Nazim Nəsrəddinov: Yaxşı sözün yüz oyunu- Söz Oyunu
Yaxşı sözün yüz oyunu- Söz Oyunu
***
Yeri düşür
biz sözləri
ələk-fələk eləyirik,
bunu biib eləyirik,
ya bilməyib eləyirik….
Ay,nə bilim,
bişmiş ələk, çiy ələk…
Güıməlisə, de, gülək.
Bu qarpızdır,bu yemiş,
hər ikisi suya həris, görməmiş…
Əmimgilin həyətində var əzgil,
var köhnə gül, Təzəgül..
Bu ağac da – əbrişim,
onun ilə nə işim…
Şabalıda, yerlər var ki deyirlər-
Şah Palıd..
Amma görən olmayıb
hələ nökər, qul palıd.
Ağacdakı qoza bax,
pambıq qozası kimi…
Heç nəyin dozası yox,
onun dozası kimi…
Bu qırmızı-albalı,
olub hamının malı..
Aha, bu ki gilasdır…
təravətli,ətlidir,
necə də ləzzətlidir!..
Tutun üstündəki xətt,
nə qıyğacı xətlidir…
Şaftalılar suludur,
başqa adı,
səhv deyilsə, huludur.
***
Eh… Dilimiz -xəzinə,
hər kəlməsi bir qanad,
amma bəzən
sözlər var ki
onlar ilə pərvazlanıb,
Yer üzündən
xəyalların arxasınca
göy üzünə,
Vallah,uça bilmirik.
Düyün düşən sözləri
çox vaxt aça bilmirik.
Sözlərin mənasını ,
hey axtarıb, çözürük….
çətinliyə dözürük…
Bir sözü səhv deyəndə
xəcalətdən
xəcil olub ölürük…
***
Ehey! Bir dinləyin sözlərimi,
bilinmirsə,məna əgər,
toxunmayın o sozlərə…
Dünya qopar boş-boşuna
boş söz desə,əgər hərə..
Sözlər yazıq,dil yazıqdır,
güldürməyin bizləri siz,
öldürməyin sözləri siz
Söz öləndə, söz itəndə,
dəli olub ölürük biz…
Boş-boş yerə söz oynadıb,
söz fırladb,
özünüzü dəliliyə qoymayın,
yaxşı sözü yaşatmaqdan,
diriltməkdən doymayın.
***
Söz oyunu-
hər bir kəsin öz oyunu..
Söz oyunu,söz oyunu,
Olsun sənin oyunun….
**
Yaxşı sözlə həmişə
fərəhlənin , öyünün.
Ağıl ilə,fəhm ilə
açın,açın
düyün düşən,
dilimizdən sürüşən,
min-min sözün düyünün…
bu Dünyanı valeh edən
dilimizlə fərəhlənin,
söyünün….
***
Nazim Nəsrəddinov
Bakı,
09.06.2021