Masallılı şair Arif Fərzəlinin şeirləri
Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi

Masallılı şair Arif Fərzəlinin şeirləri “Kırımınsesi” qəzetində
Yarım əsrə yaxındır bədii yaradıcılıqla məşğul olan tanınmış Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Arif Fərzəlinin şeirləri oxuculara təqdim olunur.
Arif Fərzəli (Fərzəliyev Arif Xudakərim oğlu) 1956-cı ildə Azərbaycanda, Masallı rayonunun Xırmandalı kəndində ziyalı ailəsində anadan olmuşdur. O, 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsini, 1991-ci ildə isə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsini bitirmişdir.
Müəllifin şeirləri və publisistik yazıları bu günə qədər “Azərbaycan”, “Literaturnıy Azərbaydjan”, “Ulduz”, “Gənclik”, “Karvan”, “Söz” jurnallarında, müxtəlif almanaxlarda və onlarca qəzetdə işıq üzü görmüşdür. Arif Fərzəli “Toxuma həsrət torpaq”, “Sizin dünya”, “Ömür yarımçıq qalmır”, “Yağışa düşən qərib”, “Tarix kitabı” və “Ömürdən iki yarpaq” kitablarının müəllifidir.
Şairin özünəməxsus poetik dili və dərin fəlsəfi dünyasını əks etdirən şeirlərini “Kırımınsesi” qəzetinin oxucularına təqdim edirik:
Poetik Dünyanın Söz Sərrafı Arif Fərzəli
“Kırımınsesi” qəzeti olaraq, türk dünyasının mədəniyyət və ədəbiyyat körpülərini möhkəmləndirmək, ortaq mənəvi dəyərlərimizi oxucularımıza çatdırmaq missiyamızı fərəhlə davam etdiririk. Bu sayımızda sizləri müasir Azərbaycan poeziyasının tanınmış və ustad imzalarından biri – Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Arif Fərzəli (Fərzəliyev) ilə yaxından tanış edirik.
Arif Fərzəli yarım əsrə yaxındır ki, bədii yaradıcılığın çətin, lakin şərəfli yolunda addımlayır. Kimya elminin dəqiqliyi ilə poeziyanın sonsuz ümmanını öz ruhunda birləşdirən şair, Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya məktəbini keçərək özünəməxsus bədii xətt formalaşdırmışdır. Onun indiyə qədər işıq üzü görən “Toxuma həsrət torpaq”, “Sizin dünya”, “Ömür yarımçıq qalmır” kimi dəyərli kitabları insan ruhunun dərinliklərinə, torpaq və vətən sevgisinə, ömrün fəlsəfi çalarlarına işıq tutur.
Şairin qələmindən süzülən, hər bir misrasında bəşəri duyğularla yanaşı, Azərbaycanın bənzərsiz söz xəzinəsinin dadı-duzu duyulan şeirləri ilk dəfə olaraq qəzetimizin səhifələrində Kırım və geniş türk coğrafiyasındakı oxucularımızla görüşür. İnanırıq ki, Arif Fərzəlinin poetik dünyası, sözün gücü və səmimiyyəti sizlərin də qəlbində dərin izlər buraxacaq.
Ustad şairə yaradıcılıq uğurları arzulayır və onun könül dünyasından süzülən şeirləri sizlərə təqdim edirik.
Arif Fərzəli
Qartal oylağı
Yayıldı dünyanın hər tərəfinə
Bu müjdə: işğaldan qurtardı Şuşa.
Adını, odunu, şan-şöhrətini –
Özünü özünə qaytardı Şuşa.
***
Nərlər-ərənlər tək qalxdı yerindən,
Qayası dikəldi, daşı dikəldi.
Qurtuldu yadların sərkilərindən,
Şəhərlər yanında başı dikəldi.
***
Bu yerlər yenə də qartal oylağı,
Bir də sinəsinə dağlar çəkilməz.
Daha bu yerlərdə hər bahar çağı
Bitən bənövşənin boynu bükülməz.
***
“Bir saat havada qanad saxlayın,
Nizam ilə gedən qoşa durnalar”.
Gəlin, səmasıyla ülfət bağlayın,
Sizi haraylayır Şuşa, durnalar!..
Şəhidlər ölməz ki…
Bəlkə də bir anlıq bükər dizini,
Ensə də bir anlıq enər torpağa,
Şəhidlər təzədən açar gözünü,
Şəhidlər təzədan qalxar ayağa.
***
Yağan yağışlara, əsən küləyə,
Süzən ulduzlara dönər şəhidlər.
Dönər ildırıma, dönüb şimşəyə,
Düşməni kiridib yenər şəhidlər.
***
Yenə alov saçar od baxışları,
Təpəri yerində, gücü yerində.
Yenə səngər-səngər zəfərə sarı,
Vətəni aparar çiyinlərində.
Dağlar, bu mənəm gəlmişəm
Qəddim tamam bükülməmiş,
Dedim, bir də gəlim, dağlar.
Hüzurunda şax dayanıb,
Baş endirə bilim, dağlar.
***
Sinəm üstü dağ yeridi,
Sinəm üstdə dağ yeridi.
Bir köhnə ocaq yeridi
Daha ruhum-könlüm, dağlar.
***
Ömür yarpaq tökür hələ,
Sənə-sənə çökür hələ.
Qor tutsam da, şükür, hələ
Soyumayıb külüm, dağılar.
***
Gəldim sənə sirr anladım,
Özüm səndən sirr anladım.
Qayan nə çəkir-anladım,
Lal olunca dilim, dağlar.
***
Vəsfini gör hara yazdım,
Zirvəndəki qara yazdım.
Ələsgərdən sonra yazdım,
Əsə-əsə əlim, dağlar…
İnsan olmağa nə var
Bir ömür bir nöqtədə
“donub” qalmaq çətindir,
qaya olmaq,
daş olmaq,
ağac olmaq çətindir.
Səhər-axşam yanından
keçənə baxa-baxa,
səhər-axşan üstündən
uçana baxa-baxa,
dünyada gəzə bilən
hər nə var görə-görə
bir də,
öz yerişiylə,
pərvazıyla tıxçanan
yuxular görə-görə,
kiçicik tərpənişə,
həsrət qalmaq çətindir,
insan olmağa nə var,
qaya olmaq,
daş olmaq,
ağac olmaq çətindir.
Dedilər ki…
Nə dedisə babaların ruhu dedi,
bu öyüdü nəğmə kimi
Gündoğandan Günbatana oxu, – dedi.
Bir də, dedi, daşlar üstə
kitabəyə döndərərsən,
Bir də, Simurq quşu ilə
gələcəyə göndərərsən…
Soruşdum, ad demədilər,
kimə üz tut demədilər.
Dedilər ki, bircə-bircə
hamısına yetirərsən,
hamısını
bir ad altda götürərsən…
Dedilər ki,
vətən desən – biləcəklər,
vətən de sən –
bu kəlmənin işığına
pərvanə tək gələcəklər.
Gəlməsələr,
onda
bizim ruhumuza çat düşəcək,
ruhumuza düşən çatdan
ruhunuza od düşəcək.
Gəlməsələr,
yeddi tonqal qalayarsan,
tonqalların işığını,
yeddi yerdən düyün vurub,
bir-birinə calayarsan.
Gəzdirərsən qəndil kimi
fikirlərin tor yerində,
paylayarsan qəndab kimi
zikirlərin talx yerində.
Dedilər ki,
Deyərsən ki,
bu millətin taleyini
cüt zər bilib,
ovcunuzda oynatmayın,
ruhumuzu,
bir bədəndən haçalanmış
iki əlin
bir sifətdə
silləsinə oyatmayın.
Dedilər ki,
and veririk sizi
nəfsin ovsunundan
iraq
şəhid balaların
son nəfəsdə
qaya sökən nərəsinə,
qayələrin tirəsinə
döndərməyin yurdu
düşmən bərəsinə…
Dedilər ki,
and veririk sizi
şair Xətainin odasına,
yol verməyin
Şah İsmayıl xətasına.
qol qoymayın
Soltan Səlim ədasına…
Dedilər ki,
dediyimiz
Dədə Qorqud qopuzunun
tarixlərə qat kəsdirən
qanqarışıq nəğməsidir,
gec də olsa,
Xan Qazandan Alp Aruza
bir barışıq naməsidir.
Yüzillərdi
mənəmliyin,
mənimliyin
xumarında uduzuruq,
əqidələr qumarında uduzuruq,
biz
hər dəfə azadlığı
özgələrin tumarında uduzuruq,
kiminsə nəhs damarında uduzuruq…
Nə dedisə, babaların ruhu dedi,
bu öyüdü nəğmə kimi
Gündoğandan Günbatana oxu – dedi.
Dedilər ki,
vətən de sən,
vətən desən – biləcəklər…
Tarix
Sənələr səf-səf düzülər,
Çoxunun əli üzülər…
Hər yüzündən hər yüz ildə
Uzağı, bir kişi qalar.
***
Yolaq bizim, yol onların,
Ləlo bizim, ləl onların.
Adı yadda qalanların
Addan qabaq işi qalar.
***
Arınmağı elə düşər,
Safı dildən-dilə düşər.
Bir ağacdır, kalı düşər,
Budaqda dəymişi qalar…
Qoşa yol
İlmə-ilmə, naxış-naxış
Ömrüm başdan-başa yoldur.
Yaşandıqca səf bağlamış
Günlər yaşdan-yaşa yoldur.
***
Yol ardınca bir daha yol,
Yaxına yol, uzağa yol.
Köz düşdükcə ocağa-yol,
İz düşdükcə daşa – yoldur.
***
Harda təbim, orda sevgim,
Məni qoymaz darda sevgim.
Xalqa sevgim, yurda sevgim,
Taleyimdə qoşa yoldur.
***
Arif, dərdə olma yedək,
O səni yox, sən onu çək.
Şairlik də şəhidlik tək
Tarixə birbaşa yoldur…
Azan səsi
Azan səsi-
dünyanın ən azman səsi,
qəlbi səsi,
azad səsi.
Azan səsi-
tarixin ən qalib səsi,
fateh səsi,
əzəm səsi.
Azan səsi-
qeybdən gələn nidalarla
cilalanmış,
sehrlənmiş insan səsi.
Azan səsi-
Allah ilə aramızda
müqəddəs səs aşırımı,
səs keçidi,
səs körpüsü.
Azan səsi-
səs məhvəri,
səs ovsarı,
səs qəbzəsi.
Duyğuları, fikirləri
haqqa çəkən
cazibələr cazibəsi-
azan səsi…
Sözü bağışla
Bağışla nəvəni Füzuli baba,
Yanında qaradır üzü, bağışla.
Saldıq zarafata, saldıq kitaba,
Saldıq mərtəbədən “Sözü”, bağışla.
***
Tanrını öyməyə söz qalmadı ki,
Şeytanı söyməyə söz qalmadı ki,
Əyrilər əyməyə söz qalmadı ki,
Susmaqdan lallaşan düzü bağışla.
***
Ağızlar taybatay, bağlayanı yox,
Yalanı yolundan saxlayanı yox.
Qalıb ortalıqda, ağlayanı yox,
Sözü öldürüblər, sözü bağışla.
***
Tək alqış deyildi bu əlin işi,
Tək qarğış deyildi bu dilin işi.
Sən deyən olmadı, Füzuli kişi,
Sən deyən olmadıq, bizi bağışla…
Manifest
Özünü bu qədər gəl vurma yerə,
Taledən-iqbaldan küsmə, qələmim!
Yenilib günəmuzd düşüncələrə,
Gileyə qafiyə gəzmə, qələmim!
***
Sözün ucasında gəz xilasını,
Vurub naxışını, çək cilasını,
Hər qəm küçüyünü, dərd tulasını
Qısnama şeirə-nəzmə, qələmim!
***
Çoxları tərsinə yozdu dünyanı,
Fələk əvəzinə yazdı dünyanı.
Sən də fani-deyə yazıq dünyanı
Qovub nəfəsini kəsmə, qələmim!
***
Qızart boz üzləri dözümüniylə,
Onlar zülm eləsin, sən şükür eylə.
Duyduqca nadanlıq, gördükcə hiylə,
Əlimdə titrəyib əsmə, qələmim!
***
Böyük fikirlərə qurşa ömrünü ,
Qoyma yol azıxa-caşa ömrünü.
Beləcə şərəfnən yaşa ömrünü,
Sığınıb qürura-əzmə, qələmim!..
