GenelGüncel

Mən, sən, o və telefon – ANAR

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

                  Mən, sən, o və telefon

                            ANAR

                                              (1938)

Xalq yazıçısı, kinodramaturq, tərcüməçi. Azərbaycan Yazıçılar Birliyinin sədri. Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı. “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib, bir sıra beynəlxalq mükafatlara layiq görülüb. “Ömür yolu”, “Əlaqə”, “Vahimə”, “Yaxşı padşahın nağılı”, “Otel otağı”, “Qırmızı limuzin”, “Gürcü familiyası”, “Dantenin yubileyi”, “Mən, sən, o və telefon”, “Ötən ilin son gecəsi”, “Şəhərin yay günləri” kimi iyirmidən artıq nəsr kitabının müəllifidir. Roman, povest və hekayələri əksər dünya xalqlarının dilinə tərcümə olunub.  Əsərlərinin motivləri və ssenariləri əsasında “Torpaq. Dəniz. Od. Səma”, “Dantenin yubileyi”, “Qəm pəncərəsi”, “Evləri köndələn yar”, “İmtahan”, “Əlaqə”, “Tilsim”, “Mən, sən, o və telefon”, “Təhminə”, “Otel otağı”, “Bu, Səttar Bəhlulzadədir”, “Bu, Mircavaddır”, “Cavid ömrü”, “Sübhün səfiri”, “Hər axşam saat 11-də” və s. kimi bədii və sənədli filmlər çəkilib.  V.Şekspir, L.Tolstoy, A.Çexov, C.Coys, F.Kafka, M.Prust, A.Kamyu və digər yazıçıların əsərlərindən nümunələri dilimizə çevirib.

Mən, sən, o və telefon

Telefon nömrələri

oxşamaz bir-birinə

amma hamısında

insan səsi…

…pis günlər

oxşamaz bir-birinə

birində özün susarsan,

birində telefon.

 Vaqif Vəkilov

Dünən sənin telefonun öldü. Ölən yalnız adamlar olmur ki… Telefon nömrələri də ölür. Ömrün boyu çox rəqəmləri unudacaqsan: pasportunun nömrəsini, axırıcı işində aldığın maaşını, dostunun avtomobilinin nömrəsini, aya qədər olan məsafəni, yaşadığın şəhərin əhalisinin sayını.

Başqa rəqəmləri. Hamısını unudacaqsan.

Bircə bu beş rəqəmdən savayı. Bu beş rəqəm, özü də məhz bu ardıcıllıqda səninçün ən əziz hədiyyə idi. Beş rəqəm, onun səsi və telefon dəstəyindən gələn bənövşə ətri.

Bəzən mən qara telefonun dəstəyini elə qaldırırdım, elə bil royalın qapağını qaldırıram. Bəzən bu qara dəstəyi elə qoyurdum, elə bil tabutun qapağını örtürəm.

İndi bu nömrə yoxdur. Yəni ki, var, amma mənimçün yoxdur. Mənimçün bu nömrə indi yasaq ərazidir.

Barmağımın altında, telefon dairəsində yerləşən bu beş rəqəm indi mənim üçün keçilməz bir məsafədir – kilometrdir, millər, parseqlər.

Mən bu məsafənin beşdə dördünü keçə bilərəm – dörd rəqəmi yığa bilərəm, amma heç vədə son rəqəmi – beşincini yığmayacağam. Sənin nömrən bağlı qapıdır – açarını itirmişəm.

Səni görməyə də bilərdim. Zəng edirdim, səsini eşidir və deyirdim: əzizim, əlin niyə belə soyuqdur?

Səni görməyə də bilərdim, amma məsafədən belə duyurdum. Sahil kəndlərinin sakinləri dənizi görməyəndə belə onu duyduqları kimi.

İndi isə dəniz qeyb oldu. Yoxa çıxdı.

Min dəfə təkrar olunan əhvalat mən, sən, bir də o, əlbəttə. Amma bir də telefon. Hər şey Rasimin toyundan başlandı.

Firuz tostunu davam etdirirdi:

– Biz beş yoldaş idik. Lap o filmdəki kimi, yadınızdamı: onlar beş nəfər idi.

Mən, Kamal, Murad, Rasim, Seymur. Bizi bir-bir fəth etdilər, bir-bir boyunduruğa saldılar. Bax, bunlar saldı – bizim xanımlar. Hələ evdə də bir çətən külfətimiz var – oğul-uşaq.

Bəli, külfət bizi basdı, yaman basdı – hamı gülüşdü. – Bu gün də biz Rasimi itiririk. Heyif ondan.

Əlbəttə, mən zarafat edirəm. Xoşbəxt olun Fəridə, Rasim. Mən sizə çoxlu səadət, cansağlığı, uzun ömür arzulayıram.

Oğullu, qızlı olasınız. Amma sizin sağlığınıza içmişik, yenə içəcəyik. İndi bu badələri mən axırıncı igidin sağlığına – bizim canımız-ciyərimiz Seymurun sağlığına qaldırmaq istəyirəm. Subaydı-sultandı. Sağ ol, var ol, bülbül ol, qəfəsdə olma.

Hamı mənə baxırdı, gülüşlərin və badələrin cingiltisi arasından tanış üzləri görürdüm – dostlarımın üzlərini. Üzlərdə sevincli, bir qədər də təəccüblü ifadə vardı.

Qonaqlar dağılışanda biz hamımız – Firuz, Kamal, Murad arvadlarıyla, bir də mən tək, bir yerdə çıxdıq. Biz yatmış şəhəri gecəli küçələriylə addımlayırdıq və birdən Firuzun arvadı mənim qoluma girdi:

– Yaxşı, Seymur, sənin toyunu haçan eləyirik?

– Uzaq gələcəkdə.

– Belə niyə? Yoxsa sən bu naqqalın sözlərinə inanırsan? – O, şıltaq bir nəvazişlə ərinin böyrünə qısıldı. – Elə bilirsən ki, ailə həyatı cəhənnəmdir.

Firuz:

– Özünə layiq qız tapa bilmir, – dedi.

– Doğrudan? Uşaqlar, eşidirsiniz? Gəlin Seymura bir qız tapaq. Səninçün Bakının ən gözəl qızını tapsaq, evlənərsən?

– Mütləq, – dedim, – ancaq bir şərtlə. Gərək, bax elə bu saat, bu dəqiqə tapasınız. Yoxsa fikrimi dəyişərəm.

– Kamal:

– Gözümün işığı, – dedi, – gecənin bu vaxtında sənə hardan qız tapacağıq? Küçədən tapmayacağıq ki… həm də gecənin bu vaxtında küçələri gəzən qızı almazsan, yəqin.

– Bəli, – dedim, – tamamilə doğru buyurursunuz. Odur ki, bu söhbəti xətm edək.

– Mənim bir təklifim var, gəlin Seymura telefonla qız tapaq. Budur, bax, avtomat da var.

– Gözəl fikirdir, – dedim, – amma iki qəpikliyim yoxdur. Hər tərəfdən mənə iki qəpikliklər uzatdılar. Budkaya girdim.

– Nömrəni deyin.

Firuz:

– Əşi, ağlına gələn nömrəni çək, – dedi. – Məsələn… – birdən o, sözünü yarımçıq qoydu. – Yox, qardaş, keçəl suya getməz. Birdən qayınananla yola getmədin, yapışacaqsan mənim xirtdəyimdən.

– Qorxaq – dedim, – məsələ də bundadır. Evlənmək ciddi işdir. Heç kəs məsuliyyəti boynuna götürmür. Kamal, bəlkə, sən deyəsən.

– Mənim bir təklifim var, – deyə Firuzun arvadı sözə qarışdı. Onun həmişə bir təklifi olurdu, – heç kəs boynuna məsuliyyət götürmək istəmir. Gəlin onda məsuliyyəti bölüşək. Hərə bir rəqəm desin.

Firuz:

– Əla – dedi. O həmişə arvadının təkliflərini bəyənirdi. – İki. Mən iki çəkdim. Firuzun arvadı:

– Doqquz – dedi.

– Kamal:

– Sıfır – dedi və arvadına baxdı, – sən de.

– Mən? Nə deyim, bilmirəm… yaxşı, dörd.

– Murad:

– Beş – dedi.

Bircə Muradın arvadı heç nə deyə bilmədi, çünki dəstəkdən artıq kəsik siqnallar eşidilirdi.

– Nişanlım yatıb, dedim. Hamı gülüşdü. Mən dəstəyi asdım.

Yolumuza davam etdik, yavaş-yavaş dağılışdıq, hərə öz evinə getdi və mən, nədənsə, özümü çox tənha hiss elədim.

Dəniz bağına qayıtdım, uzun müddət adamsız bulvarı dolandım, qaranlıq dənizə və uzaqdakı rəngbərəng buylara baxırdım, birdən zəng elədiyim telefon nömrəsi yadıma düşdü. Gecə saat iki idi.

Mən yaxındakı avtomat budkasına girdim, yarığa iki qəpiklik saldım və nömrəni yığdım.

Telefonun dəstəyindən qadın səsi eşidildi. Yuxulu səs də deyildi, belə – azacıq yorğun, azacıq da təəccüblü.

– Bəli.

– Salam.

– Salam. Kimdir?

– Mənəm. Gəlin tanış olaq.

Mən şillə kimi üzümə vurulacaq sərt cavab gözləyirdim. Ya da elə bilirdim ki, üzünə çırpılan qapı kimi dəstək də birdən asılacaq. Amma nə söydü, nə asdı. Səsi əvvəlki kimi sakit idi.

– Axı tanışlıq üçün vaxt bir az gecdir.

– Gecdir? Xeyr, əsla! Əsl vaxtdır. Mən bu saat ən yaxın bir yoldaşımın toyundan çıxmışam. Bu, mənim axırıncı subay dostum idi. Mənə elə gəlir ki, bu gün onun toyu yox, yası idi.

– Vay, vay, vay. Elə niyə deyirsiniz? Bəs siz özünüz evli deyilsiniz?

– Yox. Bəs siz ərdəsiniz?

O güldü.

– Tanışlığın elə birinci dəqiqəsindən hər şeyi bilmək istəyirsiniz?

– Bağışlayın, siz Allah. Elə bilməyin ki, mən telefon xuliqanlarındanam. Yox, nədənsə təklikdən bağrım çatlayır. Odur ki, dedim zəng eləyim, bir adamla danışım.

– Bəs mənim nömrəmi hardan tapdınız?

– Təsadüfən. Ağlıma gələn rəqəmləri yığdım, vəssalam.

– Əcəbdir.

– Bilirsiniz, bir az içmişəm, odur ki, özümü çox yalqız hiss eləyirəm.

– Olur, eybi yoxdur.

– Sizinlə görüşə bilərik?

– Yox, bax, bu baş tutan iş deyil. Gəlin belə danışaq. İndi gecdir. Gedin evinizə, yıxılıb yatın. Səhər duracaqsız, bütün dərdi-qəminiz uçub-gedəcək. Görərsiz.

– Axı mən sizi görmək istəyirəm, heç olmasa danışmaq istəyirəm sizinlə.

– Telefonumu ki bilirsiniz. Sabah ayılandan sonra yenə də görsəz ki, mənimlə danışmaq istəyirsiz, zəng eləyin.

– Doğrudan?

– Doğrudan. Gecəniz xeyrə qalsın.

– Xeyrə qarşı. Sabah sizə zəng eləyəcəyəm.

Gülməlidir vallah, amma dəstəyi asıb, boş, adamsız küçələrlə addımlayarkən mənə elə gəlirdi ki, daha mən də tək deyiləm. Mənim də kimimsə var.

Səhərisi gün, təbii ki, mən zəng eləmədim. Bütün günü yüz əlli iki min işlə məşğul oldum və hər şeyi unutdum. Bir neçə gündən sonra iş planının müzakirəsində laboratoriya müdirimizlə möhkəm toqquşdum. O həm də mənim elmi rəhbərim idi.

Müzakirədən sonra Firuz məni evlərinə apardı. Biz onunla bir institutda işləyirdik. Yolda o mənim başıma ağıl qoyurdu, deyirdi ki, cırtqoz olma, hər şey üçün partlama. Əgər haqlısansa da, həqiqəti ifadə və müdafiə etməyin müxtəlif formaları var. Hamını özünə düşmən eləməklə, heç kəsi inandıra bilməyəcəksən. Bir az rəftarın olsun, qılığın olsun. Görürsən ki, biri düz danışmır. Denən ona ki, siz, görünür, məsələyə hərtərəfli nəzər salmamısınız, mənə elə gəlir ki, bu məsələyə bir də baxsanız, mənimlə razılaşarsınız.

Yoxsa sənin kimi: siz heç bir şey qanmırsınız, nadansınız, cahilsiniz. Ona görə də…

– Ona görə də, – dedim, – sənin bu siyasətçiliyin lap məni boğaza yığıb.

– Yaxşı, görürəm ki, səninlə adam kimi danışmaq olmaz. Gedək bizə çay içməyə… Firuzun arvadı:

– Bilirsən, – deyirdi, – heç birimiz onu öyrətməmişik. Bilmirəm heç bu sözləri hardan bilir, özü tapıb deyir: anna, atta.

O bir yaşı təzə tamam olmuş oğullarından danışırdı. Firuz o biri otaqda ev paltarlarını, məstlərini geyinib gəldi.

– Doğrudan, – dedi, – qəribədir. Bilirsən, mən təzə bir nəzəriyyə icad eləmişəm. Mənə elə gəlir ki, dili uşaqlar yaradıblar. Böyüklər yox, məhz uşaqlar. Biz – böyüklər də onların düzəltdiyi sözlərdən istifadə edirik.

Seymur əmisi, de görüm, harda belə şirin bala görmüsən, kimin belə oğlu var, hə?..

Nə qədər eləyirdim telefon nömrəsini yada sala bilmirdim. İkinci yarısı yadımda idi, əvvəlindəki iki rəqəmi də yadımda idi, üçüncü rəqəm sıfır idi, bəs ikinci – yadıma sala bilmirdim ki, bilmirdim.

– Bura bax, Səmayə, o axşam sən hansı rəqəmi dedin?

– Hansı axşam? Nə rəqəm?

İzah etməli oldum. Bir yığın zarafata, gülüşə, fərziyyəyə, məsləhətə qulaq asmalı oldum. Ələ saldılar, doladılar, başıma ağıl qoydular. Amma hamısı bir yana – qapıdan çıxanda Səmayə dedi:

– Hə, yadıma düşdü: doqquz. Mənim trolleybusumun nömrəsidir.

– Allo. Salam. Mənəm.

– Salam. Kimdir?

– Nə tez unutdunuz. Yadınızda, mən sizə zəng eləmişdim? Üç gün bundan qabaq. Elə bu vaxtlar idi.

– Onda səsiniz başqa idi, – dedi və istehzayla əlavə etdi, – ya bəlkə, bu səfər danışan başqa adamdır. Keçən səfər evlənənin başqa dostu təklikdən şikayət edir. Məşğulətçin telefon macəralarına qurşanmısız.

O, sərt və kəskin danışmağı bacarırdı.

– And olsun ki, mənəm. Yəqin, keçən səfər səsim sərxoş səsi idi, onunçun tanımadız. İndi necə, tanıyırsınızmı?

– Hə, indi tanıdım. Mənə elə gəldi ki, başqa adamdır, bağışlayın, – o, arxayınlıqla güldü. – Deməli, bu gün ayıqsınız.

– Yüz faiz. Ayıq vaxtımda zəng elədim ki, mənim haqqımda yanlış təsəvvürünüz olmasın. Sonra elə bilərsiz içkibazam. İldə-ayda bir dəfə içirəm.

– Yaxşı ki, zəng elədiniz, yoxsa bu axşam mən də yaman darıxırdım. Radiom xarab olub.

– Siz həmişə belə gec yatırsınız?

– Hə, mən gecəyarısına qədər radioya qulaq asıram. Amma bu gün radiomun lampası xarab olub, lap dəli kimiyəm.

Dəstəkdən piano səsi eşidilirdi. Lap uzaqdan eşidilirdi.

– Siz suallara cavab verməyi sevmirsiz, amma deyin, kimdir bu gecə vaxtı piano çalan?

– Aa, – o güldü. – Bizdə deyil, qonşudadır. Bir zəhlətökən qızdır ki, səhərdən axşamacan çalır. Divarlar nazikdir, bu qammalar məni lap cəzana yetirib. Radiom işləyəndə, heç olmasa eşitmirəm onun çalmasını.

– Radioyla nəyə qulaq asırsınız ki?

– Efir evimin içi kimidir. Bax burda həmişə gecə konserti var – elə bil mən onun radiodalğaları üzərində gəzən barmaqlarını görürdüm – burda da kəsik-kəsik melodilərdir, uzaq okeanların üstündən uçub gəlir.

Burda həmişə tufan uğuldayır, burda da anlamadığım bir dildə danışırlar. Burda həmişə səs-küy olur. Konferansye zarafat edir, camaat gülür, əl çalır, mən sözləri başa düşmürəm, amma hamı gülür, fit verir, əl çalır, mən də şənlənirəm.

Burda da nə isə intim bir verilişdir. Kişiylə qadın lap yavaş, pıçıltıyla danışırlar, mikrofonda nəfəslərini də eşidirəm.

Radio qəribə şeydir. Elə bil bütün dünya mənim otağımdadır. Dünyanın gecəsi. Göy, melodiyalar, dramlar, təyyarələr…

– Təyyarələr niyə?

– Qulaq asın, – dedi. Başa düşdüm ki, susub dinləyir. Mən də qulaq verdim və bir qədər sonra təyyarə uğultusu eşitdim. Görəsən, bu təyyarə bizim evin də üstündən keçəcəkmi? Görəsən, onun evi hansı səmtdədir, şəhərin hansı tərəfində?

– Radioyla təyyarələr qohumdurlar, eləmi? – deyə qəfilcəyə soruşdu.

– Hardan qohumdurlar ki?

– Səmadan, – dedi və yenə susdu. İndi dəstəkdən təyyarə uğultusu deyil, yenə də bayaqkı kimi yeknəsəq qammalar eşidilirdi.

– Mən elə hey danışıram, danışıram, siz isə susursunuz. Siz də mənə bir şey danışın.

Özüm də özümə təəccüblənə-təəccüblənə, bilmirəm, heç niyə: mən bu yad adama heç kəsə danışmadıqlarımı danışmağa başladım.

İşdəki çətinliklərimdən, köhnə dostum Firuzla günü-gündən uzaqlaş-mağımızdan, elmi rəhbərimi neçin sevmədiyimdən, müzakirədə ona ağzımdan çıxanı dediyimdən və başqa-başqa bu kimi şeylərdən. Ona heç bir dəxli olmayan şeylərdən.

Niyə mən bunları məhz ona danışırdım? Özüm də bilmirəm. Amma özümü saxlaya da bilmirdim.

Birdən özümə gəldim. Tələsik onunla xudahafizləşib dəstəyi asdım.

Evimə tərəf addımlaya-addımlaya düşünürdüm. Düşünürdüm ki, bunu kimə danışsam inanmaz. Doğrudan da, tanımadığın, üzünü belə görmədiyin adama qəlbini necə açmaq olar. Mən onun haqqında nə bilirdim? Heç nə.

Bircə onu bilirdim ki, gecələr o, radio dinləməyi sevir, qonşusu isə pianoda qamma çalır.

Bu hekayənin iştirakçılarından biri – telefondur. Mən telefon haqqında bir neçə kəlmə demək istəyirəm. Son vaxtlar mən telefonlar barəsində çox düşünürdüm: onlar mənə qəribə və müxtəlif cür görünürdülər.

Bizim laboratoriya müdirimizin otağında – masanın üstündə qara bir telefon aparatı var. Hər dəfə bu aparata baxanda mənə elə gəlirdi ki, onun xətti dinamik məftilinə oxşayır.

Müdirin daima nigaran, daima təlaşlı, qorxu çəkən gözlərinə baxanda mənə elə gəlirdi ki, bu telefonu onun otağına gec partlayan mina kimi qoyublar. O hər zəngdən, hər hərəkətdən diksinirdi.

Yəqin, ona elə gəlirdi ki, bu mina – telefon hər dəqiqə bəd bir xəbərlə partlaya bilər. Bir gün zəng eləyib ona deyəcəklər ki, səni işdən çıxarıblar, yaxud arvadın qaçıb…

Kanselyariyamızda da telefon vardı. Amma diski rəqəmsiz, bağlı, qara bir dairə idi, elə bil möhürlənmişdi. Mənə elə gəlirdi ki, bu telefon təkərsiz maşın, ünvansız məktub kimi köməksiz və acizdir.

O, sanki mütiliyin, asılılığın, passivliyin, təşəbbüssüzlüyün rəmzi idi – sənə zəng vura bilirlər, amma sən heç kəsə zəng vura bilmirsən.

Bu tipli telefonların müqabilində telefon avtomatlar da mövcud idi. Telefon avtomatlar disksiz telefonların tam əksi idi. Sən zəng edə bilirsən, amma sənə cavab verə bilmirlər.

Zəng elə ağzına gələni de, lap söy, kim səni tapacaq? Telefon avtomatlar – cəzasızlığın, məsuliyyətsizliyin, özbaşınalığın rəmzi idi. Onların üstünlüyü bombardmançı təyyarənin silahsız gəmi üzərindəki üstünlüyünə oxşayırdı.

Bilsəniz evimdə telefon olmamasına nə qədər hayıfsılanırdım. Əlimə keçən iki qəpikləri Hacı Qara kimi xəsisliklə yığır, gizlədirdim. Tanış-bilişdən iki qəpik toplayırdım, imkan düşən kimi ayrı pulu xırdalayıb iki qəpiklik alırdım.

Hər gecə ona zəng eləyirdim. Həmişə də gec zəng eləyirdim. Bu, vərdiş və adət halını almışdı.

Bu söhbətlərə alışmışdım – onun bir az yorğun, bir az istehzalı, bir az kədərli səsinə, divar dalından eşidilən yeknəsəq qammalara, radionun güclə sezilən nəfəsinə, təyyarə uğultusuyla dolu pauzalara.

Mən indi onun haqqında bəzi şeyləri öyrənmişdim, amma çox az şey. Bilirdim ki, adı Mədinədir, tək yaşayır.

Bilirdim ki, gözləri qonurdu, çəkməsinin nömrəsi otuz beşdir. Bundan artıq heç nə bilmirdim.

Bir dəfə soruşdum:

– Neçə yaşındasınız?

– Eh, qoca qarıyam, nəvələrim, nəticələrim var, – dedi və mən onun cavan səsindən duydum ki, məni dolayır. Və bir də bildim ki, nə yaşından danışmaq istəyir, nə işindən, nə də ailə vəziyyətindən.

Mən də inad edib soruşmurdum. O özü də bu barədə məndən bir şey soruşmurdu, amma bilirdi ki, iyirmi doqquz yaşım var, subayam, elmi idarədə işləyirəm.

Bircə adımı bilmirdi. Nədənsə ona əsl adımı deyil, başqa ad demişdim: Rüstəm. Niyə? Bilmirəm. Bəlkə, onun da əsl adı Mədinə deyildi, başqa idi.

– Axı biz haçan görüşəcəyik?

– Neylirsiz görüşməyi? – dedi. – Bəyəm belə pisdi? Sizi bilmirəm, amma mənimçün bu telefon söhbətləri çox xoşdur. Həyatıma nə isə təzə bir şey gətirir. Mənə xoşdur ki, müəyyən saatlarda zəng gözləyirəm. Zəng eləyən adamı heç tanımıram, üzünü də görməmişəm, ona görə də onunla açıq danışa bilirəm, o da ürəyindəkiləri mənə deyə bilir. Məni heç vaxt görməyib, heç təsəvvür də eləmir ki, necəyəm. Məgər bu pisdir?! Görüşərik, bir-birimizi bəyənmərik, hər şey də pozulub gedər. Əgər bir-birimizi bəyənsək belə, yenə hər şey dəyişər, adiləşər, bayağılaşar. Gəlin əlaqələrimizi elə bu şəkildə saxlayaq. İnandırıram sizi, bu, daha yaxşıdır. Ondansa işinizdən danışın.

O məsələ necə oldu? Davanızı deyirəm? Ötüşdü?

– Yox. Ərizə vermişəm, gedirəm ordan.

– Hara?

– Hələ bilmirəm. Siz nə məsləhət görürsünüz?

O, cavab vermədi və mən təyyarə uğultusunu eşitdim.

Yeni ili Firuzgildə qarşılayırdıq. Təzə bəylə gəlin – Rasimlə Fəridə də gəlmişdilər. On ikiyə on dəqiqə qalmış masanın arxasına keçdik. Masanı Firuzun arvadı, başqa arvadların iştirakıyla çox yaraşıqlı düzəltmişdilər.

Mən hamıdan gec gəlmişdim, soyuq idi, qarlı-çovğunlu küçədən sonra evin istisi, işığı adama daha xoş gəlirdi.

Saat on ikini vurdu, bir-birimizi qucaqlayıb öpdük, hamıya, hamıya xoşbəxtlik, səadət arzuladıq və Firuz dedi ki, bu il tarixi il olacaq – Seymur evlənəcək. Biz bir qədəh də içdik və Firuz məni kənara çəkdi.

O, axşamdan içmişdi, lap dəm idi və qədəhin böyründən tutub, tək bir mənim sağlığıma tost deyirdi. Özü də ancaq mənə deyirdi.

– İçirəm sənin sağlığına. Həmişə belə olasan. Mərd, prinsipial, amma bir az da ülfətli, qılıqlı, rəftarlı. Həyata açıq gözlə baxasan. Bilirəm, ürəyində mənə gülürsən, bəlkə də, nifrət edirsən.

Elə bilirsən ki, mən də bax bütün bunlardan – o par-par parıldayan təzə mebelini göstərdi, – ya da Səmayənin şubasından ötrü mənliyimi satmışam. Yox. Mən heç bir vaxt vicdanımın əleyhinə getmərəm, heç vədə elə söz demərəm ki, vicdanım onu qəbul eləməsin. Buna əmin ola bilərsən. Amma… – o, pauza verdi, – amma gərək adamın ağlı başında olsun. Xoruz kimi atılmasın hər dəqiqə ortalığa.

Elə yer var gərək çəkiləsən, güzəştə gedəsən, elə yer də var ki, gərək qabarasan, sözünün üstündə möhkəm dayanasan. Bəzi xırda işlərdə güzəştə getmək lazımdır ki, böyük işlərdə getməyəsən.

– Bəlkə də, sən haqlısan. Amma mənimçün bu haqq-hesab çox qəliz məsələdir, burda geri çəkil, orda irəli çıx, mən belə idmandan baş çıxara bilmirəm.

O, əlini yellədi:

– Ay-hay. Yaxşı, gəl içək. Yeni ildən harda işləyəcəksən?

– Qəzetdə, – dedim. – Dünəndən əmrim verilib.

– Özün bilən yaxşıdır, amma məndən soruşsan nahaq getdin.

O, royalın arxasına keçdi, çalmağa başladı, arvadı da oxudu. Bizim radionun son mahnılarından biri idi. Birdən mənim yadıma qammalar sonra isə radio düşdü.

– Tost demək istəyirəm, – dedim.

Hamı təəccüblə mənə baxdı, bilirdilər ki, mən heç vaxt tost-zad deyən deyiləm.

– Bax, biz hamımız burdayıq, bir yerdə, kefimiz də sazdır. Gəlin, amma fikirləşək görək, bu axşam tək qalanlar neyləyir? Məsələn, növbətçilər, yol baxıcıları.

– Kim, kim? – deyə ordan-burdan səsləndilər.

– Yol baxıcıları deyirəm. Bəli, o yol baxıcıları ki, qatarların cədvəlini əzbər bilir, təpə-tənha daxmalarından gecə vaxtı, qarda-çovğunda yola çıxıb qatarları ötürürlər.

Rasim:

– Dinməyin, deyəsən, aşnamız dəmdir. – Hamı bərkdən gülüşdü. Firuz tez mənə baxdı və ayağa durdu:

– Dayanın, dayanın, – dedi. – Deyəsən, xətrinə dəydi. Xahiş edirəm, gülməyəsiz, məsələ ciddidir. Deməli, yol baxıcılarının sağlığına, eləmi Seymur?

Hamı qədəhləri qaldırdı.

– Yox, – dedim, – mən yol baxıcılarının sağlığına demək istəmirdim. Sözümü ağzımda qoyduz. Mən başqa bir adamın sağlığına içmək istəyirdim və bax, əgər dolayıb eləsəz, məndən inciməyin.

– Pah atonnan. Yaxşı, de gəlsin…

– Mən bir adamın, bir tək-tənha, yalqız adamın sağlığına içmək istəyirəm. İndi o, oturub radionun qabağında. O, bütün radiostansiyaların proqramını, cədvəlini bilir. Yol baxıcısı qatarların qarşısına çıxan kimi, o da efirdəki konsertlərin qabağına çıxır. Bütün dünya onun otağındadır, bütün bu dünyayla birlikdə o necə təkdir…

Mən bir qurtuma qədəhi başıma çəkdim.

Hamı səssiz-səmirsiz içdi, təəccüblə baxışdı, amma bir şey demədi. Bir azdan sonra isə başqa şeylərdən danışmağa başladılar.

Mən dəhlizə çıxdım, nömrəni yığdım və dinləməyə başladım. Dəstək susurdu. “Bu da sənin yol gözətçin – deyə düşündüm. – Nahaq sən onun dərdini çəkirsən. O da, yəqin, hardasa yeni ili qarşılayır. Niyə də qarşılamasın axı?”

Sonra mən yenə zəng elədim. İstədim ki, yeni ilini Moskva vaxtıyla təbrik eləyəm. Cavab çıxmadı, bir saatdan sonra yenə zəng elədim, Praqa vaxtıyla yeni ilini təbrik etmək istədim, yenə hay vermədi. Bir saat da keçdi, yenə zəng elədim. Hansı vaxtla yeni il idi bilmirəm, bəlkə, Qrinviç vaxtıyla.

Nəhayət, səhər altının yarısında, küçədəki avtomatdan zəng eləyəndə cavab çıxdı.

– Sizi Atlantik yeni iliylə təbrik edirəm, – dedim. Yəqin ki, nə demək istədiyimi başa düşmədi, mən də izah eləmədim.

– Sizsiz? İndicə girmişəm qapıdan.

– Bilirəm. Bütün gecəni sizə zəng vurmuşam.

– Rəfiqəmgildəydim.

– Dəxli yoxdur, – dedim, – yeni ildə mən sizə vacib bir şey demək istəyirəm. Mən sizi sevirəm. Özü də dəlicəsinə sevirəm.

– Belə de. – O güldü. – Əcəb şad xəbərdir. Yeni il pis başlamır.

– Siz mənim əzizim, gözümün işığısınız, bilmirəm, hansı sözləri demək lazımdır, amma mən heç kəsi belə sevməmişəm. Bilirəm, sizə gülməli gəlir, axı biz heç bir-birimizi görməmişik. Amma neyləmək, bu belədir ki, var. Mən sizsiz yaşaya bilmərəm.

– Daha doğrusu, mənim telefonumsuz, – dedi. – Bilirəm, bu sözlər havayı söhbətdir, amma hər halda onları eşitmək xoşdur.

İlk dəfə idi ki, bizim söhbətimizi qammalar müşayiət etmirdi. Səhər açılırdı. Mən vaxtilə musiqi məktəbində oxuduğuma görə ağlıma belə bir bənzətmə gəldi – həyatın xromotik qamması – ağ və qara pərdələrin – gündüzlərin və gecələrin, yaxşı, işıqlı günlərin və pis – qaranlıq günlərin ardıcıllığı…

– Mən sizi haçan görəcəm axı? Amma siz düz deyirsiniz, görüşməyək. Bu məhəbbətin ən gözəl formasıdır, bir-birimizə telefon xətləriylə bağlanmışıq. Gözəl əlaqədir.

– Birtərəfli əlaqədir, – dedi, – o mənada ki, mənə zəng edə bilirsiz, amma mən sizə yox.

– Bəli, ona görə də mən sizi görməliyəm. Ünvanınızı deyin bu saatca gəlim ora.

– Xahiş edirəm sizdən, dedi və səsində ağrı duydum.

Xahiş edirəm, bu sevinci məndən almayın. Belə təklifi mənə çoxları edir. Siz də etsəz, sizinlə də salam-kalamım kəsiləcək, – susdu, sonra əlavə etdi, – amma sizə mən çox isnişmişəm. Siz ilk adamsınız ki, ərimin ölümündən sonra özümə yaxın, məhrəm bilirəm.

Yanvarın ikisində təzə işimə gəldim. Bütün günü böyük bir materialı redaktə etdim, işin axırına yaxın makinaçıya verdim. Dedim ki, mütləq səhərə hazır edin. Kanselyariyanın qabağında böyük bir siyahı asılmışdı – işçilərin familiyaları və telefon nömrələri.

Mən gözucu bu siyahıya nəzər saldım və birdən diksindim – elə bil tanımadığım adamlar içində tanış bir sifət görmüşdüm.

– Vəlizadə kimdir? – deyə xəbər aldım.

– Bizim makinaçıdır. İndicə material verdiz e, ona… Nədir ki?

Mən pəncərədən baxdım. Qonur gözlü makinaçı pilləkənlərlə aşağı düşürdü. Dikdaban çəkmələri – tuk-tuk-tuk, – pilləkəndə səslənirdi və mən bilirdim ki, onun çəkməsinin nömrəsi otuz beşdir.

Bu, lap nağıla oxşayırdı. Tale bizi bir idarədə rastlaşdırmışdı, amma o hələ bu barədə bir şey bilmirdi. İndi o, makinasında mənim verdiyim böyük materialı yazarkən heç ağlına da gətirmir ki, bu materialı ona mən vermişəm, yəni, bilir ki, mən vermişəm, amma bilmir ki, mən oyam, yox, daha doğrusu, necə deyim, mən – mənəm.

Mən özümü saxlaya bilmirdim, bu yeniliyi ona çatdırmaq istəyirdim, avtomatdan ona zəng elədim. İlk dəfə belə erkən zəng vururdum və telefon susurdu. “Zərər yoxdur, həmişəki vaxt zəng edərəm, qoy sürpriz olsun.”

Gecə ona zəng vurdum.

– Salam. İki saat bundan qabaq sizə zəng eləmişdim.

– Belə tez niyə? Rəfiqəmgildə idim. Əlimdə işim vardı, onlarda işləyirdim.

– Gülüşümü güclə boğaraq:

– Nə işdi ki? – deyə soruşdum.

– Evə iş götürmüşəm. Təzə müdirimizin tapşırığıdır.

– Təzə müdir?

– Hə, bu gün idarəmizə təzə şöbə müdiri gəlib.

– Yox əşi, – mən yenə də gülməkdən özümü güclə saxlayırdım, Hə, necədir təzə şöbə müdiriniz?

– Nə deyim vallah. Nə isə məni açmadı. Çox təkəbbürlüdür. Düzdür, ilk təəssüratla çətindir demək, amma hər halda…

Mən quruyub qaldım. Bu variant heç mənim ağlıma gəlmirdi.

– Niyə xoşunuza gəlməyib ki?

– Əşi, heç, birinci təəssürat çox vaxt səhv olur. Bəlkə də, yaxşı adamdır. Hər halda özünü belə tox tutur.

Hündür, göyçək oğlandır. Sifəti də gözəldir, amma bir az forsludur, deyəsən… Adama elə bil yuxarıdan aşağı baxır. Danışanda da belə əmrlə danışır: sabaha çap eləyin.

İlk dəfə olaraq o öz peşəsi haqqında ağzından söz qaçırtdı. Amma mən bu sözdən yapışıb, onun peşəsini soruşmadım, axı onsuz da bilirdim.

– Bəs sizin işiniz nə oldu? – deyə soruşdu. – Təzə işə düzəldiniz?

Onda mənim ağlıma da gəlmədi ki, qəribə bir oyuna başlayıram, amma ani olaraq hansı daxili qüvvəsə məni saxladı və belə cavab verdim:

– Yox, bilirsiz, fikrimi dəyişdim. Köhnə yerimdə qaldım.

Səhərsə ilk dəfə Mədinəni, mənim Mədinəmi gördüm. Yəni dünən də görmüşdüm onu. Amma dünən bu sifət başqa sifətlərdən biri idi, xoş, yapışıqlı bir sifət idi, amma xüsusi bir şeylə ayrılarından fərqlənmirdi.

Adi bir sifət… Bəlkə, hətta ona gözəl də demək olardı, amma nə isə solğun, tutqun bir gözəllik idi bu. Bütün bunlar dünən idi.

Bu gün isə hər şey bambaşqa idi. Onun çap etdiyi kağızlara baxa-baxa oğrun-oğrun özünə də nəzər salırdım. Onun mənə yad olan zahiri görünüşüylə bu qədər yaxın, doğma məhrəm səsi arasında, real varlığıyla telefon varlığı arasında bir ahəng, uyğunluq axtarırdım.

Mən onunla çox mehriban, həssaslıqla davranırdım və çox maraqlanırdım, görüm, o, bu dəyişikliyi duyurmu?

Bunu bilmək üçün axşamı gözləyirdim. Telefon saatını.

– Deyirdim də sizə, ilk təəssürat çox vaxt aldadıcı olur. Sən demə belə mehriban, belə həssas adammış ki…

– İkinci təəssürata da çox inanmayın. O da aldadıcı ola bilər.

– Yox, yox, dünən onun gözlərinin içinə baxa bilməmişdim. Bu gün baxdım – “görəsən, haçan baxıb ki, mən sezməmişəm”, – deyə düşündüm. – Bilirsiz gözləri nə təmizdir, ağıllıdır.

– Qısqanıram sizi ha, – dedim.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest