Mahmud bəy Polad bəy oğlu Mahmudbəyov (1863,Şamaxı-1923,Bakı)

Avqustun 29-da  türkdilli “Kommunist” qəzetinin 100 yaşı tamam oldu.   Siyasi yönünə baxmayaraq, bu mətbu orqan və onun davamı olan nəşrlər  ölkənin  ictimai fikir tarixini,daim nəzarətdə saxlanılan milli düşüncə tərzimizi öyrənmək baxımından diqqəti cəlb etmişdir.  

 “Kommunist” qəzeti yazılı ədəbi dilimizin formalaşmasında həmişə aparıcı rol oynamışdır.Azərbaycan ziyalıları üçün bu qəzet düzgün  leksik və orfoqrafik qaydalarının  istinad yeri olmuşdur.

Qəzetdə elmin bütün sahələrinə, o cümlədən pedaqoji irsimizə ciddi yanaşmalar müşahidə olunur.

Yubileyi ərəfəsndə qəzetdəki yazıları bir daha nəzərdən keçirdim.Vaxtiə üzünü köçürdüyüm bir yazını xatırladım.Axtarıb arxivımdən onu tapdım.Bu.,nekroloq janrında yazılmış,bu gün də pedaqoji irsimizin öyrənilməsində gərəkli olan qəmli bir xatirədir.

Bu yazı “Kommunist”in  16 mart 1923-cü il tarixli 21-ci nömrəsinin  5-ci səhifəsində dərc olunmuşdur. “Mahmud əmiyi xatırlarkən”adlı  nekroloqda    görkəmli pedaqoq , Zaqafqaziya Müəllimlər Seminariyasının 1883-cü il məzunu Şamaxılı Mahmud bəy Mahmudbəyovun  ölüm xəbərindən danışılır.Müəllifi indiyədək adını eşitmədiyim ixtisasca müəllim  olan Seyid BaharAxundzadədir. O vaxtlar qəzet Ruhulla  Axundzadənin redaktorluğu ilə 5 500 nüsxə tirajla çap olunmuşdur.

Yazı üslubuna,tarixi leksik normalarına  toxunmadan həmin xatirəni sizlərlə bölüşürəm.

Mahmud əmiyi xatırlarkən

Srağagün (14 mart 1923-cü il-N.N.) tam mənasilə ilə kəndi varlığını məktəb yolunda sərf edən qocaman müəllim Mahmudbəyovu qeyb etdik.

Qoca müəllim Mahmudbəyov 1883-cü ildən başlayaraq, Azərbaycanın müxtəlif və uzaq guşələrində  müəllimlik edərək,  nəhayət, Bakıda 3-cü şəhər məktəbini kəndi idarəsi altında  aparmışdır.

1919-cu sənələrdə Bakı Dairəsi Xalq Məktəbləri inspektoru təyin edilərək,Bakı dairəsi kənd məktəblərini  tərtib və nizama salmışdır.Həmin sənə birinci dəfə olaraq,  hökumət tərəfindən Bakıda açılmış pedaqoji  kursların kəndi idarəsi altında aparırdı.Həmişə müəllimlərə müsahibə təriqilə çocukları əlifba təlimi dairəsində təcrübə qazanmış məlumatlarını göstərirdi. 

1920-ci sənə qəza maarif  müfəttişliyinə  təyin olunub Abşeron yarımcəzirəsi kəndlərini piyada  bir surətdə dolaşraq,kəndliləri toplamaqla onlara məktəb ətrafında çalışmağa tövsiyə və təqdis (müqəddəs sayma-N.N.) edərdi.

Şu əqidə və xoşxəlqliyi  sayəsində kəndçilər ol dərəceyi-rəğbətələ Mahmud əmiyi  dinləyirdilər. 

Mahmud əmiyi Bakı dairəsində  maarifpərvər kəndçilər  və müəllimlər həpsi  tanıyırlar.Bu gün Mahmud əminin aradan getməsi Bakı maarifçilərinə  təsir etdigi kibi, Bakı dairəsinə   (də)  az təsir etməyir.Azərbaycanın uzaq və qaranlıq bucaqların  maarif ziyası saçan qoca  rəhbərimiz Mahmudbəyovun vəfatı ümum Azərbaycan kəndli kütləsi üçün  bir matəmdir.Bu zatı heç bir zaman unutmayıb, onun xüsusunda ümum Azərbaycan düşünməlidir.Zira xalq və kəndçi şairi Sabir  zəmanənin təhənnünləri (şiddətlə arzulamaları-N.N.) atında çaxotkalanıb, məhv olduğu kibi, atamız Mahmudbəyov da  çaxotkalanmış bir xəlq kəndçi müəllimi idi.

Bunu unutmayalım!

Müəllim: Seyid Bahar Axundzadə “.

***

P.S.Bunu da unutmayaq ki, M.Mahmudbəyov məllimliklə yanaçı, jurnalistlik fəaliyyəti ilə də ciddi məşğul olmuşdur.O, Azərbaycan uşaq mətbuatının görkəmli nümayələrindəndir. “Dəbistan”dan sonra M.Mahmudbəyovun redaktorluğu ilə  nəşrə başlayan  aylıq siyasi-ictimai,ədəbi pedaqoji uşaq jurnalı “Rəhbər ” 1906-1907–ci illərdə Bakıda onun rəhbərliyi ilə işıq üzü görmüşdür.Hər nömrəsi 12 səhifə olan “Rəhbər”in cəmi 5 nömrəsi çıxmışdır:

 1906- N 1 (24.09.1906) – N 4 (23.12.1906 ;

1907 -N 5  (17.01).

M.Mahmudbəyov Azərbaycan məktəbliləri üçün bir sıra dərsliklərin də müəlifidir.Bu dərsliklər uzun müddət şagirdlərin elmi biliklərə yiyələnməsində, əxlaqi tərbiyəsində əhəmiyyətli  rol oynamışdır.

Nazim Nəsrəddinov
Nazim Nəsrəddinov

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasınımn Əməkdar müəllimi,

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən

ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi, türkoloq

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest