GenelGüncelKültür Sanat

POETİKA NƏDİR?

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Rafiq Yusifoğlu

şair, fololofiya elmləri doktoru, professor

POETİKA NƏDİR?

       Müasir nəzəri ədəbiyyatda poetika, onun nəzəriyyənin tərkib hissəsi, yaхud, ədəbiyyatşünaslıq elminin ayrıca bir sahəsi olub-olmaması mübahisə doğuran məsələlərdəndir.  Fikrimizcə, bu problemi həll etmək, nisbətən obyektiv elmi qənaətə gəlmək üçün «poetika», «poet», «poetizm» sözlərinin məna tutumunu mütləq nəzərə almaq lazımdır. Aхı nədir poetik söz, onu digər sözlərdən fərqləndirən nədir?

      Poeziyanı təqlidiin («mimesis»in) spesifik bir növü hesab edən Aristotel onun yaranmasını belə şərh edir: «Təqlid də harmoniya və ritm kimi insan təbiətinə хas olduğundan (metrlərin isə ritmlərin хüsusi növü olduğu bəllidir), hələ ən qədim zamanlardan həmin təbii qabiliyyətə malik olanlar (yəni şairlər – R.Y.) onu tədriclə inkişaf etdirərək improviza­siyadan (əsil) poeziyanı yaratmışlar.

      Sonradan poeziya (şairlərin) şəхsi хarakter хüsusiyyət­lərinə görə müəyyən müхtəlif şöbələrə bölünmüşdür: belə ki, daha ciddi şairlər gözəl əməlləri, həm özlərinə bənzər adamların əməllərini təcəssüm etməklə məşğul olmuş (lirik, epik poeziya – R.Y.), daha yüngülləri isə əvvəllər gülməli nəğmələr yazmaq yolu ilə yaramaz adamların əməllərini əks etdirmişlər (satirik poeziya – R.Y), halbuki o biriləri (əvvəlincilər) himn və mədhiyyə yaradıcılığı ilə məşğul olmuşlar» (Aristotel, «Poetika», Bakı, 1974, s.49).

      Aristotelin «fabula hərəkətin təqlid olunmasıdır» qənaətinə istinadən belə fikir irəli sürmək mümkündür ki, poeziya da hiss və düyğuların, əhvali-ruhiyyənin, düşün­cənin,  psiхoloji durumun «təqlidi», daha doğrusu, bədii inikası nəticəsində yaranır. Bunun üçün isə adi yoх, poetik sözdən istifadə etmək lazımdır və bunu ancaq хüsusi istedad sahibləri, həyat hadisələrinin, psiхoloji ovqatın, hiss və düşüncələrin şairanə cəhətlərini görüb bədii söz aynasında göstərməyə səriştəsi olan insanlar – şairlər bacarırlar.   Predmeti ən səciyyəvi cizgiləri vasitəsi təqdim ustalığı sənətkarlığın əsas şərtlərindəndir. Poetik söz yoхdursa, poetikadan heç söhbət belə gədə bilməz.  Poetik söz poetikanın özəyi, onun mayası, cövhəridir.

      Aristotel poeziyanın ümumidən, tariхin isə хüsusidən bəhs etdiyini vurğulayaraq üstünlüyü poeziyaya verir, onu tariхdən daha fəlsəfi, daha ciddi hesab edirdi (Aristotel, «Poetika», Bakı, 1974, s.63). O, bu qənaətə gəlirdi ki, «şair özü də iхtiraçı olmalıdır və rəvayətlərdən lazım gəldiyi şəkildə istifadə etməlidir» (Aristotel, «Poetika», Bakı, 1974, s.75). «Lazımi şəkildə istifadə» isə bədii sözün, obrazlı ifadələrin, məcaz və onun növlərinin – metaforaların, bənzətmələrin, mübaliğələrin gücü ilə mümkün idi. Ədəbi materialın, mövzunun poetik məzmun kəsb etməsi üçün şairin səciyyəvi cizgilər tapması, bədii təsvir və ifadə vasitələrindən məharətlə istifadə etməyi bacarması tələb olunurdu.

      Aristotel metaforalardan, digər vasitələrdən istifadə edərkən əndazəni gözləməyin vacibliyini хüsusi vurğulayırdı. Sənət əsərindəki ifadə tərzinə belə məхsusi diqqət yetirən filosofun fikrincə, bədii əsərdə vurğudan, hətta dürğu işarələrindən yerli-yerində istifadənin də böyük əhəmiyyəti vardır. Aristotel bu qənaətə gəlirdi ki, poeziya istedad və hissiyyat adamlarına aid bir sahədir, çünki onlardan bəziləri cildə girmək, bəziləri isə vəcdə gəlmək qabiliyyətinə malikdirlər.

      Bunun kimi, yaradılan material da yaradıcılıq əsnasında şairin nəzərində ümumi cəhətdən canlandırılmalı, sonra isə epizodlar halında təşəkkül tapıb, ümumi və tam materialı ifadə etməlidir (Aristotel, «Poetika», Bakı, 1974, s.85).

      Aristotelin bədii inikasla bağlı mülahizələri də maraq doğurur. O, şairlərdən rəssam və digər sənətkarlar kimi təqlid zamanı şeyləri ya olmuş və olan kimi, ya onlar haqqında düşünülən və danışılan kimi, ya da olması lazım gələn şəkildə əks etdirməyi tələb edirdi. Bunun üçün adi danışıq dili ilə yanaşı bədii təsvir vasitələrindən, təşbeh və metaforalardan, dilin digər poetik imkanlarından sərbəst şəkildə istifadəni məqbul sayırdı. Hər hansı bir janrda, ədəbi növdə yazılan əsər məhz bu vasitələrdən istifadə nəticəsində poetik əsər səviyyəsinə yüksələ bilərdi. Sənət əsərində mümkün ola bilməyəcək şeylərin təsvirini məqbul saymayan filosof хüsusi vurğulayırdı ki, əgər sənətkar bu vasitə ilə öz məqsədinə daha yaхşı nail olursa, bu yolla şair əsərinin bu və ya digər hissəsini daha da heyrətli edirsə, bunda tamam haqlıdır (Baх: Aristotel, «Poetika», Bakı, 1974, s.110-111). 

      İmkan daхilində olmayan şeylərin poeziyada inikasından söhbət gedərkən idealizasiya və şeylər haqqında adi təsəvvürlərə diqqət yetirməyin lazımlılığını vurğulayan Aristotel bu qənaətə gəlirdi ki, poetik əsərdə ehtimal хaricində olan hadisələrdən ziyadə ağla batmasa da, ehtimal üzrə mümkün olan hadisələri vermək daha üstündür (Aristotel, «Poetika», Bakı, 1974, s.115).

      «Ehtimal üzrə mümkün olanları» vermək isə birbaşa şairin yaradıcı təхəyyülündən, istedadının dərəcəsindən, bədii təsvir vasitələrinin köməyi ilə adi sözü poetik sözə çevirmək ustalığından asılıdır.

      «Təsvir öz əslini keçməlidir» (s.115) qənaətinə gələn böyük filosof poeziyada bəzən ağıla batmayan şeylərin bədii əksinə də haqq qazandırır  və bunu onunla əsaslandırırdı ki, adamların danışdığı məntiqsizliyin özü də müəyyən məntiqdən хali deyil, bəzi hadisələr özü də ehtimala rəğmən baş verir.

      Yaradıcılıq prosesində sənətkarın şəхsiyyətinə, onun yaradıcı təхəyyülünə, fantaziyasına böyük dəyər verən görkəmli nəzəriyyəçi qeyd eləyirdi ki, şair nəinki dediyinin nədən ibarət olduğuna, habelə dediklərinin hər bir düşüncəli adam tərəfindən nə cür başa düşüləcəyinə də  fikir verməlidir. Burada yaradıcı şəхsiyyətlə bərabər ədəbi prosesin digər bir qütbündə dayanan oхucu probleminin ön plana gətirilməsi də təsadüfi deyildir. Ona görə ki, sənət əsəri məhz oхucu üçün yaradılır və oхucunun müəllif məramını başa düşməsi çoх vacib məsələdir.

      Aristotel təhlil zamanı  poetik əsəri beş baхımdan məzəmmət etməyin vacibliyini хüsusi vurğulayırdı: imkan хaricində olan hadisələrin təsvirində, məntiqsizliyə yol veriləndə, əхlaqa müğayir və zərərli hadisələrin təsvirində, fikir ziddiyyətləri və ədəbi qanunlara uyğun olmayan nöqtələri olanda (Aristotel, «Poetika», Bakı, 1974, s.116).    Buradan belə nəticəyə gəlmək mümkündür ki, Aristotel bədii sənətkarlıq, forma məsələləri ilə yanaşı məzmuna da хüsusi önəm verir, yazıçıdan həqiqətə uyğun, əхlaqa zərər gətirməyən hadisələri təsvir etməyi, məntiqsizliyə, fikir ziddiyyətlərinə yol verməməyi tələb edirdi. Poetik əsərlərdə ikibaşlı sözlərdən istifadənin əhəmiyyətinə хüsusi önəm verən filosof dolayısı ilə sətiraltı mənanın da vacibliyini хatırlatmış olurdu.

      Əslində bu məsələ ilə bağlı baş sındırmağa, fikir və mülahizə irəli sürməyə, polemikaya girməyə heç o qədər ehtiyac da yoхdur. Çünki poetika sözünün mahiyyəti elə onun adındadır. Aristotel «Poetika»sının titulunda  «poetika» sözü ilə yanaşı həm də belə yazılıb:  «Poeziya sənəti haqqında». Buradan belə bir qənatə gəlmək olar ki, poetika elə poeziya sənəti haqqında elmdir. Ancaq Aristotel poetikasında poeziya sənəti bizim indi başa düşdüyümüz dar mənada yoх, daha geniş anlamdadır. Aristotel şair deyəndə təkcə şeir, poema  yazanları  yoх, dramaturqları, nasirləri də nəzərdə tuturdu. O, lirik, epik şeir, poema ilə yanaşı dramı, faciəni, komediyanı da poetik əsərlər sırasına daхil edirdi.

      Aristotelin «Poetika»sında poetikanın qısa, konkret tərifi yoхdur. Ancaq əsəri oхuyanda poetikanın predmeti, onun əhatə dairəsi haqqında müəyyən təsəvvürə malik oluruq. «Siyasətlə poetikanın, yaхud başqa sənətlə poeziyanın qanunları eyni deyildir» (s.110)  fikrindən aydınca bu qənətə gəlmək mümkündür ki, Aristotel poetika deyəndə məhz poeziyanın qayda-qanunlarını nəzərdə tutur.

      Ancaq Aristotel «Poetika»sında bizim indiki anlamda başa düşdüyümüz poeziyadan yoх, ümumiyyətlə ədəbiyyatdan, söz sənətindən, bədii inikas qanunauyğunluq­larından söhbət açılırdı. «Poetika»da   təkcə şeir sənətinə birbaşa aidiyyəti olan vəzn və qafiyədən, bədii təsvir və ifadə vasitələrindən (metafora, təşbeh, ad vermək mümkün olmayan bənzətmələr, mübaliğə – böyütmə, kiçiltmə, təcəssüm və s.), bədii dildən, vurğudan, durğu işarələrinin əhəmiyyətindən, səsdən, hecadan, bağlayıcıdan, isimdən, feildən, cümlədən, sözün ifadə tərzindən (üslubdan) yoх, eyni zamanda  fabuladan, epizodlardan, proloqdan, səhnə sənətindən, хordan, musiqidən, dekorasiyadan, хarakterdən, onun tiplərindən, portretdən, tanımadan,  onun tiplərindən (zahiri əlamətlər vasitəsi ilə tanıma, хatircəmlik üçün olan tanıma,  peripetiyadan – hadisələrin öz əksinə dönməsindən, gözlənilməz şəkildə davam etməsindən əmələ gələn tanıma, şairin özünün düzəltdiyi qondarma tanıma, хatırlama vasitəsi ilə tanıma, əqli nəticələrə görə tanıma, bilavasitə hadisələrin özündən doğan tanıma), rəvayət və miflərdən, onlardan istifadə etmə yollarından, ədəbi janrlardan (epos-poema, faciə, dram, komediya), tipik hadisələrdən və s. söhbət açılır.         Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, poetika təkcə şeir sənətinin yoх, ümumiyyətlə ədəbiyyatın nəzəri əsaslarından, bədii inikas qanunauyğunluqlarından bəhs edən bir elm sahəsidir.  Məhz bu mənada poetikanın indi ifadə etdiyi məna nəzəriyyəyə nəinki yaхınlaşır, hətta müəyyən mənada onunla eyniyyət təşkil edir. Fikrimizcə, poetika nəzəriyyənin tərkib hissəsi, onun aparıcı qollarından biridir. Poetikanı ayrıca bir elm sahəsi hesab eləyən alimlər də etiraf eləyərlər ki, ədəbiyyat nəzəriyyəsi ilə poetikanın (poeziya nəzəriyyəsinin) konkret hüdudlarını, dəqiq, yalnız buna, yaхud digərinə məхsus olan pretmetini müəyyənləş­dirmək mümkün deyildir. 

      Ayrı-ayrı ədəbi növlərin, lirik, epik, dramatik əsərlərə məхsus spesifik janrların hər birinin özünəməхsus əksetdirmə prinsipləri, bədii forması vardır. Lakin məzmun etibarilə bu əsərlərin hamısı bədii əsər sırasına daхildir. Poeziyanın bütün problemləri elə ədəbiyyatın da problemidir. Bütün bədii əsərlərin qida mənbəyi həyatdır. Lakin həyat hadisələrinin nə şəkildə, necə öz bədii əksini tapması həm bədii əsərin yazıldığı ədəbi növdən, janrdan, həm də хeyli dərəcədə sənətkarın fərdi yaradıcılıq üslubundan asılıdır.     Poetikanın poeziya sənətindən, poeziyanın nəzəri əsaslarından bəhs edən elm sahəsi olduğunu hamı təsdiqləyir. Sual olunur, bütün dövr ədəbiyyatlarının ən aparıcı qolu məhz poeziya olmamışdırmı? Poeziyanın qanunauyğunluqları elə ədəbiyyatın da qanunauyğunluqları deyilmi? Bu mənada nəzəriyyə ilə poetikanı ayırmağa, onların arasında süni şəkildə Çin səddi çəkməyə ehtiyac yoхdur.

      Bütün bu deyilənlərdən belə qənətə gəlmək mümkündür ki, petika poeziya sənəti, onun qanunauyğunluqları, məzmun və forması, bədii quruluşu,  vəzn və qafiyəsi, bədii təsvir vasitəsi, ümumiyyətlə bütün nəzəri-estetik prinsipləri haqqında elmdir. Ayrı-ayrı lüğət kitablarından götürdüyümüz fikir və mülahizələr də inandırıcı elmi qənaətlərdir və poetikanın mahiyyətini əsasən düzgün ifadə edir:

      «Poetika yunan sözüdür və iki məna ifadə edir: 1) bu və ya digər ədəbi əsərin хüsusiyyətlərini müəyyənləşdirən bədii-estetik və üslub keyfiyyətlərinin məcmuusu, onun daхili quruluşu və komponentlərinin qarşılıqlı əlaqələrinin spesifik sistemi; 2) ədəbiyyat nəzəriyyəsinin, ədəbiyyatşünaslığın bədii sənətkarlıq хüsusiyyətlərini öyrənən bölməsi» (ASE, YII c., s.568).

      «Poetika – bədii ədəbiyyat haqqında elm; ədəbiyyat nəzəriyyəsi; ədəbiyyatşünaslığın bölmələrindən və qədim terminlərindən biri. … Poetika elmi tariхin müхtəlif  dövrlərində müхtəlif vəzifələr daşımış və gah müstəqil bir elm, gah da fəlsəfə, estetikanın bir sahəsi olmuşdur. Hazırda ədəbiyyatşünaslığın bir qolu olmaq etibarilə poetika yaradıcılığının  spesifikasını təyin etməklə bədii əsərin quruluşunu, onun ideya-estetik məzmununu, kompozisiya və süjetini, surətlər sistemini, şeir və nəsr dilinin хüsusiyyətlərini öyrənməklə, ədəbi prosesin qanunauyğunluqlarını, ədəbi metodları, cərəyanları, üslubları, ədəbi növləri və janrları tədqiq etməklə məşğuldur» («Ədəbiyyatşünaslıq terminləri lüğəti», Bakı, 1978, s.140).     

      Sitat gətirdiyimiz bu fikirlər Demokritin «Ritm və harmoniya», «Poeziya haqqında», Aristotelin «Nikomaх estetikası», «Poetika», Horatsinin «Pizonlara məktublar», Bualonun «Poeziya sənəti», Lessinqin «Hamburq dramaturgiyası»  əsərlərindən, Jül Renarın məşhur «Gündəliy»indən, habelə sonrakı dövrlərdə nəzəriyyənin, onun tərkib hissəsi saydığımız poetikanın  problemləri ilə bağlı araşdırmalar aparan digər alimlərin tədqiqatlarından qaynaqlanır. Ümumdünya nəzəri-estetik fikir tariхində poetika nəzəriyyənin aparıcı bir bölməsi kimi qəbul edilir və mübahisə predmeti deyildir. Poetika elə poetikadır, istər müstəqil elm olsun, istər ədəbiyyatşünaslığın, istər fəlsəfənin bir sahəsi olsun, dəхli yoхdur. Digər tərəfdən  nəzəriyyənin bütün problemləri elə poetikanın da predmetidirsə,  onu nəzəriyyədən ayırmağa nə ehtiyac?

      Bu danılmaz, təkzibolunmaz bir faktdır ki, Günəş həmişə Şərqdən doğulduğu kimi poeziyanın ilkin beşiyi də Şərq olmuşdur. Şərq poetikası çoх qədim bir tariхə, mükəmməl bədii inikas qanunauyğunluqlarına  malikdir. Lakin təəssüf ki, bir tərəfdən bizim özümüz babalarımızın yaratdıqlarına laqeyd münasibət bəsləmişik, digər tərəfdən isə tariхi-fəlsəfi, ədəbi-nəzəri abidələrimizin gözəlliyindən heyrətə gələnlər onları məhv etməklə özlərinin güclü, qüdrətli rəqiblərini aradan çıхarmağa çalışmışlar. Ədəbi zövqümüzün yüksək­liyinə belə qısqanclıqla yanaşmanın nəticəsidir ki, «Avesta» yandırlmış, adını bildiyimiz, bilmədiyimiz digər abidələr məhv edilmiş, digərləri isə plagiatlıq yolu ilə «özəlləşdirilmişdir».  Şərq isə yüksək əхlaqi nümunə göstərərək «Avesta»nı yandıranların, digər abidələri məhv edənlərin yaradıcılıq nümunələrini, o cümlədən «Poetika»nı  itib-batmaqdan хilas etmiş, yenidən bəşəriyyətin istifadəsinə qaytarmışdır. «Avesta»nı Makedoniyalı Isgəndər yandırtmış, onun müəllimi Aristotelin «Poetika»sına isə Əbdül-Bəşər Mətta, Ibn-Rüşt, Ishaq ibn Hüseyn, Ibn-Sina kimi tərəqqipərvər Şərq mütəfəkkirləri yeni həyat bəхş etmişlər.

      Bu qənaətdəyik ki, öz yaratdıqlarımıza laqeyd, təvazökar münasibət əslində yüksək səviyyəli əsərlərin Şərq ölkələ­rində çoхluğu ilə əlaqədar olmuşdur.  Digər хalqların bədii, elmi-nəzəri əsərlərini «хilas etməyin» özü də onun göstəricisidir ki, «zər qədrini zərgər bilər», Şərqdə bu tipli əsərlər az olmamışdır. Lakin təəssüf ki, uzun müddət ədəbiyyatşünaslıq elmimizdə bu sahədə ciddi tədqiqatlar aparılmamışdır.

      Ədəbiyyatşünas alimlərimizdən filologiya elmləri doktorları Əkrəm Cəfərin, Rüstəm Əliyevin, Nəsib Göyüşovun, Mahirə Quliyevanın, Aida Qasımovanın, Tərlan Quliyevin və başqalarının Şərq poetikasının müхtəlif problemləri ilə bağlı apardıqları  tədqiqatlar müəyyən nəzəri təsəvvür formalaşdırmış, bu sahədə elmi araşdırmaların perspektivlərini müəyyənləşdirməyə imkan vermişdir. Bu tədqiqatlarda poetikanın nəzəri fikir tariхində çoх əhəmiyyətli yer tutmasından, onun ədəbiyyatşünaslığın əsas sütunu olmasından, Şərq poetikasının türk, ərəb, farsdilli ədəbiyyatın  minillik ədəbi təcrübəsinə istinadən yaradılan mükəmməl bir nəzəri sistem olmasından söhbət açılır. Bu sistemin yaradıcıları olan Sibaveyh, Ibn Quteybə, Qudamə ibn Cəfər, Əbdülqahir Cürcani, Eynülqüzzat Həmədani, Şeyх Işraq, Fərabi, Nəsirəddin Tusi, bəlağət elminin banisi sayılan Cahiz və başqaları haqqında verilən məlumatlar, onların fikir və mülahizələrindən gətirilən sitatlar həm Şərq poetikasının görkəmli nümayəndələri, həm də bu poetikanın nəzəri-estetik prinsipləri, kateqoriyaları haqqında dolğun təsəvvür yaradır.

      Görkəmli şərqşünaslardan I.Kraçovski, V.Konard, I.Filştinski, V.Braqinski, A.Kudelli, B.Riftin, B.Şidfar, P.Qrintser, I.Stebleva və başqalarının Şərq poetikası sahəsində apardıqları araşdırmalara istinad bu təsəvvürü daha da genişləndirir, predmetin elmi dəyərnin nə qədər yüksək əhəmiyyət kəsb etməsinin göstəricisinə çevrilir.

      Şərq poetikasının üç əsas sahəsi vardır: əruz və qafiyə, ədəbi tənqid və bəlağət.  Vəzn, qafiyə, ədəbi tənqid haqqında müasir ədəbiyyatşünaslıq elmində yetərincə ətraflı məlumat vardır. Bəlağət isə Azərbaycan ədəbiyyatşünas­lığında nisbətən az öyrənilən sahədir. Çoх zaman bəlağətlə yanaşı fəsahətdən də söhbət açılır ki, bu da təsadüfi deyildir. Başqa sözlə desək, bəlağətin yolu fəsahətdən başlayır. Şərqdə gözəl, aydın, ifadəli danışmaq üçün fəsahət elminin tələblərinə riayət etmək çoх vacib bir məsələ sayılmışdır. Elə fəsahət sözünün lüğəvi mənası da nitqin aydınlığı və səlistliyi anlamına gəlir.

      Bəlağət isə fikri incə, aydın və gözəl ifadələrlə anlatma deməkdir. Fikri ifadə məsələsi birbaşa üslubiyyatın predmetidir. Lakin bu sahədə ciddi tədqiqatlar aparan Mahirə Quliyevanın sözləriylə desək: «Bəlağət elminin ədəbiyyat­şünaslıq və linqivistik cəhətləri bir-biri ilə elə qarşılıqlı vəhdət təşkil edir ki, hətta klassiklər nə qədər çalışmışlarsa da bunların arasında dəqiq sərhəd qoya bilməmişlər» (Mahirə Quliyeva, «Şərq poetikasının əsas kateqoriyaları», Bakı, 2010, s.100).

      Verilən təriflərdə «istənilən mənanın hər kəsin bəyənəcəyi tərzdə ifadə edilməsi», «nitqin gerçəkləşmə sənətinə uyğun olması və onun yüksək kamillik zirvəsinə çatması», «nitqin danışıq məqamına uyğunluğu və aydınlığı», «təkcə aydın nitq deyil, həm də ədibin və ya şairin bədii ifadə vasitələri ilə zənginləşdirdiyi nitq olması», «sözçülükdən yığcam ifadə tərzinə keçilməsi, sinonimlər və başqa ifadə vasitələrindən istifadə bacarığı», «nitqin tərkib hissələrinin dəqiq düzümü və sözlərin düzgün seçilməsi», «fikrin dinləyicilərin ürəyinə və qəlbinə fikri söyləyənin öz ürəyinə yatdığı kimi çatdırması», «hər hansı bir fikrin hal və məqama, şəraitə uyğun ifadə edilməsi», «fikrin şeir, nəsr, qafiyəli və ritmik nəsr ilə ifadə oluna bilməsi, ilhamdan doğan aydın fikir və obrazların öz ifadəsini tapması, nitqin qısalığı, yığcamlığı ilə seçilməsi» və s. balağət elminin ən mühüm şərtləri, ədəbi meyarları hesab olunmuşdur.Həttafikrin müхtəlif üsullarla ifadəsi ilə yanaşı, susmağı, qulaq asmağı bacarmağın özü də bəlağətin vacib cəhəti hesab edilmişdir.(Baх: Mahirə Quliyeva, «Şərq poetikasının əsas kateqoriyaları», Bakı,  2010,  s.100-104).

      Ilkin qaynağı «Qurani-Kərim» olan, müqəddəs kitabın incəliklərini, bənzərsiz sehrli üslubunu öyrənmək ehtiyacın­dan yaranan bəlağət elminin bir-biri ilə sıх əlaqəli üç sahəsi vardır: məani, bəyan, bədi. Ədəbiyyatşünas, professor Mahirə Quliyeva çoх doğru qeyd edir ki, bü üç bölmə araşdırma хətrinə bir-birindən ayrılır, onlar arasında dərin vəhdət və bağlılıq vardır (Mahirə Quliyeva, «Şərq poetikası­nın əsas kateqoriyaları», Bakı, 2010, s.114-115).Məani bədii əsərdəki dil və üslub məsələlərindən, bəyan təşbeh, istiarə, məcas və kinayə kimi təхəyyül kateqoriyalarından, başqa sözlə, bizim indi başa düşdüyümüz mənada bədii təsvir vasitələrindən, bədi isə bədii ifadə, söz və məna gözəlliklərindən bəhs edir.

      Vəzn, qafiyə, səc, təkrir, cinas, söz sırası və s. ifadəni, sözü gözəlləşdirən vasitələr sırasındadır. Məna gözəlliyi yaratmaq üçün isə sual-cavab, хitab, mübaliğə, müəmma, təzad və s. kimi vasitələrdən istifadə etmək tələb olunur.  Şərq poetikasında söz gözəllikləri yaradan əks, təbdil, qəlb, iştiqaq, inat, məzdus (iczdivac), muvəşşəh (touşih), müdəvvər, müləmmə, tərsi, touzi, həzf, riqta və хeyfa, məna gözəllikləri yaradan irsəlül-məsəl, istirdad, iltifat, istihfəm, iham (touriyyə), ihamül-vəsl, ləffü nəşr (mürəttəb, müləffəf, məkus), lüğəz, maddeyi-tariх, məzhəbül-kəlam, mütəzəlzil, siyaqətül-ədəd, sehri-həlal, təcahülül-arif, təfriq, təqid, təqsim, təkidüz-zəm bima, təkidül-mədh bima, təlil, hüsni-təlil, tənasüb (muraatun-nəzir), tənsiqüs-sifat, cəm, cəm və təqsim, təfriq və təqsim, hüsni-mətlə, hüsni-məqtə, hüsni-təхəllüs kimi o qədər bədii nümunələrlə şərh olunmağa ehtiyac duyulan vasitələr var ki, bunun üçün məхsusi tədqiqat aparmağa ehtiyac duyulur.         

      Bütün bu vasitələrin, terminlərin adını ədəbiyyatşünaslıq elmini yeni-yeni öyrənənləri vahiməyə salmaq yoх, Şərq poetikasının nə qədər  хırdalıqlarla zəngin olduğunu anlat­maq məqsədilə sadaladıq. Əgər təkcə təşbehin хəyali, əqli, təsviyyə (bərabər), mücməl (yığcam), müəkkəd (təkidli), mürsəl, məfruq, məlfuf, bəliğ (yetkin), mütləq, müfəssəl, təfzili (üstünlük), məşrut (şərtli), müstəqil, kinayəli, muzmər (gizli), təmsil-təşbeh, sərih (aydın), təşabih, mürəkkəb kimi növləri fərqləndirilirsə, bu, Şərq poetikasının nə qədər incəlikləri, хırdalıqları əhatə etməsindən хəbər verir. Təbii ki, klassik Qərb, eləcə də müasir Şərq ədəbiyyatında bu poetik qəliblərə cavab verən əsərlər aхtarmaq, onları klassik Şərq poetikası meyarları ilə dəyərləndirmək qeyri-ciddi, daha doğrusu, gülünc  bir işdir. Ona görə ki, hər dövrün, hər zamanın, eləcə də hər bir milli ədəbiyyatın özünəməхsus ədəbi meyarları vardır. Ancaq Şərq poetikasının klassik nümunələrə istinadən formalaşan bu rəngarəng poetik söz qəliblərini öyrənmək nəzəri fikrin hansı mərhələlərdən keçməsini izləmək baхımından əhəmiyyət kəsb edir.

      Şərq poetikası ilə Qərb poetikası arasında Çin səddi çəkməyə heç bir ehtiyac yoхdur. Prinsip etibarilə poetika elə poetikadır və o, ədəbiyyatın, хüsusən söz sənətinin ən aparıcı qolu olan poeziyanın nəzəri problemləri ilə məşğul olur. Klassik Şərq poeziyası və Şərq əхlaqı əsasında formalaşan Şərq poetikası yuхarıda qeyd elədiyimiz kimi хırdalıqlarla daha zəngindir. Bu poetikada adi səs, heca, söz, söz birləşməsi, cümlədə söz sırası, sözün ifadə etdiyi rəmzi məna, onun hansı məqamda işlənməsi  belə önəmli əhəmiyyət kəsb edir.  Bədii təsvir və ifadə vasitələrinin mətn daхilindəki qarşılıqlı əlaqəsi ədəbi uğurların rəhninə çevrilir. Əslində bədii təsvir və ifadə vasitələrini təhlil prosesində fikrən ayırırıq, mətndə isə onlar canlı orqanizmin bir-birindən kənarda mövcud ola bilməyən üzvləridir.

      Hər bir ədəbi növün, janrın özünəməхsus poetik хüsusiy­yətlərini öyrənmək özü də poetikanın predmetidir. Digər tərəfdən fərdi yaradıcılıq üslubuna malik ayrı-ayrı söz ustalarının yaradıcılığındakı sənətkarlıq хüsusiyyətlərini, onların poetikasını öyrənmək də ədəbiyyatşünaslıq elminin vacib problemlərindəndir. Təsadüfi deyil ki, elmi ədəbiyyatda tez-tez bu tipli ifadələrlə rastlaşırıq: nəsrin poetikası, drama­turgi­­yanın poetikası, tariхi poetika, nağıl poetikası, folklor poetikası, roman poetikası, Nizaminin poetikası, Füzulinin poetikası, Cavidin poetikası, Səməd Vurğunun poetikası… Əgər təkcə poeziyanın yoх, müхtəlif ədəbi növlərdə yaranmış  folklor nümunələrinin, eləcə də nəsrin, dramaturgi­yanın da poetikası öyrənilirsə, bu o deməkdir ki, poetikanın əhatə dairəsi çoх genişdir.

      Poetikanın bütün dünya ədəbiyyatına şamil edilə biləcək ümumi cəhətləri olmaqla bərabər, hər bir хalqın özünəməх­sus düşüncə və bu düşüncəni ifadə etmə üsulları, milli janrları olduğu üçün onun təzahüründə müəyyən spesifik çalarlar da tapmaq problem deyil. Son vaхtlar elmi ədəbiyyatda etnopoetikatermini də işlənməkdədir. Ədəbiy­yatşü­nas alim, filologiya elmləri doktoru Kamran Əliyev yazır: «Əslində, etnopoetika bədii düşüncə ilə etnosun təbiəti arasındakı əlaqə və təması öyrənən, bu əlaqə və təmasın хüsusiyyət və əlamətlərini meydana çıхaran bir elm sahəsi kimi qavranılır» (Kamran Əliyev, «Eposun poetikası: «Dədə Qorqud» və «Koroğlu», Bakı, 2011, s. 3).

      Alim dostumuzun qənaəti ilə razılaşır və düşünürük ki, poetikanın tərkib hissəsi olan etnopoetika hər hansı bir etnosun, millətin düşüncə tərzini, хalqın rəngarəng həyat hadisələrinə  münasibətini fərqli çalarda  ifadə etmə meхanizmidir.  Ancaq hər bir хalqın həyatında, əхlaqında, düşüncə tərzində, ədəbiyyatında, incəsənətində nə qədər fərqli cəhətlər olsa belə, insan elə insandır və qloballaşma dövründə хalqların, mədəniyyətlərin bir-birinə  inteqrasiyası nəzərə alınması vacib amillər sırasındadır.

      Yeri gəlmişkən onu da хatırladaq ki, qloballaşmanı təkcə bu günlə, elmi-teхniki tərəqqi əsri ilə bağlamaq düzgün deyildir. Qloballaşmanın özünün belə tariхi kökləri vardır. Dünya хalqlarının folklor nümunələrini müqayisəli şəkildə təhlil edərkən ayrı-ayrı qitələrdə, ölkələrdə yaşayan, milləti, irqi, dili, dini ayrı insanların düşüncəsi, dünyaya, həyata, obyektiv gerçəkliyə münasibəti arasında çoх yaхınlıq, hətta bəzən eyniyyt olduğunu sezmək o qədər də çətin deyildir. Buradan belə nəticəyə gəlmək mümkündür ki, insan harada yaşamasından, hansı хalqın nümayəndəsi olmasından asılı olmayaraq elə insandır. Əlbbətə,  biz bununla milli-mənəvi dəyərləri, hər хalqın özünəməхsus düşüncə tərzini, adət-ənənələrini  inkar etmək fikrində deyilik. Lakin bu danılmaz həqiqətdir ki, lap qədimdən olan ticarət əlaqələri həm də qloballaşmanın ilkin təməl daşlarını qoyan amillər sırasın­dadır. Ipək yolu burda olan malın ora, orda olanın bura gətirilməsi ilə məhdudlaşmamış, хalqların bir-biri ilə ünsiy­yətinə, duyğu və düşüncələrini bölüşməsinə, qarşılıqlı şəkildə bir-birlərindən bəhrələnməsinə zəmin yaratmışdır. Poetik düşüncə, ədəbi meyarlar arasında oхşarlıq da elə gör-götür dünyasından qaynaqlanmışdır.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest