Nazim Əhmədlinin hekayələrində insan
Ədəbi tənqid
Ədəbiyyatın əbədi mövzularından biri olan insan və cəmiyyət, insan və mühit problemi daima aktualdır. Əsrlər bir-birini əvəz edir, yeni elmi yeniliklər, yeni həyat və yeni düşüncə yaranır, insan daim dəyişir, dəyişdikcə ətrafını da dəyişdirir. Lakin dəyişməyən yeganə məqam ədəbiyyatın insana olan marağı, onu daim həyatın özü olaraq tanımasıdır. İnsanın daxilinə işıq salan ədəbi mətnlər bəşər övladının özünün özünə yazdığı məktub kimi əsrlərin burulğanından keçərək gələcəyə doğru yol alır. Şair, nasir, publisist Nazim Əhmədlinin hekayələrinə də nəzər saldıqda ilk diqqətimizi cəlb edən məqam insana olan sevgidir. Yazıçının hekayələrinin hər birində fərqli insan obrazları, maraqlı həyat lövhələri ilə qarşılaşırıq. Bu kiçik mətnlərdə bütöv bir insan ömrünün ağrıları epizodik şəkildə verilsə də yazıçı məharətlə əsas məqamları vurğulaya bilir və oxucunu insan təbiəti, bəşər övladının bu dünyadakı ağlı-qaralı varlığı haqqında düşünməyə, düşündükcə öz həmcinsinə qarşı daha anlayışlı olmağa səsləyir.
Nazim Əhmədlinin hekayələrində diqqət cəlb edən əsas mövzulardan biri məhz bəşəriyyətin zərif kəsimini təmsil edən qadınların daxili dünyası və yaşantılarıdır. Onun təsvir etdiyi, xarici və daxili gözəlliyə sahib mükəmməl qadınlar daim təhalığın məngənəsində əzilir, öz qəlb ağrıları ilə oxucunun yaddaşına köçürlər. Nazim Əhmədli “Heç sənə çatmaq olmur” hekayəsində sonsuzluğun, övladsızlığın üşütdüyü bir qadının obrazını yaratmışdır. Qadın tənhalıqdan ümidsizliyə doğru gedən yolda sürətlə irəliləyir, irəlidə isə işıq yox, qaranlıq var: “Qaranlıq hər yeri örtmüşdü. Haradasa lap uzaqlarda, bu pəncərəyə oxşar bir pəncərə də vardı. Orda isə qoca, kimsəsiz bir qarı oturmuşdu, pəncərəyə Ay işığı düşmüşdü və Ayın işığı da qadının saçlarını parıldadırdı”. Sevdiyinin övlad sevincini dadaraq xoşbəxt olması üçün ayrılığı seçən qadının yaşantıları, ağrıları fonunda oxucu insan həyatının mənası barədə düşünür. Gözəlliyin, sahmanın, işığın, gələcəyin, körpə qığıltılarının simvolu olan qadının tənhalığı və bu tənhalıqdan doğan soyuq hekayədə təsvir edilən interyer vasitəsilə də oxucuya çatdırılır. Hekayənin qəhrəmanının məhz uçulub-tökülməkdə olan, şəhərin ucqarında yerləşən yataqxanada yaşaması, bu yataqxananın ucqar dəhlizlərində eşidilən körpə səsləri, ana laylaları, qadının özünə baxdığı və zamanın izlərinə təssüfləndiyi bədənnüma güzgü, qaranlığa, gecəyə açılan pəncərə tənhalığı, yalnızlığı materiallaşdırır, mətnin emosional təsir gücünü artırmağa xidmət edir.
Yazıçının “İntihar” hekayəsinin qəhrəmanı olan adsız qadın da “Heç sənə çatmaq olmur” hekayəsində təsvir olunan qadına bənzəyir, sanki həmin obrazı başqa məkan və zamanda yenidən izləyirik. Lakin bu dəfə xoşbəxt olmayan qadının təsvir edildiyi məkan qapalı, pessimist ab-havalı deyil. Yazıçı dənizdə intihar etməyə cəhd etdiyini düşündüyü gözəl qadını təbiətin qoynunda, dənizkənarı parkda bayğın yatarkən təsvir edir. Bu dəfə tənhalıq ilk baxışdan gözə çarpmasa da, yenə də həyat və ölüm, xoşbəxtlik və bədbəxtlik yanaşı dayanır. Üz-gözündən, geyimlərindən, davranışından maddi cəhətdən təmin olunmuş olduğu bilinən, Tanrının gözəllikdən məhrum etmədiyi qadının niyə ölmək istədiyi, niyə bu qədər çılğınlaşdığı sanki aydın deyil. Axı dünya da gözəldir, qadın da gözəldir. Sualın cavabını yazıçı özü verir, oxucunu zahiri parıltının, görünən “bəxtəvərliyin” altında yatan ağrılı insan taleyinə laqeyd qalmamağa, insanlar haqqında qəliblərlə düşünməməyə, qəlbləri duymağa çağırır: “Heç kim başqasının daxilində nələrin baş verdiyini deyə bilməz. Lakin ilk dəqiqələrdən bu gənc və sirli xanımın intihar etmək istədiyini təxmin edəndə hər hansı bir andasa həyatın hər kəs üçün mənasız ola biləcəyinin fərqinə vardım”.
“Qız təbəssümü” hekayəsində 36 yaşlı nişanlı qızın taleyi fonunda keçid dövrünün ağrıları öz əksini tapmışdır. Qızın illərlə intizarla, həsrətlə, sədaqətlə yolunu gözlədiyi qatar nəhayət gəlib çıxır. Nigaranlığın sonu hüznlə bitir. 13 il əvvəl Rusiyaya güzəran qurmaq, qazanmaq arzusu ilə gedən nişanlısı Qorxmazın meyidinin gəlməsi ilə qızın dünyası divardakı qədimi güzgü kimi çilik-çilik olur. Hekayədə bir qadının duyğuları, arzuları, ehtiyacları olduqca təbii, rəvan bir şəkildə oxucuya çatdırılır.
“Qız təbəssümü” hekayəsinin qəhrəmanı da digər hekayələrin qadın obrazları kimi adsızdır. Nazim Əhmədlinin hekayələrində izlənən bu tendensiya müəllifin ümumən qadın taleyinə, qadın ruhuna işıq tutmaq niyyətindən irəli gəlir. “Qız təbəssümü” hekayəsini Nazim Əhmədlinin qadın dünyasına həsr edilmiş digər hekayələrindən fərqləndirən əsas cəhət isə burada süjet xəttinin daha bitkin və geniş olmasıdır. “Heç sənə çatmaq olmur” və “İntihar” hekayələrində daha çox həyat hekayəsinin nəticə hissəsi, kədərin və tənhalığın kulminasiyası təsvir edilir. “Qız təbəssümü”ndə isə oxucu həmin kulminasiyaya gedən yolu qəhrəmanla birgə keçir.
“Qız təbəssümü” hekayəsində diqqət çəkən digər məqam I Qarabağ müharibəsinin ağrıları ilə bağlıdır. Qız daim 10 il əvvəl tərk etdiyi kəndi dumanlı şəkildə xatırlayır. O işğal altında olan, “cığır-cığır, tala-tala xatırladığı” kənddən qıza yalnız mərmi partlayışından yaranan nevroz və ürəkkeçmə yadigar qalıb. Ən ağır günlərində qız o yurda, o yurdun uca dağlarına sığınmaq istəyir. Lakin yollar bağlıdır, bir nəğmədə deyildiyi kimi “çarələr çarəsizdir”: “Yayın cırhacırında da o dağların başından qar əskik olmur. Keçmişlərdə ağır xəstələr üçün o dağlardan qar gətirərmişlər. Bunu anasından eşitmişdi. Anasına da yerli camaat danışmışdı. İndi isə o dağlara getmək müşküldü, lap istəyir bütün kənd xəstə düşə və hamı da qar istəyə. Çünki o dağlar artıq bizdə deyil”.
Nazim Əhmədlinin “Kəndimizin ruhu” hekayəsi də I Qarabağ müharibəsi mövzusunda qələmə alınmışdır. Əsərdə itirlilmiş yurd yerinin ağrısı fonunda insan taleyi işıqlandırılır. Hekayə Laçın işğal olunarkən doğma kəndini tərk etməyib düşmənlə sona qədər vuruşaraq həlak olan Kamran bəyin xatirəsinə həsr edilib. Tərk edilən, boşalan, yetim qalan kəndin toy-büsatlı günləri kəndi tərk etməyən, yalnız olsa da yurdunun müdafiəsinə qalxan qəhrəmanın gözündə canlanır. Keçmiş günləri, mənfur düşmənin hiyləgərliyini, onun bu düşmənçiliyi necə pərdələdiyini xatırlayan qəhrəman öz mərd xalqının başına gələn müsibətin ağırlığı altında ruhən inləyir. Hekayədə maraqlı obrazlardam biri də Qara it obrazıdır. İnsanların niyə birdən-birə köçüb getdiyini anlamayan, ətrafdan gələn güllə səslərinin səbəbini, dünən toy-büsat qurulan kəndin bu gün nədən xarabazara çevrildiyinin izahını öz aləmində tapa bilməyən Qara itin ürəyi partlayır. Bütün bunlara şahidlik edən qəhrəmanın fikri qətidir: “Mən heç haraya getməyəcəm. Qalacam burda. Ölmək ölməkdi, bəs xırıldamaq nə deməkdi? Yəqin, mənim də alın yazım beləymiş. Bu kənd öldü… Bir anlığa elə təsəvvür etdim ki, mən bu kəndin ruhuyam. Axı ruhlar sağ qalır”.
Bəli, doğrudan da, “ruhlar sağ qalır!”. Bu gün xalqımızın sağ qalan, əbədi məşəl kimi alovlanan ruhu, Ali Baş Komandan və ordumuz sayəsində “ölən” kəndlərimiz, obalarımız yenidən dirilir, o dağlar, zirvələr yenidən öz əzəli sahiblərinə qovuşur. Bu gün Qarabağ ağrısı ilə yazılan əsərləri artıq kədərlə, yurd ağrısı ilə deyil, keçmişi unutmamaq üçün, şəhidlərimizi xatırlamaq üçün, vətənimizi daha çox sevmək üçün oxuyuruq və yaşadırıq.
Nazim Əhmədlinin hekayələrində əbədi mövzular fərqli interpretasiyada, özünəməxsusluğu ilə seçilən lakonik üslubda təqdim edilir və bu mətnlərdən boylanan məqamlar onun nasir kimi də ədəbiyyatda öz sözünü demək iqtidarında olduğunu sərgiləyir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
Kaynak: https://edebiyyatqazeti.az/news/edebi-tenqid/7677-nazim-ehmedlinin-hekayelerinde-insan?fbclid=IwAR1dxdjwr0DJkC_0bMy_uGcjlBXnvKuD8QlrSoqm1PEnGNbfuwRKnRe87Ek#.YRUMU8q0N-0.facebook