Nazim Əhmədlinin “İntihar” hekayəsinin həyatı, Səma Muğanna qələmindən…
Səma Muğanna
Azərbaycan Yazıçılar Birliyinin üzvü
1.Nazim Əhmədlinin “İntihar” hekayəsinin həyatı
Səma Muğanna qələmindən…
Mən ulduzlara toxuna bilməsəm də, kitablar qələmimin yanındadır. Gözlərim kor olub, ancaq səsləri eşidirəm: “İntihar”, “Dəli”, “Uşaqlıq”
İnsanlar intiharı ruhun bədənindən qopması kimi qəbul edir. Əslində, intihar tamamilə fərqlidir, yəni göründüyü kimi deyil. Bəlkə də ruh bədəndən qopmasa da, insan hər zərrəsinin ondan ayrıldığını düşünür. İnsan mürəkkəbdir. Bilirsiz niyə? Məni diqqətlə dinləyin:
İnsanın gözlərinin içindəki göz bəbəkləri göy üzündəki Dolunaydır. İki göz, iki göz bəbəyi ola bilər, lakin bu göz bəbəkləri bütövlükdə Dolunayı ifadə edir. Dolunayın kədəri, xoşbəxtliyi bu göz bəbəklərinə birbaşa bağlıdır. İnsanın göz bəbəklərinin biri xoşbəxtliyi, biri isə kədəri ifadə edir. Dolunay da zülmətdə işıqlanırsa, bilin ki, xoşbəxtdir, lakin göy üzünün hökmranlığını Zülmət edirsə, Dolunay kədərlidir və özünü bədbəxt hiss edib deyə gizlənib, eynən insan kimi.
Biz insanlar da eləyik. Bəzən çıxış yolunu yalnız “intiharda” axtarırıq. Ancaq bilin ki, intihar insanın özünün cəlladı olması deyil, bəzən insanın zərrələrindən biri də onun cəlladına çevrilə bilər, məsələn, göz bəbəkləri.
Məhz “intihar”dan söz açmağıma səbəb qələmimin dostuna, mənim isə həyat hekayəmi ifadə edən kitabla bağlıdır. Şair, publisist Nazim Əhmədlinin “Qız təbəssümü” hekayələr kitabında oxuyurdum. Hekayələr biri-birindən fərqli, qeyri-adi olsalar da, yalnız “İntihar” hekayəsi mənim duyğularımı yaşadıqlarımdan daha çox alt-üst etdi. Başlıqda da qeyd etdiyim kimi “kitablar qələmimin yanındadır” Kitablar ruh dostum, qələmimin yoldaşıdır. “Qız təbəssümü” kitabı da onlardan birinə çevrildi.
Mənim fikrimcə, yazılan hekayələrin hər biri yazıçının kiçik evidir. Bəlkə də bu hekayələrin məni özünə bağlamasının səbəbi yaşadıqlarımla oxşar olmasıdır. Hekayələri kiçik evlərə bənzədirəm. Düşünün, bir evi təmir edib bitirdikdə digərindən fərqlənir? Ancaq fərqlənsə də, hər ev bizə o doğmalığı hiss etdirmir. Nazim Əhmədlinin hekayələrində bu doğmalığı hiss etdim. Ən çox da “İntihar” hekayəsi.
“İntihar” hekayəsində, sanki uşaqlığımı, keçmişimi tapdım. O evin qonağı olduğumda, elə bil yanlışlarımın doğrulara çevrildiyini, öldürdüyüm uşaqlığımın ruhunu tapdım. Ona görə də yazının başlığını “intihar”la başladım.
“İntihar”ın evinə (hekayə) gəldiyimdə gənc oğlanla rastlaşdım. Müəllifin də qeyd etdiyi kimi, o,dəniz kənarında əyləşib fikrə dalmışdı elə bil. Ümumiyyətlə, mən hekayələri oxuduğumda obrazları analiz edirəm. Bu gənc oğlanın simasında qəribə bir bədbinlik qarışıq düşündürücü halmı deyim, yoxsa suallarmı gəzirdi. Beynində dolaşan bu sualların cavabını çətinliklə tapsa da, rahat idi. Bəlkə də bu sualların cavabını o bir neçə dəqiqədən sonra tapacaq, bəlkə də tapmayacaq.
Müəllifin qələmə aldığı bu hissə məni çox düşündürdü:
-Qeyri-ixtiyari oturacağın arxa tərəfindən gələn iniltiyə sarı döndüm. Heç nə görünmürdü. Hə, deyəsən yaxınlıqdakı elə də hündür olmayan şam ağacının altında kimsə var idi. Paltarının rəngli görünməsindən qadına oxşayırdı. Hə, deyəsən inildəyən də elə o idi. Özümdən asılı olmayaraq inilti gələn səmtə doğru getdim və fikirləşdiyim kimi, yerdə uzanıb inildəyən gənc bir xanım idi. Otuz-otuz beş yaşlarında olardı. Üst-başı pis günə düşmüş, paltarı, ayaqları yaş, saçları da dağınıq halda idi. Dodaqları əsirdi.
-Sizə nə olub,-deyə soruşdum. O, cavab vermədi. Deyəsən, huşu özündə deyildi. Onu bir də səslədim. Başını ağır-ağır qaldırıb üzümə baxdı və əlinin işarəsi ilə mənə get dedi.
Bu hissədə müəllif çox hadisələri qeyd edib. “İntihar” evində gənc oğlanın naməlum qadınla bu cür qarşılaşması təsadüf deyildi, çünki mən təsadüflərə inanmıram! Bu qadın, əslində, gənc oğlanın keçmişi idi. Hekayəni oxuyub bitirdiyimdə mən bunun fərqinə vardım. Bəlkə də çoxları oxuduğunda qadının intihar etmək istədiyi qənaətinə gələcək, lakin burada qadın gənc oğlanın ruhudur. Oğlandan qaçış etsə də, o qadının hər zərrəsinə hopub. Baxın, insanlar özləri bilmədən bir-birini bu cür incidir. Müəllif qeyd edir ki, qadın deyir “ölmək istəyirəm” və bunu dəfələrlə təkrar edir. Əslində, isə qadın ölmək istəmir. Qadın neqativlərindən, yaşadıqlarından, düşündüklərindən qurtulmaq istəyir. Göz bəbəklərindən axan qanlı yaşlar onun simasını qırmızı rəngə boyayır, qıpqırmızı döyünən ürəyi parçalanır, bədəni gücdən düşür və qadın getdikcə çirkinləşir, simasını itirir. Qadın qorxur! Qadın qorxur ki, “ölmək istəyirəm!”-deyir.
Ən maraqlı hissəsi də budur. Evin içinə baxmamışdan öncə ətrafın su ilə dolu olduğunu fərq etdim. Demək, müəllif yazıda gənc oğlanın dəniz kənarında əyləşməsini boşuna qeyd etməyib.
Bilirsinizmi, dənizin dili yoxdur, lakin bizim nələr yaşadığımızın canlı şahidi məhz dənizdir. Hekayədəki kiçik bir hissəni də sizinlə bölüşmək istəyirəm:
–Sizdən bir şey soruşum, necə oldu ki, huşunuzu itirdiniz burada?
O əlini dənizə tərəf uzadıb:
-Oraya gedirdim, burda yıxıldım, həm də… -deyib duruxdu.
-Həm də nə?
-Heç, o sizə aid deyil! -deyə o qəti cavab verdi.
Qadın əlini dənizə uzatdığında artıq hiss etdim ki, o dənizlə söhbətləşmək istəyir. Bəlkə də çoxları qadının özünü dənizə atıb intihar etməyini düşünəcək, lakin elə deyil. “Özünü atmaq” yanlış ifadədir. Qadın, sadəcə dənizlə ruhundakı dərdlərini danışmaq üçün addımlayırdı, ancaq çiyinlərindəki yük o qədər ağır idi ki, o daşıya bilmirdi.
İntihar edən qadın deyildi, qadının ovuclarındakı məktub idi. Müəllif qeyd edir ki, qadın ovcunda sıxıb saxladığı kağız parçasını heç kimə vermədi. O, kağız parçasını ovuclarında elə bərk sıxmışdı ki, kağız parçası da onun barmaqlarının arasından süzülüb kül olmaq istəyirdi.
İnsan intihar etmək istəyəndə yalnız özünü deyil, hər şeyi incidir. Gənc oğlan deyir ki, “ilk dəqiqələrdən bu gənc və sirli xanımın intihar etmək istədiyini təxmin edəndə, hər hansı bir andasa həyatın hər kəs üçün mənasız ola biləcəyinin fərqinə vardım”
Qadın üçün mənasız görünən həyat deyil, məhz özü idi. Niyə? Çünki qadın simasını itirirdi. Fikir versəniz, insanın göz yaşları da dəniz kimidir. Ağladığımızda simamız necə dəyişir? Baxın, dəniz də elədir. Bəs qadının qanlı göz yaşları desəm? Qanlı göz yaşları simasına axır və siması kirlənir. O, kirləndiyini düşündüyü üçün intihar etməyə cəhd edir. Bəlkə də bu çoxları üçün gizli, çoxları üçün isə açıq-aşkar görünə bilər… Əslində, isə insanların şahid olmadığına göy üzündəki parça-parça buludlar, Dolunay, qürubda gizlənən Günəş şahiddir.Hekayədən yenə kiçik bir hissəsini sizlərlə paylaşmaq istəyirəm:
Ay buludların arası ilə üzür, dənizsə yüngül-yüngül yırğalanırdı. Dalğalar sahil daşlarına çırpılıb qayıdır və xəfif pıçıltılarını özləri ilə arxaya, dənizin içərilərinə doğru aparırdı.
Müəllifin qələmi bu gün məni “İntihar” evinə səyahət etdirdiyində, sanki öz əllərimlə öldürdüyüm uşaqlığımla da görüşdüm. İnsan neçə yaşında olursa olsun, uşaqlığını öldürdüsə, onu əlbəttə illər, tarixlər və qəddar zaman heç vaxt rahat buraxmayacaq. Bu gənc oğlan və qadının qarşılaşması təsadüf deyildi. Qadının göz bəbəkləri Dolunayda, gənc oğlanın yaşadıqları isə qadının həyatında idi. Onlar bir-birini bilmədən uçuruma doğru sürükləmişdilər…
“İntihar” evindən çıxa bilmirdim. Ayrıldığımda hiss etdim ki, qapalı olan yollarımın hər birində ölən uşaqlığım məni səsləyir, lakin qələmim ona tərəf getməyə icazə vermir. “Hələ mənimlə bölüşəcəyin çox şey var” -deyir.
Nazim Əhmədli, “İntihar” evinin (hekayəsinin) qapısından içəri keçib məni uşaqlığımla yenidən qarşılaşdırdığınız üçün sizə minnətdaram!
2.“Payız həsrəti” Nazim Əhmədli qələmində
“Mən heç sevmədim payızı”
indi payızın adını,
saçlarım qışa yazdırır;
hardasa, uzaq yerdə,
ruhum bir payız azdırır.
Nədənsə, başlığı müəllifin yazdığı sonuncu bəndlə başlamaq istədim. Payız fəslinin adını eşidəndə qəm-qüssəyə boğulan ruhum indi payızla söhbətləşir. Çoxları məndən soruşardı ki, payızı niyə sevmirsən? Sualın cavabını bəzən qısa formada cavablayar, bəzən isə ətrafa çökən dərin sükut içində susuram.
Payızda saralan yarpaqlar, sanki sökülən evin qırıq-sökük parçalarına bənzəyir. Saralıb-solan tək yarpaq deyil, neçə-neçə igidlərimiz oldu. Nazim Əhmədlinin şeirlərindəsə, bu dərin ağrını, dumanlı həsrəti hiss etdim. Siz bilirsiniz, insanın gözlərini duman alıb aparar? Heç şahidi olmusunuz? Mən olmuşam. Mən müəllifin “Mən heç sevmədim payızı” şeirini oxuduğumda gözlərimi qara buludlarla örtülmüş duman alıb apardı. Bu dərin nisgili ürəyimdəki evimdə hiss etdim. Sanki gənc qız deyil, kimsəsiz yaşlı bir qadının duyğularını yaşadım. Qəribədir ki, tək şeiri oxuduğumda deyil, hər payız fəsli ömrümə qonaq gəldiyində ruhumdan sevgi qırıntılarını alıb apardığı kimi.
Müəllif şeirində “kədərli payızı” deyil, sanki “payız qadınını” təsvir edib. Payızı bir fəslə deyil, tənha qadına bənzədirəm. Müəllifin sehrli qələmində bu fikrin canlı şahidi olduğumu düşünürəm:
mən heç sevmədim payızı,
payızda üzüm gülməzdi;
o payız, payız olmasa,
bəlkə də, anam ölməzdi;
“Tənha qadın” dediyim “bəlkə də, anam ölməzdi” misrasına bağlıdır. Şeiri oxuduğumda payız fəslində yarpaqları tökülən ağacı o tənha qadına bənzətdim. Qadının saçlarındakı tellər dən-dən düşüb torpağa qarışdı elə bil…
üzündən qəriblik yağır,
payız həsrətdi, qubardı;
mən heç, sevmədim, payızı,
anamı payız apardı;
“Payız həsrətdi, qubardı” dediyində, sanki yağış yağandan sonra ətrafa çökən sükut, əslində, fırtınaya bənzəyir. Saçları islanan “tənha” qadının ürəyi qubar bağlayıb. Dərdlərini “tənha” küçələrə atıb və sonra dözməyib bu dünyaya “əlvida” -deyib…
Bəlkə də payız aparmayıb “tənha” qadını, bəlkə də payız söyləyib ki, torpaq sevmir dərdləri. Al, özünlə apar…
Müəllifin qəlbindəki həsrəti, ağrı-acını hiss edib qələmimlə bu sükuta boyanan sentyabr ayına baxıram. Düşünürəm ki, axı sentyabr niyə payızı sevmədi? Niyə payız da onu sevmədiyini bildiyi halda hər il gəldi? Bəlkə intiqam almağa gəlib? Sualımın cavabını bu bənddə tapdım:
payız apardı, anamı,
qatıb çiçəyə, yarpağa;
unudub ağrı-acını,
anam, gül oldu, torpağa;
Bir insan ömrü kitabdakı vərəqlərin cırılıb atılması kimi incədir, amma zəif deyil! Kitabın vərəqlərini çevirdiyimdə elə bil hər vərəqdən bir insan qaçır və bunu təlaşla edir. Bir insanın taleyi danışılır. Müəllifin güclü qələmində torpağın da gülü sevib, amma payızı sevmədiyinin şahidi oldum…
Payıza və payızda doğulan “tənha qadına” sözüm var:
Qadın tənha olduğu üçün deyil, payız onu tənha qoyub getdiyi üçün o “əlvida” -dedi. Əlvidalar həmişə payızda olarmış… Müəllif deyir ki, “payızdan küsmüşəm” Mən isə saralan yarpaqlardan, torpaqda quruyan çiçəklərdən küsdüm, payızdan deyil…
mən heç sevmədim, payızı,
sevmədim, ağlım kəsəndən;
anam da sevdi payızı
mən, o payızdan küsəndən;
Mən də payızı “tənha qadının” sevdiyi kimi sevdim…