NƏSİB NƏBİOĞLU
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi
NƏSİB NƏBİOĞLU
Bağrımın başını göynədən kəndim
… Kəndim, balacasan, çox balacasan,
Adın yox dünyanın xəritəsində.
Atılıb qalmısan gözlərdən uzaq
Çaylı, baldırğanlı dağ dərəsində…
M.Araz
Ay kəndim, əllərim əlinə çatmır,
Gör neçə ildir ki, düşmüsən əsir.
Səni bircə dəfə görməkdən ötrü,
Ruhum pərvazlanır, ruhum tələsir.
***
Ay kəndim, nə yaman uzaqlaşmısan,
Qoynuna dönməyə yolum qalmayıb.
Sınıbdı qürbətdə qolum-qanadım,
Sənsiz yaşamağa halım qalmayıb.
***
Ta gəlmə yuxuma, dözə bilmirəm,
Bağrımın başını talama, kəndim!
Göynədə-göynədə qoymusan məni,
Təzədən odlara qalama, kəndim!
Gördüm sənə ayrı ad qoyubdular,
Sinənə dağ çəkib od qoyubdular.
***
Dərdi, intizarı arxada qoyub,
Təzə çığır tapsam, yol tapa bisəm.
Təzədən fırlanıb qoynuna gəlsəm,
Bir dağ gözəlinin, bir dağ oğlunun,
Orda çalınmayan toyuna gəlsəm.
Rahatlıq tapacaq ruhu atamın.
Rahatlıq tapacaq ruhu anamın.
***
Tərtər layla dedi hər axşam – səhər,
Bir dünyam boy atdı zümzüməsində.
Şairlik eşqinə düşəndən belə,
Bir dünya tapmışdım onun səsində.
Zamanın, dövranın insafı yoxmuş,
Sıxıldım haqsızlıq məngənəsində.
***
Dərədən-təpədən gül dərə-dərə,
Yenə zirvələrdən sallanım, gedim.
Çəməndən-çəmənə yollanım gedim!
Ata məzarının daşından öpüm,
Sevincdən leysan tək süzülüb gedən,
Anamın gözünün yaşından öpüm.
***
Qoy məni qınasın hər qaya, hər daş,
Yiyəsi olmayan o köhnə dam – daş
Təki doğma yurdla qalım başabaş.
Torpağın üstünə səriləsiyəm.
Qayalar vurğunu, dağlar vurğunu,
Mən elə əzəldəndən yurd dəlisiyəm.
Bağrıma basacam o çal-şəpəri.
Axı görməmişəm nə vaxtdan bəri.
Gəlin, şairliyin ataq daşını
Neçə ildir dağlar nə zillət çəkir,
Bizim yerimizə xəcalət çəkir,
Gəlin, sorağına gedək dağların,
Bəlkə, xəçalətdən əyir başını,
Gəlin, harayına gedək dağların,
Gəlin, şairliyin ataq daşını!
***
Gül-çiçək həsrəti, yarpaq həsrəti,
Doğma yurd həsrəti, torpaq həsrəti,
Vallah, canımızı yığıb boğaza,
Vətən ayrılığı indi hər kəsin,
Qəlbində yaşayar, dilində qalmaz,
Bu qədər şairi olan millətin,
Torpağı düşmənin əlində qalmaz!
Gəlin, şairliyin ataq daşını!
***
Gözləri kədərlə dolmasın daha,
Əlləri qoynunda qalmasın daha,
Sevinsin nə olar analarımız,
Sevinsin qənirsiz sonalarımız,
Saxlayaq gözlərin leysan yaşını,
Gəlin, şairliyin ataq daşını!
***
Millətdə ta dözüm,ta tab qalmayıb,
Başa qoyulası papaq qalmayıb,
Eh günə verdikmi papağı yoxsa,
Ah çəkib millətin qəlbini oyduq.
Hamımız şeirin dalınca getdik,
Bu boyda milləti nə günə qoyduq!
***
Hamımız yazanı bir yerə yığsaq,
Hamımız yazana yığılıb baxsaq,
Vallah, ayıb olar Məmməd Arazdan.
Heç kəs qarışmasın onun işinə,
Eu şair ordusu, ey şeir yazan,
Silah əvəzinə, ey qələm tutan,
Qələm dostlarımda heç inciməsin,
Baxıram, görürəm, hələ bir kəsin,
Milləti səsliyən əsəri yoxdur.
Gəlin, gedək silah tutmaq öyrənək,
Vallah, sözümüzün kəsəri yoxdur!
***
El-aləm qarışıb biri-birinə,
İndi heç tanımır it yiyəsini.
Düşmən ovxarlayıb öz tiyəsini.
Hədə-qorxu gələr kəsə-kəs eylər,
Hamımız yığılıb cəbhəyə getsək,
Nizami, Fizuli qalsa bəs eylər!
***
Onda söz yerinə, misra yerinə,
Yağı düşmənlərin ürəklərinə,
Od saçan, sancılan qurğuşun olar.
Bizim hamımızı bir yerə yığsaq,
Əməlli başlıca bir qoşun olar
Gəlin, şairliyin ataq daşını!
Qız
Сəpər üstən boylanıb,
Məni dəli edən qız.
Ürəyimdə yurd salıb,
Özü çıxıb gedən qız.
***
Dünən gəldi yuxuma,
Könlümdəki o pəri.
Özümə yer tapmıram,
Elə o andan bəri.
***
Deyirdim bircə dəfə,
O çığırdan keçəsən.
Sənə bir salam verib,
Soruşaydım necəsən?
***
Bulaq başı inciyər
Sənəyini götür gəl,
Məni baxışlarınla,
Məhlənizdən ötür, gəl!
***
Qonşu uşağı yenə,
Məktubunu gətirə.
İnanam möcüzəyə,
Məni heyrət götürə.
***
Əlli il geri dönüb,
O yerlərə qaçam,qız.
Təzədən ürəyimi,
Fürsət tapam açam, qız.
***
Qürbət eldə biləsən,
Həsrət büküb belimi.
Dizimə çox çırpmışam,
Qələm tutan əlimi.
***
Yaxşı yaza bilmədim,
Sənə sevgi şeiri.
Getdiyin gün qayıtmaz,
Çağırmağın nə xeyri.
***
Heç insafın yoxuymuş,
Qəribdə dözüm olmaz.
Bir də gəlmə yuxuma,
Gecəm-gündüzüm olmaz.
Gəl, sənə təzədən bir şeir yazım
Bir sevdanı qoyduq başlı – başına,
Bu həsrət qəlbimdən çətin daşına,
Bəlkə bu yazdığım gəldi xoşuna,
Gəl, sənə təzədən bir şeir yazım!
***
Gözümlə rəsmini çəkim təzədən,
Köksümdən həsrəti söküm təzədən,
Bir qom bənövşəyə büküm təzədən,
Gəl, sənə təzədən bir şeir yazım!
***
Bir yol gedəsiydik xeyir olmadı,
Ara soyuq oldu, mehr olmadı,
Yazdığım o şeir, şeir olmadı,
Gəl, sənə təzədən bir şeir yazım!
***
Hər sözü deməyə ərkin var, ərkin,
Vallah qalmayıbdı ürəyimdə kin,
Gəl sənə söyləyim ürəyimdəkin,
Gəl, sənə təzədən bir şeir yazım!
***
Sən yaşılbaş sona, sən sarı köynək,
Həsrətin sinəmdə göynəkdən göynək,
Sözümün kəsəri olmadı neynək,
Gəl, sənə təzədən bir şeir yazım!
***
Dərd daşıb gözümdə gölüm qurusun,
Dillənə bildimmi, dilim qurusun?
Yaxşı yazmamışam əlim qurusun,
Gəl, sənə təzədən bir şeir yazım!
***
O günü, o ayı bərbad yazmışam,
Tanrıdan istəyib imdad, yazmışam,
Köksümün içinə bir ad yazmışam,
Gəl, sənə təzədən bir şeir yazım!
***
O ötən illəri döndərdim bəlkə,
O sözü göylərdən endirdim bəlkə,
Qonşu uşağından göndərdim bəlkə,
Gəl, sənə təzədən bir şeir yazım!
Bu ömrun sonuna hələ çox qalıb!
Vəli Xramçaylıya
Dedim soraqlayım Dərdiş Vəlini,
Çaş-baş eləməsin bu iş Vəlini,
Əgər əyməyibsə gərdiş Vəlini
Bu ömrun sonuna hələ çox qalıb!
***
Qəlbimiz Ələsgər sazıdı,şair,
Cəfanın, əzabın nazıdı, şair,
Tale var, qismət var, yazıdı, şair,
Bu ömrun sonuna hələ çox qalıb!
***
Dinçi saxtadırsa, pirə, inanma,
Ədalətə söykən, şərə inanma,
Tale oyununda, zərə inanma,
Bu ömrun sonuna hələ çox qalıb!
***
Dünya hər qovğaya, hər işə baxmır,
Ömür var yoxuşa – enişə, baxmır,
Elə gəlib keçir şeş-beşə baxmır,
Bu ömrun sonuna hələ çox qalıb!
***
Arzu qarşısında əyilməz qürur,
Qarşıda qələbən, zəfərin durur,
Hələ Kəlbəcərə səfərin durur,
Bu ömrun sonuna hələ çox qalıb!
***
Murovdan dumanı ötürək gedək,
Dağlar həsrətini bitirək gedək,
Valehi, Sabiri götürək gedək,
Bu ömrun sonuna hələ çox qalıb!
Əlövsət
Kəlbəcərlilərin ən sevimlisi Əlövsət Ağalarova
Gözümdə min şəhid qanıdı dünya,
Əzəldən bilirəm fanidi dünya,
Bizi yazıq görüb tanıdı dünya,
Xıncım–xıncım etdi, kəsdi, Əlövsət!
***
ərdinə şahiddi günəşdə, ayda,
Özün bu tərəfdə, qəlbin o tayda,
Murovun başında Kəlbəcər boyda,
O rüzgar hayandan əsdi, Əlövsət?
Gəl köhnə dərdimi gözə ahına,
Bir ağı deyimmi təzə ahına?
Ürəyim qalmadı dözə ahına,
Bu necə nalədi, səsdi, Əlövsət!
***
Xəyal pərvazlandı, quş oldu belə,
Yoxsa ürəyimiz daş oldu belə,
Ömrümüz nağıla qoşuldu belə,
Nağıllara uyduq, bəsdi, Əlövsət!
***
De harda haqsızıq, harda haqlıyıq,
Biz ki, yaranandan haqqa bağlıyıq,
Gör neşə ildir ki, sinədağlıyıq,
Yolumuz dumandı, sisdi, Əlövsət!
***
Qəmli könlümüzü ovudaq gedək,
Keçilməz sədləri dağıdaq, gedək,
Yaman ləngimişik, gəl çıxaq gedək,
Dağlar əbədilik küsdü, Əlövsət!
Ay quzu otaran uşaq, hardasan?
Kimlər taleyini yazdı, apardı,
Əlini dağlardan üzdü, apardı,
Kitablar başını yozdu apardı,
Ay quzu otaran uşaq, hardasan?
***
Haqsızlıq yolunu bürüdü, gördün,
Səni hardan – hara sürüdü, gördün,
Qəlbin yana-yana əridi, gördün,
Ay quzu otaran uşaq, hardasan?
***
Özündən də ağır yük aparmısan,
Yadigar bir papaq, kürk aparmısan,
Dağlar həsrətini tək aparmısan,
Ay quzu otaran uşaq, hardasan?
***
Qoşuldun bir çətin köçə, yarışa,
Yuxun yox yuxuna gəlib qarışa,
O dağlar küsübdü cətin barışa,
Ay quzu otaran uşaq, hardasan?
***
Həsrət addım–addım tapıb izlədi,
Hardasa qarımış bir qız gözlədi,
Kim könlünü aldı, kim əzizlədi,
Ay quzu otaran uşaq, hardasan?
***
Göynəyib qalarsan yurdun dardasa,
Taleyin, qismətin boran, qardasa,
Tütəyin yadından çıxdı hardasa,
Ay quzu otaran uşaq, hardasan?
***
Dəyişib özgəsi ola bilmədin,
Dünyadan haqqını ala bilmədin,
Zamana uşağı ola bilmədin,
Ay quzu otaran uşaq, hardasan?
***
Şöhrət də mənasız, ad da mənasız,
Kəsdi yolllarını dinsiz, imansız,
Yaşamaq çətinmiş yurdsuz-yuvasız,
Ay quzu otaran uşaq, hardasan?
***
Qəriblik vədəsiz qəddini əydi.
Haqsızlar hər addım xətrinə dəydi,
Anlaya bilmədin, günahın nəydi?
Ay quzu otaran uşaq, hardasan?
***
Qürbəti ev bilib yaşayan uşaq,
Köksündə yarasın qaşıyan uşaq,
Dağların dərdini daşıyan uşaq,
Ay quzu otaran uşaq, hardasan?
Ay oğul, yönünü dağlara çevir!
Oğlum Nəbiyə
Nə biləm namərdlər sata yurdunu,
Tonqala, alova çata yurdunu,
Sən görmək istəsən ata yurdunu,
Ay oğul, yönünü dağlara çevir!
***
Görmədin üzünü o dağın, daşın,
İndi didərgindir qohum-qardaşın,
Günahsız axmasın bir də göz yaşın,
Ay oğul, yönünü dağlara çevir!
***
Bir qələm, bir kağız varım, olanım,
Söz verdim gedəcəm, çıxdı yalanım,
Ay oğul, başına sənin dolanım,
Ay oğul, yönünü dağlara çevir!
***
Sevdim o dağları, yada uymadım,
Hər yerdən doysamda ordan doymadım,
Adını boş yerə Nəbu qoymadım,
Ay oğul, yönünü dağlara çevir!
***
Atını səyirdib sürmək istəsən,
Dağların gülünü dərmək istəsən,
Gedib Kəlbəcəri görmək istəsən,
Ay oğul, yönünü dağlara çevir!
***
Qəlbi qəriblikdə ovutmaq olmaz,
Səfərə çıxanı yubatmaq olmaz,
Atanın yurdunu unutmaq olmaz,
Ay oğul, yönünü dağlara çevir!
***
Qoyma ləkə düşə, təmiz ad olsun,
Əlin o dağlara bir qanad olsun,
İstəsən atanın könlü şad olsun
Ay oğul, yönünü dağlara çevir!
Məhəbbət bombası
Dahi Albert Eynşteyn dünyanı fəlakətdən xilas etmək üçün “Məhəbbət bombası” yaratmaq, onu insanların qol saatlarında yerləşdirməyixəyal edirdi. O bu saatları taxan insanlar arasında mərhəmətin, məhəbbətin yaranacağına inanırdı.
Bax, belə qalarsan günah içində,
Əzab, işgəncədən bezibdi dünya.
Yaradan mat qalıb yaratdığına,
Əlini özündən üzübdü dünya.
***
İndi bəndə çıxıb bəndəliyindən,
Qəlbində Allahın məhəbbəti yox.
Məhv edir insanı nəfsi insanın,
İnsanın insana mərhəməti yox.
***
Əzabdan, zülümdən doyubdu yaman,
Əlində qalmaışıq yekəbaşların.
Haqsızlıq hər yanda baş alıb gedir.
Dili tapılmadı qəlbi daşların.
***
Yerə də, göyə də meydan oxuyan,
Gözə görünməyən od göndəriblər.
Tanımır, dünyanı yer allahları,
Adi oyuncağa döndəribdilər.
Qarşımıza çıxır hər addım başı,
Alıb üstümüzü zülüm qorxusu.
Yarpağın, çiçəyin qoxusu yoxdu,
Torpaqdan yayılır ölüm qoxusu.
***
Söz verdin özünə, zaman çatmadı,
Arzu, istəyin də qaldı gözündə.
İstədin mərhəmət, məhəbbət ola,
Bu göyün üzündə, yerin üzündə.
***
Dedin yerli-dibli nifrət olmasın.
Dedin ki, -yazıqdı, bəşər övladı.
“Məhəbbət bombası” yaradasıydın,
Onu yaratmağa vaxtın olmadı.
***
Hidrogen bombası, atom bombası,
Lənət kəllələrin məharətinə.
Şükür edəcəyik elə bilirəm,
Bu gün Hirosima fəlakətinə.
***
Elə güclüdür ki, yer allahları,
Hər kəsin başına kələk toxuyur.
Bülbüllər oxumur güllərin üstə,
“Korona” dünyaya meydan oxuyur.
***
Kabus qarşısında aciz qalmışıq,
Bizim dərdimizin bir əlacı var.
Biləsən, məhəbbət bombalarına,
İndi dünyamızın ehtiyacı var.
Əfv elə, ey yaradan
Şeytanların çoxalıb,
Yaxşılığı bilən yox.
Analar yas içində,
Göz yaşını silən yox.
***
Nə qəribə zamandı,
Ağlasığmaz dünyadı.
Yaratdığın görmədi,
Yaratdığın duymadı.
***
Ayır, ayıra bilsən,
Yaxşıları- yamandan.
Sənin yaratdığına,
Gözlərini yumandan.
***
Deyirlər yeddi günə,
Bəşəri sən yaratdın.
Haqqı da sən yaratdın,
Şəri də sən yaratdın
***
Özümüz yanmadıqsa,
Qəlbimiz necə yansın?
Fərqi yox gündüz yansın,
Qərqi yox gecə yansın!
***
İpə – sapa yatmayır,
Artır şərlər, yalanlar.
Dünyanı silkələyib,
Göz-görəti talanlar.
***
Torpaqın itər duzu,
Dünyamızın işığı.
Yaratdığın insandır,
Dünyanın yaraşığı.
***
Yerinə qoy hər şeyi,
Seçək ağı-qaradan!
Hifz elə insanları,
Əfv elə ey, Yaradan!
Hənirsiz küçənin dəli sükutu
Sənin qüdrətinə möhtacıq ancaq
Yazıqdır dünyanın əşrəfi insan,
Böyüksən, adilsən, keç günahından. Səəd Vurğun
Hənirsiz küçənin dəli sükutu,
Hökmə bax, bu şəhər ölü kimidir.
İnsanlar dustaqdır öz evlərində,
İnsanlar deyəsən dəli kimidir.
***
Göydə pərişandı, yerdə pərişan,
Qəlbim qan ağladı bu səhər-səhər.
Özümü dünyanın tənhası sandım,
Özümü toplayıb qaldım birtəhər.
***
Görürəm hər yanı bu səhər-səhər,
Kədərli göylərin, yağışı tutub.
O qədər günahlar işlədib insan,
Odur Yaradanın qarğışı tutub.
***
Sükut içindədir bağlar, baxçalar,
Sükut içindədir geniş küçələr,
Bir kimsə yoxdur ki, durub gözləyəm,
Yanımdan hərlənib, gəlib keçələr.
***
Hardasa ağ olub haqqın üzünə,
Bizim başımıza daş yağdıranlar.
Müftəxor dəstəsi, harın dəstəsi,
Qurunun oduna yaş yandıranlar.
***
Bu dünyanı qoyma, başlı-başına,
İlahi, hökm elə bu gündən belə.
Ey kərəmi ilə bizi yaradan,
Amanın günüdür mərhəmət elə!
***
Əlləri dizində qalar hər kəsin.
Milyonlar başına döyəsi olar.
Haqqı, ədaləti başa çəkməsən,
Namərdlər dünyanın yiyəsi olar.
***
Göyün matəmidir, Yerin yasıdır,
Bu göy də, bu yer də yas işindədir,
Təzələ, təmizlə durulub gedək,
Min ildir insanlar pas içindədir.
***
Bizim qəlbimizdə mərhəmət yarat,
Qəlbimizin odu heç vaxt sönməsin,
Cöhrənizdən gülüş əskik eləmə,
Ay bizi yaradan, üzün dönməsin.
***
Gəl, məhrum eləmə günəş nurundan,
Gur yanmaz günəşsiz bu od, bu ocaq,
Sənsən kainatın sahibi, sənsən,
Sənin qüdrətinə möhtacıq ancaq.
Kəndə gedə bilmirəm
İyirmi yeddi ildir,
Kəndə gedə bilmirəm.
Azıb duman içində,
Çəndə, gedə bilmirəm.
***
Ağzımda zəhər dadır,
Şəkərimiz, qəndimiz,
Əsir düşən zamandan,
Məndən küsüb kəndimiz.
***
Təskinlik tapmaq üçün,
Şəkillərə baxıram.
Qərib, sınıq könlümü,
Atəşlərə yaxıram!
***
Kəndimiz yada düşür,
Xatirələr dil açır.
Hər bahar yetişəndə,
Dərd içində gül açır.
***
Yuxularda alıram,
Kəndimizin ətrini.
Qəm üstə kökləyirəm,
Şeirimin sətrini.
***
Kim duymaq istəyirsə,
Kəndimizin qoxusun
Qəlbimdən axıb gələn,
Şeirimi, oxusun.
***
Yenə bu axşam-axşam,
Durub şəklinə baxdım.
Kəndimiz yada düşüb,
Allah haqqı darıxıdım.
Harda qalmısınız, kəlbəcərlilər?
Dağladı yad elin sərt qışı məni,
Ütdü qaçqınların baxışı məni,
Tutdı çiçəklərin qarğışı məni,
Harda qalmısınız, kəlbəcərlilər?
***
Bizi ovutdular , kişi ağlamaz,
Ahı-naləsiylə sinə dağlamaz,
Kəlbəcər yarası qaysaq bağlamaz,
Harda qalmısınız, kəlbəcərlilər?
***
Səyirdin atları, yorun, çatlasın,
Qırın namərdləri, qırın, çatlasın,
Sonra deməsinlər, gorun çatlasın,
Harda qalmısınız, kəlbəcərlilər?
***
Açın düyününü, açın, dərdini,
Yad əldə yolunan saçın dərdini,
Qubadlı, Kəlbəcər, Laçın dərdini,
Harda qalmısınız, kəlbəcərlilər?
***
Üstümüzdən müjdə yeli əsmədi,
Görək yaxşı nədi, görək pis nədi,
Səbrimizi Allah niyə kəsmədi?
Harda qalmısınız, kəlbəcərlilər?
***
Gözümdə həsrətim ilmə-ilmədi,
Vaxt-vədə ötüşdü, bir kəs bilmədi,
Ağatlı oğlan da getdi gəlmədi,
Harda qalmısınız, kəlbəcərlilər?
***
Daha özələyib ümidin şamı,
Məni qınayırsa, qınasın hamı,
Yaman kövrəlmişəm bu yaz axşamı.
Harda qalmısınız, kəlbəcərlilər?
***
Nisgildən, həsrətdən tutulub şələm.
Əlimdə od saçır bu dərdli qələm,
Xəbər edəsiniz yüyürəm, gələm,
Harda qalmısınız, kəlbəcərlilər?
***
Nəsib bülbül kimi, yad qəfəsdədir,
Gözü yolda qalıb, könlü səsdədir,
Heç çimir eləmir, ayaq üstədir,
Harda qalmısınız, kəlbəcərlilər?
Daha deyiləsi sözüm yox mənim.
İnamdan, ümiddən, dözümdən keçib.
Ayrılıq həsrətli gözümdən keçib,
Daha deyiləsi sözümdən keçib,
Daha deyiləsi sözüm yox mənim.
***
Kimsə yox, dərdini kimə deyəsən,
Kimə yalvarasan, boyun əyəsən,
Belə yaşamaqdan bezdim deyəsən,
Daha deyiləsi sözüm yox mənim.
***
Qıratı, düratı minməyimiz yox,
Sevincdən dil açıb dinməyimiz yox,
O doğma yurdlara dönməyimiz yox,
Daha deyiləsi sözüm yox mənim.
***
Hər bahar dərdlərim dil açır yaman,
Solğun yanağımdan sel qaçır yaman,
Qürbətdə həsrətim gül açır yaman,
Daha deyiləsi sözüm yox mənim.
***
Gözümdən kədərim sellənir gedir,
Dərdim “Kərəmi”də dillənir gedir,
Dərddən misralarım güllənir grdir,
Daha deyiləsi sözüm yox mənim.
***
Nəyi becərirdim, gör nəyi əkdim?
Qürbətdə sızladım, boynumu bükdüm,
Dağların dərdini içimdə çəkdim,
Daha deyiləsi sözüm yox mənim.
***
İstisu deyəndə ürəyim yandı,
Tərtər çağırdılar dərdim oyandı,
Qürbətdə ruhum da qana boyandı,
Daha deyiləsi sözüm yox mənim.
***
Dağların, torpağının əsir harayı,
Unutdum Allahın verdiyi payı,
Hələ üstümüzdə o haqqı, sayı,
Daha deyiləsi sözüm yox mənim.
***
Hər qarış torpağı əzizdir dedim,
Şirin çeşmələrdən əmizdir dedim,
Çismimdə. Canım da təmizdir dedim.
Daha deyiləsi sözüm yox mənim.
***
Nahaqq qarşısındı nazildi haqq da,
Ömrüm, günüm keçdi, qışda, sazaqda,
Yaşaya bilmədim, sizdən uzaqda,
Daha deyiləsi sözüm yox mənim.
Çıxam, gedəm dağlara
Yollarım elə uzaq
Kəndə gedə bilmirəm
Kimlər salıbdı, deyin.
Bəndə, gedə bilmirəm.
***
Əsən sərin meh deyil,
Gözümü silən deyil.
Ruhum kəndi dolanır.
Dağlardan gələn deyil.
***
Başım qalmaqaldadı,
Qürbətin yükü ağır,
Yollara boylanıram,
Başım üstə dərd yağır.
***
Əlim çatmaz, yetişməz,
Ötüb keçən çağlara.
Külək əsmir qoşulam,
Çıxam, gedəm dağlara.
***
Gözlədiyim xoş günlər,
Qarşıma gəlmir mənim.
Kəlbəcərsiz bayramım,
Üzümə gülmür mənim.
Ay nisgilli çiçək, ay dərdli çiçək
Təbiət sizə də gün ağlamadı,
Sizə də qar yağdı, a bənövşələr…
Ramiz Qusarçaylı
Ay nisgilli çiçək, ay dərdli çiçək,
Dərdim təzələnir səni görəndə.
Xəyalım dağlara aparır məni,
Başımın üstündə çəni görəndə.
***
Sevdiyim kədərli, dərdli, sitəmli,
Bu tənha, bu küskün, bu fağır mənim.
Müjdə gətirmirsən, qədəmlərindən,
Hər bahar başıma dərd yağır mənim,
***
Amansız dünyanın, haqsız dünyanın,
Ədalət üstündə fərmanı olmur.
Boynubüküklərin əzəl binadan,
Ha çalış, ha əlləş dərmanı olmur.
***
Qürbətdə gözlərim hələ yol çəkir,
Bu bahar, bu bayram mənasız qalıb.
Üstümüzə yorğan örtənimiz yox,
İndi çiçəklər də anasız qalıb.
***
Hər bahar gül açır dərdlərim mənim,
Dərdləri gözündə gülən çiçəyim.
Əsir Kəlbəcərdən bir kol dibindən,
Hər gecə yuxuma gələn çiçəyim.
***
Əzəldən taleyi tərs yazılıbdı,
Bu gün ağı deyib ağlayasıyam.
Çiçək sevınləri, gül sevənləri,
Dərdli misralarla dağlayasıyam.
***
Boynu buruqluğun bir yana qalsın,
Qar yağdı üstünə bu bahar günü.
Gətir, nəfəsimlə isidim səni,
Açılsın sinənin dərdi, düyünü.
***
Bizim dərdimizin çərasi yoxdur,
Fəsil dəyişsə də, dərd həminkidi.
Dərd çəkmək bəxtimə yazılıb mənim,
Bu tale mənimdi, dərdmənimkidi,
***
Oğulsan bu dərdə, tab gətir tablaş,
İnsafsız, imana, dinə gələsən.
Qamətim bükülüb dərdin əlindən,
Dedim xəbər edim sən də biləsən.
***
Səndən ayrı qalıb, çıxıb gedəndən,
Gəlmisən yuxuma bir mələk kimi.
Təzədən qayıdaq ötən çağlara,
Qoxlayım ətrini bir çiçək kimi.
***
Qoy, basım bağrıma ləcəklərini,
Axı, hamı sevir solmayanları.
Şaxta da viracaq, qar da vuracaq,
Sahibi, yiyəsi olmayanları.
Üzüldü
Nə tez keçdi ötən günlər ay Allah,
Əlim nə tez o çağlardan üzüldü.
Əl uzatdım çiçəyindən qoparam,
Ətir dolu budaqlardan üzüld.
***
Bələnmişdim çiçəklərin ətrinə,
Dəyməmişdim bir gülünün xətrinə,
Qırov düşüb şeirimin sətrinə,
O gur yanan ocaqlardan üzüldü.
***
Başım üstə dərd ələnir aramsız,
Ay dərd verən, məndən betər yanasız,
Nəsib necə yaşayacaq anasız,
O mehriban qucaqlardan üzüldü.
Dağlar
Həsrətin, xəyalın yolumu kəsər,
Keçən xatirələr,inciyər,küsər,
Məftunu olurdum gülün, hər səhər,
Tapmışdım çığırın ucunu dağlar.
***
Ətrinə salmışdı boz biçənəklər,
Güldən seçilmirdi gül kəpənəklər,
Yol boyu nazlanan şehli çiçəklər,
Verirdi doldurub ovçunu dağlar!
***
Düşürdüm əlacsız bəndə, gedirdim,
Dumanda gedirdim, çəndə gedirdim,
Bir sevda başımda kəndə gedirdim
Aşıırıb çiynimə xurcunu dağlar!
***
***
Özümdən beş dəfə yekəydi yüküm,
Baş alıb getmişdi təlaşım, hürküm,
Çiçək salxım-salxım, gül büküm-büküm,
Güllər daramışdı saçını, dağlar.
***
O qızın yanırdı üzü bilmədən,
Salmışdı qəlbimə közü bilmədən,
Düşmüşdü çiynninə özü bilmədən,
Qıvrım tellərinin qırçını dağlar.
***
Nəsibəm gülümə meyil salmadım,
Ayaq saxlamadım, donub qalmadım,
Qaçıb getdim sənə oğul olmadım,
Qaytara bilmədim borcunu dağlar!
Məhləmizin qabağından keçən yol
Bu nə yoldur kədər dolu, qəm dolu,
Nə doğmadı hər çiçəyi, hər kolu,
Karvan yolu, elat yolu, el yolu,
Məhləmizin qabağından keçən yol.
***
Bu yolların hər tərəfi tamaşa,
Yaylaqlara bələdçidi birbaşa,
Aparacaq, Gölyerinə, Qoçdaşa,
Məhləmizin qabağından keçən yol.
***
Neçə ildir tamarzıyam gülüşə,
Həsrət, qüssə yolumuzdan gen düşə,
Anam məni yola salıb həmişə,
Məhləmizin qabağından keçən yol.
***
Ö ətirli bahar hanı, yaz hanı?
Həsrət yorub, gözəllərdə naz hanı?
Bənövşəyə dönüb qalan qız hanı?
Məhləmizin qabağından keçən yol.
***
Kəsilibdi göydən,yerdən səs-səmir,
Darıxıram üstümüzə yel əsmir,
Qonşu qızı görüşümə tələsmir?
Məhləmizin qabağından keçən yol.
***
Yerişindən tanıyacam, gör necə,
Baxış incə, qədəm incə, bel incə,
Gözləyəcəm o qız gəlib keçincə,
Məhləmizin qabağından keçən yol.
***
Kimsə olmaz xətirimə dəyəsi,
Şahid səncən, olanları deyəsi,
Harda qalıb bu evlərin yiyəsi?
Məhləmizin qabağından keçən yol?
***
Otuz ildi saxlamışam dözümü,
Oda yaxıb, talamışam özümü,
Ta tutmaram başqa səmdə üzümü,
Məhləmizin qabağından keçən yol.
Gəlirəm,dağlar gəlirəm
Gülüstanım, xanimanım,
Həsrətindən yanıb canım,
Ruhu sevinir anamın,
Gəlirəm, dağlar gəlirəm.
***
Müqəddəs yurda dəyməyə,
Sənə nəğmə, söz deməyə,
Səcdə edib, baş əyməyə,
Gəlirəm, dağlar gəlirəm.
***
Əs üstümə sərin külək,
Ağ buludlar lələk-lələk,
Nə çəkmişəm bilir fələk,
Gəlirəm, dağlar gəlirəm.
***
Sən zərmisən, incimisən?
Gül çələngi, qönçəsisən,
Çox küsmüsən, incimisən,
Gəlirəm dağlar, gəlirəm!
***
Bu ömür qaralı-ağlı,
Gendə qaldım qolu bağlı,
Yollanıram sinəm dağlı,
Gəlirəm, dağlar gəlirəm.
***
Bir qanad taxıb uçmağa,
Bir bulaq üstə qaçmağa,
Güllərə könül aşmağa,
Gəlirəm, dağlar gəlirəm.
***
El-obanı soruşmağa,
Küsənlərlə barışmağa,
Torpağına qarışmağa,
Gəlirəm, dağlar gəlirəm.
Üstə
Bu zəfər günündə sevinəsiyəm,
Sevincdən köksümdə alışır sinəm,
Əzəldən dağların pərvanəsiyəm,
Dolannam nur saçan çırağın üstə.
***
Otuz il qəm, kədər qarşıma gəldi,
Namərdlər, nadanlar tuşuma gəldi,
“Ağlıma gəlməyən başıma gəldi”,
Dərdim səpələndi varağın üstə.
***
Çovğunu adladım, boranı keçdim,
Dərdimi dağların boyuna biçdim,
Bənövşəni sevdim, nərgizi seçdim,
Nifrətim töküldü alağın üstə.
***
Göydən nur ələnir, bu nə naxışdı?
Belə gözəlliyə başım qarışdı,
Gəncliyim yaxamdan elə yapışdı,
Quruyub qalmışam bulağın üstə.
***
Mənim gəlişimi bilib duyunca,
Ruhum pərvazlanir Tərtər boyunca,
Ay Allah, bağrıma basıb doyunca,
Üzümü sürtərəm torpağın üstə.
***
Hilalı,düşmənin bağrını yarar,
Köksümün içində tutubdu qərar,
Mənim bayrağımda şəhid qanı var,
Qoymaram toz qona bayrağın üstə.
Yuxum çin oldu, Allah
Ay Şuşa dağları, bu günə şükür,
Çəkilir başından dumanın, çənin.
Gərək dizin-dizin sürünəm gələm,
Gəlirəm, başına dolanım sənin.
***
Köksümə sıxacam bir dəli kimi,
Hər gülü,çiçəyi,yarpağı, Şuşam!
Yaman darıxmışam gör neçə ildir.
Öpüm qucaqlayım, torpağı, Şuşam!
***
Bu kövrək misralar sənindir sənin,
Varlığım yaşayır sənin adında.
Sənə istəyimi, sənə sevgimi,
Göndərdim şerimin qanadlarında.
***
Qürbətdə daşıdım dərdi-sərini,
Sənin həsrətindən dəli kimiydim.
Bir ömür yaşadım əzab içində,
Köklənmiş bir sazın sarı simiydim.
***
Elə darıxmışam səndən ötəri,
Gözümə sürtəcəm torpağı orda.
Gözlərimdə qalmaz arzu-istəyim,
Görsəm dalğalanan bayrağı orda.
***
Şehli otlarını sıqallayacam,
Bağrıma basacam orda hər gülü.
Hər bahar gələndə bilirsənmi heç,
Gözlərim arayıyb Xarıbülbülü.
***
Ay tərlan xəyalım məni dağların,
Qayasına çatır, daşına çatır.
Qürbətdə heç nəyə gücüm çatmayır,
Gücüm gözlərimin yaşına çatır.
***
Sən əsir qalandan nələr çəkmişəm,
Sən bahar ömrümü xəzan elədin.
Çox şükür, çox şükür axırda məni,
Bir Şuşa sevdalı ozan elədin.
***
Nə vaxtdan üzünü görmədim sənin,
Mən nələr yaşadım bu ayrılıqdan.
Müjdə gözləyirdim Şuşa müjdəsi,
Bu səhər başqa cür sökülürdü dan!
***
Azadlıq sorağı verdi bu səhər,
Ömrümə yazılan gözəl gün oldu.
Sevincdən sözümü deyə bilmirəm,
Axır ki,axır ki, yuxum çin oldu.
Bu payız könlümdə bahar kimidi
Bu payız könlümdə bahar kimidi,
Açacaq güllərin tumurcuqları.
Gətirin qayadan, ağacdan asın,
Boxçada qalmasın göz muncuqları.
***
Zirvələr gəlirəm əyəm başımı,
Öpəm sərt qayandan, daşından sənin!
Məğrurluq zirvəndən əskik olmasin,
Müdriklük çalmalı başından sənin.
***
Sənə qovuşmaqdı arzum, istəyim,
Başqa bir diləyim qalmayıb daha.
Ana balasına qovuşur indi,
Başqa bir diləyim olmayıb daha.
***
Enişli-yoxuşlu kələf yollarım,
Bir elin günahsız köçündən keçər.
Bu kəndin ağrısı, dərdi, acısı,
Mənim ürəyimin içindən keçər.
***
Tanıyar talalar ayaq səsndən,
Sevinər bu yerdə çiçək də, gül də.
Bir talesiz şair ömrü yaşadım,
Nələr çəkə bildim bu otuz ildə.
***
Nə qədər arzular yarı-yarımçıq,
Neçə xatirələr küsübdü məndən.
Bilmirəm ki, necə günah etmişəm,
Allah xoş günləri kəsibdi məndən.
***
Allah sınağından çıxardı birdə,
Saxladı, qorudu yenə mərdini.
Gəlirəm bir uçuq məzara deyəm,
Bir gözləri yaşlı ana dərdini.
***
Elə darıxmışam səndən ötəri,
Sinəmə sıxacam doyana kimi,
Bağrıma basacam çölü, çəməni.
Bu kənd gəlişimi duyana kimi.
***
Buludlar ağlayab mənim yerimə,
Leysan qayaları qalaylayıbdı.
Zirvədə yellənən üç rəngli bayraq,
Könlümdə üç dilli od qalayıbdı!
***
Doğma balasını qarşılayacaq,
Yaşıl dərələrim, geniş düzlərim.
Ələnər üstümə nurlu yağışı,
Sevinc yağışında çimər gözlərim.
***
Burda isinməyi arzulamışam,
Necədə doğmadı bu od, bu ocaq.
Təkcə yollanacam o bulaq üstə,
Bir ovuc su içmək qismət olacaq.
***
Dağların o üzü, bu üzü olmaz,
O üzdə vətəndir, bu üzdə vətən.
Yenə düşünürəm bir oğul kimi,
Ana torpaq üçün neyləmişəm mən.
***
Gecələr gözlərimin yuxusuz qalıb.
Mənim rahatlığım çəkilib dara.
Mənim Məkkəm olub, Mədinəm olub,
Əllərim uzanıb yönü dağlara.
***
Deyəsən dərdlərim baş alıb gedir.
Sevincdən tökülür gözümüm yaşı.
Axır ki həsrətim sona yetişdi,
Zəfər gətiribdi vətən savaşı.
***
Qalmışam həsrətin məngənəsində,
Azad görəcəyəm bu səhər səni.
Otuz il həsrətin sona yetibdi,
Bağrıma basacam Kəbəcər səni.
***
Dolanaq başına ulu dağların,
Dayanaq bərənin,bəndin içində.
Birdə bədnəzərin gözü dəyməsin,
Üzərrik yandırın kəndin içində.
***
Bu payız könlümdə bahar kimidi,
Açacaq güllərin tumurcuqları.
Gətirin qayadan, ağacdan asın,
Boxçada qalmasın göz muncuqları.