GenelGüncelKültür Sanat

MƏNİM QƏHRƏMANIM


Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Məlahət Hümmətqızı

MƏNİM QƏHRƏMANIM

                  (hekayə)

O, yadıma düşəndə kövrəlirəm, hətta bəzən gözlərim də yaşarır, onu yaxşılıqla xatırlayıram.  Həyat  insanı güldürməkdən çox ağladır. Çoxlarının üzündə təbəssüb olsa da, gözlərinin dərinliyində qəm gizlənir.  Ömür fanidir, deyirlər.  Eh…   Getsin o günlər, gəlməsin. O günü  çox gözəl xatırlayıram, may ayının əvvəlləri idi. Bahar gəlmişdı, amma heç kim bunun fərqində deyildi. Çağırılmamış qonaq – pandemiya xalqımızın başının üstünü almışdı. İnsanlar heç vaxt görmədikləri, yaşamadıqları bir vəziyyətə düşmüş, çaş-baş olmuşdular. “Virus yoxdur” deyənlərlə “bioloji silahdır” şübhəsilə analiz aparanların mübahisələri sosial şəbəkələri başına götürmüşdü. Həkim məsləhətinə əməl etmək istəməyənləri doktor tövsiyələrilə oturub-duranlar məzəmmət edir, karantin qaydalarına riayət etməyi tələb edirdilər. Əhali iki cəbhəyə ayrılmışdı, hər iki cəbhə getdikcə ətrafına tərəfdarlar toplayır,”atışma” daha da güclənirdi.

        Tədris Cərrahiyyə Klinikasında  xəstə əlindən tərpənmək olmurdu. Klinikaya daxil olan xəstələrin vəziyyəti çox ağır idi.  Fədakar həkim  və tibb  bacıları  bir dəqiqə belə  dayanmadan, gecə-gündüz  çalışır, qəbul olunan  xəstələrə ilk tibbi yardım göstəriridilər. Yoluxanların sayı günbəgün artırdı. Yeni virus həkimlər üçün tapmaca idi, tibb alimləri araşdırmalar aparır, bizim doktorlar da dünya tibb praktikasından yararlanmağa çalışırdılar. Əslində bütün dünya səhiyyəsi başını itirmişdi. Dünyanın hər yerində yeni virus sürətlə yayılırdı, sayılıb-seçilən dövlətlər bu taclı virusun əlində aciz qalmışdılar.  Təcili yardım maşınları  bir ucdan xəstə daşıyırdı.  Həkimlərimiz səfərbər olmuşdu, lakin pandemiyadan qorxub geri çəkilən tibb işçiləri də  vardı. Kənardan həkimlərin dəvət olunması problem idi, hər ölkənin başı özünə qarışmışdı. Heç kimdən kömək gözləmirdik.

        Həmin gün gecə növbəsində idim.  Çox yorulmuşdum. Bir palatadan digər palataya qaçmaqdan taqətim qalmamışdı. Ayaqlarım ağrıyırdı,  yarım saat oturub dincəlmək əlçatmaz arzu olmuşdu. Bir  tərəfdən də xəstələrin  yaxınlarına ,  digər tərəfdən    kurator həkimimizə  və rəhbərliyə  tez-tez xəstələrin  vəziyyəti barəsində məlumat vermək çox vaxt aparırdı.   Həmin gün şöbəmizə səkkiz xəstə daxil oldu.  Vəziyyətləri orta ağır idi. Onları qəbul edib, palataya yerləşdirdim.  Müayinə edib təyinatlarını yazdım. Artıq otuz iki xəstəmiz  vardı. Bir həkimə gün ərzində otuz iki xəstəni müayinə  etmək və müalicəsinə nəzarət etmək, tibb bacıları üçünsə  təyinatları yerinə yetirmək çox çətin idi.  Həmin gün xəsətələr də səbrsizləşmişdilər. Hey çarpayıların  üstündən asılmış  çağırış düyməsini  basır,  həkim çağırırdılar.  Siqnal səsinə tibb bacısı ilə  bir palatadan digər palataya qaçırdıq. Xəstələr çox ərköyünləşmişdilər. Su, çay istəyəndə belə  çağırış düyməsini basırdılar. Nə etməli? İşimizi icra edirdik,  incimirdik.  Onların canı ağrıyırdı. Hərdən mənə  elə gəlirdi ki, nəzarətsiz qalmaqdan qorxurlar, yatıb- yatmadığımızı   yoxlayırdılar. Gecənin yorğunluğu, aclıq və susuzluq, bir tərəfdən də   dabanımdan axan tər  məni darıxdırır,  əldən salırdı. Çox halsız idim, yuxu məni basırdı. Özümü ələ aldım, palataları gəzib xəstələrə baş çəkib,  səhhətləri  ilə maraqlandım. Şikayət edən yox idi. Oturub  sabahın  təyinatlarını  yazdım.  Təyinat vərəqələrini  yerinə yetirmək üçün  tibb bacısına verib, xəstəlik tarixlərinə  keçdim.  Xəstəlik tarixlərini tamamlayıb, başımı qaldıranda  artıq səhərin açıldığını gördüm. Birtəhər ayağa qalxdım. Bütün bədənim sızıldayırdı. Bir-iki idman hərəkətləri edib,  bədənimi hərəkətə gətirməyə çalışdım. Pəncərəyə yaxınlaşıb  bayıra baxdım, dan yeri sökülürdü. Şəhər səssizdi. Elə bil yer üzündə heç kim yoxdu, hamı harasa qeyb olmuşdu. Ürəyimə vahimə düşdü. Qorxunu bir anlıq özümdən uzaqlaşdırdım. Şəhərə açılan mənzərə ürək oxşasa da , qəlbim qan ağlayırdı. “ Allah, sən saxla”. On birinci mərtəbədən   Alov qülləsini seyr etdim. “Biz birlikdə güclüyük”, “Azərbaycan həkiminə eşq olsun” şüarları  qəlbimə  toxtaqlıq verdi,  “güclü olmaq lazımdır”, dedim öz-özümə.  Xəstələr yatırdılar, biz – həkimlər, tibb işçiləri isə oyaq idik ,  insanların sağlamlığı  keşiyində  dayanmışdıq. Fikirlərlə baş-başa  ikən  telefon zəng çaldı.  Çevrilib səs gələn tərəfə baxdım. Tibb bacısı qaçaraq  telefona yaxınlaşdı. Qeydiyyat otağından idi. Yeni xəstə göndərirdilər. Tibb bacısı  dəstəyi yerinə qoyub  saata baxdı, yeddiyə işləyirdi. Üzgün halda:

        -Doktor, yeni xəstə gətiririlər.

        -Gətirsinlər. Nə edək, Gülnar, yerləşdirəcəyik. Hansı palatamız boşdu?

        -Doktor, boş palatamız yoxdu. Səhər reanimasiyaya aparılan  xəstənin çarpayısı boşdu.  Amma onu geri  gətirsələr, necə olacaq?-deyib tibb bacısı susudu.

        -Təki geri qayıtsın, Gülnar, -səsim ttitrədi.- Kiçik tibb bacısına  de,  çarpayını səliqəyə salsın, yeni  xəstə gəlir,-deyib üzümü pəncərəyə çevirdim. Kövrəldiyimi görməsini istəmədim. “Ağır xəstələri gözümüz baxa-baxa itiririk. Artıq ölüm  adiləşib. Hər gün reanimasiyaya köçürdüyümüz  neçə ağır  xəstənin ölüm xəbəri  gəlir. Buna dözmək çətindi, amma dözürük. Ürəyimizə daş basıb, için-için ağlayaraq dözürük. İlahi , burada nələr gördük, nələr yaşadıq… Görəsən geri qayıdanda   sakit yuxuya gedə biləcəyikmi? Insanları hər gün itirmək qorxusu , həyəcanı ömrümüzdən illəri  almadımı? Bu xatirələrlə yaşaya biləcəyikmi?   Əzizləri ağır ola-ola, narahat olmasınlar deyə,  “yaxşıdı” deyib, yalan satdığımız  insanlar bizə sonradan qarğış etməyəcəklərmi? Allahım, bağışla bizi və bizə qüvvət ver”. Göz yaşlarımı saxlaya  bilmədim. İçimdə    bir  üsyan vardı, yanğı vardı. İçimi çəkə-çəkə, dərdli-dərdli  ağladım. Tibb bacısının mənə yazığı gəldi. Yaxınlaşıb mehribanlıqla  çiynimi qucaqladı.

          -Özününzü ələ alın doktor, güclü olun, – deyib susdu. Çox söz deyə bilmədi. O da mən yaşayanları yaşayırdı. Onun da gözləri dolmuşdu. Tərləmiş gözlükdən güclə seçilən gözləri qızarmışdı. Ona baxırdım, təsəlli verməsini istəyirdim.

        -Daha dözə bilmirəm, Gülnar. Əsəblərim korlanıb. Hər gün ölüm görürəm, başqa heç nə. Ürək açan heç nə yoxdu.

        -Ağlayın, ürəyinizi boşaldın, doktor, sakitləşəcəksiniz, – deyib tibb bacısı dərindən ah çəkdi. 

        Bir neçə dəqiqədən sonra  xəstə arabasında  ahıl yaşlı  xəstə gətirdilər. Artıq yuxum  qaçmışdı.  İşimizin  başa çatmasına hələ iki saat vardı.  İlk baxışdan xəstə qanıacı birinə oxşayırdı. Xəstəni gətirən supervayzer  xəstəlik tarixini və xəstəni təhvil verib getdi. Kiçik tibb bacısı yaşlı xəstənin arabasını sürüb, onun üçün hazırlanmış  boş çarpayı olan  palataya apardı. Elə bu vaxt palatada bərk  səs-küy  qopdu. Kiçik  tibb bacısının qışqırtısı eşidildi: “Həkim!” Tibb bacısı ilə  səs gələn tərəfə – yeni xəstənin yerləşdirildiyi palataya qaçdıq. İçəri girəndə gözlərimizə inanmadıq. Xəstə döşəmədə uzanmışdı. Kiçik tibb bacısı özünün itirmişdi.

        -Doktor, vallah nəzarət edirdim. Elə  üzümü çevirib  yatağını düzəltməyimlə  özünü yerə atmağı bir oldu. Ürəyim qopdu.

       -Qorxma, qızım, gəl köməkləşib onu qaldıraq,- dedim və əyilib  xəstənin qolundan yapışdım.  Tibb bacıları ilə  birlikdə qaldırıb  çarpayısına uzatdıq. Xəstə çox hirsli idi. Çarpayıda uzanmaq istəmirdi. Hikkəsindən yerə-göyə sığmırdı. Evə getmək istədiyini deyir, xəstəxanada qalmayacağını bağırırdı.  Deyəsən, şeytanın qarğışına gəlmişdik. Nə edəcəyimizi bilmirdik. Müayinə etməyə belə qoymurdu. Əl-qol atıb, heç kimi yaxın buraxmır, qışqıra-qışqıra  danışırdı. İşimizin başımızdan aşdığı bir vaxtda, deyəsən, daş qayaya rast gəlmişdi. Xəstəyə nə qədər yalvarıb dil töksək də,  xeyri yoxdu. Yaşlı kişi sakitləşmək bilmir, ipə-sapa yatmırdı. Acından və yorğunluqdan ürəyim çəkilirdi. İş saatının bitməsinə artıq bir saatdan da az  vaxt qalırdı. Xəstəni kiçik tibb bacısına tapşırıb , səhər  müayinəsinə başladım. Elə yenicə palataya girib, xəstəni  sorğu-sual etmişdim  ki, kiçik tibb bacısının həyəcanlı səsi gəldi: ”Doktor, köməyə gəlin.” Cəld palatanı tərk etdim. Qaçaraq yeni xəstənin palatasına daxil oldum. Xəstə özünü ikinci dəfə çarpayıdan yerə atmışdı. “Aman Allah, bu nə işdi düşdük”, deyib  yenidən, belimdəki protuziyanı unudub, tibb bacıları ilə köməkləşib onu çarpayıya qaldırdıq.  Xəstənin ağırlığından elə bil  belim sərpdi,  dözülməz ağrı hiss etdim.  Bir təhər özümü ələ alıb dikəldim. Xəstə yenə də sakitləşmir, qışqırırdı. Onun  hərəkətlərinə dözə bilməyən  palata yoldaşı gileyləndi:

        –Doktor, xahiş edirəm, çıxarın  onu buradan. Mənim əsəblərimə toxunur, dözə bilmirəm, əcəb adamdı, özünü qoyub dəliliyə. – Sonra yeni gələn xəstəyə sarı çevrilib əlavə etdi. – Gəlmisən,  otur da adam balası kimi yerində, nə səs küy salmısan?

       Kişi sözünü bitirməmiş xəstə daha da alovlandı. Səsinin gur yerinə salıb gurladı. Qulaqlarımı tutub  dəhlizə  çıxdım. Başımı götürüb qaçmaq istəyirdim. Amma hara qaçacaqdım? Növbəni təhvil verməli idim. Telefonu götürüb  həkim-kordinatora zəng vurdum.  Yeni gələn xəstənin vəziyyəti  barəsində məlumat verdim və köməyə ehtiyacımız olduğunu bildirdim.   Sakitləşmədiyini,  özünü tez-tez çarpayıdan yerə atdığını, xəstələrə mane olduğunu bildirdim. Həkim-kordinator bərk əsəbiləşdi. Xəstənin əl-qolunu çarpayıya bağlamağı tapşırdı. “Sakitləşdirici vurun yatsın,”deyib dəstəyi asdı. Əlim- ayağım əsdi. İnsanı çarpayıya necə bağlamaq olar? Elə bu zaman tibb bacısı əlində qalın  sarğı ilə geri qayıtdı. Yaxın gəlib soruşdum:

       -Nə etmək istəyirsən, əlindəki sarğı nədi?

       -Doktor, xəstəni çarpayıya bağlayacağam, başqa çarəmiz yoxdur. Narahat olmayın, mən xəstəxanada  işləyirəm, belə xəstələrimiz olanda, çarpayıya bağlayırıq, sakitləşdirici vurub yatırdırıq.

       -Yox,  sən nə danışırsan, axı o insandı. İnsanla belə rəftar etmək olmaz! Sən belə elə,  sakitləşdirici dərmanı  əz, suya tök,  gətir içirdək. Sakitləşib yatacaq. Hə, bir də aşağıdan  supervayzerlərdən birini çağır. Qoy xəstənin yanında otursun, heç olmasa, sakitləşənə kimi.

       -Yaxşı ,doktor,-deyə tibb bacısı  mənalı-mənalı mənə baxıb otaqdan çıxdı. Palatada isə səs -səsə qarışmışdı. Tələsik özümü otağa atdım. Yeni gələn xəstə  məni görüb daha da qızışdı:

      -Məni evə buraxmasanız, özümü pəncərədən atacağam, –deyib   ayağa qalxmaq istədi.

      -Həəə… dur at, Pəncərələr açıqdı, səni gözləyir. Elə  mıxlamayıblar ki,  sənin kimilər özünü  hər gün atsın, insanlar koronadan deyil, intihardan ölsün. – Palata yoldaşı sözləri ilə  odun üstünə benzin tökdü , istehza ilə  gülməyə başladı. Deyəsən, otaq yoldaşını kinayəli danışığı onun xoşuna gəlmədi. Ayağa durmaq istədi. Cəld xəstəyə yaxınlaşıb yalvardım.                 

  -Baba,  bir az səbr elə,  vəziyyətin ağırdı. Pnevmaniyan var, bir–iki gün qal, müalicə al, gedərsən. Biz burada  zorla heç kimi saxlamırıq. Nə olar, səbrli ol, sağaldaq səni , çıx get, –  dedim.

       Kişi razılaşmır, dediklərimi eşitmək belə istəmirdi. Artıq işimizi atıb  saat yarım onunla çənə -boğaz olmuşduq. Tərsdi ki, tərs. Öz dediyini deyirdi. Elə bu vaxt tibb bacısı əlində su stəkanı iə içəri girdi.

        -Baba, su iç. Gələndən qışqırırsan. Allah sənə kömək olsun,  bir az sakitləş. Boğazın quruyub yəqin, su iç, -deyib tibb bacısı dərmanla qarışdırılmış suyu ona içirdi. Dərindən nəfəs aldı. Sonra astadan, -İndi qaldı   bunun  yatmağı,-deyib tibb bacısı deyinə-deyinə   otaqdan çıxdı.   İşimizin  bitməyinə yarım saat qalırdı.

        Mən də xəstəni aldatmağa məcbur oldum:

        -Baba , uzan bir az  yat. Oğluna zəng vurmuşam, indi gələcək.

       Kişi sevindi:

       -Nə yaxşı, deyin tez gəlsin. Yoxsa ürəyim partlayacaq.

       -Narahat olma, dedim.

       Elə bu vaxt supervayzer içəri girdi. Hadisəni danışdım. Yuxulayana  kimi xəstənin yanında  oturmasını  xahiş etdim.

Palatadan çıxdım. Digər palatalara keçib  xəstələrin vəziyyəti ilə maraqlandım. Tibb bacısı onların hərarətini   və təzyiqini ölçüb,  xüsusi hazırlanmış cədvələ  yazır, səhərki  təyinatları qeyd edirdi.

        Saat  doqquzun yarısı idi,  işimi bitirmişdim. Ayaq üstə güclə dururdum. Bir az da qalsam, huşumu itirəcəkdim. Göz qapaqlarımı güclə qaldırıb,  divardan asılmış saata baxdım. Təlaşlandım. “Növbətçi həkim gecikir”, arxasınca    deyindim.    Yaşlı xəstə isə  hələ  yatmamışdı, gözləri yumulu idi,  dodağının altında nəsə  mızıldanırdı. Ürəyim  narahat idi. Ona yazığım gəlirdi, qoyub getmək istəmirdim. Bədənimin bütün ağırlığını qapının kandarına  söykəyib   qayğılı  və yuxulu  halda ona baxırdım. Gözümün biri yumulur, digəri açılırdı. Hərdən isə ikisi də yumulurdu.

       -Siz gedin, doktor, gecəni yatmamısınız. Xəstəyə görə  narahat olmayın. Sabah siz gələndə top kimi olacaq. –növbətçi həkim  ayaq üstə yatdığımı görüb, qolumdan tutub məni mehribanlıqla  qapıya tərəf yola saldı.

       -Xahiş edirəm, təyinatları etməyi unutmayın.

       -Narahat olmayın, kolleqa, edərik, rahat gedin. Tibb bacısı hadisəni danışdı. Gecə komediya yaşamısınız, –deyib gülümsədi. – Bu gün də biz baxarıq, inşallah.

       -Komediya olsaydı, nə vardı ki? Bu  əsl  faciə idi, az qala dəli olacaqdım. Onsuz da yetərincə ağlamışam bu gün, ürək açan bir şey yox.

       -Doktor, siz deyəsən xəstəxanada işləməmisiniz. Biz belə xəstələri tez-tez görürük, alışmışıq.

       -Hə, düzdü.  Mən poliklinika həkimiyəm. Belə hallarla evlərdə rastlaşmışam. Onda da təcili yardım çağırıb, sakitləşdirici ilynə vurdurmuşam.  – Susdum, artıq danışacaq halda deyildim. Ayaq üstə güclə dururdum. Xəstələrin  vəziyyəti haqqında məlumat verib, sağollaşdım,  yorğun  halda növbəni təhvil verib, neytral zonaya, əynimi dəyişməyə keçdim.

       Növbəti gün işə gələndə   gözlərimə inanmadım. Baba  yatağında  sakitcə uzanıb  bir nöqtəyə baxırdı. Kövrəldim, ona yazığım gəldi. Görəsən bir kimsəsi varmı? Həmkarımın dediyi kimi oldu. Artıq aqressiv vəziyyətindən əsər-əlamət yox idi.  Gecə içirdiyimiz dərman ona kömək etmişdi. Növbətçi həkim xəstələr barəsində məlumat verib, babadan danışdı.

       -Yazdığınız təyinatları yerinə yetirdik. Bu da  nəticəsi, doktor. Mən də bir- iki dərman əlavə etmişəm. İnşallah, belə davam etsə, yaxşı olacaq.  Bugünkü təyinatları  tibb bacıları yerinə yetirəndə mane olmadı. Hə, yadımdan çıxmışdı, səhərdən  heç nə  yeməyib,  görün  birtəhər dilə tutub yemək yedirə bilərsiniz?

      -Təşəkkür edirəm doktor. Məni çox sevindirdiniz, rahat  gedin. O yeyəcək, hökmən yeyəcək, –deyib gülümsədim.         Palataya girdim. Gəlib düz qarşısında dayandım.

      -Salam, necəsiniz?

      Elə bil səsimdən tanıdı. Sakitcə:

      -Yaxşıyam,- dedi.

      -Mənimlə danışmaq istəmirsiniz?

      Kişi başını qaldırıb üzümə baxdı.

        -Siz mənə söz verdiniz.

        -Nə söz? -deyə soruşdum, ağır gündən yadımda heç nə qalmamışdı.

        -Oğluma deyəsəkdiniz, gəlib məni aparacaqdı.

        Pərt oldum, kişini aldatmışdım, ertəsi günəcən unudacağını zənn etmişdim. Bir söz deməyib palatadan çıxdım. Otağıma gəlib, xəstəlik tarixinin üstündəki mobil nömrəni yığıdım. Qarşı tərəfdən kişi səsi gəldi. Salamlaşıb, özümü təqdim etdim. Xəstə barəsində məlumat verdim. Məlum oldu ki, telefonda danışdığım insan axtardığım insandı, oğludu. Çox sevindim. Palataya qaçıb telefonu  babaya verdim:

       -Danış,  oğlundu, – dedim. – Elə bil kişinin üzündə gül açıldı. Üzü güldü. Əhvalı dəyişdi. Əli əsə-əsə  telefonu alıb, oğlu ilə danışmağa başladı. Bir xeyli danışdıqdan sonra,  mənə baxıb gülümsədi.

       -Bu gündən sən mənim ən yaxın  dostum oldun,- dedi.

       -Nə desəm, edəcəksən? – Fürsəti qaçırmadım.

       -Hə, sözüm-sözdür, – deyə cavab verdi.

       -Onda yemək yeyəcəksən, -sevincək dedim, o mənim sevindiyimi görmürdü, o məni ancaq skafandrda  görürdü.

       Razılaşdı. Yatağını  bir az dikəltdim.  Stolunun üstündəki   yeni gətirililmiş  yeməyin istiliyini yoxladım. Sonra plastmas qabın  qapağını açıb, qaşıqla  ətli şorbanı qarışdırıb  onun ağzına apardım. Körpə uşaq kimi ağzını açıb yeyirdi. Yeməyi bitirdikdən  sonra  televizoru açdım.

        -Televizora bax , başın qarışsın,  –deyib otaqdan çıxdım.

        Biz baba ilə dostlaşdıq.  Növbəyə başlayan kimi  növbətçi  həkimdən ilk  onu soruşur, ən birinci onun  palatasına daxil olurdım. Artıq bu, vərdiş halını almışdı. İş saatım  bitəndə  də növbətçi həkimə ən çox onu tapşırırdım. Artıq  növbəyə neçədə gələcəyimi də bilirdi. Yolumu gözləyidi. Yemək belə yemirdi, məni gözləyirdi. Onu  həvəslə öz əllərimlə yedirir, uşaq  kimi  əynini dəyişir, əlindən tutub ayaqyoluna aparırdım. Bir  gün sorğu –sual edəndə  yeməkdən nə üçün imtina etdiyini anladım. Kiçik tibb bacısının işinin çox olduğunu görüb, təcili  imaləni öz böynuma götürdüm. Baba utana-utana təəşəkkür edəndə isə  bunu müalicəmin effekti üçün etdiyimi , həkimlik borcumu  yerinə yetirdiyimi dedim. Beləcə günlər ötür, baba get-gedə yaxşılaşırdı. Artıq nə pnevmaniyadan, nə də koronavirusdan  əsər-əlamət qalmışdı. Rentgeni  və yaxmasının cavab neqativ çıxmışdı. 

       O gün  yenə gecə növbəsindəydim. Ağır xəstələrin palatalarını gəzib, vəziyyətləri ilə maraqlandım. Yeni təyinatlar verdim. Vəziyyəti yüngül  olan xəstələr isə yatmışdı. Artıq gecə saat  üç idi. Baba da yatmışdı. Narahat etməmək üçün içəri girmədim. Ona tez-tez nəzarət etmək üçün  palatasının qapısını  açıq  saxlayırdıq.  Otağın işığı söndürülsə də,  dəhlizdə yanan işıq onun otağına düşürdü.  Üzü pəncərəyə idi. Qapının  kənarından  baxıb çəkilmək istədim. Körpə uşaqlar kimi ayaqlarını qarnına yığıb yatmışdı. Adyalı sürüşüb kənara düşmüşdü. “Yəqin üşüyür” deyə,  çarpayısına yaxınlaşdım. Adyalı qaldırıb üstünü örtdüm. Üzünə baxdım. Gözləri yumulu idi. Çevrilib getmək istəyəndə  səsi gəldi:

       -Gəlmisən , həkim? -məətəl qaldım, axı o yatmışdı.

       -Hə, – deyə həyəcanla cavab verdim. – Yatmamışdın, gözləmisən məni?

       -Hə, gözlədim… gec gəldin.. – gözü yumulu nigaranlıqla  cavab verdi.

       -Ağır xəstələr vardı, yanlarındaydım. Səndən arxayın idim. Növbətçi həkimdən soruşmuşdum. Dedi, yaxşısan. Gecə olduğundan narahat etmək istəmədim.  Arada qapıdan baxdım, yatmışdın. Narahat olma, yanındayam, yat. Səhər danışarıq,  gecən xeyrə qalsın,- deyib  qayğıkeşliklə cavab verdim.

        -Xeyrə qənşər, həkim,- gözüyumulu sağollaşdı. Bir  xeyli yanında dayandım. Nəfəs almasına nəzarət etdim. Nəbzini yoxladım.  Hər şey normal idi. Gülümsədim, get-gedə onu özümə doğma sayırdım. Elə bilirdim, o mənim ən doğma insanımdı.

         Bir neçə gündən sonra baba tam sağalıb  klinikamızı tərk etdi. Çıxması üçün bütün sənədləri hazırladım. Gələrkən  arabada  gətirilmişdi. Gedərkən öz ayaqları üstündə möhkəm dayanırdı. Amma əsasını da heç kimə vermirdi. Hər ehtimala qarşı ondan möhkəm yapışmışdı. Şax qaməti, əyninə geydiyi təzə kostyumu və dalğalı ağ saçları ona bir başqa yaraşıq veriridi. Danışıb-gülür,  üzü işıq saçırdı.  Ürəyimdə “sağlamlıq belədi, insanı cavan göstərər,  ruh verər, pozitiv edər” dedim..Gəldiyi günü  xatırladı. Əsəbi halını yada saılıb, günahkarcasına gülümsədi. Hər kəsi incitdiyinə görə üzürxahlıq etdi.              -Əziyyətinizi halal  edin, – dedi.  O, qayğısını  çəkən   bütün tibb personalına təşəkkür etdi. Mənə isə baxıb – sən mənim  xilaskarımsan, -dedi.

        Mən də sevinclə:

        -Sən də mənim koronovirusa qalib gələn 85 yaşlı  cəsur qəhrəmanımsan, – dedim.Onun haqqında qəzetlər yazdı, qısametrajlı film çəkildi.Bizim dostluğumuz beləcə başladı..

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest