GenelGüncelKırım TarihiKültür SanatTürk Dünyası

“Krım Tatarlarının Milli Bayrak günü” anısına elmi-praktik konferans düzenlendi

Krım Tatarlarının Milli Bayrak günü” anısına elmi-praktik konferans düzenlendi

Tarak tamgalı Gökbayrak Krım türklerinin milli egemenlik simgesi olmakla beraber her bir türkün kalbinde kutsal anlam taşımaktadır. Seyit Cefer Kırımerin “Hatıralar”ı, Halim Geray Sultanın “Gülbün-ü Hânân yahud Kırım Tarihi”, Osman Akçoraklının “Kırımda bayrak meselesi” kitablarında bu Göy tamgalı bayrağın Göy türklerden kalmış bir türk nişanı olduğu nitelendirilmektedir. 26 Haziran Krım Tatarlarının Milli Bayrak günüdür. Bu günün anısına düzenlenmiş, Krım Tatar Milli Meclisi Başkanı Refat Çubarovun moderatorluğuyla gerçekleşen konferansda Azerbaycan Cumhuriyyeti Milli Meclisinin millet vekili Cavanşir Feyziyev, Azerbaycan kültür bakanı Adil Kerimli, Krım tatar Milli Meclisi Almaniya temsilcisi Ahmet Özay, Dünya Krımtatar Derneği Başkanı Mustafa Sarıkamış ve b. Krım tatarlarının tarihinden, milli davasından, çağdaş dünyanın sosial-manevi alanında krım tatarlarının kapsadığı yerden söz açmışlar.

Azerbaycan Milli Meclisinin millet vekili sayın Cavanşir Feyziyev’e Krım türklerinin milli matbuatı olan “Krımın sesi” gazetesi adından teşekkürlerimizi sunuyor, “Krımdan gelen seda: Dilde, düşüncede, emelde birlik” başlıklı konuşmasını değerli okurlarımıza takdim ediyoruz:

Cavanşir Feyziyev

Azerbaycan Cumhuriyeti

Milli Meclisinin millet vekili

Krımdan gələn səda:

Dildə birlik, fikirdə birlik, işdə birlik…

Şərqlə Qərbin qovuşduğu Azərbaycan və Qara dənizin incisidir Krım. Böyük türk dünyasının bu iki gözəl məkanı arasında etnik, linqvistik, dini, mədəni bağlılığın min illərlə ölçülən zəngin tarixi var. Azərbaycan və Krım xalqları ən qədim dönəmlərdən bu günədək bir-birlərinə qarşı doğmalıq hiss etmiş və müxtəlif sahələrdə qarşılıqlı inam, etimad və etibara əsaslanan münasibətlər yaratmağa müvəffəq olmuşlar.

Azərbaycan və Krım arasında münasibətlərin tarixi kökləri eramızdan öncəki dövrlərə təsadüf edir. Hələ eramızdan əvvəl VII əsrin əvvəllərindən başlayaraq böyük hissəsi Krım yarımadasında məskunlaşmış kimmer-skif-sak tayfalarının Azərbaycan ərazisinə axını başlamış və bu coğrafiyada Skif padşahlığı yaranmışdı. Krımdan gəlmiş etnik birliklər Azərbaycanda etno-siyasi mənzərənin formalaşmasında yaxından iştirak etmiş və bu məkanda dövlətçilik ənənələrinin zənginləşməsində mühüm rol oynamışlar.

Orta əsrlərin ilk dövrlərindən başlayaraq türk dövlətçilik ənənələri Azərbaycan ərazisində Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər dövlətləri nümunəsində daha da zənginləşmiş, elə həmin zamanlarda da Krım yarımadasında Türk, Monqol, Qızıl Orda hakimiyyətləri mövcud olmuş, Krım türkləri tərəfindən Krım xanlığının əsası qoyulmuşdur. Hər iki coğrafiyada türk dövlətçilik tarixinin parlaq nümunələrinin yaranması Azərbaycan və Krım türklərinin milli özünüdərkinin, toplumsal mədəni, siyasi düşüncəsinin cilalanmasına böyük təkan vermişdir.

XIX əsrin sonlarından etibarən mədəni-siyasi intibahın yeni mərhələsinə daxil olmuş Azərbaycan və Krım arasında əlaqələr daha da yaxınlaşmışdır. 1875-ci ilin 22 iyulunda böyük Azərbaycan maarifçisi, milli mətbuatımızın banisi Həsən bəy Zərdabi “Əkinçi” qəzetini Bakıda nəşr etməyə başlamışdı. Bütün Rusiya imperiyası ərazisində ilk türkdilli “Əkinçi” qəzetinin nəşri İsmayıl bəy Qaspıralıya güclü ideya təkanı vermiş və 1879-cu ildə İsmayıl bəy Qaspıralı Həsən bəy Zərdabiyə məktub yazaraq “Tərcüman” adlı qəzet nəşr etmək üçün ona xeyir-dua verməsini və qəzetin idarə olunmasına rəhbərlik etməsini xahiş etmişdi.

Krım tatarlarının görkəmli nümayəndəsi, naşir, pedaqoq və siyasətçi İsmayıl bəy Qaspıralı Rusiya imperiyasında türk və islam cəmiyyətlərinin təhsil, mədəniyyət, siyasi düşüncə fəaliyyətlərində islahatlara və müasirləşməyə ehtiyacı olduğunu açıq şəkildə bəyan edən ilk türk ziyalılarından biri olmuşdur. Rusiyanın müxtəlif bölgələrində yaşayan türk xalqlarını “dildə, fikirdə, işdə birlik” ideyası ətrafında birləşdirmək missiyasının təşəbbüskarı kimi çıxış edən İsmayıl bəy Qaspıralı bütün yaradıcı həyatı boyu universal-dünyəvi dəyərlərə söykənən yeni üsullu türk məktəblərinin yaradılmasına və türk xalqlarının ortaq ədəbi dilinin formalaşdırılmasına çalışmış, 1883-1916-cı illərdə fasiləsiz olaraq 33 il ərzində Krımın Bağçasaray şəhərində “Tərcüman” qəzetini nəşr etdirmişdir.

“Əkinçi”dən səkkiz il sonra nəşrə başlayan “Tərcüman” qəzetində dərc edilən məqalələrdə Rusiya imperiyası ərazisində yaşayan bütün türksoylu toplumlar maarif, elm, mədəniyyət sahələrində baş verən yeniliklər, eyni zamanda, dəyişən dünyanın üzləşdiyi çağırışlar haqqında məlumatlandırılırdı. “Tərcüman” qəzetinin hər nüsxəsində imperiya ərazisində yaşayan türk toplumlarının milli və ictimai-siyasi hüquqları uğrunda mübarizə öz əksini tapırdı. İsmayıl bəy Qaspıralı dərginin türk xalqlarına verdiyi mədəni, maarif, düşüncə töhfəsini belə ifadə edirdi: “Türk, Tatar, Azərbaycan, Kumuk, Noqay, Başqırd, Özbək, Sart, Tarança, Kaşğari, Türkmən və sair adlarla bilinən türk qövmlərinin cümləsi arasında yayılmış və məlum olan “Tərcüman”, müsəlmanlar arasında maarifin intişarına və İslam məktəblərinin islahına çalışır. Sadə və açıq, hər kəs anlayacaq surətdə qələm işlədir”. “Tərcüman” qəzeti təkcə Azərbaycanda deyil, eləcə də Türkiyədə, İranda, Misirdə, Əlcəzairdə, Hindistanda, Rumıniyada, Bolqarıstanda, Çinin Şərqi Türküstan vilayətində yayılaraq, türk xalqlarının həyat tərzini, onların mədəni, milli, siyasi düşüncəsinin üstün imkanlarını böyük coğrafiyaya yaymış, dünya türklərinin özünə inam hissini və iradəsini gücləndirmişdir.

Bütün sonrakı illərdə də İsmayıl bəy Qaspıralı Azərbaycanın ədəbi-siyasi elitası ilə sıx əlaqələrini davam etdirmişdir. Təsadüfi deyildir ki, həmin dövrlərdə Cəlil Məmmədquluzadə və digər görkəmli mütəfəkkirlərimizin müxtəlif mövzularda yazdıqları məqalələr “Tərcüman” qəzetində dərc edilmiş, Azərbaycan-Krım ziyalılarının işbirliyi türk xalqları arasında milli ideyanın formalaşmasına əvəzsiz töhfə vermişdir. Krım türklərinin milli özünüdərkində, habelə bütün türk xalqlarının fikir və həyat tərzinin yeni siyasi-mədəni gerçəkliklər əsasında formalaşmasında mühüm rol oynamış İsmayıl bəy Qaspıralı türk dünyasının fikir mərkəzi kimi həmişə Azərbaycana istinad etmiş və bu məkandan onların təhsil, mədəniyyət, dil sahələrində problemlərini özünəməxsus qaydada işıqlandırılmasına yol açmışdır.

İsmayıl bəy Qaspiralının Azərbaycana məhəbbəti və ölkəmizlə sıx əlaqələri onun ailə üzvlərinə də sirayət etmiş və yaxın qohumluq əlaqələri yaranmışdı. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri Nəsib bəy Yusifbəyli türk dünyasının iki seçkin soyunun görkəmli nümayəndələri olan İsmayıl bəy Qaspıralı və Yusif bəy Akçuralı ilə qohum olmuşdur: Onun xanımı Şəfiqə bəyim İsmayıl bəy Qaspıralının qızı idi. Nəsib bəy Yusifbəylinin qayınanası Zöhrə xanım isə türkçülük ideologiyasının yaradıcılarından biri, sonralar Mustafa Kamal Atatürkün yaxın silahdaşına çevrilmiş və Türk Tarix Qurumunun ilk başqanı seçilmiş böyük tatar mütəfəkkiri Yusif Akçuranın doğma bacısı idi.

Krım türklərinin, o cümlədən bütün türk dünyasının məşhur ədəbiyyatşünası, şairi, türkoloqu Bəkir Çobanzadə də Azərbaycanla sıx mədəni, pedaqoji bağlara malik olmuşdur. 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş Bəkir Çobanzadə Bakı, Daşkənd, Fərqanə və Buxara ali məktəblərində türkologiyanın ayrı-ayrı problemlərinə dair mühazirələr oxumuş, 1926-cı ildə Bakıda Birinci Türkologiya qurultayının təşkilində fəal iştirak etmişdir. Sonralar həmin Qurultayda iştirak etmiş yaradıcı alimlərin və ziyalıların mühacirət etməyə imkan tapmamış böyük hissəsi sovet diktaturasının türksoylu xalqlara qarşı apardığı açıq repressiya və soyqırımı siyasətinin qurbanı olmuşlar. O cümlədən, Bəkir Çobanzadənin 1938-ci ildə, 45 yaşında güllələnməsinin də yeganə səbəbi məhz onun türkçülüklə bağlı apardığı araşdırmalar idi.

Krım – Azərbaycan əlaqələri təkcə mədəni-ədəbi sahələrdə davam etməmiş, həm də milli dövlət və milli ordu quruculuğumuzda iz buraxmışdır. Məsələn, 1918-ci ildə Azərbaycanda və Krımda cərəyan edən siyasi proseslərdən bəhs edən tarixi mənbələrdə türk əsilli hərbçi Matvey Sulkeviçin peşəkar həyatında maraqlı epizodlara rast gəlmək mümkündür. Belə ki, 1918-ci ilin iyununda yaradılmış Krım Diyar Hökumətində baş nazir vəzifəsini tutan Sulkeviç 1918-ci ilin dekabrında Azərbaycana dəvət olunmuş və Azərbaycan Xalq Cümhuriyyətinin milli ordu quruculuğunda yaxından iştirak etmişdir. 1919-cu ilin martında Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun Baş qərargah rəisi təyin edilmiş Sulkeviç fəaliyyətdə olduğu dönəmdə Azərbaycanın milli qoşun hissələrinin formalaşdırılması işi sürətlənmiş, onların döyüş hazırlığı xeyli təkmilləşdirilmişdir. Bu hadisə iki türk xalqını bir-birinə daha da yaxınlaşdırmış, azərbaycanlılar və Krım tatarları arasında münasibətləri yeni inkişaf səviyyəsinə yüksəltmişdir. XX əsrin birinci yarısında Azərbaycan teatr truppaları dəfələrlə Krıma səfərlər etmiş və Azərbaycan Milli Teatrında səhnələşdirilmiş əsərlər Krımda nümayiş etdirilmişdir.

Xalqlarımız arasında ictimai-siyasi və mədəni əlaqələrin möhkəmlənməsində böyük rol oynamış Krım tatarlarının xatirəsi bu gün də Azərbaycanda ehtiramla yad edilir, onların ictimai-siyasi və elmi-ədəbi irsi öyrənilir, adları əbədiləşdirilir.

Azərbaycan və Krım türkləri arasında ədəbi-mədəni bağlantılar yalnız tarixi şəxsiyyətlərimiz arasında olan qarşılıqlı münasibətlərlə məhdudlaşmır. Bu əlaqələrin təməlləri ümumtürk mədəniyyətinin, bədii, fəlsəfi və estetik dünyagörüşünün dərin köklərinə söykənir. Erkən orta və yetkin orta əsrlərdə Azərbaycan və Krım tatarlarının xalq lirikasına nəzər saldıqda, ortaq poetik üslub və rəmz çalarlarına rast gəlmək mümkündür. Bu isə hər iki türk xalqının müştərək ədəbi-poetik düşüncə tərzinə malik olduğunu göstərir. Məsələn, Krım türklərinin “mani” adlandırdıqları xalq folkloru janrı qədim Azərbaycan bayatılarından fərqlənmir:

Ağacı oyammadım,

Adımı qoyammadım.

Sən məndən doydun, amma

Mən səndən doyammadım…

Tarixi-genetik doğmalıqla yanaşı bu iki türk xalqını bir-birinə daha da yaxınlaşdıran amillərdən biri də onların oxşar taleyə, ortaq sevincə və kədərə sahib olmalarıdır. Krım türkləri iki yüz ildən artıq bir müddətdə Rusiya imperiyasının tərkibində təqiblərə, işgəncələrə, ayrı-seçkiliyə məruz qalmış, XX əsrin ortalarında isə kütləvi deportasiya ilə üzləşmişlər. Azərbaycan xalqı da tarixin eyni dönəmində Rusiya imperiyası tərkibində zaman-zaman etnik ayrı-seçkiliyə, imperialist siyasətin əlində alət olan erməni millətçilərinin törətdikləri kütləvi qırğınlara məruz qalmış və doğma torpaqlarından didərgin düşməyə məcbur edilmişlər.

Krım türklərinin öz doğma torpaqlarından kütləvi deportasiyasından cəmi dörd il sonra – 1948-ci ildə azərbaycanlıların Ermənistan SSR ərazisindən kütləvi köçünə qərar verilmiş, yüz minlərlə Azərbaycan türkü doğma torpaqlarını tərk etmək məcburiyyətində qalmışdır. Hər iki xalqın deportasiyası eyni mərkəzdə və eyni şəxslər tərəfindən planlaşdırılmışdı.

Hələ 1918-ci ildə Azərbaycanın İrəvan xanlığında Ermənistan Respublikasının yaradılması Avrasiya boyunca uzanan türk zolağını parçalamaq və dünya türklüyünün birliyinə ciddi zərbə vurmaq məqsədi daşıyırdı. 1918-1920, 1948-1953 və 1988-1992-cü illərdə həmin ərazilərdən Azərbaycan türklərinin kütləvi deportasiyası Rus imperiyasının erməni daşnakları vasitəsilə həyata keçirdiyi etnik təmizləmə prosesi idi. 1944-cü ildə Krım türklərinə qarşı “dövlətə xəyanət” damğasının vurulmasında da Sovet rəhbərliyində təmsil olunan ermənilər az rol oynamamışlar. Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitə üzvlərindən biri olmuş Anastas Mikoyan Krım tatarlarının deportasiya planını hazırlayan və onun icrasında yaxından iştirak edən şəxslərdən biri olmuşdur. Krımdan deportasiya olunmuş tatarların bir hissəsi tarixin bütün dövrlərində ümumtürk dəyərlərini və adət-ənənələrini yüksək səviyyədə qoruyub saxlayan və yaşadan Azərbaycana sığınmışlar. Dünya türklüyünün cazibə mərkəzi kimi bütün qardaş xalqlara qucağını geniş açan Azərbaycan dünyanın istənilən bölgəsində yaşayan soydaşlarımız üçün doğma vətəndir. Bu gün Azərbaycanda yaşayan 30 minə yaxın Krım tatarları da bu doğmalığı gündəlik yaşamlarında hiss edirlər. Onlar Azərbaycanın mədəni-siyasi həyatında yaxından iştirak edir, tarixi vətənlərindən uzaqda olsalar da, özlərinə vətən seçdikləri qədim türk torpağı Azərbaycanda öz adət-ənənələrini sərbəst şəkildə yaşadırlar. Azərbaycanda fəaliyyət göstərən Krım Tatarları Cəmiyyəti iki xalq arasında mədəni əlaqələrin dərinləşməsində, Krım türklərinin tarixinin, mədəniyyətinin Azərbaycanda tanıdılmasında və yaşadılmasında yaxından iştirak edir.

 Krımda Krım türklərinin iradəsi xaricində baş vermiş müxtəlif ictimai proseslər digər türk dövlətlərində olduğu kimi, Azərbaycanda da eyni həssaslıqla öz əks-sədasını tapır. Hər bir azərbaycanlı tarixin amansız sınaqlarından keçmiş və bu gün də milli müstəqillik sınağı qarşısında əzmkarlıqla mücadilə aparan Krım türkləri ilə mənəvi doğmalığını öz düşüncəsində, qəlbində hiss edir və yaşadır. Tarixən ümumtürk coğrafiyasının bir parçası olan Krım və bu qədim türk torpağını tərk etmiş Krım tatarları bütün türk dünyası ilə bərabər Azərbaycanın da mənəvi dəstəyini hər zaman hiss edəcəklər.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest