Ölkəmizin müasir inkişafına töhfələr verən -Azərbaycan elmi

“Çoxəsrlik tariximizdə böyük elmimiz olubdur. Ancaq Azərbaycan elmi heç vaxt bu qədər mütəşəkkil və bu qədər qüvvətli, güclü, çoxsahəli olmayıb. Müstəqil Azərbaycanın Elmlər Akademiyası bütün elmi potensialı özündə cəmləyərək,xalqımızın yaradıcılıq sahəsində nəyə qadir olduğunu dünyaya göstəribdir”

Heydər Əliyev

Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq 2018-ci il aprelin 9-da Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Biz alimlər üçün bu tarix əlamətdar bir vaxta – Azərbaycan Milli Elmlər Akademiyasının təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır. Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə cəmiyyət həyatının digər sahələri kimi, elm də inkişafın yeni mərhələsinə qədəm qoyub. Ulu öndərin uzaqgörən siyasəti sayəsində Azərbaycanda elmin inkişafı istiqamətində həyata keçirilən islahatlar  Azərbaycan elminin inkişaf etdirilməsinə dövlət səviyyəsində böyük qayğı göstərilib, ölkədə alimin və elmin nüfuzu yüksəlib. Azərbaycan Respublikasının müxtəlif sahələrinin inkişaf etdirilməsində, ictimai fikrin formalaşdırılması və möhkəmləndirilməsində, dövlət müstəqilliyi uğrunda mübarizə yollarında AMEA-nın böyük xidmətləri var. Ulu öndər Heydər Əliyevin 15 may 2001-ci il tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adı verilib, o AMEA-nın keçdiyi yolu Azərbaycan xalqının tarixində böyük səhifə kimi dəyərləndirib.

Prezident İlham Əliyevin imzaladığı Sərəncamdan sonra hər il 27 mart tarixində Azərbaycanda Elm günü qeyd olunur. Bu tədbir elmlə məşğul olar hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır.Ölkəmizdə bu bayram böyük qürur hissi ilə keçirilir. Çünki Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri elm və təhsil sahəsinə göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub saxlanılmasıdır. Muasir dövrdə Respublikamızda elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması istiqamətində bir sıra mühüm qərarların qəbul edilməsi ən aktual məsələlərdəndir.

Ölkəmizdə elmi fəaliyyət əsasən Milli Elmlər Akademiyasını, ali təhsil müəssisələrini, dövlət qurumlarının tərkibindəki elmi təşkilatları, qismən də özəl sektoru əhatə edir. Qərarlaşmış elmi fəaliyyətin vahid prinsip əsasında idarə edilməsi üçün Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurası fəaliyyət göstərir. Azərbaycan elminin tarixində ilk dəfə olaraq 2014-cü il dekabr ayının 19-da AMEA, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə Azərbaycan Alimlərinin I Qurultayı keçirilib.

Azərbaycan Respublikasında elmin populyarlaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Cəmiyyətin mütəmadi olaraq elmi yeniliklərlə məlumatlandırılması üçün “Azərbaycan Milli Elmlər Akademiyasının xəbərləri məcmuəsi” və “Elm dünyası” jurnalları təsis edilib, “Elm və həyat” jurnalının işi təkmilləşdirilib. 2014-cü il noyabr ayının 10-u və 11-I tarixlərində AMEA-nın təşkilatçılığı ilə ölkəmizdə, eləcə də regionda ilk dəfə olaraq Bakı Elm Festivalı keçirilib. Bakı Elm Festivalının keçirilməsində əsas məqsəd elmimizin nailiyyətlərini, yeni innovasiyaları nümayiş etdirmək, informasiya-kommunikasiya texnologiyaları və digər müasir innovativ üsullar əsasında elmin təbliğinə nail olmaq, cəmiyyətdə elmə olan marağı artırmaq, həmçinin elm-təhsil-istehsalat arasında əlaqələri gücləndirmək olub. Gənc alimlərin elmi əməyinin stimullaşdırılması istiqamətində də bir sıra mühüm addımlar atılır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 2013-cü il 2 iyul tarixli “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” Fərmanına əsasən hər il ölkəmizin gəncləri mükafatlandırılır.Respublikamızın ideoloji əsaslarını təşkil edən azərbaycançılıq məfkurəsi ölkəmizdə elmi fəaliyyətin də istiqamətlərini və hədəflərini müəyyənləşdirir. Azərbaycan elmi müstəqil dövlətçiliyin yaratdığı geniş imkanların işığında irəliyə doğru inkişaf edir və ölkəmizin müasir inkişafına töhfələr verir.

AMEA Torpaqşünalıq və Aqrokimya İnstitutunun YAP Ərazi Təşkilatı Partiyasının sədr müavini     Fərid Mustafayev

Pin It on Pinterest