Naxçıvandakı Əshabi-Kəhfə aid bir hekayət

Əshabi-Kəhfə mövzusu  100 yaşlı türkdilli pedaqoji uşaq mətbuatımızın – “Maarif “məcmuəsinin ilk  nömrəsinin  tapıntılarından biri kimi və yaxud  mifik düşüncətariximizin maraqlı  bir nümunəsi –

Naxçıvandakı Əshabi-Kəhfə  aid  bir hekayət

                     ( İkinci yazı )

Pedaqoji və uşaq mətbuatı tarixinə aid silsilə yazılar hazırlayarkən “Maarif” jurnalının 1921-ci ilə aid birinci nömrəsində Quran mövzusunda olan maraqlı bir yazıya rast gəldim. Müəllifi Kərim İsmayılzadədir.

Kərim İsmayılzadə Zaqafqaziya Müəllimlər Seminariyasının 1890-cı il
məzunlarındandır (Nəriman Nərimanov da Qori seminariyasını 1890-cı ildə bitirib). “Kəşkül” qəzetinin 29.08.1890-cı il tarixli 109 -cu nömrəsində verilən xəbərə görə, həmin il seminariyanı qurtaranların cərgəsində Nəsənzadə, Qiyasbəyzadə, Qaibzadə, salyanlı Axundov da vardı. Seminariyada onların ana dili və şəriət müəllimi salyanlı Axund Əbdüssəlam Axundzadə(1843-1907) olub.

Bu, o Ədüssəlam Axundzadədir ki, 1879-cu ildə seminariyanın müsəlman şöbəsinin açılışında şirvanlı Seyid Əzim Şirvaniyə müəllimlik vəzifəsi uğrunda müsabiqədə qalib gəlmişdi.

Ə.Axundzadə 1894-cü ildən ömrünün sonunadək Qafqaz Müsəlmanları Şiə Ruhani İdarəsinin sədri, Zaqafqaziya şeyxülislamı olub. N.Nərimanov sonralar yazırdı ki,


“Qori Seminariyasında elmini tamam edib, indi qələm tutan 5-3 nəfər varsa, axund Əbdüssəlamın tərbiyəsinə bağlıdır”.

Kərim İsmayılzadə haqqında məlumatlar olduqca azdır. Sovetlər dağılandan sonra biz XIX əsrin maarifçilik tarixinin əsas mənbələrindən uzaq düşmüş, adda-budda mənbələrdən faydalanaraq bəzi tarixləri ictimai-siyasi həyatımızın əks olunduğu, ilişib qaldığı təsadüfi məxəzlərdən öyrənməli olmuşuq. Kərim İsmayılzadə 1890-cı ildə Tiflis yaxınlığındakı Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasını bitirəndən sonra bir müddət Vedidə müəllim işləyib. Qafqaz Təhsil Dairə
rəhbərliyinin əmri ilə o, 15 sentyabr 1892-ci ildə Nehrəm kənd məktəbinə müəllim vəzifəsinə təyin olunub. Kərim müəllim burada cəmi 2 il müəllim işləyir Kərim müəllim Nehrəmdə işləyərkən bu kəndin tarixi keçmişi, etnoqrafiyası haqqında irihəcmlı əsər yazır.

Əslən şəkili olan Kərim İsmayılzadənin “Maarif” jurnalında çıxan “Ölən şəhər” yazısı da bu silsiləyə daxil olan əsərdəndir.
“Ölən şəhər” əsəri çap olunanda K.İsmayılzadə Bakı məktəblərində çalışırdı. O, pedaqoji və uşaq mətbuatında hesab fənninə, o vaxtlar dəbdə olan elm və təbiət tarixinə aid aid maraqlı yazıları iləgənc oxucuların və müəllimlərin bədii, elmi və riyazi təfəkkürünü zənginləşdirirdi.


Yeri gəlmişkən, onu da qeyd edək ki, XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində Azərbaycanın maarifçilik həyatında məktəb müəllimləri əhəmiyyətli yer tuturdular. XX əsrin əvvəllərində Azərbaycan maarifçiləri öz fikirlərini publisistik sözün qüdrətilə ifadə etməyi daha münasib hesab edirdilər. Onlar XIX əsrin daha çox mətbuatla tanınan maarifçilərinin – “Əkinçi” qəzetinin (1875-1877) redaktoru Həsən bəy Zərdabinin (1842-1907), Tiflisdə nəşr olunan “Ziya”(1879-1880) və “Ziyayi- Qafqasiyyə” (1880-1884) qəzetlərinin naşiri və redaktoru Hacı Səid Əfəndi Ünsizadənin (1842-1903), publisistik yaradıcılığa “Ziya” qəzetinin redaktoru kimi başlayan,1883-cü
ilin yanvarından nəşr edilən “Kəşkül” jurnalının və “Kəşkül” qəzetinin naşiri və redaktoru Cəlal Unsizadənin (1854- 1933 (bu tarix hələ tam dəqiqləşdirilməyib-N.N.),

XIX əsr Moskva və Tiflis rusdilli mətbuatının fəal müxbirlərindən biri olan Məhəmməd ağa Şahtaxtinskinin pedaqoji irsinə bələd idilər. XX əsrin təhsillə bağlı olan görkəmli nümayəndələri Mustafa Mahmudov, Nəriman
Nərimanov, Sultan Məcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Ağa bəy İsrafilbəyli, Cəmo bəy Cəbrayılbəyli, Abdulla Şaiq, S.S.Axundov, Fərhad Ağazadə, Əliisgəndər Cəfərzadə, Mahmud bəy Mahmudbəyov və başqaları zəngin və rəngarəng ziyalılıq mədəniyyəti ilə nümunəvi vətəndaş kimi
tanınırdılar.Təsadüfi deyil ki, pedaqoji mətbuatla tanınan bu ziyalıların çoxu sonralar Xalq Maarif Komissarlığına dərslik və nəşriyyat şöbəsinə işləməyə və əməkdaşlığa dəvət olunmuşdular. Mətbuat tariximizdə özünə şərəfli yer tutan”Rəhbər”, “Məktəb, “Dəbistan”, “Maarif”, “Qırmızı günəş” “Məktəb məcmuəsi” kimi uşaq və pedaqoji mətbuat nümunələri sinifdənxaric oxu kitabları kimi nəzərdə tutulmuşdu. Bu məcmuə və jurnalların əsas məqsədlərindən biri sözü simvol və rəmzlərləsöyləməyə xidmət edirdi. Mənə elə gəlir ki, “Ölən şəhər”də də diqqət bu məqsədə yönəldilmişdi.

***
Bu mövzunu çoxdan işləmək istəyirdim: ölçürdüm, biçirdim, forma axtarışlarına çıxırdım. Dillərini bilsəm də, bilməsəm də dünya “GOGLE”larına üz tuturdum. Yaxşı mənada bir ilişiklik axtarırdım.
Nə isə… Sirlərlə, rəmzlərlə, söz içində söz deməyin yüz yolunu göstərən bu yazını oxucuların diqqətinə çatdırıram.

….Kərim İsmayılzadənin 1921-ci ildə “Maarif” jurnalında çap olunan “Ölən şəhər” adlı əsəri dünyanın bir sıra ölkələrində yayılan “Əshabi-kəhf” (buna hekayə də, rəvayət də, əsatir də deyirlər) adı ilə tanınan əsərin nəzirəsi və təbdilidir.

Əsərdə zalım və allahlıq iddiasında olan ölkə başçısının əlindən dağlardakı mağarada özlərinə sığınacaq tapmış yeddi nəfərin taleyindən söz açılır.
“Ölən şəhər” əsərinin ərəb yazıçısı İmat əl-Şafenin “Əshabi-Kəhf” hekayəsi əsasında yazıldığı güman edilir.
“Əshabi-Kəhf”in müxtəlif variantları var. Bədii, publisistik və elmi yaradıcılığı hələ də kölgədə qalan Kərim İsmayılzadənin “Ölən şəhər” hekayəsini yazı üslubuna və orfoqrafiyasına müdaxilə etmədən
oxucuların diqqətinə çatdırırıq. Babalarımızın dünyagörüşlərini, ətraf mühitə münasibətlərini,düşüncə tərzini öyrənmək baxımından Zaqafqaziya Müəllimlər Seminariyasının 1890-cı il məzunlarından biri, Nəriman Nərimanovun tələbə və əqidə dostu Kərim İsmayılzadənin dünyanın bir sıra ölkələrində geniş şəkildə dolaşan, xalq əsatiri əsasında yazılmış bu hekayəsinin orta məktəb dərsliklərinə daxil edilməsi məqsədəuyğun olardı.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

türk dünyasının “Şeref Yarlığı” ödülüenə layiq görülmüş tədqiqatçısı,

türkoloq.

22.02.2021

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest