Genel

Könül Hacıyeva: Azərbaycanda bilinməyən, Azərbaycan dastanı

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Könül Hacıyeva

Azərbaycanda bilinməyənAzərbaycan dastanı

Türkiyədə nəşr olunmuş oxuculara təqdim olunan “Əşrəf Bəy ilə Zöhrə Xan” hekayəsinin elmi-tənqidi mətnində XVII yüzilliyə aid bir xalq dastanı dərin və əhatəli şəkildə təhlil edilmişdir. Araşdırmada indiyə qədər bilinməyən bir xalq hekayəsinin nəql edilmə tərzi, dili, üslubu, sənətkarlıq xüsusiyyətləri sistemli olaraq tədqiqata cəlb edilmiş, müqayisələrə əsaslanılan mühüm qənaətlər əldə olunmuşdur. Dastan tarixi, dini, mifoloji, sosial, mədəni cəhətləri ilə diqqəti çəkir. Bəhs etdiyi dövrlə bağlı bir çox vacib məlumatların da olduğu bu xalq hekayəsində daha çox orta əsrlər Azərbaycan şəhərlərinin və bölgələrinin adı çəkilir. Dastanda hadisələr Gəncə xanlığına qarşı çıxan Murad adlı üsyançı bir gəncin ətrafına yığdığı qaçaqlarla çevriliş edərək xanlığı ələ keçirməsi və xanlığın aid olduğu Səfəvi dövlətinin hökmdarı Şah Abbasın da bu vəziyyətlə razılaşmalı olması ilə başlayır. Gəncə xanlığının XV-XIX yüzilliklərdə Ziyadoğulları sülaləsi tərəfindən idarə edildiyini bilirik. Sonuncu Gəncə xanı Cavad xanın ulu babalarından biri Murad adında bir Qarabağ sancaqbəyisi olmuşdur. Bu baxımdan dastandakı Murad xanın prototipinin tarixdəki həmin Murad adlı şəxs olduğunu ehtimal etmək olar. Murad xanın oğlu Əşrəf bəyə daim yardım edən Həbib bəy də dastanın müsbət obrazlarındandır. Tarixdən də Həbib bəy adlı bir şəxsin Şah Abbasın dövründə Türk Hind imperatorluğundan alınmış Qəndahara xan təyin edildiyi məlum olur. Göründüyü kimi, dastandakı obrazların bir çoxu tarixən mövcud olmuş şəxsləri əks etdirir. Dastanda hadisələr Murad xanın oğlu Əşrəf bəyin ətrafında cərəyan edir. Onun röyasında Şiraz xanının qızı Zöhrə xanımı görüb aşiq olması və ona qovuşmaq uğrunda qarşılaşdığı çətinliklər dastanın əsas mövzusunu təşkil edir. Burada daha iki məhəbbət hekayəsindən bəhs olunur. Fikrimizcə, dastanı nə sırf məhəbbət dastanı, nə də tam bir qəhrəmanlıq dastanı adlandırmaq olmaz. Belə ki, burada məhəbbət və qəhrəmanlıq motivləri eyni dərəcədə üstünlük təşkil edir. Burada  “Tahir və Zöhrə”, “Aşıq Qərib”, “Mahmud və Nigar”, “Şah İsmayıl” “Yaralı Mahmud” kimi dastanlarla mövzu və süjet yaxınlığını da görmək mümkündür ki, bu da dastan yaradıcılığında sıx-sıx rast gəlinən haldır. Dastan boyu Azərbaycan dilində daha çox işlənmə tezliyinə malik olan, sırf Azərbaycana məxsus söz və ifadələrin qarşımıza çıxması dastanın ilk qaynaq variantının azərbaycanlı aşıqlar tərəfindən yaradıldığını və bu variantın Azərbaycan ərazisində meydana gəldiyini deməyə əsas verir. Belə ki, burada müasir türk dilində işlənməyən və bu səbəbdən də dinlənərkən yanlış yazıya alınan bir çox sözlərə təsadüf etmək mümkündür. Dastanda “qol-boyun olaq” ifadəsinin “yol boyun olaq” şəklində, “hərəsi” sözünün “herisi”, “oğrun” sözünün “uğrun” olaraq yazılması, “xəzəl”, “ayıltmaq” kimi dilimizdə çox işlənən kəlmələrin mövcudluğu  onun Azərbaycana aid olduğuna  şübhə yeri qoymur. Təəssüflə qeyd etmək lazımdır ki, varlığını ehtimal etdiyimiz, Ş.Kuzucuların da “ana qaynaq” adlandırdığı ən qədim variant hələlik əldə olunmayıb. Əsərin mövcud beş variantı üzərində dərin və geniş müqayisəli bir araşdırma aparan ədəbiyyatşünas alim  Şahamettin Kuzucular məlum variantlar arasındaki gözəçarpan fərqlilikləri, diqqət çəkən mühüm məqamları üzə çıxararaq dastanla müxtəlif yöndən tanış olmağımıza şərait yaratmışdır. Variantların hər biri müxtəlif el ozanlarının dilindən yazıya alınmışdır. Dastanı söyləyən hər bir aşıq da öz növbəsində bu məhəbbət hekayəsini daha əvvəl yaşamış el sənətkarlarından eşidib-öyrəndiyini qeyd etmişdir. Aşıq sənətinin müasir dövrümüzə qədər gəldiyi inkişaf yolunda nələrdən məhrum olduğu, bu dünyanın keşməkeşləri içərisində hansı mühüm keyfiyyətləri itirdiyini bu sözlər daha aydın ifadə edir: “Artık hikayelerimiz ezgisi unutulmuş bir türkünün sözlerine, fotoğrafında jestleri, mimikleri, ses tonu görülmeyen ölü bir meddaha benzer. Çalmayı bilmediğimiz “sedefli doğrama saz”, kokusu mazide kalan “misk-i anber”, artık içemediğimiz “engürü şerbetleri” kibidir.”(Kuzucular, 2018:218) Tədqiqatçıların da vurguladığı kimi, aşıq sənətində mövcud olan dastan danışma ənənəsi əsrlər öncə daşıdığı əhəmiyyəti, rəngi qoruya bilməmiş, saz-söz sənəti çağdaş günümüzdə müəyyən dərəcədə öz xüsusiyyətlərini dəyişdirmiştir.

Müqayisə və qarşılaşdırmalar zamanı yalnız Sivas Çongar variantında bir xalq şeirinə təsadüf edildiyini görürük.

Aşiqəm nə halə düşdüm,

Kölgədəydim, günə düşdüm.

Qədər, gözün kor olaydı,

Nə zalım bir yarə düşdüm.

Azərbaycan şifahi ədəbiyyat nümunələrindən olan bayatı adlı bu şeirin müxtəlif örnəkləri adı çəkilən  variantda bir neçə yerdə qarşımıza çıxır. Dastanın bu variantında diqqətimizi cəlb edən digər bir məsələ, Füzuli şeirinə nəzirə sayıla biləcək xüsusiyyətlərə malik bir şeir nümunəsinin mövcudluğu oldu.

Yıxıl, yalan dünya, yıxıl,

Sən Əşrəfi etdin səfil.

Məni zəmm eyləyən cahil

Yarın Haqqdan utanmazmı?

Göründüyü kimi, şeir Füzulinin məlum “Məni candan usandırdı, cəfadan yar usanmazmı?” qəzəli ilə uslub və ifadə tərzi baxımından bənzərlik təşkil edir. Bir çox hallarda Füzulinin həmin şeirinin bəzi ədəbiyyatşünaslar tərəfindən qəzəl yox, xalq ədəbiyyatı nümunəsi olan “gəraylı” tərzində yazılması fikrinin önə sürüldüyünün də şahidi oluruq. Füzuli şeiri ilə yaxınlıq təşkil edən bu şeir parçasına bir xalq dastanında təsadüf edilməsi də həmin ədəbiyyat tədqiqatçılarının qənaətlərində haqlı olduqlarına bir sübutdur.

Dastanın bütün variantlarında Şah Abbasın ədalətli, mərhəmətli, xalqını düşünən adil bir hökmdar olaraq qarşımza çıxması onun tarixdəki prototipi ilə uyğunluqdan xəbər verir. Dastanda tez-tez adı çəkilən Gəncə şəhərində bu gün də xalqın sevgi və ehtiramla ziyarət etdiyi Şah Abbas məscidi mövcuddur. Diqqəti cəlb edən başqa bir cəhət də odur ki, dastanda adlarına rast gəldiyimiz bütün şəhərlər “Tarixi İpək Yolu”nun üzərindədir. Dastan boyunca tacirlərdən, ipək, qumaş, ədviyyat, musiqi alətləri, qızıl, gümüş və s. qiymətli mallardan bəhs edilməsi, Gəncə, Qəndəhar, Şiraz kimi şəhərlər arasında ticarət karvanlarının hərəkət etdiyinin vurğulanması İpək Yolunun hələ XVII yüzilliyin sonlarınadək ticarət və mədəniyyət baxımından böyük əhəmiyyət daşıdığını göstərir.  Dastanın baş qəhrəmanı Əşrəf bəyə gəldikdə, onun bir şair-xalq aşığı olduğu məlum olur. Bildiyimiz kimi, xalq dastan və rəvayətlərinin bir çoxu ədəbiyyat tarixində də  tanınan, bilinən şairlər haqqında yaradılır. Lakin aparılan axtarış və araşdırmalar  tarixdə Əşrəf adlı belə bir şairin olduğu haqqında hər hansı bir məlumat əldə etməyə imkan vermədi. Dastandakı bir çox cəhətlər bu xalq hekayəsinin Osmanlı torpaqlarında deyil, Azərbaycan və İran ərazisində yarandığını göstərir. Başqa sözlə, Türkiyədə dastanın beş variantının məlum olmasına baxmayraq, orada cərəyan edən hadisələrin Azərbaycanla bağlılığı daha çoxdur. Dastanın Şah Abbasın zamanından bir qədər sonra yarandığı güman oluna bilər.  Elmi-tənqidi mətni hazırlayan ədəbiyyatşünas Ş.Kuzucular dastanın azərbaycanlı, qüdrətli aşıq Abbas Tufarqanlı tərəfindən təsnif edilə biləcəyi ehtimalını irəli sürmüşdür.

Yorulmaz tədqiqatçı, görkəmli ədəbiyyat araşdırıcısı Ş.Kuzucuların sayəsində Azərbaycanda yeni tanınmaqda olan bu xalq dastanının qəhrəmanları Murad, Əşrəf və digərlərinin tarixi və ədəbi kimlikləri ilə bağlı  araşdırmalarımızın gələcəkdə qənaətbəxş nəticələr verəcəyinə ümid edirik.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest