Kırım tatar şairəsi Liliya Bucurova’nın bir şeiri

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Kırım tatar şairəsi Liliya Bucurovanın bir şeirini şair İbrahim İlyaslını tərcüməsində oxucularıməza təqdim edirik.

 Lilya Budzhurova 

1 noyabr 1958-ci ildə  Özbəkistanın  Anqren şəhərində anadan olub. 1979-cu ildə Daşkənd Regional Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. 1989-cu ildə ilk Samizdat toplusunu: “Sındırılmamış bilet”, sonra “Nə vaxt qayıdacağıq” toplularını nəşr etdirir. 1991-ci ildə Krıma qayıdıb. 1991-ci ildən 1997-ci ilə qədər Krımtatar “ Avdet ” qəzetinin baş redaktoru vəzifəsində işləyib: 1991-ci ildən 2011-ci ilədək əvvəlcə Krımtatar mətbəsinin redaktoru, sonra “Krım” Dövlət Televiziya və Radio Şirkətinin aparıcı redaktoru kimi çalışmışdır. Müxtəlif illərdə “Ana-Yurt”, “Təhlükəli Zona” və “Baş redaktor” kimi müəllif proqramlarına rəhbərlik etmişdir. 2004- cü ildən 2014-cü ilə qədər “Birinci Krım” qəzetinin baş redaktoru, 1992- 2009-cu illərdə STB kanalının müxbiri, 1992-ci ildən bu günə qədər France Press agentliyinin müxbiri,1997-ci ildən Krım Azad Jurnalistlər Birliyinin sədridir.

   Qayıdış

O vaxt ki, elliklə dönərik yurda,

Biz hansı soydanıq – xatırlayarsız.

Xatırlayarsınız – siz haralardan

Bura çağrılmamış qonaqlarsınız!

                   ***

Yalmanan köpəklər zamanı bitdi,

Ta sizdən mərhəmət uman deyilik.

Skif-tavrlardan qopan qüruru

Biz sizə yenidən göstərə billik.

                    ***

Elə ki, biz döndük… Biz dönəcəyik,

Ya çölün düzündə, ya dağ döşündə

Sizin əmrinizlə, kötəyinizlə,

O “xalqlar dostluğu” yedəyinizlə

Azadlıq adında bir daddan olan,

Vətəndən, ümiddən, Allahdan olan,

Məscidlərə gedən yolu yomrulan

Ulular eşqinə şölən olacaq…

                ***

Sizin üzüyola “həqiqət” ki, var –

Satqınlıq payına sədaqətiydi.

İnancı lənətli nəvələriniz

Bir xalqı görk üçün əzməməliydi.

                         ***

Elə ki, dönərik – təzim edərik,

Yaddaşı, vicdanı düz adamlara.

Bizim tiranlara züy tutmayıb da,

Əli öpüləsi  siz  adamlara.

                      ***

Bizə zəhər verən qısqancların da,

Yırtılacaq axır o maskaları.

Bizim gözümüzə qoy düz baxsınlar,

Sivişib dalından iqtidarların.

                           ***

Elə ki, dönərik, dəyişər hər şey,

Ağlarqalar bizitapdalayanlar.

Necə ki, qürbətdə bizim atalar

Analar itirib ağlayıbdılar.

                         ***

Biz dönüncə torpaq haray çəkəcək,

Ruhlar “caaan”… deyəcək dərələr boyu.

Açılacaq gözü kor bulaqların,

Küllər göyərdəcək dədələr boyu…

                          ***

Silib babaların göz yaşlarını,

Yurda sadiqliyə and içəcəyik:

“Nəyin bahasına olursa olsun,

Bu yurddan bir daha köçməyəcəyik!”

                            ***

Biz necə qoruduq bu məhəbbəti,-

Qismət olmayanlar belə bildilər.

Bildilər ki, hökmən biz dönəcəyik,

Bağrına basacaq bu doğma göylər.

Rus dilindən tərcümə edən: İBRAHİM İLYASLI

1963-cü il, mart ayının 10-da Qazax rayonunun Aslanbəyli kəndində doğulub. Azərbaycan Dövlət Texniki Universitetini bitirib. 1990-cı ildən Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin direktoru vəzifəsində işləyir.

 “Hamı bir körpüdən keçir”(1998), “Mən bir söz bilirəm”(2004), “Yuxuma söykənmiş adam”(2011), “Şair olmaq zülümdü”(2018) adlı şeir kitabları nəşr edilib.

Uluslararası Mahmud Kaşqari, Beynəlxalq Şahmar Əkbərzadə və “Qızıl Kəlmə”mükafaları laureatı, Türk Ədəbiyyatı VakfınınFəxri Üzvüdür.

Türkiyə yazarlarından Zülfü Canpolatın “Kurtlar Vadisi”, Aydoğan Vatandaşın “Apokalipsis”, şair Sərvət Gürcanın “Sən eşqsən”, şair Serhat Kabaklının “Bil oğlum…” kitablarını Azərbaycan türkcəsinə uyğulayıb,Qazaxstan Respublikasının ilk prezidenti Nursultan Nazarbayevin “Avrasiyanın ürəyində”, dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun“Hekayələr”, klassik qazax şairi və mütəfəkkiri Abayın “Seçilmiş Əsərləi” kitablarını Azərbaycan dilinə tərcümə edib.

Şeirləri qazax, özbək, alman, rus dillərinə tərcümələ edilib.

Pin It on Pinterest