Genel

Meyxoş Abdullah – Hekayə

Nazim Əhmədli / Kırımınsesi / Azerbaycan

Bağışlanmayan günah…

       (hekayə)

… Səhhətiylə bağlı vaxtından əvvəl istefaya göndərmişdi. Dincəlmək üçün səs-küydən uzaq, qalın meşəliklə əhatə olunmuş bu yer, azacıq da olsa ona rahatlıq gətirirdi. Meşənin ətəyindən gözyaşı kimi dupduru çay axırdı. Hava təmiz, ətraf sakitlikdi.

O, hər gün nahardan sonra tilovunu götürər və balıq tutmaq üçün çaya enərdi. Çay şirinsulu olduğundanburadakı balıqlar da çox dadlıydi. Başıova qarışanda ağrılarıonu bir anlıq da olsa rahat buraxırdı.

Sifətindəki dərin yanıq izləri görkəmini eybəcər hala salmışdı. Üzünün sağ tərəfinin dərisi çənəsinə doğru yığıldığından, sağ gözü hədəqəsindən çıxmaq dərəcəsindəydi. Sol gözü isə, güclü yanığın təsirindən kor olmuşdu. Hər iki qolunda dərin yanıq  izləri  görünürdü.

Gündüzlər dağın sərinhavası əsəblərini sakitləşdirib canına rahatlıq gətirsə də, gecələr soyuğun təsirindən bədəninin yanıq yerləri yamanca sızıldayırdı.Səhəri çox vaxt dirigözlü açardı. Özünü  tox tutmağa çalışsa da, dəhşətli ağrılar bir anlıq da olsun onu rahat buraxmırdı.

            İki il olardi ki, ailəsindən də ayrı düşmüşdü. Arvadı qızını da götürərək onu tərk edib getmişdi. Əslində o, ailəsinin bu hərəkətinə haqq qazandırırdı. – Neyləməliydi bəs, ömrünü mənimlə çürütməliydi? – deyə öz taleyinə acıyırdı.

Ammaonlar üçün möhkəmcə darıxırdı. Qızını yadına salanda uşaq kimi gövrəlirdi.

           Ömrüboyu səs-küy içində yaşamış birisi üçün beləsakitlik, insanlardan uzaq yaşamaq ağır gəlirdi. O da insan idi, kiminləsə söhbət etmək, dərdləşmək istəyirdi. Buralara isə insanlar nadir hallarda gəlib çıxırdılar. Bu yerlər şəhərdən çox-çox uzaq bir yer idi, həm də, bu kimsəsiz yerlər adama çox darıxdırıcı görünürdü.

 Belə günlərin birində, o, səhər yuxusundan ayılıb gördü ki,  yaşadığı yerdən azca aşağıda, çayın qırağında bir alaçıq qurulubdur. Ürəyində sevinsə də, alaçığa tərəf getməyi hələlik ağlından belə keçirmədi.

Günortaya yaxın  alaçıqdan iki nəfər çıxıb çaya doğru endilər. Onlardan biri qırx, qırx beş yaşlarında kişi, digəri isə iyirmi, iyirmi beş yaşlarında olan gənc qadın idi.Çox xoşbəxt görünürdülər. Günboyu bir-birinə sarılmış vəziyyətdə çaykənarında dolaşan bu cütlüyün xoşbəxt həyatına həsəd aparmalı idi. Vaxtilə, o da həyat yoldaşıyla belə mehriban olmuşdu, onu dəlicəsinə sevmişdi. İndi isə yalquzaq kimi tək-təhna meşədə dolaşırdı.

            Bir gün balıq tutduğu zamanarxasında kiminsə dayandığını hiss etdi. Dönüb baxanda həmin gənc qadını gördü. Qadın, kişinin sifətini görən kimi qorxusundan qışqırdı və bir-iki addım geri çəkildi. Kişi tez üzünü  çevirib astadan:

            – Bağışlayın, gəlişinizi hiss etmədim. Deyəsən, sizi qorxutdum? Yəqin, zənn etdiniz ki, pezəvəng bir ayı ilə rastlaşmısınız? Qorxmayın, bir müddətdir ki, burada yaşayıram ayı-zad gözümə dəyməyibdir. Deyəsən, mənim bu eybəcərliyim o yazıq heyvanları da buradan didərgin salıbdır.

             Kişinin bu mehriban davranışı və səmimiyyəti qadını utandırdı. O, bayaqkı hərəkətinə görə peşimançılıq hissi keçirtdi.

            Qadının bu hərəkətini kişi də hiss etdi və onu düşdüyü vəziyyətdən çıxarmaq üçün dedi:

            – Mən hər gün burada balıq tuturam. Tutduğum balıqları yenidən çaya buraxıram. Axırda isə bircəciyi mənim nahar yeməyimə kifayət edir. O yanındakı vedrəni qadına göstərib əlavə etdi:

            – Götürün,  bu gün ovum uğurlu olubdur, görün nə qədər balıq tutmuşam.

 Qadınvedrəyə yaxınlaşıb  əlini onun içinə saldı və bir ədəd iri xanı balığı götürüb kişiyə təşəkkür etdi.

            – İstəsəniz hər gün gəlin, burada təzə balıq olur – deyə, kişi dilləndi.

Səhəri gün həmin vaxt qadın yenə gəldi. Yenə kənarda dayanıb kişinin balıq ovuna  tamaşa etdi. Kişi qadını qorxutmamaq üçün bacardıqca geriyə baxmırdı. Bunu qadın da hiss edirdi. Amma daha ondan qorxmurdu.

 Bir müddət keçmişdi, artıq onlar dostlaşmışdılar.

Qadın hər gün balıq ovuna tamaşa etmək üçün kişinin yanına  gələr və gedəndə də kişi onu təzə balığa qonaq edərdi.

            Qadını həmişə bir sual düşündürürdü, bu adama nə olmuşdur, onu buralarda təhna dolaşmağa nə vadar edir? Onun ailəsi yoxdurmu?

 Bu suallar onu narahat etsə də kişinin qəlbinə toxunacağından ehtiyyat edərək, bu barədə ondan heç nə soruşmurdu.  

Amma bir gün qadın özündə cəsarət tapıb dedi:

            – Sizdən bir şey soruşmaq olar?

            Kişi qarmağa düşmük kiçik balığı açaraq yenidən çaya tullayayıb nəzərlərini qızın üzünə dikərək soyuqqanlı halda:

            – Bilirəm, nə soruşacaqsınız? – deyə dilləndi.

            Qadın maraqla:

            – Nə soruşacağam?

            Kişi:

            –  Soruşacaqsınızki,  sizə nə olmuşdur, niyə bu görkəmdəsiniz? Buralarda tənha dolaşmağa  sizi nə vadar edir? Ailəniz yoxdurmu?  – Düzmü dedim?

            Qadın çiyinlərini çəkərək:

            – Hə, əlbəttə, eynən bunları soruşacaqdım.

         Kişi ilk dəfə olaraq dönüb qadına diqqətlə baxdı. Neçə gündən bəri söhbət ediyi qadının belə gözəl olacağını heç təsəvvürünə gətirməmişdi. Onun gözəlliyi qarşısında öz sir-sifətinin eybəcərliyini xatırlayıb utandı və başını aşağı salıb yavaşca:

         – Bu uzun əhvalatdır, sizə o qədər də maraqlı gəlməyəcək,ona görə də, danışmasam yaxşıdır.

Qadın əl çəkmədi:

            – Xahiş edirəm deyin, necə olub ki, bu hala düşmüsünüz?

            Kişi qadının asanlıqla ondan əl çəkməyəcəyini görüb dedi:

            – Mən hərbiçiydim, komandir olduğum bölüklə meşə zolağındakı postda keşik çəkirdik.   Bizdən bir xeyli aralı, dağın ətəyində  salınmış istirahət zonasında insanlar dincəlirdilər.

 Biz onlardan  bir xeyli uzaq olsaq da, insanların deyib-gülməklərinin, çal-çağırlarının səsini eşidirdik. Oradakılar çox xoşbəxt görünürdülər. Doğurdan da, biz hərbiçilər onlara həsəd hissiylə baxırdıq.

Bir dəfə gecə vaxtı postu yoxlamaq üçün çıxmışdım. Hər şey öz axarınca gedirdi. Gecə sakit, göyüzü tər-təmiz idi. Hərbiçi olsaq da, gecənin bu sakitliyi adamın ruhunu oxşayırdı, uzanıb doyunca yatmaq istəyirdin.

 Birdən həmin o istirahət düşərgəsindəki balaca daxmaların birinin alovlandığını gördüm. Alov gecənin qaranlığında şölə saçırdı. Əvvəlcə, nəyin baş verdiyini anlamadığımdan çaşıb qalmışdım, nə edəcəyimi bilmirdim. Gecəyarısı olduğundan oradakıların hamısı şirin yuxuda idilər. Ona görə də, baş verən hadisədən heç kəsin xəbəri yox idi.

            Mən iki əsgərlə birlikdə hadisə baş verən yerə yüyürdük. Alov balaca taxta daxmanı tamam bürümüşdü, içəri gürmək mümkün deyildi. Vaxt da itirmək olmazdı, içəridəkilər yana bilərdilər. Ona görə də, özümü daxmanın pəncərəsindən içəri atdım. İlk növbədə yataq otağını axtardım. Zənnim məni aldatmamışdı yataqda iki nəfər, bir kişi, bir də bir qadın qucaqlaşıb yatmışdılar. Ani olaraq onların xoşbəxtliyi barədə fikirləşdim, axı, bu biçarələr bir neçə dəqiqədən sonrabaşlarına gələcək dəhşətli hadisədən xəbərsiz idilər.

            Otaq qaranlıq və tüstüylə dolmuşdu. Adam güclə nəfəs alırdı. Zəhərli tüstü az qalırdı ki, adamın canını alsın. Bayırda yalmanan alov dillərinin arada otağı işıqlandırmasından, çətin də olsa qaraltıları seçə bilirdim. Əvvəlcə, qadını qucağıma götürdüm, o bərk yuxulu, həm də, möhkəmcə içkili idi. Pencərəyə yaxınlaşıb onu bayırda dayanan əsəgərlərə tərəf uzatdım. Sonra geri qayıdıb kişini qucağıma aldım. Burnuma dolan acı tüstünün içindən kəskin spirt qoxusu da gəlirdi. Yəqin, bu cütlük ağıllarını itirənəcən içmişdilər,yoxsa, bu boyda  həngamədən necə olsaydı xəbər tutardılar.

Onları vaxtında xilas etdiyimə görə çox sevinirdim.  Geri döndüm, kimsənin otaqda qalıb-qalmamasını yoxlamaq istəyirdim. Elə bu vaxt otağın tavanının başıma uçduğunu gördüm. Od-alov bürümüş tavanın altında qaldım. Bədənim alışıb yanırdı, dəli kimi qışqırırdım. Ağlım başımdan çıxana kimi kömək çağırdım. Sonra huşumu itirdim,  nələrin baş verdiyindən xəbərsiz oldum.

          Ayılanda özümü hospitalda, baş-gözümün sarğı içərisində olduğunu gördüm. Bütün bədənim yanmışdı, ən çox da yanan sifətim idi. Gözümün biri tamam yanmışdı,o biri isə  görmə qabiliyyətinin yarısını itirmişdi. Altı aya yaxın hospitalda yatdım. Yanıqdan əlavə güclü stress də keçirmişdim.  Bir müddət özümə gələ bılmirdim. İndinin özündə də, bəzən əsəblərimi cilovlaya bilmirəm. Bax, axırı da  bu, – deyə kişi dərindən köks ötürdü… – Amma sevinirəm ki, əziyyətim hədər getməmişdir, insanları od-alovdan qurtarıb, onları həyata qaytarmışam. Onlar xoşbəxt insanlar idi, sevgidolu həyat yaşayırdılar. Bircə, təsəllim budur, – deyə kişi əlavə etdi.

O sözünü qurtarar-qurtarmaz qadın hönkürtüylə ağlamağa başladı. Kişiyə elə gəldi ki, qadın onun sözləridən təsirləndiyi üçün ağlayır. Onu sakitləşdirməyə çalışdı. Amma mümkün olmadı, qadın hönkürürdü…

       Kişi məcbur qalıb ayağa qalxdı və onun üzünü qapadığı əllərindən yapışib, təskinlik verməyə çalışdı.

          Qadın bir-iki addım geri çəkilərək qışqırdı:

            – Toxunma mənə… Sən çox bədbəxt bir insansan… Gör kimlərin həyatını xilas edib, özünü məhv etmisən, ay adam…

            Kişi  çaşıb qalmışdı, onun nə dediyini, niyə belə etdiyini anlaya bilmirdi.  

         Qadın isə sakitləşmək bilmirdi, elə hey qışqıra-qışqıra deyirdi:

            –  Bədbəxt insan, gör sən nə etmisən, canını kimlərin yolunda qurban vermisən?!.. Sən mənə görə… mən fahişəyə görə,  əhlikef, əyyaş kişilərə görə öz sağlamlığını qurban vermisən, ay biçarə… Sən günaha batmısan, bağışlanmayan bir günaha…

            Sonra o, kişinin qarşısında diz çöküb, yumuruqlarıyla torpağı döyəcələyə-döyəcələyə zarıyırdı.

Kişi onun dediklərindən heç nə başa düşmürdü. Handan-hana, o sakitləşib oturdu. Hıçqıra-hıçqıra, qırıq-qırıq danışmağa başladı:

 – Həmin gün anam məni də götürüb o dediyin istirahət zonasına gətirmişdi. Əslində, o məni tanışı olan imkanlı bir kişiyə satmışdı.  O günü biz möhkəmcə yeyib-içib keflənəndən sonra kişiylə bir otaqda qaldıq. Başımız eyiş-işrətə elə qarışmışdı ki,  gecə yatanda stolun üstündəki şamları söndürməyi belə  unutmuşuq. Yanğın da o səbəbdən baş vermişdi. – Ay səni, gör həyatda yaxşı  insanlar özlərini kimlərə görə məhv edirlər? Tfu, lənətə gələsən səni belə  eybəcər həyat, belə alçaq xoşbəxtlik… Görürsən?  – İndi mən nə deyim, sizə? Heç olmasa, bircəyol söy, döy məni, qoy ürəyim sakitlik tapsın, – deyə qadın yalvarırdı..

            Kişi əlinin arxasıyla yanmış çənəsini ovuşdurdu. Elə bil, onun yaralarının yenidən qaysağını qopartdılar, xəfifcə inildədi. O, bir müddət susub qaldı. Sonra handan-hana başını qaldırıb soruşdu:

            – Sonradan maraqlandınızmı, sizi xilas edən o insan hardadır, ölüb, ya qalıb?

                Qadın diksinən kimi oldu. Doğurdan da,  o, bu vaxtacan onun barəsində  heç nə fikirləşməmişdi.

                Kişi qadının susduğunu görüb, dərindən köks ötürdü və pıçıltıyla:

                -Onda, bu barədə heç kəsə bir söz deməyin. Qoy, insanlar yaxşılıq etməyi özlərinə borc  bilsinlər… yoxsa,  insanlıq məhv olub gedər.

                Kişi bu sözləri deyib, tilovunu da yığışdırıb çayaşağı endi.

… Səhəri gün, o yuxudan duranda çayın qırağındakı alaçığı yerində görmədi… Onlar gecəykən çıxıb getmişdilər.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest