GenelGüncelKültür Sanat

Ölməyən sevginin dastanı – Məsnəvi – Əli Rza XƏLƏFLİ

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Əli Rza XƏLƏFLİ


Ölməyən sevginin dastanı

 Məsnəvi

                     I

Salam olsun adına, sözdə yanan aşiqin,
Alovlardan doğulub, közdə yanan aşiqin.
Kəm olmasın üstündən Allahın nəzərləri,
Yolunda sabit-qədəm, izdə yanan aşiqin.

                          ***

Qürurunda Şahdağı, ruhunda Muğanı var,
Toqquşsa buludları şimşəkdən doğanı var.
Həsrətlərin yağışı… başından yağanı var,
Ağ dəvəsi Təbrizdə, düzdə yanan aşiqin.

                          ***

Salam olsun bu yurdun bayraqlı sabahına,

Torpağında, daşında şəhid-şəhid ahına.
Salam olsun gücündə yenilməz silahına,
İnamında təpəri dizdə yanan aşiqin.

                          ***

Qəlbinin yanğısında fəryada, oda dolan,
İllərin ağrısında yaddaşa, yada dolan,
Yazaram dastanını sevgidə ada dolan,
Payızdan, qışdan keçib yazda yanan aşiqin.

                          ***

Gözləri nəm daşıdı, baxışı qəm-qəm oldu,
Şadlığı heç olmadı, kədəri hər dəm oldu.
Xələfli söz içində dərdinə həmdəm oldu,
Ürəyində tellənən, sazda yanan aşiqin.

Allahım, bir göz yetir səni sevən bəndənə,
Sən bir açıq qapısan hər millətə, hər dinə.


Hər çətinə düşəndə üz tuturam mən sənə,
Səxavətin rəhmindir öz bəxtindən küsənə.

Mən salamla gəlmişəm dərgahına, Allahım,
Baş qoyaram yolunda hər gahına, Allahım.

Çox əzablar görmüşəm — amma dözüb durmuşam,

Söz odamı, evimi ümidimlə qurmuşam.

Dözüm yolu seçmişəm qismətimdə, Allahım,

Bezmədim haqq olana hörmətimdə, Allahım.

Ümid sənə inamım, qəlbimdəki eşqimdir,
Səndən gələn işığım təbimdəki eşqimdir.

Allahım, öz yolumda sənə doğru gəlirəm,
Sənə doğru gələni qaytarmazsan, bilirəm.

Ətəyindən tutmağa mənə güc ver, təpər ver,

Biganələr oxuna qalxanım ol, sipər ver.

Gəlirəm ki, nurundan ilhamıma pay alam,
Kökdən düşmüş təbimə haray alam, hay alam.

Bir qovam, qığılcım ver, atəşlərə yanmağa,
Qoy gəlsin ilham pərim sözdə alovlanmağa.

Cana gəlsin dilimdə, misralar dil-dil ötsün,
Qoy ürəyim çırpınsın, duyğular tel-tel ötsün.

Bir sevgi dastanını yazım odla, atəşlə,
Sözümə işıq gəlsin qəlbimdəki günəşlə.

Allahım, yaddaşıma qaytar sevgi ünümü,
Eşqində yananlara timsal eylə günümü.

Əzəl gündən söz eşqim adın ilə bağlanıb,
Sözdən ayrı düşəndə qəlbim köz-köz dağlanıb.

Bilirəm istəyinlə qalxaram ayağa mən,
Əhdimlə güvənərəm, inama dayağa mən.

Çək məni, qanadının altında nəfəs alım,
Təbimlə söz üstündə yanmağa həvəs alım.

Allahım, sən özünsən toxun, acın sahibi,
Özünsən hər istəyin, ehtiyacın sahibi.

Ürəyimdə ocaq çat, oda düşsün qoy canım,
Sevgi ilə çağlasın damarımda al qanım.

İstəyimə yetməsəm məni yandırar ahım,
Bircə onu bilirəm, sənsən mənim pənahım.

Bir kağızdır, bir qələm, yolunu aç sözümün,
Yanğısı sözə gəlsin, ocağımın, közümün.

                                ***

Xəbər gəldi dostumdan: hardasan, nə yazırsan?
Vaxtı yelə verməklə məzarını qazırsan.

Gəncliyini yada sal, eşqə bir dastan başla,
İlhamından güc alsın, söz bəzənsin şabaşla.

Yaddaşımda yaşayan “Bir sevgi dastanı” var,
Qəlbimdə məhəbbətin solmaz gülüstanı var.

Bu sevgi dastanını mən bir zaman yazmışam,
Sevgini varlığımda yuxu kimi yozmuşam.

Sən də onu yazasan poetik bir ovqatda,
Bildirəsən gəncliyə sevgini bu sovqatda.

Ilhamlı duyğuların alar sözün öcünü,
Göstərəcək qələmin məsnəvidə gücünü.

Sözün ölməz ruhuna od gətir, alov saçsın,
Eşqinlə ilham pərin uçmağa qanad açsın.

Sən yazmasan, kim yazar, yaddaşda qalan sözü,

Yaddaşda kim saxlayar, binadan yalan sözü.

Dostumun diləyini sözümə dən tuturam,
Nizamiyə yaz deyən istəyə tən tuturam.

Sözü çəkir nizama, əziz dostum İsaxan,
Tənəsiz sözləri də yanğıda oda yaxan.

Nitqində bir təkid var, sözü dolur qəlbimə,
İstəyinin atəşi, közü dolur qəlbimə.

Qoy sözündə görünsün, “ol” gücünün əzəli,
Ovqatında Nizamı, yanğısında Füzuli.

Şən söz elə sevgidə hər acını, şirini,
Saf diləyə çağırır Nizaminin Şirini.

Füzulinin Leylisi, Məcnunu könül odu,
Sevgilərdə yaşayır ölməyən eşqin adı.

“Gülüstan”ı yazmağı – dostu belə demişdi,
Qönçəsini açmağı bülbül gülə demişdi.

Sözlər gülə dönmüşdü Sədinin varlığında,
Beləcə güllənmişdi Sədi eşqin dağında.

                                  II

Mən taleyin, qədərin çox üzünü görmüşəm,
Ac gözünü görmüşəm, tox üzünü görmüşəm.

Sevgi ilə qurulur bu dünyanın nizamı,
Eşqi mehrab bilirdi söz sərrafı Nizami.

Bu dünyanı yaşadan sevgidir, məhəbbətdir,

Yaşamağın dəyəri sevgiyə sədaqətdir.

Sevgidə görməsəydi həyatın sabahını,
İnsanlar yaşatmazdı bir Kərəmin ahını.

Müdriklər belə deyir; qoy mənalar toxunsun,
Yazıblar oxumuşuq, biz də yazaq, oxunsun.

Yazılanlar olmasa, ürəklər boş olardı,
İnsanlar qəddarlaşar, bir bağrıdaş olardı.

Sığala çəkir sözü dostum ürəklə, canla,
Danışır asta-asta, hərdən də həyəcanla.

Ötüb zaman, ötüb çağ, indi heç gənc də deyil,

Duyğularla çırpınan ürəyi dinc də deyil.

Yaddaşında qalanlar danışdıqca çözülür,
Arındıqca duyğular, xatirələr süzülür.

Hərdən dolur gözləri, hərdən yol çəkir sanki,
Zamanı yaddaşında şumlayıb əkir, sankı.

İllər ötüb, yaş keçib, sağalmayıb yarası,
Kül içindən qorlanır ocaq yeri, qarası.

Sevən qəlbin, ürəyin, damarında qan yanır,
Oynayan şimşəklərin atəşində can yanır.

Bir sevgi dastanının yağışı döyür məni,
Bir həsrətli aşiqin baxışı döyür məni.

Dumanına, çəninə qərq olmuşam qəmlərin,
Söz donunu biçirəm ötən çağın, dəmlərin.

Bələdçim olsa dostum azmaram dumanlarda,
Bilirəm ki, dəyişməz insanlıq gümanlarda.

Mən keçmişə baxıram bu günümün yönündən,
Sürətlə keçir illər gözlərimin önündən.

Qəlbimizdə yaşayan tələbəlik illəri,
Ruhumuzda nəğmədir şirin-şəkər dilləri.

Sayrışır işıqları o mavi gecələrin,
Xəyalən sakiniyəm gülüşlü küçələrin.

Baxıram dostuma mən, zirvəyə qarlar yağıb,
Ömür olan illər də bəhərlər, barlar yağıb.

Amma eşqin yanğısı yollar keçir ömürlə,
Yorulub yolda qalmır qəmlər içir ömürlə.

                             ***

Mən bir xəyal teyfiyəm, o illərin özündə,
Mən də varam hər kəsin baxışında, gözündə.

Kimsə məni görməyir, mən hər kəsi görürəm,
Söz odamı xəyalən, çətir-çətir hörürəm.

Qəlbimdə yazmaq eşqi, ruhumda ilham pərim,
Günəşi salamlayır gələn yeni səhərim.

Açılan hər səhərdə bir körpə nəfəsi var,
Hər körpə nəfəsində bir şeir həvəsi var.

Dünya kimindir desən, – gənclərindir, deyərəm,

Gənclik ömrün tacıdır – önündə baş əyərəm.

Həyat necə şirindir, qocalıqda bilirik,
Qocalıq qayğısına biz gənclikdə gülürük.

                                 ***

Ötən əsrin sonuna ondoqquz il var hələ,
Hələ hava sakitdir, yoxdur boran, qar hələ.

Kim bilir, hələ yollar nə deyir bu gənclərə,
Yollar hara aparar, axşama, ya səhərə?

Bu qayğısız gənclərə dünya hələ təzədir,
Dünya özü onlara əyləncədir, məzədir.

Həyat sevgi bağıdır, bülbüllər gülə gəlir,
Çırpınır ürək-ürək, qönçələr dilə gəlir.

Mavi işıq başlayıb – birinci İlqar gəlib,
Bir biletin sevinci… bəxti üzünə gülüb.

Universitet özü canlı, qaynar bir aləm,
Hər gəncin varlığında sevgi dolu nur aləm.

Gələnlərin hər biri bir könül sorağında,
Tapacaq istəyini, bəxti sevgi dağında.

Bir az keçir Stepan, yanında da dostları,
Deyə-gülə onlar da salamlayır İlqarı.

Stepan tanış edir – bu Artur, bu da Gülya,
Bu da dünya gözəli… kim tanıya, kim duya.

Qız uzatdı əlini cəsarətlə İlqara,
Elə bil ki, İlqarın qışı döndü bahara.

Mənim adım Nanadır, sizin dildə Nanəyəm,
Özüm də şirinlikdə təkcəyəm, bir danəyəm.

Bir hərarət, istilik keçdi qızın əlindən,
Dağ nanəsi ətrini yaydı onun dilindən.

İlqara elə gəldi kənddəki bulaq istə,
Özü öpdü, oxşadı yarpızı dəstə-dəstə.

Dağ nanəsi ətrini gətirdi sərin külək,
Ötdü durna qatarı, salama gəldi lələk.

Xəyalı aparmışdı onu eşqin dağına,
Bir baxışla düşmüşdü özü könül bağına.

Bu nə oddu, atəşdi, hər kəs bilməz bu sirri,
Düşüncəni yandırır, oda tutur hər yeri.

Nananın onu süzən gözlərinə baxırdı,
Varlığından çağlayan duyğularla axırdı.

Gəncləri çağırırdı həzin musiqi səsi,
Könülləri oxşayır hər duyğu təranəsi.

Artur da elə bu vaxt Nananı dəvət etdi,
İlqara elə gəldi… bülbülü uçub getdi.

Nana da təəssüflə gözlərini süzdürdü,
Qınaqlı baxışlarla nəzərini gəzdirdi.

Deyəsən yuxudaydı, İlqar ayıldı birdən,
Deyəsən varlığına işıq yayıldı birdən.

Nananın cazibəsi nəzərləri çəkmişdi,
Bəlkə, neçə ürəyə sevgi dəni əkmişdi.

Dalğaların qoynunda üzürdü su pərisi,
Könüllərə incilər düzürdü su pərisi.

Ortaboy, nazikbədən, xurmayı qısa saçlar,
Ağ üzü ay nurunda, göz üstə qara qaşlar.

Ceyranı nəzərləri baxanda can alırdı,
Can diləyi, xoş baxış gəlməsə, qan alırdı.

Bitdi həzin musiqi, Nana gəldi yerinə,
İlqar baxır allanan yanaq üstə tərinə.

Qızın qəlbi çırpınır, görən nə deyər İlqar,
Bəxtinə qar yağarmı, yoxsa gələrmi bahar?

Bir gündə, bircə anda istək olurmu belə,
İlk baxışdan sevgiyə ürək dolurmu belə?

Bir ahəng, bir istəklə çırpınır ürəkləri,
Daxili bir inamdan güc alır diləkləri.

Bu, belədir, eşqdən ağlanan, dağlanan var,
Bir baxışdan vurulan, əbədi bağlanan var.

Taleyində görənlər başa düşər İlqarı,
Bilərlər necə gəldi qışda sevgi baharı.

Aşiqlərdə qaydadır bir könüldən vurulmaq,
Min könüldən su içmək, axıb keçmək, durulmaq.

Min illərdir beləcə, sevənlərin dili var,
Sevənlərin ocaqda yanmağı var, külü var.

Müsabiqə elanı… İlqar şeir deyəcək,
Dostlarının təkidi inamını öyəcək.

Təbəssümlər göndərir yasəmən donlu Nana,
Nəzərləri izləyir İlqar dönsə hayana.

Sevimli duyğuları rənglərə boyanırdı,
İstəyi gözlərində alışırdı, yanırdı.

Məxməri, dolğun bir səs nəfəs-nəfəs yayılır,
Gənclərin varlığına sevgi, həvəs yayılır.

Ucaboy, tökməbədən təmkinli ədası var,
Hər kəsi sehirləyən səsi var, sədası var.

Baxışları Nanada… İlqar şeir deyirdi…
Duyğu-duyğu təzimlə sevgiyə baş əyirdi.

Poetik nəfəsini İlqar oda tutmuşdu,
Deyəsən məclisi də o, tamam unutmuşdu.

O, dünyanı görmürdü, alışa da, yana da,
Özü yaxşı görürdü bu yanğını Nana da.

Yanan qəlbim sənindir, köksünə sıx məni sən,
Göz yaşımla sularsan çölü sən, çəməni sən.

Sinəm üstə çırpınan qəlbimin dili sənsən,
Mənim sevgi bağımın şahanə gülü sənsən.

Varlığımın hakimi, qəlbimin sirr səsisən.
“Sən müqəddəs Quranın ən gözəl surəsisən”.

                            ***

Hədiyyə də verildi… iki gəncin amalı,
Sədaqətin, vəfanın sevgi rəmzi, timsalı.

“Quranın surəsisən”… – Nana təkrar elədi,
Ahında yanğısına bu qız imdad elədi.

O qız kimdir görəsən, bir gör necə naz olub,
Onu sevən aşıqın ürəyinə yaz olub.

“Quranın surəsisən” deyib onun özünə,
Sevgisini köçürüb şeirinə, sözünə.

Elə bu vaxt Gülya da birdən sözə qarışır,
Ocaqsız alovlanan oda, közə qarışır.

Bir müsəlman qızına söylənən tərifdir o,
Bəlkə, bircə xoş sözə aldanan hərifdir o.

Şərqin neçə şairi gözəlləri vəsf edib,
Sonra da vəfasızsan, söyləyib. atıb gedib.

Bir də ki, sən – Nanacan, sən erməni qızısan,
Belə bəxti, taleyi baş tutmayan yazı san.

Bu yerdə İlqar özü asta-asta dilləndi,
Təmkinli sözləri də usta-usta gülləndi.

Sevgi ali duyğudur, insanlığa yolu var,
Hər kəsə gəl-gəl deyən bir açılmış qolu var.

Eşqin taxtı ucadır, dinlərin əli yetməz,
Sevənləri qınağa çəkməyə dili yetməz.

Sevənlər dünyamızı qoruyan bir körpüdür,
İnsanları birliyə çağıran hür körpüdür.

Tarixlər qocalsa da, sevgilər yaşa dolmur,
Əbədi gül aşiqlər heç vaxt sarainır, solmur.

İlqarın danışığı. sözü də şeir idi,
Bu sehirdə Nananın özü də şeir idi.

Şeirdən axıb gələn misra-misra duyğular,
Nəğmələnir qəlbində ara-sıra duyğular.

Ey oxucum, yada sal, ilk eşqini, sevgini,
Nələr çəkdin qəlbində, bir xatırla o günü.

Gecələr ürəyinlə necə qaldın baş-başa,
Nə acılar yazmısan sən yaralı yaddaşa.

Əllər dilsiz, ağıssız bir-birinə toxundu,
Bir eşqin hekayəti belə səssiz oxundu.

İnsanlığın dilində danışan ürəklərdi,
Qovuşmağa can atan arzular, diləklərdi.

Məhəbbəti çıxmışdı düşüncə dumanından,

Unutmuşdu məkanı çıxmışdı zamanından.

Nananın gözlərində bircə İlqar var idi,
Bir gül ilə qəlbində yaz idi, bahar idi.

Qəlbində çırpınırdı yarpaq-yarpaq varaqlar,
Sevgidən varlığına axır təzə soraqlar.

Hər misranı oxuyur Nana özü təzədən,
Nəfəs-nəfəs çəkirdi yanan sözü təzədən.

Asta-asta tərpənir dodaqları Nananın,
Ürəyi danışırdı sevgisində yananın.

Nana özü qəlbini yanan odda sanırdı,
Elə Iqar özü də bu ocaqda yanırdı.

Heç onlar bilmədilər, şənlik necə qurtardı,
Gənclər bilmədi; gündüz, yoxsa gecə qurtardı.

Dostlar yola saldılar Nana ilə İlqarı,
Beləcə yol başladı iki qütbün baharı.

Eh gənclik, sən nə qədər aydan arı, durusan,
Sən eşqinlə, sevginlə bu həyatın nurusan.

Yaddaşımda çözülür, ömrümün tufanları,
Həyatımın ən gözəl illəri, zamanları.

Bu günümdən baxıram dostumun gözlərinə,
Un tuturam acılı, şirinli sözlərinə.

…Hə, əzizim İsaxan, bu həyatın gərdişi,
Bəlkə də bir oyundur bu dünyanın hər işı.

Danışırsan yığıram sözbəsöz hər kəlməni,
Oxuyanda sevinsin, qınamasın dil mən.

Bəxtimiz də çox xoşbəxt görünürdü o gecə,
Sevgimiz ay nuruna bürünürdü o gecə.

Sabahkı görüşə də biz ümidlə ayrıldıq,
Sevgili bir duyğuyla, düz ümidlə ayrıldıq.

Qəlbim nəğmə oxuyur, sözlər uçur dilimdən,
Hələ də gül qoxusu çəkilməyib əlimdən.

Cənnət qoxulu nəfəs gəldi axşam mehində,
Sevgimiz yuyunurdu duyğuların şehində.

Bir baxışdan görmək ilə,
Ürəyindən sevdim səni.
Arzu-arzu, istək-istək
Diləyindən sevdim səni.

                          ***

Sən bir şeir ovsununda,
Mən taleyin oyununda,
Gəldin bir mələk donunda
Tüləyindən sevdim səni.

                          ***

Bir qəfəsdə ac quş idim,
Yol yox idi… hara gedim?
Nəfəs-nəfəs, udum-udum,
Küləyindən sevdim səni.

                          ***

Gözlərindən tora düşdüm,
Yoxa düşdüm, vara düşdüm,
Heç bilmədim hara düşdüm,
Kələyindən sevdim səni.

                          ***

Xələfli, çin oldu yuxun,
Qurbanıyam azın, çoxun,
Qərib durna atan oxun,
Lələyindən sevdim səni.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest