Kamil Vəfadar
Nazım AHMETLİ
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Yaddaşımsan
A kəndim, yadıma yaman düşürsən,
Canımın içində can yaddaşımsan.
Sənsiz nə çəkmişəm bir Allah bilir,
Yaralı ruhumda qan yaddaşımsan.
***
Xəzinə var imiş qara damında,
Köhnə sərnicində, paxır camında,
Sən Cabbar babamın dəyirmanında,
Üyünüb ələnən un yaddaşımsan.
***
Qürbətdə can verən şəhid Qəribsən,
Xəqani, İbadət, Pənah, Cümşüdsən,
Sən igid Baxışsan, şəhid Gündüzsən,
Əzəl yaddaşımsan, son yaddaşımsan.
***
Mənim həm xeyirim, həm də yasımsan,
Nə vaxt nə demişəm qulaq asmısan,
Molla Zülfüqarsan, Molla Qasımsan,
Göydən göndərilən din yaddaşımsan.
***
Düşmənlər bələdi qana dağları,
Hanı ellərimin o çağ çağları,
Ağa Laçınlını, xan Ağaları,
Bizə bəxş etdiyin gün yaddaşımsan.
***
Hanı yurd yerindən gedən ellərim,
Sözümü yazmağa tutmur əllərim,
Hanı o məktəbim, o müəllimlərim,
Qəlbimdən getməyən ün yaddaşımsan.
***
Ay Kamil, qalmadı ta canımda can,
Tale atdı bizi hardan haracan,
Yol gedim Ağsudan elyolunacan,
A kəndim, sən mənim mən yaddaşımsan.
Şəhid Seyid Tural Rəhimliyə ithaf olunur
Haqdan aldın cəsarəti,
Qazandın əbədiyyəti,
Şəhidliyin şan-şöhrəti,
Boyuna biçilən oğlan.
***
Bir tufan qopdu içimdə,
Gör kimlər getdi köçümdə,
Hamıdan fərqli biçimdə,
Hamıdan seçilən oğlan.
***
Çatdın vətənin dadına,
Yandın bu eşqin oduna,
Ucadan uca adına,-
Hər gün and içilən oğlan.
Şahgündüzə
Oğul, yurda köç edirəm,
Köçümdən xəbərin varmı?
Nə qazandım, nə itirdimŞ
Heçimdən xəbərin varmı?
***
Oğul, oyan, çək bir ah, gəl
Darıxıram, sən Allah gəl…
Dünən ölmüşəm, sabah gəl,
Üçümdən xəbərin varmı?
***
Oğul, mən yarımyaylağam,
Qəmə gələnə oylağam,
Qayasın sel yuyan dağam,
İçimdən xəbərin varmı?
Gətirdim
Dağlardan tər çiçəkləri,
Dərib Gündüzə gətirdim.
Anadan olduğu gündən,-
Qərib Gündüzə gətirdim.
***
Heyrandı Yer, Göy yaylağa,
Çox yaraşır ney yaylağa..
Boz dərdimi göy yaylağa,-
Sərib, Gündüzə gətirdim.
***
Ruhu oynayan bulağı,
Sərinlik yayan bulağı,
Daşdan qaynayan bulağı,
Görüb Gündüzə gətirdim.
***
Bu el bu dağın elidi,
Atım Çalbayır belidi.
Tər bənövşə qız telidi,
Hörüb Gündüzə gətirdim.
***
Şəhid dağlara yaraşıq,
Ruhları zülmətə işıq..
Canımı dağlar qarışıq,
Verib Gündüzə gətirdim.
Vətən
Canına and olsun ki, Vətən
Mən səni canımnan sevdim.
İçimdən gələn bir hissnən,
Ruhumnan, qanımnan sevdim.
***
Həkərinnən, Arazınnan,
Dəli Kürünnən sevdim.
Yaralı Vətənim, səni,
Yaralı yerinnən sevdim.
***
Yükünü götürənlərin,
Ağırınnan sevdim səni.
Yazığınnan, acizinnən,
Fağırınnan sevdim səni.
***
Cismimin torpağına,
Qarışmağına görə sevdim səni.
Yaşamağıma görə deyil ki,
Yaşamağına görə sevdim səni.
Eşqinə
Ürəyimi tətik kimi sıxmışam,
Tətik çəkən barmaqların eşqinə.
Dağ aşmışam, yamac enib getmişəm,
Bərələrin, irmaqların eşqinə.
***
“Quş quşlayıb, ov ovlayıb” gəlmişəm,
Köhlənimi cilovlayıb gəlmişəm,
Mən arzumu tilovlayıb gəlmişəm,
Bəndə salan qarmaqların eşqinə.
***
Ürəyimi süfrə bilib açırdım,
Şah anımı hansı anda qaçırdım?..
Şən yuvamdan şah yavrumu uçurdum,
Yurdda yuva qurmaqların eşqinə…
Qalmadı
Nə oldusa, cılızlaşdı bu dünya,
O əzəmət o dağlarda qalmadı.
Bucağının yağı daman damların,
Bərəkəti otaqlarda qalmadı.
***
Nər kişilər dəhnələrin arxası,
Köç etdilər yarıtmadı arxı su…
Çiçəklərin, meyvələrin qoxusu,
Ləçəklərdə, budaqlarda qalmadı.
***
Ya qəzadı, ya qismətdi, ya nələr,
İndən sonra olacaqdı haa nələr…
Saxta görkəm, süni boya, ta nələr,
O hərarət dodaqlarda qalmadı.
***
Yük altına girəsilər azaldı,
Sinəsini gərəsilər azaldı,
Biraz öyüd verəsilər azaldı,
Biraz öyüd qulaqlarda qalmadı.
***
Haqq aradım, danışma, kəs dedilər,
Elədilər çox bəhsabəs, dedilər,
Dur, ay Kamil, gəzmə əbəs dedilər,
Yaxınlarda, uzaqlarda qalmadı.
Gəldi
Yenə mısmırığın salladı bulud,
Şimşəkli gözündə dolu su gəldi.
Yerə ərməğanın yolladı bulud,
Göylərin yağışı-dolusu gəldi.
***
Qıcqırıb coşanda yal aşan sular,
Yaylağa şöhrətdi, yala şan sular.
Yamacın döşüylə yalaşan sular,-
Dərənin qucağı dolusu gəldi.
***
Ay Kamil, haylayım təzədən kimi,
Bir zədə görmədim ta zədən kimi,
Xəyalım sovruldu təzə dən kimi,
Boşu boşa getdi, dolusu gəldi.
Şahgündüzə və cəmi şəhidlərimizə
***
Gəlmişəm deyəm ki, gözlərin aydın,
Qanınnan aldığın yurda gedirəm.
Otuz il qalmışdıq zülmət içində,
Saçdığın işıqda, nurda gedirəm.
***
O yurda izimi salmağım üçün,
Çox oda, alova girməliymişəm.
Canımın yarısın almağım üçün,
Canımın yarısın verməliymişəm.
***
Tarix yaratdınız, nələr etdiniz,
Əfsanə gəldiniz, nağıl gəldiniz.
Gedəndə bir evdən çıxıb getdiniz,
Gələndə bir xalqa oğul gəldiniz.
***
Bizi saymazlara saydıranda siz,
Şöhrəti aləmə yaydıran da siz,-
Deyirəm yaxşı ki, doğulmusunuz,
Deyirəm yaxşı ki, varımızsınız.
***
Ruhunuz şahıdı aranın, dağın
Gündə neçə oba, neçə dağ gəzir.
Qanınız tökülən qara torpağın,-
Üstündə adamlar üzüağ gəzir.
***
Gəlmişəm deyəm ki, gözünüz aydın,
Qannan aldığınız yurda gedirik.
Otuz il qalmışdıq zülmət içində,
İndi saçdığınız nurda gedirik.
İçində
Bir axşam da düşdü yenə,
Qaldım axşamlar içində.
Canım yandı, öləzidi,
Əridim şamlar içində.
***
Bu dünya nədi, nəçidi,
Hər gələn bir binəçidi…
İçim bir bostan içidi,
Kədər yer şumlar içində.
***
Tanrı yerin-göyün verir,
Sonqar verir, yeyin verir,
Bəxtəvərə ağ gün verir,-
Qapqara damlar içində.
***
Taledirsə əgər bu, ver,-
Göz yaşında dərdi yu ver,-
Əlində bir kasa su ver,
Dirilim camlar içində.
Gedəsən
Laçın bir dəhliz deyil ki,
Üstündən keçib gedəsən.
Laçın bir yaylaq deyil ki,
Tək yayda köçüb gedəsən.
***
Dağa çıxıb enməyəsən,
Son gününəcən qalasan.
Dadın dadıb dönməyəsən,
Ölümünəcən qalasan.
***
Bir qoca daşın dizinə,
Biz də baş qoymağa gedək.
Gülün yığıb qayıtmayaq,
Yurda baş qoymağa gedək.
Görüşək
Oğul ata görüşünə gəlməli,
Sən gəlmirsən, mən gəlirəm görüşək.
Sən gördüyün atan daha qalmayıb,
Saçlarımda dən gəlirəm görüşək.
***
Aramızda neçə “dağ” var, “aran”var,
Sağalmayan yaralarsız haran var.
Ürəyimdə özün boyda yaran var,
Gözlərimdə çən gəlirəm görüşək.
***
Yaralısan ağrıyarsan, oyanma,.
Sən Kamilin dediklərin duy amma…
Belə dalğın, belə susqun dayanma,.
Bir salam ver sən, gəlirəm görüşək,
Dur ay Gündüz, mən gəlirəm görüşək.
Bəridi
Bu dünya özünə yer tapa bilmir,
Eləcə fırlanır çoxdan bəridi.
Arabir gözümə baş-ayaq dəyir,
Görürəm Balakən Qaxdan bəridi.
***
Ürəyim ocaqdı, başım buxarı,
Yandım, qurumladım üzüyuxarı,
Kor etdi tüstüsü, ütdü buxarı,
Yanıram yaranan vaxtdan bəridi.
***
Əyil öp, torpağı ayaqlama çox,
Başnanmı çox getdik, ayaqnanmı çox,
Nisiyə çoxluğa bel bağlama çox,
Əlində olan az çoxdan bəridi.
***
Ovlaqda ovun var, vura bildinsə,
Yuvan sarayındı,-qura bildinsə,
Üstündə oturub-dura bildinsə,
Qara daş bir qızıl taxtdan bəridi.
***
Bu cahan çoxunun əngin əzdirir,
Çaldırır bir əcəl zəngin, əzdirir,-
Kamili dərdiylə zəngin əzdirir,
Olan vara şükür, yoxdan bəridi.