GenelGüncel

Leyli – Məcnun və Ferma müdiri

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Seyran Səxavət

“Leyli – Məcnun” və Ferma müdiri

             (hekayə)

Stalinin qırxı təzə çıxmışdı. Milyonlarla əl dəsmalı duz dadırdı. Sovet Sosialist Respublikaları İttifaqının ucsuz-bucaqsız ərazisi uşaq bağçası təmayüllü nəhəng yetimxanaya oxşayırdı – bəlkə də oxşamırdı, elə heylə idi.

Həddi-buluğa çatmamış, böyük və qarışıq bir xalqın atası ölmüşdü – atadan yetim qalmaq pis şeydi. Bu ayaqdan götürsək, Stalini dünyanın ən çoxuşaqlı atası hesab eləmək də olar.

Uşaqlar başsız qalmışdı. Və üstündən heç əlli il keçməmiş Stalinin yurdunda bayquş uladı, tufağı dağılıf – İttifaqı dağıldı.

Yazağzı duza gedən qoyunlardan bəziləri duz dadan dəsmalları yeyir, səhərə yaxın elə ağıldaca murdar olurdular. Dəsmal sahibləri isə səhər-səhər burunlarını silməyə bir şey tapmırdılar…

O vaxt mənim yaxşı yadımdadı, yeddi yaşım vardı – yekə kişiydim. Mənə elə gəlirdi ki, bütün Sovet xalqı eyni ilə bizim kənddəki kimi üzünü cıra-cıra, baş-gözünə döyə-döyə, ucadan ağlaya-ağlaya deyir, özü də bizim dildə:

– Ay Dədə, bizi qoyub hara gedirsən oooooy!.. Ay Dədə!.. Ay Dədə!.. Ay Dədə!..

Əslində isə o Dədə deyildi, Baba idi. Lenindən sonra Stalin ikinci Babamız idi – ancaq hansının ata tərəfdən, hansının ana tərəfdən Babamız olduğunu bilmirdik…

…Möhtəşəm yetimlikdən sonra ölkəyə gələn ilkin Yazın lap axırıncı günündə kolxozun ferma müdiri Fəmil arvadı Nisəni də qoltuğuna vurub getdi Bakıya.

***

Fəmil əlifbadakı otuz iki hərfdən birin də tanımırdı – tanış ola bilməmişdi, tanış eliyən olmamışdı, ancaq ikinci dünya müharibəsində Stalin uğrunda vuruşmuşdu. Onun taleyinə orta məktəb oxumaq yox, müharibə oxumaq düşmüşdü ki, oranı “əlaçı” qurtarmasa da, sağ-salamat başa vurmuşdu.

Fəmil nənəsinin toxuduğu xurcunu çiyninə alıb Hitlerlə haqq-hesab çürütməyə getdiyi ilk gündən, evə qayıtdığı saata qədər həmişə ürəyində Nisə ilə söhbət eləyirdi və onun bu söhbətini Nisəyə hər gün “yazdığı” məktub kimi də qəbul etmək olardı. Fəmil müharibədən qayıtdığı gün ona da möhkəm inanmışdı ki, əgər o davaya getməsəydi Sovet xalqı heç vaxt faşistlərə qalib gələ bilməzdi…

O, davadan üç il qabaq evlənmişdi. Müharibəyə gedəndə bir oğlu da vardı – üç ilə bir oğul, hər halda pis nəticə deyil. Qarabağın ən böyük kəndlərindən biri olan Yeddiparanın camaatı söz sözü gətirəndə – bu gün də – iyirmi birinci əsrin on yeddinci ilində “Fəmil-Nisə” məhəbbətindən ürək dolusu danışır, bəzən də öz əıavələri ilə bu sevgini əfsanə səviyyəsinə qaldırıb ilahiləşdirirdilər, nəsildən nəsilə ötürürdülər. Ona görə də Yeddipara kəndi yaranandan bu günə qədər cəmisi bircə dəfə boşanma hadisəsi olub. Yaşlı adamlar danışırmışlar ki, bütün kənd yasa batmışdı bu görükməmiş hadisədən – elə bil güclü zəlzələ olnuşdu, kənd dağıntılar altında qalmışdı, ölənlər və yaralananlar vardı – bax, heylə…

Fəmilin əmisi oğlu deyirmiş ki, o, Nisəni ovcunun içində, üfürə-üfürə saxlayırdı, camaatın tənbehindən qorxub utanmasaydı, özü qazan asıb paltar yuyardı, xəmir yoğurardı, təndirə çörək yapardı, nehrə çalxayardı, cəhrə əyirərdi, uşaqları çimizdirərdi – camaat olmasaydı bunların hamısını özünə sığışdırardı, uf da deməzdi…

Fəmil Bakını iki dəfə görmüşdü, bir müharibəyə gedəndə, bir də davadan qayıdanda. Gedəndə gördüyü Bakını Allah heç kimə göstərməsin – ürəyindən qara qanlar axırdı və Nisə də qan rəngində onun gözlərinin önündən getmirdi – hörüklərinin ucundan qan damcılayırdı. Davadan qayıdanda gördüyü Bakını isə Allah hamıya qismət eləsin; nənəsinin toxuduğu, əsl sənət əsəri olan, müharibə başlayandan qurtarana qədər çiynində gəzdirdiyi xurcunun bir gözündə özünə aid olan ayın-oyun, bir gözündə də Adolf Hitlerin başı… necədi sizin üçün… Hər halda Fəmilə elə gəlirdi; düzünü deyim ki, elə mən də o fikirdəyəm…

Fəmili Bakıya getməyə həvəsləndirən, xeyir-dua verən əmisi oğlu, kolxozun hesabdarı Əsgər olmuşdu.

– Fəmil, sən ölmə, bax, bu canım ölsün, – əlini üzünə şapbıldatmışdı, – əstəfurulla, İmam Hüseynin müsibəti mən gördüklərimin yanında toya getməlidi, get eee, get… özün görəzsən dana…

Əsgər Bakıdan bu yaxınlarda qayıdıb. O, kəndin gözünün ağı-qarası şofer Maşallahla paytaxtdan kolxoz üçün “palturuka” yük maşını gətirməyə getmişdi, özü də qəttəzə. Yeddipara camaatı bu yük maşınını “Novruz” bayramı kimi qarşılamışdı, itli-pişikli hamısı bu maşının başına yığışmışdı. Şofer qara Maşallah isə camaatın gözündə ağappaq yumurta soyutması kimi bir oğlan olmuşdu; indi onun hörməti-izzəti kənd camaatının gözündə bu maşını ixtira eliyənin hörmət-izzətindən də qat-qat yuxarılarda idi; hamı ona bu kəndin qürur akademiyasının həqiqi üzvü kimi baxırdı; o dövrdə bu, qara Maşallahın halal-hümmət haqqı idi. Dünyanını kəfən kimi pak, tər-təmiz, sünbülündən su daman vaxtı olmasaydı, bəlkə də qara Maşallah Sovet İttifaqı Qəhrəmanı səviyyəsində hörmət-izzət sahibi ola bilməzdi və bu, həqiqət idi…

Əsgərin arvadının dayısı Salman kişi Bakıda Serqey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetində “zavxoz”-təsərrüfat hissə müdiri işləyirdi – hörmətli adam idi. Elə yeznəsi Əsgəri də “Leyli-Məcnun” operasına o aparmışdı, nə təhər təsirlənmişdisə, Bakıdan Yeddiparaya qədər kövrələ-kövrələ, Leylinin atasının yeddi arxa dönənini söyə-söyə gəlib çıxmışdı, yenə toxtamamışdı, səbbi alınmamışdı. Kənddə də ürəyini boşaltmaq üçün əmisi oğlu Fəmili layiq bilmişdi, çünki ona elə gəlirdi ki, sevgi-məhəbbət məsələlərində Fəmil bir nömrəli mütəxəssisdi. Fəmil də Əsgərdən eşitdiklərini gecə uşaqlar yatandan sonra neft lampasının ışığında dənəvər-dənəvər qoymuşdu Nisənin ovcuna – Nisənin ovcu yanmışdı. Fəmil də ağızdan berahat idi; Leylinin atasının ölüsünü-dirisini Nisənin qulağı eşidə-eşidə tökmüşdü çölə. Nisə də iki dahinin, Məhəmməd Füzuli ilə Üzeyir Hacıbəylinin yaratdıqları bu şah əsərə biganə qala bilməzdi; odur ki, səhərin pıçalaqlı gözləri açılana qədər Leyli ilə Məcnuna ağı deyib onları ağladı – səhəri dirigözlü açdı…

Nisə Əsgərxan bulağında doluxsuna-doluxsuna, təpəsindən tüstü çıxa-çıxa Fəmildən eşitdiyini bitdə-bitdə qız-gəlinə nağıl elədi – onlar da doluxsundu, onların təpəsindən çıxan tüstü ərşə dirəndi və onlar da öz bildikləri kimi Leylinin atasının aşının – suyunu verdilər, özü də artıqlaması ilə…

Fəmil fermada hamını yığıb doluxsuna-doluxsuna, təpəsindən tüstü çıxa-çıxa Əsgərdən eşitdiyini bitdə-bitdə, indiki dillə desək, əməkdaşlarına nağıl elədi – onlar da doluxsundu, onların da təpəsindən çıxan tüstü ərşə dirəndi və onlar da öz bildikləri kimi Leylinin atasının aşının – suyunu verdilər, özü də Əsgərxan bulağındakı qız-gəlindən də çox…

Əsgərxan bulağındakı qız-gəlin Nisədən eşitdiklərini yetənə nağıl eliyirdilər, eşidən-bilən Leylinin atası haqqında bacardığı, hətta bacarmadığı kimi ağzına gələni deyirdi.

Fermanın “əməkdaşları” Fəmildən eşitdiklərini yetənə nağıl eliyirdilər – eşidən-bilən Leylinin atası haqqında bacardığı, hətta bacarmadığı kimi ağzına gələni deyirdi. Deyilənə görə fermada çobanlıq eliyən Qədimalı kişi bir az da irəli gedib, arvad-uşaq yanında Leylinin atasının goruna da söymüşdü.

Yeddipara kəndi Leyli-Məcnun məsələsində, necə deyərlər, vahid mövqe nümayiş etdirməkdə çox israrlı idi. Vəziyyət o yerə dirənmişdi ki, uzaq olsun, bu kənd camaatından kimsə həyatından bezib özünü öldürmək istəsəydi (yenə də min ağac uzaq), onun üçün ilahi bir şans yaranmışdı; heç nə, çıxsın kəndin ortalığına, camaatın gur vaxtında desin ki, “mənim yeddi kor qızım olsaydı, birini də Məcnuna verməzdim, o, əməlli başlı dəlidi ki…”, vəssalam, onu daşqalaq eləyib Azərbaycan kimi iki yerə şaqqalayardılar – 1813-cü ildəki kimi…

İlahi, Dünya Fəmil – Nisə  Dövründə Körpə Gözü kimi nə qədər Pak imiş – xəbərimiz olmayıb; ona görə xəbərimiz olmayıb ki, elə bilmişik ki, belə də olmalıdı də… Ay Allahın arxayın bəndələri…

Bakının dəmiryol vağzalında Fəmil – Nisəni, Əsgərin arvadının dayısı Salman kişi çox ürəkli qarşıladı.

Kənddən çıxanda Fəmil demişdi ki, Əsgər, narahat olma ee, arvad qohumunun yanında üzünü ağ eliyəcəm. Yanında Nisə, cibində də beş saz erkəyin pulu; fikirləşmişdi ki, Bakıdan uşaqlara ayın-oyun alar, bir də Əsgərin özünə və arvadı Zərif müəllimə bahalı parça alar, tikdirib geyinsinlər. Vaqonun kupesi də ağzına qədər tıxılı-mənili, humayın ağına bükülmüş iyirmi kiloluq toğlu cəmdəyi, bir bidon nehrə yağı, sərilmiş südün qaymağı, mərəçöyüd, cincilim, quzuqulağı, qazəyağı, qanqal, Qorabulaq qıjısı, dəvədabanı, noxud, təndir çörəyi, nələr… nələr… Kənd həmişə şəhəri belə sayıb-saydırıb, onun hüzuruna əlidolu, ürəyidolu gedib. Yeddipara çörəkli-sulu kənd olub həmişə – müharibənin ən məşəqqətli vaxtlarında da. Aclıq-qıclıq vaxtı dağ rayonlarından çoxları bu kəndə pənah gətirib, rahatlıq tapıblar, nəticədə çönüb olublar yeddiparalı, onlardan birirsi…

Nisə Salman kişinin dördüncü mərtəbədəki mənzilində, yataq otağındakı bədənnüma güzgünün qabağında geyinə-geyinə güzgülənirdi. Geyinib qurtarmış kimi idi – lap axırda arxalağını geyindi. Bilmirəm, özünə hansı tərəfdən baxdısa xoşuna gəldi – güzgünün qabağında fırlandı da: “bir heylə var-dövlətinən o boyda kənddə allahın bir güzgüsü də yoxdu ki, heç olmasa ayda-ildə bir dəfə beləcə durasan qabağında. Fəmilə deyəcəm gedəndə bir güzgü alsın, aparım Əsgərxan bulağına, qız-gəlin özünə baxsın. Desəm alar…”

Xalis Çin məxmərindən tikilmiş arxalığın yaxalığı da, sinəsi də əllə işlənmişdi – naxışlar göz oxşayırdı. Ətəyinə və qollarına düzülmüş gümüş pullar araxalığın çəkisini xeyli artırmış,ağırlaşdırmışdı. İndi bu arxalıq doqquz May qələbə bayramı münasibəti ilə hərbi nümayişə çıxmış, yaxasına çoxlu orden-medal taxmış müharibə veteranının kiteli qədər parlaq və ağır idi. Bu arxalığı Nisəyə toylarından üç gün sonra – yəni onun üçgünlüyündə qaynanası ona boygörüncəyi kimi bağışlamışdı. Deyilənlərə görə qaynanasına da bu arxalığı qaynanası boygörüncəyi vermişdi. Nisənin bir neçə arxalığı vardı, hamısı da geyinməli – bir-birindən gözəl; ancaq o bilə-bilə qarasını seçmişdi – tündünü; axı, o “Leyli və Məcnun” operasına baxmaqdan və qulaq asmaqdan daha çox, elə bil ki, yas yerinə, ağlaşmaya gəlmişdi. Nisə qırağını milçə ilə hördüyü, iri qara dəsmalını hələ kənddə olanda arxalığın cibinə qoymuşdu – öz xasiyyətinə bələd idi… bilirdi ki, gözünün midiyini tökəcək…

Nisə qara Çin məxmərindən tikilmiş, üstü Nikolayın 1898-ci ildə buraxdığı onluq qızıllarla bəzənmiş papağını başına qoydu, hörüklərini kürəyinə atdı. Bir an özünə baxıb razı qalandan sonra, sallanan yerində iri aypara, qalan hissəsi parlaq muncuqlardan hörülmüş qızıl boyunbağısını taxdı, sırğalar da öz yerindən asıldı. Özünü çox bəyəndi – Fəmil onu bəyəndiyi qədər…

Nisə, əvvəldən razılaşdıqları kimi içəridən qapını döydü – yəni ki, mən hazıram – onsuz da yarım saatdan çox ləngimişdi.

Fəmilin geyinməyi bir suiçim saat çəkmədi; fransız generalı Qalife-nin adını daşıyan şalvarı əyninə çəkdi, zabit qayışı ilə belini bağladı, müharibədən gətirdiyi, xeyirə-şərə geyindiyi, qəlfeyi şalvarı rəngdə kitelini əyninə taxıb qızılı düymələrini bağladı.

İki gün qabaq bilet almağa gedəndə Salman kişi Fəmildən yox, Nisədən soruşmuşdu ki, neçənci sıra yaxşıdı. Nisə də təəccüblənmişdi ki, Fəmili qoyub mənnən niyə soruşur ki? Salman kişi üzünü Nisəyə tutub bir də soruşanda o cavab vermişdi:

– Salman dayı, elə yer olsun ki, onları lap yaxından görüm…

– Onlar kimdi?

– Leyliynən Məjdunu deyirəm dana… o bədbəxtləri… – Salman kişi də biletləri birinci sıraya almışdı. Salonda səs-küy idi; milçək dəstəsi içəri girib bir ağızdan vızıldasaydı, birinin də səsi eşidilməzdi. Bəzi tamaşaçılar isə deyib-gülürdülər. Nisənin deyib-gülən tamaşaçılardan bir az zəhləsi getdi: “bunlar nə təhər adamdılar, ay bajı, elə bil toya gəliblər… başıma xeyir…”

Salman kişi Fəmilin nəzərindən yayınmayan bir əda ilə papağını çıxardıb dizinin üstünə qoydu. Fəmil də onu təkrar elədi – “heyvagülü” buxarasını dizinin üstünə qoydu, bir az da özünə tərəf çəkdi, deyəsən papağın yerini rahatlayırdı.

Salon dolandan bir az sonra işıqlar öləzidi. O bir dəstə milçəkdən biri içəri girib vızıldasaydı səsi eşidilərdi.

Qaranlıq elə bil yerin altından çıxmışdı; salonu ləbələb elə doldurmuşdu ki, deyəsən, bağlı qapı-pəncərənin arasından çölə tökülürdü. Qaranlıq qatı palçıq kimiydi və ürəyi sıxılan Nisə gözlərini döydükcə, əvvəlcə kirpikləri ilə qatılığı duydu, sonra da bir-birinə daraqladığı əlləri ilə hiss elədi. Pərdə açıldı; salonda göz-gözü görən kimi Nisə əvvəlcə əllərinə baxdı, sonra da barmaqlarını kipriklərinə sürtüb, elə bil ki, rahatlaşdı.

Tamaşa başlamışdı. Nisə isə tamaşadan bir az sonra başladı – gözünün midiyini tökməyə. Nisənin duzlu, dupduru göz yaşları qara dəsmala sıxıldıqca rəngini itirsə də, duzunu saxlayırdı. Yaz ağzı duza yerikləyən qoyunlardan biri Opera və Balet teatrına gəlib çıxsaydı, Nisənin qara dəsmalını əlindən qoparıb yeyərdi və tamaşa qurtarandan beş-altı saat sonra murdar olardı və bu sənət məbədinin böyür-başında sülənən sahibsiz itlər, Leyli ilə Məcnun hesabına “yeyib-içərdilər.”

Ancaq, nə yazağzı duza yerikləyən qoyun Opera və Balet teatrına gəlib çıxdı, nə Nisənin qara, nəm, duzlu dəsmalını onun əlindən qoparıb yedi, nə tamaşa qurtarandan beş-altı saat sonra murdar oldu, nə də bu sənət məbədinin böyür-başında sülənən itlər Leyli ilə Məcnun hesabına yeyib-içə bildilər. Çünki tamaşanın axırına az qalmışdı, qara dəsmalı paltar yuyanlar kimi bir neçə dəfə sıxıb ehmalca çırpmışdı ki, qurusun. Ancaq qara dəsmalın qurumağı qalmışdı Nisənin göz yaşları quruyana…

Nisə imkan tapıb özünü də danladı ki, gərək məhrəbadan-zaddan götürərdim, qara dəsmal bu dərdi götürə bilməz. Sonra fikirləşəndə ki, evlərində qara məhrəba yoxdu, məyus oldu.

Uşaq yumruğu boyda qəhər Nisənin xirtdəyinə keçib onu boğurdu. Özündən asılı olmayaraq tez-tez sağ əlinin barmaqları ilə boğazını sığıyırdı.

Fəmil də fizikadakı birləşmiş qablar kimi Nisə ilə eyni vəziyyətdə idi. Bir fərq vardı ki, Fəmil Nisənin kişi variantı idi – bilmirəm, buna fərq demək olarmı…

***

Kənd təsərrrüfatının qızğın vaxtı olduğuna görə bu boyda vaqonda Nisə-Fəmil cütlüyündən başqa beş-altı nəfər sərnişin vardı. Kupedə ikisi idi. Qatar tərpənəndən sonra vaqon bələdçisinin, dilli-diləvar orta yaşlı erməni qadının onlara gətirdiyi iki stəkan çay buza dönmüşdü.

Sükut da buza dönmüşdü, onlar üşüyürdü. Nisə macal tapıb Salman kişi gildə qara dəsmalı yumasaydı, indi stolun üstündə, batmaqda olan günəşin saman kimi qırıq-quruq şüalarının altında iynə ulduzu boyda çoxlu parıltılar görünərdi.

Bu soyuq sükutu pozub təzədən yazmaq tək adam işi deyildi. Sükut onların arasında divar kimi hörüldüyündən deyəsən Nisə-Fəmil heç bir-birini görmürdü – biri aşağı baxırdı, biri düz. Yeri gələndə Fəmil beş kişinin qabağıydı və bu “beş kişi” özünü yığışdırıb sükutu pozmaq istədi:

– Nisə…

– Nədi?

– Heç…

Sükutun heç burnu da qanamadı və onlar yenə bir-birini itirdilər, görmədilər, yenə divar…

– Nisə…

– Nədi?

– Ağlıma bir şey gəlib, – Nisənin gözlərinin içinə baxdı.

– Nə gəlib?

– Deyirəm bir ay-zad keçsin, bir də gələk “Leyli-Məcnun”a…

– Sədr icazə verməz. – Nisə də onun gözlərinin içinə baxdı, ancaq ümidsiz.

– Verər… – Fəmil inamla Nisənin ümidsizliyinin qabağına yeridi.

– Nə bilirsən?

– Bilirəm.

Nisə ərinə o qədər inanırdı ki, yorğun-yorğun dedi:

– Deynən biz də bilək dana…

Fəmil yerini rahatlayıb yerində qurcalandı:

– Sədr heç bu dəfə də məni buraxmaq istəmirdi. Dedim ki, uzaq olsun, Nisə azarrıyıb, doxdura göstərəjəm. Onnan sonra yumşaldı, ipə-sapa yatmırdı. Yəqin məni görəndə səni soruşajax, deyəjəm ki, doxdur dava-dərman yazdı, dedi bunnarı içsin bir aydan sonra gələrsiniz bir də yoxluyaram.

Nisə gülümsədi və onun təbəssümü küncdə-bucaqda ilişib qalan sükutu da əritdi:

– Həə… onda icazə verər, – dedi, – sən də elə qur ki, işini süd planında kəsir qalmasın, onda dilin də uzun olar dana.

Sükut yenə gəldi, ancaq ona üz vermədilər, o da çıxıb getdi. Birdən Nisə dedi:

– Ay Fəmil, bəs onda “Leyli-Məjdun”a baxmağımızı heç kəs bilmiyəjək axı, – və bikeflədi, – sədrinin qulağına çatsa…

– Niyə bilmir, burda nə var ki? Deyərəm ki, doxdur heylə deyənnən sonra arvad bikeflədi, mən də ürəyin açmaq üçün onu götdüm apardım “Leyli-Məjdun”a. Sən arvaddara bir söz deməmisən ki? – Onun üzünə baxdı.

– Yox… demişəm ki, gedim qayıdım onda bilərsiniz.

– Düz demisən… Elə deyərsən doxdura aparmışdı məni… sonra da getdik “Leyli-Məjdun”a… Qoy sözümüz bir olsun. Əsgərdən başqa heç kəs bilmir, o da heç kəsə söz deyən deyil.

– Ay Fəmil, Məjdun niyə qoymadı ki, o dostu… onun adı nəyidi?

– Ağız, Nəsib müəllimin oğlunun adıdı dana, Nofəl.

– Hə… Bax, niyə qoymadı ki, Nofəl qılınc gücünə olsa da, gedib Leylini gətirib oturdaydı ojağının qırağında… niyə qoymadı?

– Vallah, düzünə qalsa orasını mən də başa düşmədim,- Fəmil boynuna aldı anlamadığını.

– Gərək Salman dayıdan soruşaydın… – Nisə təəssüfləndi, – şəhər adamıdı o bilərdi.

– Vallah, mənim də ürəyimdən keçdi ki, soruşum, ancaq utandım nəyisə…

– Fəmil…

– Nədi?

– Gələn dəfə “Leyli-Məjdun”a gələndə əgər… Nəsib müəllimin oğlunun adı nədi? – Zəndinən ərinin üzünə baxdı.

– Böyüyünün adı Qeyisdi…

– Nədi?

– Qeyis

– Bu nə addı ee… birinci dəfə eşidirəm? – Təəccübləndi. Fəmilin əlinə girəvə düşmüşdü; o, deyəsən bir az da özünü dartdı. Nisəyə savadlı olduğunu göstərməyin əsl məqamı… Arvadı özü ona əyaq vermişdi:

– Nəsib müəllim, ay Nisə, ədəbiyyat müəllimidi, ona görə də oğlunun adını Qeys qoyub.

– Noolsun ədəbiyyat dərsi deyir? – Nisə başa düşmürdü.

– O olsun ki… – deyəsən, bir balaca, xış kötüyə ilişdi, – o olsun ki, Qeyisin adını “Leyli-Məjdun” kitabından götürüb dana.

Nisənin əli ağzında qalmışdı – ərinin belə məlumatlı olması onun ürəyinə sarı yağ kimi yayılmışdı – üzü kolxoz sədrinin evindəki otuzluq çıraq kimi alışıb yanırdı; bu otuzluq lampanın əsli isə onun ürəyində idi, vurub üzündən çıxmışdı. Otuzluq lampa dedi:

– Nəsib müəllimdə “Leyli-Məjdun” kitabı var?

– Hə… var.

– Hardan alıb?

– Sevastopoldan.

Əgər Fəmil desəydi ki, Bakıdan alıb, Nisə dirənəcəkdi ki, “gələn dəfə gələndə biz də alaq” – odur ki, Nisəni azdırdı.

– O dediyin yer uzaqdı? – Nisə soruşdu.

– Dünyanını o başında.

– Sən oranı görmüsən?

– Bəs faşistdəri ordan kim basdı çıxartdı, biz elədik dana. Nəsib müəllim də mənnən bir yerdə vuruşurdu. Oğlu Qeys bizim  Ayazxanla yaşıddı. Bəs, mən hardan billəm oğlunun adın. Özü dedi ki, “Leyli-Məjdun”nan götürüb uşağın adın.

Nisənin əli ağzından düşdü; bayaq onun ürəyinə yayılan sarı yağdan əsər-əlamət qalmamışdı, elə bil beş-altı pişik onun ürəyinə darışıb sarı yağı yalamışdı. Otuzluq lampa közərə-közərə söndü – ikisi də… Və otuzluq lampalar sönən kimi Fəmil dedi:

– Bəri bax…

– Nədi?

– Bəri bax, iki gündü Məjdunnan ötrü özünü öldürürsən… heç bilirsən onun əsli adı nədi?

– Kimin?

– Kimdən ötrü özünü öldürürsən? Məjdunu deyirəm… Bilirsən əsl adı nədi?

– Əsl adı nə deməkdi ee? – Nisə gözlərini döydü.

– Metirkada (bu sözü əsgərlikdə öyrənmişdi) yazılan adı.

– Metirka nədi?

– Yaş kağızı.

– Məjdundu, dana…

– Yox, onun əsl adı yaş kağızında Qeysdi Qeyis.

Nisə – Fəmil demişkən, Məjdun yenə gəldi Fəmil gilin kupesinə, oldular üç nəfər; arxasını Fəmilə çevirib bayaqkı divarın yerində dik dayandı, gözünü zillədi Nisəyə. “Görəsən o vədə dədəm axıracan iki ayağını bir başmağa dirəyib məni Fəmilə verməsəydi, mən də onun dərdindən bir torba sümüyə dönüb ölsəydim, Məjdun Leylinin qəbrinin üstündə çıxartdığı pəstəhanı Fəmil də mənim qəbrimin üstündə gözünnən bıldır-bıldır qan yaş tökə-tökə çıxardardımı? Həlbət ki… Xançalı qarnına soxardı, qanı axa-axa yıxılıb qəbrimi qucaqlayardı, yerindəcə qalardı. Fəmilin başına dönüm. Şükr, bunu yaradana.”

– Fəmil…

– Nədi?

– Fəmil, “Leyli-Məjdun”u kim yazıb?

Nisə möhkəm inanırdı ki, Fəmil bu sualın cavabını bilir, yoxsa indiki ovqatında yüz il yüz ilə qala soruşmazdı.

– “Leyli-Məjdun”u?

– Hə…

– Nizamiynən Füzuli bir yerdə yazıb… – Nisənin üzünə baxdı, – sonra bir yerdə qulağım çaldı ki, Səməd Vurğun da kömək eliyib deyəsən… Üçü yazıb…

Nisə ərinin bu cavabından yerdən göyə qədər və yaxud Nizamidən Füzuliyə, Füzulidən də Səməd Vurğuna qədər razı qalıb dedi:

– Fəmil, Allah öz birriyi xətrinə səni balalarının üstünnən əskik eləməsin – elə mənim də.

– Sənin də…

– Sağ ol, Allah canına dəyməsin.

Nisənin par-par parıldayan, gülən gözlərindən damcılayan nəydisə dizlərinin aynasını tumanın altından yandırırdı, deyəsən otuzluq lampa damırdı, damırdı ki, sönsün – yoxsa belə yanmaq olmazdı. O, əl atıb Fəmilin əlini götürdü, onun əliylə oynamaq istəyəndə vaqon bələdçisi, orta yaşlı erməni qadını lafdan içəri girib dedi:

– Elə çayınıza dəyişdirim, maddax?

Fəmilin əli Nİsənin əlindən yerə düşən kimi ikisi də birağızdan:

– İşmirik, – dedi.

Bələdçi, Nisə – Fəmilə soyuyub buza dönmüş iki dolu stəkan çay və bir kupe dolusu buza dönmüş sükut qoyub getdi. İkisi də eyni vaxtda gözünü yerə zilləmişdi və bu soyuq sükutun lap ucunda ikisi də eyni vaxtda başını qaldırıb bir-birinə baxdı, toqquşan baxışlardan qığılcım tökülə-tökülə, ikisi də birdən qəhqəhə çəkdi, iki cüt göz yaşarana qədər güldülər və inanın ki, ikisi də eyni vaxtda gözlərinin bulağını silən kimi bir ağızdan dedi:

– Allah, mərdimazara nəhlət eləsin!

Erməni qadına belə “xeyir-dua” verəndən sonra, yenə də inanın ki, ikisi də eyni vaxtda buz kimi çaydan bir qurtum alıb kupenin qatlama stolunun üstünə qoydular.

Siz də mənim kimi onları belə yaxından görsəydiniz əliniz ağzınızda qalardı – bu, əsl möcüzə idi.

Bu möcüzə yaxamdan tutub məni necə silkələmişdisə, qələmim ağzımda qalmışdı… Və bu andan deyəsən, əlin ağızda qalması köhnəlməyə başladı…

“Ərinən arvadın suyu bir yerdən götürülüb”, yaxud “ərinən arvadın xəmiri bir yerdə yoğrulub” – bunlar, indiki halda, gördüklərimin müqabilində mənə o qədər də yapışmadı – bu, ilahi məqam idi, ancaq təzəsindən… Özünüz də gördünüz, axı…

Mənim gördüklərim suyunan, xəmirinən başa gələn şey deyil – Siz inanın ki, Allaha da xoş getsin – çünki bu Allahın haqqıdı və Allahın haqqını yemək olmaz!!!..

Siz mən dediyimə inanın, mən də “Nisə-Fəmil” haqqında Yeddiparada qanadlanıb uçan, haqqın qapısını açan əfsanələrə – onsuz da çoxdan inanmışam…

– Nisə…

– Nədi?

– Ən çox kim xoşuna gəldi?

– Salman dayı… yaxşı adamdı…

Fəmili gülmək tutmuşdu:

– Salman kişini demirəm ee…

– Bəs, unamadım, nəyi deyirsən?

– “Leyli-Məjdun”da.

– Həəə… belə deynən dana… O iki cavana Allah rəhmət eləsin, – kövrəldi, – Allah behişdik eləsin, qəbrləri nurunan dolsun…

– Səninki olmadı, – Fəmil dilləndi, – söhbət eləyirik axı.

– …

– …

– Həəə… Nofəl yaxşı oğlandı, Allah canına dəyməsin, Allah öz birriyi xətrinə onu Məjduna çox görməsin…

– Amin…

– Məjdunun dədəsinə yazığım gəldi… o boyda kişi özünə yer tapa bilmirdi. Leylinin dədəsindən zəhləm getdi – xırman xotuğuna oxşuyurdu. İki cavanı bir-birindən elədi, vurğun təpəsinnən vursun onun! Görüm Allah ona qotur versin, dırnaq verməsin! Allah onu taxtınnan salsın!

– Amin!

– Fəmil.

– Nədi?

– Deyirəm, ay Fəmil, bax, elə indicə, ağlıma bir şey gəldi.

– Nəə?

– Desəm eliyərsən?

– İndiyənəcən bir sözünü iki eləmişəm? – Fəmil sevgi ilə, bir az da incimiş kimi soruşdu.

– Yoox, yoox… Allah təpəmə daş salar…

– Bəs onda nə deyirsən?

– Küsmə ee… Deyirəm məslahatın olsa, gedək ojağımıza yetişək… hə… gələn çərşənbə üç-dörd erkək kəsək, adına günü Leyliynən Məjduna ehsan verək, camaat gəlsin yesin, onlara dua eləsin, hər ağızda bir dua var. – Gözünü Fəmilə zillədi.

– Tay sözüm yoxdu. İnanırsan, bax, Ayazxanın canı haqqı, mən saa demək istəyirdim, sən məni qabaqladın, pah atonnan… tay sözüm yoxdu…

İstəklərinin belə üst-üstə düşməsi birinci dəfə olmasa da, Fəmil məəttəl qalmışdı, yazıçı olsaydı qələmi ağzında qalardı:

– Nisə.

– Nədi?

– Elə bil qəlbimi oxuyursan ee…

– Birinci dəfə deyil ki… – Nisə işvələndi, cilvələndi, – bu sözü maa çox demisən.

– Tay sözüm yoxdu saa…

– Ancaq mənim saa sözüm var.

– De..

– İnanırsan, bax, Ayazxanın canı haqqı ürəyimə dammışdı ki, əgər ehsan məsələsini mən deməsydim sən deyəjeydin. Həvsələm çatmadı, səni qabaqladım.

– Əlinin içinnən gəldi… ikimiz də bir adamıq, dana.

– Allah o cavan qardaşına rəhmət eləsin.

– Allah sənin də dədənə rəhmət eləsin, – Fəmil dedi.

– Sağ ol, ay Fəmil.

– Sən də sağ ol.

Qatar dəmir nallarını dəmir yoluna taqqıldada-taqqıldada dördnala çapırdı. Bu taqqıltı Nisə-Fəmilin çox xoşuna gəlirdi, Bakıya gedəndə bu taqqıltı onları “Leyli-Məcnun”a aparırdı, indi isə öz ocaqlarına aparır. Bu taqqıltıların sayı artdıqca onlar ocaqlarına yaxınlaşırdılar. Nisə-Fəmil Bakıdan uzaqlaşsalar da, Leyli-Məcnundan uzaqlaşmırdılar – Leyli də, Məcnun da onlarla bir yerdə idilər, Yeddiparaya qonaq gedirdilər, onları Nisə-Fəmil aparırdı – kupe də dördnəfərlik idi. Ancaq nədənsə erməni əsilli vaqon bələdçisi onları görməzliyə vurmuşdu, Leyli-Məcnuna çay verməmişdi – bəlkə də elə buna görə iki stəkan çay Leylinin qəbri və Məcnunun ah-naləsi kimi buza dönmüşdü…

…Və adına günü Nisə-Fəmil qonaqlarına diri-diri ehsan verəcəkdilər – Allah qəbul eləsin…

– Nisə.

– Nədi?

– Ağlıma bir şey gəlib, – Fəmil nəsə tapmış adama oxşayırdı.

– Nəəə? – Nisənin gözləri Fəmilə zilləndi.

– Nə bilim ee, vallah… deyirəm hər şey Allahın əlindədi, dana… Hər günün bir hökmü var. Bir ay da, bir aydı, dana. Şükür Allahın böyüklüyünə, deyirəm bəlkə bu bir ayda Allah Leylinin dədəsinin qəlbinə  rəhim saldı, fikrindən döndərdi, o da Məjduna dedi ki, gə götür apar qızı, həə? Olar dana…

– Niyə olmur? Bax, Ayazxanın canı haqqı, saa demək istəyirdim ki, o xırman xotuğu Allahın yoluna qayıdanacan, ildə beş-altı dəfə gedək Leyli-Məjduna baxaq, axırı bir gün bezib sən deyən kimi eliyəjək. Olar, dana…

– Niyə olmur, olar.

İkisi də səmimi qəlbdən bir-birinin dediyinə inanırdı və deyəsən burda, bir-birinin dediyinə inamdan çox, haqq-ədalətin öz yerini tapması istəyi daha güclü görünürdü.

– Bəlkə elə bir aydan sonra gedəndə işdəri düzələjək.

– Allah ağzınnan eşitsin, ay Fəmil – biz də yollarda ələm-yesir olmarıq.

– Olmarıq inşallah…

Nisə-Fəmilə inansaq, belə çıxır ki, Leyli-Məcnunun taleyi bir az da bu yeddiparalı cütlüyün Bakıya neçə dəfə gedib gəlməyindən asılıdı.

– Deyirəm, ay Fəmil, bəlkə evə çatanın səhərisi gedim Molla Mahmudun yanına, deyim ki, molla, saa bir saz erkək verərəm, əgər Leylinin atasının dilin-ağzın bağlasan… ağlın nə kəsir? – Ərinə elə ümidlə gözünü zillədi ki, bəlkə neçə illər bir yastığa baş qoyduğu müddətdə heç vaxt ona belə baxmamışdı.

– Yaxşı olar ee… ancaq…

– Nə ancaq?

– Axı Molla Mahmud Leylinin atasın tanımır…

– Mən danışaram dana, doğruyub tökərəm… deyərəm hal-qaziyə belə-belə.

– Hə, bax, heylə olar… Özü də deynən onun dilin-ağzın elə bağlasın ki, dili heç vaxt ləilahəilləlah tutmasın, ee!…

– Yaxşı, deyərəm.

…Bu münvalla bir necə ildi ki, Nisə-Fəmil yollarda qalıb ələm-yesir olmuşdular. Sonuncu dəfə onlar Leyli-Məcnun müsibətində adama bir məhrəbalıq gözlərinin midiyini tökəndən sonra, yenə kor-peşiman Bakıdan qayıdırdılar. Birdən Fəmil dedi:

– Ay Nisə, məni qınama, deyəsən axı, sən demişkən, o xırman xotuğu, bir az yumşalıb eee.

– Yumşalmayıb nağayrajax, Molla Mahmud ona elə qələm çalmayıb ki… Görmədin dili topuq vururdu?

– Gördüm… gördüm…

İkisi də qırmızı yalan deyirdi; ikisi də bir-birinə təskinlik verirdi və bu təskinlik dedikləri yalanın rəngində idi – qırmızı təskinlik – qıpqırmızı təskinlik…

– Fəmil, bilirsən nə təhər dedim?

– Nə təhər?

– Dedim Molla Mahmud, səni and verirəm Əlinin qəzəb oğlu Əbülfəzl Abbasın qələm olmuş qollarından axan o qanın düşdüyü, bax bu torpağa, əl mənim, ətək sənin, bu işə bir qələm çal. Saz erkək deyəndə də gözdəri parıldadı, bildim ki, Məjdun gilin işi üzü bəridi. Yazıx Leyli, tay bunnan sonra toxtuyar…

– Heç Məjdunu demirsən… – Bunu da Fəmil dedi.

… Kənd günortadan başlamışdı pıqqır-pıqqır qaynamağa. Fəmil nə qədər ürəyiyumşaq olsa da, qabağından yeyən kişi deyildi. Gözünün ilk havı oğlu Ayazxanın toyuna Bakıdan məşhur bir xanəndə gətirmişdi. Kənd bəzənib-düzənib toya hazırlaşırdı.

– Halal olsun Fəmilə, gör kimi gətirib ee toya…

– Əəə, varrığa nə darrıq…

– Deyillər, əhd eləmişmiş…

– Allah yarıyannardan eləsin…

Söz-söhbət qanad açıb kəndi dolaşırdı.

Əziz Nikita Serqeyeviç Xruşovun təzəcə dalından dəymişdilər. Pul təzə dəyişmişdsi. Beş-altı ay olardı ki, kəndə radio çəkmişdilər. Söz-söhbət gedirdi ki, gələn il kəndə işıq da çəkəcəklər.

Nisənin əli çalırdı, ayağı oynayırdı.

Fəmil, min illərdi Yeddipara kəndi ilə kişi kimi üzbəüz dayanan Qaraquzey boyda olmuşdu.

Yeddipara heç vaxt belə öyünməmişdi; sizə zarafat gəlməsin, onların toyuna radioda oxuyan xanəndə gəlmişdi.

Bu kənddə ən böyük tayfa Muradxanlılar idi – Fəmil də onlardan idi. Muradxanlı tayfasında hamının səsi vardı; oxuyan oxuyurdu, oxumayan da özü üçün zümzümə – ağnağız eliyirdi.

Toy yavaş-yavaş qızışırdı; yavaş-yavaş qızışan gec də soyuyar. Məclisin bal dadan yerində Toybaşı, əlində də şallaq gəlib Bakıdan gələn xanəndənin qabağında yanpörtü dayanıb hamının eşidəcəyi bir tərzdə dedi:

– Sədrimizin saa sözü var.

– Buyursun. – Xanəndə gülümsədi.

Toybaşı da ona qoşuldu:

– Sədrimiz deyir ki, bir “Mirzəhüseyn seygah”ı oxusun, xoşuma gəlsə ona bir cüt gəbə verərəm, biri “Üç gül” gəbə, biri də attı gəbə.

Bu sözlərdən sonra Bakıdan gələn hündürboylu, heykəlli, şaqqalı xanəndə nazik bığının altında gülümsəyib, yalnız nağaçalanın eşidəcəyi pıçıltı ilə ona dedi:

– Əəə, bunların hamısını yaz eee, ağzını əngəltmə, sonra yadımızdan çıxacaq…

Çünki sədrin xahişinə qədər at ilxısının müdirinin sifarişi ilə bir kilimə “Çahargah” oxumuşdu; xoşuna gəlmişdi, demişdi ki, bir fərməş də üstəlik verəcəm. Fəmilin əmisi oğlu Əsgər də “Qarabağ şikəstəsi”nə bir xalça söz vermişdi – indi də sədr…

Uzun sözün qısası, “Mirzə Hüseyn” gəldi nə gəldi; camaatın ağzı açıq qalmışdı, oturduqları yerdə yellənə-yellənə qulaq kəsilmişdilər. Xanəndə bunlara bir od qoymuşdu ki, axıracan belə yansalar külə dönəcəkdilər və ortada bir ot tayası boyda kül qalacaqdı. Xanəndə çox cəngavər oxuyurdu və camaat axıracan belə yandı, kül oldu və ortada ot tayası boyda, mağar dolusu kül qalaqlandı. “Mübərriğə”nin axırında dayça kimi kişnədi, elə bir boğaz elədi ki, ot tayası boyda, mağar dolusu qalaqlanmış kül silkələndi və camaat təzədən zühr eləyib əllərinin içi göynəyənə qədər xanəndəni alqışladılar. Camaatla birlikdə yanıb kül olan, sonra camaatla birlikdə külün içindən zühr eliyən kolxoz sədri üç barmağını göyə qaldırıb qışqırırdı:

– Üç gəbə! Üç gəbə! Üç gəbə. – Onun səsini özündən başqa heç kəs eşitməsə də, göyə qaldırdığı üç barmağından məsələnin nə yerdə olduğu aydın idi.

Heyif ki, xanəndənin necə oxuduğunu yazmaq mümkün deyil, axı, oxumağı necə yazmaq olar? Oxumaq yazıya gələn məsələ deyil axı… Oxumağı ancaq oxymaq olar ki, onu da xanəndə oxudu.

Camaat oynamaq istəyirdi, ona görə də xanəndə ilə tarçalan durub Fəmilin daş evinin ikinci mərtəbəsindəki qonaq otağında çay içməyə getdilər. Bu kəndin camaatı çox oynağan idi, utanmasaydılar səhərəcən oynayardılar və onlara qara zurna, bir də nağara bəs eləyirdi.

Dünyanın ən xoşbəxt atası Fəmil də onlarla çay içirdi. Kolxoz sədri “heyvagülü” oynayırdı.

Fəmil xanəndəyə dedi:

–Yaqub,  sən  niyə Məjdun  rolunda oxumursan?

–Oxuyaram ee, düz gəlməz, – gülümsədi.

–Niyə düz gəlməz ki? – Fəmil əl çəkmirdi

–Bilirsən eloğlu… Sən bilirsən “Leyli- Məjdun”u kim yazıb.

–Niyə bilmirəm… Nizamiynən Fizuli yazıb. Arada Səməd Vurğun da onlara kömək eləyib.

Yaqub uğundu getdi, özünə gələndə dedi:

– Fizuli yazıb, – gülə-gülə başını buladı, – musiqini də Üzeyir Hacıbəyov yazıb… düz gəlməz…

– Niyə düz gəlmir ee ? – Fəmil bayaqkından da bərk yapışdı.

– Deyim niyə? – Yaqub ona tərəf əyildi.

– De…

– Əgər mən Məjdun rolunda çıxsam, onu elə oxuyram ki, Leylinin dədəsi gözündən bıldır-bıldır yaş töküb deyər ki, halaldı saa, qızı götür apar. Onda da Fyzuliynən, Üzeyir Hacıbəyovun işi pozular, onlar başqa cür yazıblar axı… Camaat məni qınayajak ki, getdi öz uşaqlarımızın qurulu işin pozdu, ikisi də Ağcabədidəndi ee, öz uşaqlarımızdı, biri bayatdandı, biri də özünnən… hə…

Fəmil tələsik dilləndi:

– Olmaz ki, bircə dəfə Məjdun olasan, dədəsi qızı versin… sonra genə ordan çıxarsan dana, oxumazsan.

– Olmaz  heylə.

–Niyə?

–Hökümət qoymaz – Bu da məşhur xanəndəmiz – tay ferma müdirini niyə qınayırıq ki…

Hökumətin adını eşidən kimi Fəmil səsini xırp kəsdi və çox məyus oldu.

Toyun səhərsi günü elə bil bütün kənd boş qalmışdı…

Fəmilin ürəyindən keçdi ki, Yaqubla aralarındakı söhbəti Nisəyə danışsın, ancaq danışmadı, ona qıymadı… Əvəzində Molla Mahmuda verdiyi saz erkəyi ona halal eləmədi.

Mağarı da gecəynən elə sökmüşdülər ki, elə bil heç yoxumuş…

1 aprel 2017-ci il

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest