə ifadə edilir və hisslər insanın dərk etdiyi cisim və hadisələrə, başqa adamlara, həmçinin özünün rəftar və davranışına, fikir və arzusuna bəslədiyi münasibəti ifadə edən psixi prosesdir”.
Hisslər insanın idrak obyektinə bəslənən subyektiv münasibətlə bağlıdır. Yəni hisslər subyektiv xarakter daşıyır.  Ətrafdakı hadisələr, adamlar və cisim hisslərin obyektidir.  Hisslərin subyekti isə şəxsiyyətin özüdür. Cəmiyyət və təbiət hadisələrinə münasibət bildirmək istədikdə hisslər duyma, qavramaqla, şəxsiyyət isə özünün şüuraltında  toplanan düşüncələrini də hisslərə qarışdıraraq ifadə edir.

Çəmiyyət və təbiət hadisələri, ətraf aləmin gözəlliyi hər bir insanı, xüsusilə şair və yazıları, bəstəkar və rəssamları ruhlandırır. Şairlər hisslərini şeirlərə, yazıçılar yazdığı əsərlərə, rəssamlar isə rəsm əsərlərində əks etdirir. Yazıçı və şairin sözlərlər təsvir etdiyi hadisə, hiss[1] və duyğuları rəssam kağız, parça, karton, taxta və s. üzərində xətlər, hərəkətlər, rəng və tonlarla canlandırır.  Rəssam səthlərdə qələm və boya ilə sirli, sehrli təsvirlər yaradır.

Bizi əhatə edən ətraf aləmdə əsrarəngiz gözəlliklərlə yanaşı, müxtəlif rənglər var : ağ, qara, qırmızı, sarı, göy… Dünyanı rəngsiz təsəvvür etmək mümkün deyil. Bütövlükdə təbiətdə bütün rəngləri hər gün görürük. Göy mavi, Günəş qırmızı, sarı, Ay gümüşü, buludlar boz-qara, ulduzlar qırmızı, ağaçlar, otlar yaşıl, çiçəklər rənarəng və s. İnsanlar hələ qədim zamanlardan gördüklərini təsvir edib. Məsələn, Qobustan qayaüstü və Gəmiqaya rəsmləri…

Təbiət rəssamlar üçün ideal ilham qaynağıdır. Onların təsvir etdikləri təbiət təsvirləri gördükləri mənzərələr qədər əsrarəngizdir və bu əsrarəngiz əsərlər məzmun və xarakterindən asılı olaraq janrlara: mənzərə, natürmort (“cansız təbiət”), portret, süjetli əsərlər və s. ayrılır. Elə rəssamlar var adları çəkiləndə üslubları yada düşür. Məsələn, Səttar Bəhlulzadə” dedikdə ilk ağlımıza gələn onun doğma təbiətimizi tərənnüm edən, lirik, poetik mənzərələri,  Toğrul Nərimanbəyov dedikdə, yaradıcılığının simvoluna çevrilmiş nar, Tahir Salahov dedikdə, onun fərqliliyi ilə “rəngarəng və realist” əsərləri, Mikayıl Abdullayev deyəndə özünəməxsus yaradıcılıq dəst-xəttinə uyğun, zərif sənətkar duyğularının ifadəsi olan əsl sənət inciləri yada düşür. Qadın rəssamlarımızdan Qeysər Kaşıyeva (rəssamlıq təhsili almış ilk qadın rəssam), Reyhan Topçubaşova (qadın rəssamlar arasında ilk Əməkdar incəsənət xadimi, Azərbaycan qadın rəssamlarının əsərlərindən ibarət ilk sərginin təşkilatçısı),  Vəcihə Səmədova (ilk peşəkar qadın rəssam, boyakar), Maral Rəhmanzadə (peşəkar rəssamlıq təhsili görmüş ilk qadın rəssam, qrafika ustası) və s. Hər biri öz yolu, hər biri öz dəst-xətti ilə yaddaqalan rəssamlar. Rəssamları bir-birindən fərqləndirən özünəməxsusluq, fərdilikdir. Hər bir rəssamın öz hiss və düşüncələrini ifadə etməsi, rəng və mövzu seçimi özünəməxsusdur, fərdidir. Belə də olmalıdır. Axı sənətkar üslubunda öz daxili dünyasını əks etdirir. Fərdilik, özünəməxsusluq rəng və fantaziya calarlarının bədii təfəkkürünün təkrarsızlığından qaynaqlanır. Bu da yeni cərəyanların və üslubların yaranmasına səbəb olur. Hər bir rəssam üslubu ilə tanınır. Ziya Paşanın təbirincə desək: Üslubi bəyan, eyniylə  insanın özü, sənətkarın yoludur.  

Sənətkarın bütün dəyərləri: şəxsiyyəti, xarakteri, üslubu, düşüncələrində, düşüncələri isə üslubunda əks olunur. Üslub insanın öz düşüncələrinə, hisslərinə, xəyallarına, həyəcanına verdiyi formadır, hər hansı bir rəssamın sənətinə vurduğu möhürdür. Azərbaycan rəssamlıq sənətinə özünəməxsus üslubu ilə qədəm qoyan, əsərləri ilə hadisə yaradan rəssamlardan biri də, Azərbaycan Respublikasının Əməkdar Rəssamı (2009), Azərbaycan Rəssamlar İttifaqının üzvü, “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü (2013), Naxçıvan Rəssamlar Birliyinin sədri (2011), Millət vəkili Ülviyyə xanım Həmzəyevandır.

         Rəssamın çəkdiyi əsərləri üslubundan tanımaq o qədər də çətin deyil. Çünki Ülviyyə xanımın üslubu onun sənət yolu, eyni zamanda imzasıdır. Moderin dünyamızda bir rəssam kimi, Ülviyyə xanımın dəst – xətti çox kəskin seçilir. Bu dəst-xətt, yaddaşın, simvolların, mistikanın, simiotiklərin bolluğu ilə seçilir. Bu özünəməxsusluq təsadüfi deyil. Əbu Turxan yazır ki, “Bəzən biz yolu seçirik, bəzən də yol bizi”.

Dəsti-xəttini Ülviyyə xanım deyil, dəsti – xətti Ülviyyə xanımı seçib, – desək yanlış olmaq. Ulviyyə Həmzəyevanın dəsti-xəttinin formalaşmasında Nənələr və Ata faktoru önəmlidir. Rəssamlıq sənəti ona genetik olaraq keçib. Rəssam xanım  özü bunu belə anladır: “Həm Ata tərəfindən, həm Ana tərəfindən sənətlə ciddi məşğul olan ublar. Nənələrim gözəl xalçalar toxuyar, naxışlarını özləri vurar, ipliklərin rənglərini özləri seçərdi. Atam gözəl rəssam və dəmir üzərində döymə ilə məşğuldur. Deyərdim ki, bu sənət irsi olaraq mənim qanıma kodlaşdırılıbdır.” Bu irsi kodlaşmada Ata, Ana, Nənə amili, yəni genetika mühim rol oynayıb. Ülviyyə xanımın da vurğuladığı kimi, “Dəsti-xətti özü onu tapıb”. 

Uşaqlığından ailə mühitində sənətlə vəhdətdə böyüyən, dünyagörüşü sənətlə vəhdətdə formalaşan Ülviyyə xanımın tabloları da, sanki xalça kimi ilmə-ilmə toxunub. Bu tabloları dərk etmək üçün dəqiqələrlə baxmaq, hiss etmək lazımdır. Tablolardakı xalça ornamentlərinin bolluğu yaddaşında yaşatdıqlarının rənglərdə əks olunmasıdır. Çünki hər bir insanın yaddaşı, onun hard diski, hard-diski isə   onun ömürlük yol yoldaşıdır. Bu hard-diskdə xatirələrin də öz yeri var. Əgər Yaddaş keçmiş təəssüratların dərk edilməsidirsə, xatirə də öz növbəsində  düşüncədir.   Bizim   nə   isə  hiss  etməyimizin,  nəyi necə qavramağımızın  və   ya öyrənməyimizin düşüncəsidir. Yaddaş abstrakt təfəkkürlə qismən də şəkil vasitəsilə bağlıdır. Xatirə isə şəklin mühitə müəyyən dərəcədə  aid edilməsinin dərk olunmasıdır”.  Bəzən bizə elə gəlir ki, biz yaddaşımızın sahibiyik, əslində isə bizə ömürboyu sahiblik edən yaddaşımızdır. Buna əl yaddaşımızı, göz yaddaşımızı da əlavə edə bilərik. Yaddaşımızda yatdığımız xatirələr ömür yolumuzda əhəmiyyətlidir. 

Yaddaş mənbədir. Yaddaş insanın kitabxanasıdır. Bu kitabxananın kataloqunda xatirələr, əl yaddaşı, göz yaddaşı və s. çeşidlənib saxlanılır. İnsan hər an mənbə rolunu oynayan yaddaşa (hard-disk), “yaddaş kitabxanası”na  baş vurur, xüsusilə yaradıcı insanlar.  “Yaddaş  kitabxanası” baş vuran yaradıcı insanlar: şairlər, yazıçılar, musiqiçilər və rəssamlar əslində yaddaşdakı gizlinclərin, ideyaların şəklini inikas etdirirlər. Şairlər sözlərlə, musiqiçilər notlarla rəssamlar fırça ilə düşüncələrini ifadə edir. Sənət rənglərlə, sözlərlə, notlarla yaranır. Bütövlükdə sənətkarların yaradıcılığı ilk ideyadan başlayır və böyük yaradıcılıq ideya müstəvisində həyata keçir. Yaradıcı insan “özü üçün işıqlanan hansı isə bir ideyanı, fikir halında modeli qurur, öncə öz fikir dünyasını zənginləşdirir, sonra onun hansı materialdan və necə düzəldilməsi barədə düşünür”. İdeya gözəl və ilk yeni, orijinal bir ideya olduğunda böyük yaradıcılığın təməli olur. “Öz” mən, “mən” – mahiyyətdir. “Mən” – həm başlanğıc, həm də sondur.  Özünü bilən yaradıcı insanların yaradıcılığı heyrətamiz olur. Qədim yunan filosofu Sokratın qapısına “özünü dərk et”, – sözü yazılıbmış. Çünki özünü dərk edən insan kainatı və “O”nu da dərk edir. “Özünüdərkin iki yolu var. Biri dünyanı dərk etməkdən keçir ki, bu elm vasitəsilə dərkdir. O biri insanın özü ilə bilavasitə təması, öz iç dünyasına səyahət və ya için işıqlanmasıdır. Qərb fəlsəfəsində buna refleksiya deyilir. Lakin onun mahiyyətini açmaq istərkən çətinliklərlə üzləşirlər. Çünki mahiyyəti sezgi olan bir hadisəni məntiqlə, rasional düşüncə ilə anlamaq mümkün deyil.” Əbu Turxan fəlsəfəsində isə “iç dünyasına səyahət”in iki yola ayrılır: tədrici işıqlanma – nurlanma və bir də “qısa qapanma”. Fəlsəfə özünüdərklə dünyanı dərk arasında körpüdür. İnsanın ən böyük səyahəti öz daxili aləminə səyahətidir. Ülviyyə xanımın daxili aləminə səyahəti və bu səyahətlərin mahiyyəti əsərlərində əks olunur.  Deyirlər ki, “İnsan var dərya kimidir, baş vurdunsa, çıxmaq çətindir; insan var ki, divar kimidir, qarşında durur və heç nə görə bilmirsən; insan var ki, şüşə kimidir – dünyanı sənə göstərməyə çalışır; insan var ki, ayna kimidir, səni özünə göstərməyə çalışır”. İnsanlartın xarakter olaraq kateqoriyaya bölünməsi qəbulediləndir. Ülviyyə Həmzəyevanın özü və sənəti  ayna kimidir – dünyanı və insanın özünü-özünə göstərməyə çalışır.

Ülviyyə Həmzəyevanın Azərbaycan sənətinin qədim ənənələri ilə zəngin, dünya qədər sirli olan rəsm əsərləri xalçaları, miniatürləri, qədim petroglifləri, Qobustan, Gəmiqaya qayaüstü rəsm nümunələrini xatırladır. Tablolarında qədim Avesta süjetləri, zəngin rəmzi təsvir elementləri qarşılıqlı vəhdətdə  təzahür edir. Keçmişlə müasirliyin sintezi olan tablolarında əfsanə və nağılların fantastik personajları canlandırılır. Mənə elə gəlir ki, Ülviyyə xanımda hər şey ilk öncə yaddaşa söykənilərək yaranır. Sonra müəyyən fəlsəfi ideya yüklənir, insanlığın qədim zamanlarına səyahət olunur. Sonra fikir rənglərin dili ilə və folklor elementləri, simiotiklərlə ifadə olunur.

Xalq şairi Rəsul Rzanın “Rənglər” silsiləsi dünyanın hər üzünün rənglərinin obrazlı ifadəsi, “Uvertüra”sı rənglərin qamması olduğu kimi, Ülviyyə xanımın tablolarında ideya ruh, rənglər bədən kimidir. Könlündən keçən rənglərmi xatirələri oyadır, yoxsa hisslər, xatirələr, yaddaş rəngləri?

Rənglər könlümüzdən keçir,

İsti, sərin küləklər kimi.

Nəğmələr, sözlər, səslər

Qəlbimizə dolur

Müxtəlif rənglər kimi.

Rənglər xatirələr oyadır,

Duyğular oyadır.

Gördüyümüzdən artıq görmək istəməsək,

Hər rəng adicə boyadır.

Rənglər dünyasına hakim olan Ülviyyə Həmzəyevanın tablolarında rənglər, xatirələr, hisslər, yaddaş, fəlsəfi düşüncə və yaradıcılıq vəhdətdədir. Onun yaradıcılıq dünyası, təxəyyülü və rəssamlıq dünyagörüşü minilliklərdən süzülüb gələn, milli ənənələrimizin özəyini təşkil edən mifoloji və folklor təfəkkürünə, zəngin miniatür sənətinə tapınır. “Onun rəngarəng rəsmləri qədim süjetlərin mifologiyası və müasir həyatın mozaikası təəssüratı oyadır.”

Keçmişlə gələcək arasında körpü missiyasını yerinə yetirən rəssamın mistik qəhrəmanlarının çoxu əsatirlərdən, nağıllardan tanıdığımız qəhrəmanlardır. Tamaşaçı onun buta, simurq, xonça, səməni, alma detalları ilə zəngin olan “Həyat ağacı”, “Şuşada öpüş”, “Bəşəriyyətin beşiyi”, “Paralel həyat”, “Narahat ruhlar” tablolarına tamaşa edəndə adam sanki sirli dünyaya, “rənglərlə və nağıl elementləri ilə yazılmış nağıllar” aləminə səyahət edir. Rəssamın “Avesta”, “Bürclər”, “Mömünə Xatun”, “Mistik Misir”, “Fəsillər”, “Bəşəriyyət” əsərləri fikrimi ən çox məşqul edən və sevdiyim tablolardandr. Ülviyyə xanımın  yaddaş, dünyagörüş, fəlsəfi təfəkkürünün vəhdətindən yaranan tabloları keçmiş, bu gün və gələcəyə ünvanlanır. Tablolardakı fəlsəfi düşüncənin müəllifi, Ülviyyə xanımdır. Onun müəlliflik hüququ ilə qorunan “fəlsəfi əsərləri” düşündürücüdür. Rəssamın “Məkan və zaman”, “Bürclər” əsərləri milli ruhda yaradılmış fəlsəfi məzmunlu quramalarıdır“ (Carolyn Edlund).

Dəyərlər insandan başlanıb bütün dünyanı seyr edərək insana qayıtdığı kimi, Ülviyyə xanımın əsərlərinə tamaşa edəndə sanki adam dünyanı seyr edir, “Həyat ağaçı”nın altında dayanıb dərin düşüncələrə dalır, Xeyirlə Şərin savaşını izləyir, həyatın mahiyyətini dərk edir, rənglərin fəlsəfəsini açmağa, anlamağa çalışır, sülh, əmin-amanlıq hissləri, Xeyirə xidmət düşüncəsi ilə baş-başa qalan tamaşaçı Mövlananın “istəyirəm, özüm kimi dünyanı da bu dünyadan çıxarım”, – fikrinin labiritində çabalayıb durur. Bu labrintdən çıxmaq üçün düşüncənin gücü ilə böyük və uzun yol qət etməlisən. Bu yol fəlsəfənin yoludur. Ülviyyə xanımın yaradıcılığında qırmızı xətlə keçən fəlsəfənin yolu…

Dostoyevski deyirdi ki, “Dünyada baş verən hər bir şeyin mənə dəxli var.” Geniş anlamda dünyada baş verən hər bir şeyin yaradıcı adamlara, Əməkdar rəssam, Millət vəkili Ülviyyə Həmzəyevaya da dəxli var. Bəlkə də onun əsərlərinin çoxunun sujetli olması, bu fikrə bağlıdır. İlk öncə süjeti quran rəssam, çoxsaylı detallar (ağac, göz, səməni, alma,  əjdaha, ilan və s.) və ona uyğun olaraq aldığı rəng effektləri vasitəsilə ilə prosesi inkişaf etdirir. Onun süjetləri zəngin və əhatəli, eyni zamanda dünyada baş verənlərin və özünün düşüncələrinin inikasıdır.

Ülviyyə xanım, daha çox mifoloji mövzular və motivlər üzərində və tünd rəng çaları ilə işləməyi sevir. Əsərlərində bol-bol istifadə etdiyi  detallar, əsatirdən gələn div, ilan, balıq, Simruq rəmzləri təsadüfi deyil, məna yüklüdür. Rəsmlərdəki detallar: fiqurlar və ya elementlər  müəllifin fikrinin açılmasına xidmət edir. Bütövlükdə, Ülviyyə xanımın tabloları onun düşüncələri, istəkləridir. O, bu istəkləri “göydən gələn səs” və “mistik dillə” – simvollar, fraqmentlər, nümunələr, semiotika və rənglərlə insanlara çatdırır.  

Əməkdar rəssam, Naxçıvan Rəssamlar Birliyinin sədri, Millət vəkili Ülviyyə Həmzəyeva bu yaxınlarda, Azərbaycan Milli İncəsənət Muzeyində “Çağırış – zaman və məkan boşluğunda itmiş simvollar” adlı qrafika sərgisi ilə bizi sevindirdi. Sərgidə sərgilənən və uzun zaman təsirindən çıxa bilmədiyim  tablolar 44 günlük Vətən müharibəsindəki şanlı Qələbə, Qərbi Azərbaycanın tarixi-mədəni irsi, COVİD-19 pandemiyasının təsviri “yuxu və gerçəkliyin bir arada, fasiləsiz vizual axın” kimidir.  Ülviyyə xanımın sərgisinin adı, “Çağırış – zaman və məkan boşluğunda itmiş simvollar” sərgilənən əsərlərinin ideyasını özündə əks etdirir. Müəllif, “zaman və məkan boşluğunda itmiş simvollar”la çağırış edir.

Bütövlükdə, Ülviyyə xanımın milli ruhumuz, milli kimliyimizin tarixi, etnososial psixologiyamızdan yoğrulan tablolarının əksəriyyəti, qaynağını uzaq keşmişdən, mifologiyadan, folklordan alır.   Yaddaşın, düşüncə və intellektual qavrayışın, dərin fəlsəfi mühakimənin vəhdətindən yoğrulmuş bu tablolar tarixin qalın qatlarında gizlənən və unudulan keçmişimizi, bütövlükdə, millətin ruhunu, gen yaddaşımızı keçmişdən gələcəyə daşıyır. Çünki gələcəyimiz keşmişdən, keçmişimiz isə gələcəkdən aslıdır.

Bu günə (keçmişi unutmamaq şərti ilə) “simmetrik baxımla gələcəyin qəribə görümünü duymağı” bacarmaq lazımdır” (Teyyar de Şarden). Çünki,  “hazırkı–keçmişin nəticəsidir.” “Nəzərini keçmişdən ayırmadan, özünü böyük səhvlərdən qoruya bilərsən” (Kozma Prutov). Qədim Romada quşların uçuşuna əsasən, gələcəkdən xəbər verən kahinlər avqurlar varmış. Bu ifadə zəmanəmizədək gəlib çatmışdır: Augurar futura braeterits–keçmişə görə gələcəyi görmək” ( S.S.Yudin). Bütün bunlar səbəbsiz ola bilməz. Keçmiş-bitmiş zaman (Past Perfest Tense) həm də gələcəkdir.

Ülviyyə Həmzəyeva sənəti yeni, yeni olduğu qədər milli, milli olduğu qədər fəlsəfi və bunların vəhdətində heyrətamizdir. Ən əsası, Ülviyyə Həmzəyevanın yaradıcılığında “keçmiş-bitmiş zaman, həm də gələcəkdir.”

Sonda bir fikri də qeyd etmək istəyirəm, “Çağırış – zaman və məkan boşluğunda itmiş simvollar” adlı qrafik əsərlərindən ibarət sərgini izlədikcə,  Ülviyyə xanımın dünyaya hər kəsin baxmadığı istiqamətdən baxdığı fikrinə bir daha inandım. Bu dünyaya baş vurmaq üçün rəssamın ruhuna aşina olmaq, “mistik dilini” bilmək mütləqdir. Əziz və hörmətli Millət vəkilimizi, Ülviyyə xanım Həmzəyevanı qarşıdan gələn Novruz bayramı və doğum günü münasibəti ilə təbrik edir, sonsuz müvəffəqiyyətlər diləyirəm

QƏDİM SÜJETLƏRİN MİFOLOGİYASI VƏ MÜASİR HƏYATIN MOZAİKASI
QƏDİM SÜJETLƏRİN MİFOLOGİYASI VƏ MÜASİR HƏYATIN MOZAİKASI azerbaycan

[1] Duyğu – elementar psixi dərk etmə prosesi olub predmetlərin və hadisələrin ayrıca keyfiyyətlərini, həmçinin insanın öz orqanizminin vəziyyətinin beyində əksolunması və ya inikasıdır. Duyğu psixi əksolunmanın ən sadə formasıdır. Duyğuda psixikanın dərk etmə, emosional və tənzimləyici funksiyaları özünü büruzə verir.

Ülviyye Hamzayeva
Ülviyye Hamzayeva
QƏDİM SÜJETLƏRİN MİFOLOGİYASI VƏ MÜASİR HƏYATIN MOZAİKASI azerbaycan
QƏDİM SÜJETLƏRİN MİFOLOGİYASI VƏ MÜASİR HƏYATIN MOZAİKASI azerbaycan
Lutviyye Asgerzade
Lutviyye Asgerzade
Ülviyyə Həmzəyeva (Ulviyya Hamzayeva)
Ulviyya Hamzayeva

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest