Nazir Şirin oğlu Məmmədov
Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Nazir Şirin oğlu Məmmədov 1954- cü ildə Laçın rayonunun Alxaslı kəndində anadan olub. Orta məktəbi 1972-ci ildə Şuşa şəhər 3 nömrəli internat məktəbində bitirib. Həmin il Azərbaycan Pedaqoji İnstitutunun Xankəndi filialının Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına qəbul olub.
1976 -cı ildə həmin İnstitutu fərqlənmə diplomu ilə bitirib. Təyinatla Laçın rayonunun Alxaslı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi, direktor müavini, məktəb direktoru işləyib.
Sonra Azərbaycan Müəllimlər İnstitutunda, Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim işləyib.
“ Yarımçıq xatirələr” kitabı müəllifin oxucularla ikinci göruşudur. “Yumruq boyda dunyanın sirləri” şeirlər kitabı çap olunub.
Nazir Məmmədov
Şeirlər
İstədim dünyada bir izim qala
Biləndə ki, gələn bir gün gedəcək,
İstədim dünyada bir izim qala.
Qayıdıb gəldiyim yollara baxdım,
Bəlkə, ümidimə bir özül ola.
***
Dolandı xəyalım aranı dağı,
Yada düşdü ömrün düyünü, dağı.
İtirdiyim günlər kəsildi yağı,
Bilməzdim bu qədər bəyazım ola.
***
Hanı qara saçlar, polad biləklər,
Hanı sevda dolu arzu, diləklər?
Getdi ömrün yazı, soldu çiçəklər,
İstər bundan belə yüz yazım ola.
***
İllər öz yükünü yığdı çiynimə,
Həsrət gündə bir don biçdi əynimə.
Könül, olan olub belə göynəmə,
İstər iki əlin, bir dizin ola.
***
Hər kəsin öz dərdi, öz umacağı,
Öz əli, öz başı, öz od-ocağı.
Tək özündən aşmır dolanacağı,
Gərək birinə də o lazım ola.
***
Gözləyə‐gözləyə onillikləri,
Xərclədik otuzluq, əllilikləri.
Öz- özünə gəlməz gözlədiklərin,
İstər hesabında düz yüz il ola.
***
Dünya işıqlanmaz günəş olmasa,
Həyat sönük keçər bir iş olmasa.
İnsanın ürəyi geniş olmasa,
Nə fayda dirəyi lap qızıl ola.
***
Bu dərdi açmasam, qəlbim alışar,
Əlim qələm tutsa, əlim alışar.
Dilimlə söyləsəm, dilim alışar,
Dərdimi deməyə bir sazım ola.
***
Hələ qarşıda var neçə dağ, dərə,
Hələ ümidliyəm, bağım bar verə.
Ömrümü verirəm gələn günlərə,
Bəlkə, bundan sonra bir sözüm ola.
28 mart 1986.
Neylim
Mənim doğulduğum yerlər,
Qayalıqdı, daşdı, neylim?
Məndən ötrü bu dünyada,
Hər bir yerdən başdı, neylim?
***
Min arzuyla düşüb yola,
Verək qol‐qola, əl‐ələ.
Yaza çox var, qışda belə,
Könlüm qaranquşdu, neylim?
***
Müqəddəsdir hər qarışı,
Həm dumanı, həm yağışı.
Hamı bir yerə yığışıb,
Yayçıyaldan aşdı, neylim?
***
Qazisi də, əsgəri də,
Cığırı da, səngəri də.
Sevincindən Həkəri də,
Çağlayıb daşdı, neylim?
***
Həzin səsli bulaq olub,
Şəhid qanlı bayraq olub,
Bircə ovuc torpaq olub,
Yurda qarışdı, neylim?
***
Gözüm itirdiyin gəzir.
Ürəyim hələ ki dözür…
O dağlarda qalan Nazir,
Yadıma düşdü, neylim?
Boş qalmış kənd görmüsənmi, eloğlu
Firdovsiyə
Yayçıyaldan üzü geri boylanıb,
Boş qalmış kənd görmüsənmi, eloğlu?
Əzgilliyə, Düzə sarı boylanıb,
Boş qalmış kənd görmüsənmi, eloğlu?
***
Nə gedən var, nə gələn var o kənddə,
Nə yaşayan, nə ölən var o kənddə.
Nə ağlayan, nə gülən var o kənddə,
Boş qalmış kənd görmüsənmi, eloğlu?
***
Bağlarında meyvələri yığılmır,
Axşam-sabah mal qarası sağılmır,
Evlərində körpələri doğulmur,
Boş qalmış kənd görmüsənmi, eloğlu?
***
Qonşu yoxdu, səslənib od alasan.
Qohum yoxdu, gedib beş gün qalasan.
Kim eşidər, hönkür hönkür ağlasan.
Boş qalmış kənd görmüsənmi, eloğlu?
***
Meşə basıb cığırları, yolları,
Didərgindi dağdan ağır elləri.
Həsrət qalıb boynumuza qolları,
Boş qalmış kənd görmüsənmi, eloğlu?
***
Dəhnə uçub, o dəyirman dayanıb,
Sanki burda ötən zaman dayanıb.
Orda bir ağ atlı oğlan dayanıb,
Boş qalmış kənd görmüsənmi, eloğlu?
***
Nə bazar var, nə alan var, nə satan,
Nə bostan var, nə bostana daş atan.
Dünəninə həsrət qalıb yas tutan,
Boş qalmış kənd görmüsənmi, eloğlu?
***
Yanmış evlər son işığı, tüstüsü,
Güllə səsi son nəğməsi, bəstəsi.
Son sakini bir qaranquş dəstəsi,
Boş qalmış kənd görmüsənmi, eloğlu?
***
Damağımda dadı qalıb o kəndin.
Ürəyimdə odu qalıb o kəndin.
Quruca bir adı qalıb o kəndin.
Boş qalmış kənd görmüsənmi, eloğlu?
***
Yazan olsa, dağlar boyda dərdim var.
Qəm evində nə dərd gəzdim, gördüm, var.
Yaşamasam, necə deyim yurdum var!
Boş qalmış kənd görmüsənmi, eloğlu?
01 sentyabr 2008.
Dağmı görməmisən, a dağlar oğlu
Qardaşım Yusiflə Qubaya getmişdik. Dağların başına duman çökmüşdü,
Əzgilli, Əriməz, Kilsəli kimi kövrəldiyimi görəndə kövrək səslə:
ʺDağmı görməmisən, a dağlar oğluʺ dedi. Beləcə bu yazı yarandı.
Nə yaman həsrətlə baxdın dağlara,
Dağmı görməmisən, a dağlar oğlu?
Bir nəfəs almadan qalxdın dağlara,
Dağmı görməmisən, a dağlar oğlu?
***
Az qalırsan leysan olub yağasan,
Neçə ildir həsrətlisən dağa sən?
İstəyirsən gözlərinə yığasan,
Dağmı görməmisən, a dağlar oğlu?
***
Bənövşəmi səni çəkdi buraya,
Yoxsa nərgiz özün atdı araya?
Bulaq göz yaşıyla gəldi haraya,
Dağmı görməmisən, a dağlar oğlu?
***
Cığırları şehli görüb ağladın,
Həsrətləri çiçək kimi bağladın.
Bir ah çəkdin ürəyimi dağladın,
Dağmı görməmisən, a dağlar oğlu?
***
İllər ötüb, saçlarına dən düşüb,
Gözlərinə qüssə qonub, qəm düşüb.
Nə zamandır dağlar səndən gen düşüb.
Dağmı görməmisən, a dağlar oğlu?
Sentyabr 2013.
Halal elə, əgər gələ bilməsəm
Bu şeiri 30 ilə yaxın doğma yurd həsrətilə yaşayıb,
o həsrətlə də dünyadan köçən əzizlərimizin xatirəsinə həsr edirəm.
Doğma kəndim, bir təlaş var içimdə,
Halal elə, əgər gələ bilməsəm.
Görünməsəm, dönənlərin köçündə,
Halal elə, əgər gələ bilməsəm.
***
Çörəyim olmusan, duzum olmusan,
Barım, bərəkətin, ruzum olmusan.
Ən böyük dayağım, arzum olmusan,
Halal elə, əgər gələ bilməsəm.
***
Unutmadım, bulaqların suyunu,
Dəstə‐dəstə bənövşəni, boyunu.
Bilmək olmaz fələk quran oyunu,
Halal elə, əgər gələ bilməsəm.
***
Çox gəzmışəm çəmənləri, çölləri,
Qoxlamışam çiçəkləri, gülləri.
Qucağında yaşadığım illəri,
Halal elə, əgər gələ bilməsəm.
***
O dağlara nə söyləsəm, az olar,
Nə qaldı ki, qış qurtarar, yaz olar.
Yol açılar, gediş gəliş düzələr,
Halal elə, əgər gələ bilməsəm.
***
Nə deyim ki, zirvədəki qara mən,
Hara dönüm, hara gedim, hara mən?
Mənə bəsdi soruşmağın, araman,
Halal elə, əgər gələ bilməsəm.
***
Qar, yağışın, duman, çənin əlindən,
Vaxt olub ki, qarğış çıxıb dilimdən.
Keçən keçib, nə gələr ki, əlimdən?
Halal elə, əgər gələ bilməsəm.
***
Bu ömürü necə yığım bir yerə,
Hər addımda neçə yaddaş, xatirə.
Gücüm çatmaz, hamısını gətirəm,
Halal elə, əgər gələ bilməsəm.
***
Torpaq dərdi çox çətindi, ağırdı,
Zaman bizi dərd içində yoğurdu.
Dağlar məni görüşünə çağırdı,
Halal elə, əgər gələ bilməsəm.
***
Hərəmizin öz taleyi, öz bəxti,
Tələssək də, hər şeyin var öz vaxtı.
Ən çətini gözlə vaxtı, döz vaxtı,
Halal elə, əgər gələ bilməsəm.
***
Nə yaxşı ki, mənim yurdum, yuvam sən,
Ürəyim sən, nəfəsim sən, havam sən.
Hər ağrıma, hər acıma davam sən,
Halal elə, əgər gələ bilməsəm.
***
Kimi taleyindən, ömründən razı,
Kimi də bəxtindən küskün, narazı.
Nazir qalıb torpağına tamarzı,
Halal elə, əgər gələ bilməsəm.
Oktyabr 2021.
Ay dağlara həsrətlilər
Zirvələrə qalaqlanıb,
Duman, çəni əlçim-əlçim.
Gecə gündüz sızıldayır,
Bulaqları için için.
Ay dağlara həsrətlilər,
Günahımdan keçin keçin…
***
Gözü dolu bir bulağam,
Nə üstümə gələnim var.
Nə suyumdan içənim…
Gül-çiçəkli bir çəmənəm.
Nə sinəmdə qaçanım var,
Nə otumu biçənim…
Ay dağlara həsrətlilər,
Günahımdan keçin keçin…
***
Yollarını ot bürümüş bir yuvayam,
Nə çəpərdən çağıran var.
Nə qapımı açanım.
Gözü yolda bir oylağam.
Nə qoynuma gələnim var,
Nə yurduna köçənim…
Ay dağlara həsrətlilər,
Günahımdan keçin keçin…
Avqust 2019.
Qoşqara
Zirvəsində duman, ətəyində mən,
Bir il qonaq olduq ulu Qoşqara.
Alaçığa dolar yayda duman, çən,
Hər kəsin düşübsə, yolu Qoşqara.
***
Boyu, qantəpəri dəstəbədəstə,
Çoban tütəyində “Kəsmə şikəstə”.
Yayda qar gətirər gül-çiçək üstə,
Çox da bel bağlama dəli Qoşqara…
***
Hər daşı, qayası şirin xatirə,
Yazsam, sığışarmı beş-on sətirə.
Ulu tanrı bir də bizi gətirər,
Qoynu xatirəylə dolu Qoşqara…
***
Qara baxdım, yada düşdü Əriməz.
Çox boylandım, Çalbayırım görünməz.
Dünyanı ver yurd həsrəti kiriməz ,
Dedi Ələsgərlə Alı Qoşqara.
“Evimiz evdə qalıb!”
Bu şeir evləri üçun darıxan üç yaşlı nəvəm Nərgizin bir cümləsinin təsiri ilə yazılıb: Ay Nərgiz balam, sənin bu üç sözun məni uzaqlara apardı, kövrəltdi. Axı bizim də evimiz evdə qalıb.
Heç nə götürməmişik ,
Evimiz evdə qalıb.
Heç nə gətirməmişik,
Evimiz evdə qalıb.
***
Rahat nənnim, beşiyim,
Atım, itim, pişiyim.
Dolu evim, eşiyim,
Evimiz evdə qalıb.
. ***
O uşaq nadincliyim,
Dəli-dolu gəncliyim.
Rahatlığım, dincliyim,
Evimiz evdə qalıb.
***
Nə götürüm, nə qoyum,
Nə axtarım, nə sayım?
İllər sonra nə deyim,
Evimiz evdə qalıb.
***
Ömrün al-əlvan rəngi,
Hər düzəni, ahəngi.
Günlərin ən qəşəngi!
Evimiz evdə qalıb.
***
Kimin əlindən tutum,
Baxıram yetim-yetim…
Ordadı anam, atam,
Evimiz evdə qalıb…
26.08.2024.
Bu günlərdə doğmalarım evimizi ziyarət ediblər.
Evdə qalan evimizi…
Bir şeirə cavab
Həsrətim qabar-qabardı,
Uddum, ürəyimi yardı…
(Bir yer olsa, ağlayardım)
Orda bir boş qəbir vardı,
Gördüm yatıb qəm içində.
***
Gecə düşmüş şehdimi bu,
Bir baxışda “eh”dimi bu?
Bir qövsü-quzehdimi bu,
Hələ qalıb nəm içində.
***
Dövləti yox, varisi çox,
Borcu çoxdu, parası yox.
Yarası var, çarəsi yox,
Həm çölündə, həm içındə.
***
Yolda qalan gözdü, bəlkə,
Nəm yerdəki duzdu, bəlkə?
Düzdə qalmış “düzdü”, bəlkə,
Görən, çəkir kim içində?
***
Qəm yükümü hara çəkim,
Kimin qapısına töküm?
Axı mən necə qəm çəkim,
Əhmədi-biqəm içində!
Avqust 2024
Sevgi nədir bilməzdim
Bir şeirə cavab
Sevgi nədir bilməzdim,
Eləcə sevdim səni.
Sevgi belə olurmuş,
Beləcə sevdim səni.
***
Balaca oğlan idim,
Balaca sevdim səni.
Heç xəbərin olmadı,
Mən necə sevdim səni.
***
Bu sevginin yaşı yox,
İndicə sevdim səni.
Ürəyimdə saxlayıb,
Gizlicə sevdim səni.
***
Sevən dəli olurmuş,
Olunca sevdim səni.
Dərdindən havalandım,
Dəlicə sevdim səni …
***
Sevginin dili laldı,
Acıdı, həm də baldı.
Sevdim, canımı aldın,
Ölüncə sevdim səni.
İyul 2024.