İSLAM SADIQ
İSLAM SADIQ
Hayıf səndən, Azərbaycan
Altın qızıl, üstün qızıl,
Boyun burub oğlun, qızın
Sızıldayır sızıl-sızıl
Baxıb gendən, Azərbaycan!
Hayıf səndən, Azərbaycan!
***
Oğulların öc alardı,
Şir ağzından tac alardı.
Qəsdə dursa bac alardı
Aydan, gündən, Azərbaycan!
Hayıf səndən, Azərbaycan!
***
Dəm almadı aşın sənin,
Gül açmadı yaşın sənin.
Heç açılmır başın sənin
Duman, çəndən, Azərbaycan!
Hayıf səndən, Azərbaycan!
***
Kim sığındı bucağına,
Alıb basdın qucağına.
Yapıldı yad ocağına
Niyə kündən, Azərbaycan!
Hayıf səndən, Azərbaycan!
***
Ağzını aç, soruş, mənə,
Nə verdi bu oruc mənə.
Qıymadın bir ovuc mənə
Tay-tay dəndən, Azərbaycan!
Hayıf səndən, Azərbaycan!
***
Odsuz gəldi od apardı,
Adsız gəldi ad apardı.
Nəyin varsa yad apardı
Əzəl gündən, Azərbaycan!
Hayıf səndən, Azərbaycan!
***
Bax bişmişə, gör çiyi də,
Yemək olmur hər çiyi də.
Mənim deyil birciyi də
Yüzdən, mindən, Azərbaycan!
Hayıf səndən, Azərbaycan!
***
Məlhəmiydim hər yarana,
Qoyulmadım bir yarana.
Nə qoyublar gör yarana,
Hayıf məndən, Azərbaycan!
Hayıf səndən, Azərbaycan!
29 yanvar 2017
Novxanı
Dönməsəm olmur
Bələdəm namərdin əsli-zatına,
Batıb günahların yeddi qatına.
Günü elə danır, mən cin atına
Minib pis oluram,
Minməsəm olmur!
***
Pis başa çəkilib öyülən yerdə,
Yaxşıya ordan düş deyilən yerdə.
Tərəzinin gözü əyilən yerdə
Dinib pis oluram,
Dinməsəm olmur!
***
Yolçusu gic olan, bic olan yoldan,
Ağılla, kamalla öc olan yoldan,
Alçala-alçala ucalan yoldan
Dönüb pis oluram,
Dönməsəm olmur!
22 aprel 2017
Novxanı
Söz qalar,qalar
Məni hər soyuqdan Tanrı qorğandı,
Bu duman üstümdə isti yorğandı.
Bütün əyrilərin sonu yarğandı,
Yarğan uçub gedər, düz qalar-qalar.
***
Odundan, çırpıdan yığıb bir qoçaq,
Daşıyıb gətirər hey qucaq-qucaq.
Odunu axşamdan dəmlənən ocaq
Səhər sönüb gedər, köz qalar-qalar.
***
Çirkinin yoluna çıxan da olmaz,
Gözündən od alıb çaxan da olmaz.
Dalınca boylanan, baxan da olmaz,
Gözəlin dalınca göz qalar-qalar.
***
Doymaram, doymaram sevdiyim şeydən,
Oxudub aşığı salaram heydən.
Adam var, yoluna gül yağar göydən,
Adam var, yolunda toz qalar-qalar.
***
Gül kimi açılar, solar bu dünya,
Yenə dünyalıqda qalar bu dünya.
Min dəfə boşalar, dolar bu dünya,
Hər şey ölüb gedər, söz qalar-qalar.
4 mart 2017
Novxanı
Gözəl yaradıb
Sular axıb gedir şırılhaşırıl,
Quşlar uçub gəlir pırılhapırıl.
Burda gözəlliyə vurulhavurul,
Yaradan hər şeyi gözəl yaradıb.
***
Dağın quzeyində hələ qar qalı,
Küləyi dördəmli, mehi yorğalı.
Güllərin qulağı şehdən sırğalı,
Yaradan hər şeyi gözəl yaradıb.
***
Gah tora düşürük, gahdan da toruq,
Hər şeyin yanında qadağa, qoruq.
Tikanın dalından boylanır moruq,
Yaradan hər şeyi gözəl yaradıb.
***
Güllər yenə çimir qız baxışında,
İşvə yerişində, naz baxışında.
Dovşan balalayır yaz yağışında,
Yaradan hər şeyi gözəl yaradıb.
***
Yolum torpağından, daşından düşür,
Gədiyindən düşür, qaşından düşür.
Duman örpək dağın başından düşür,
Yaradan hər şeyi gözəl yaradıb.
05 may 2017
Novxanı
Qoşa yaradıb
Dağ dağa söykənib uca görünür,
Çoxunun zirvəsi haça görünür.
Ən cavanı bizdən qoca görünür,
Yaradan hər şeyi qoşa yaradıb.
***
Bir sirdi, ovsundu çoban tütəyi,
Arılar unudub yenə pətəyi.
Yerin əlindədi göyün ətəyi,
Yaradan hər şeyi qoşa yaradıb.
***
Göy ayğır ilxının olub bəy atı,
Gözündən buraxmır bir an göy atı.
Ağacın dibindən ağac boy atır,
Yaradan hər şeyi qoşa yaradıb.
***
Çox şeylərə fikir verməmişdim heç,
Hər gördüyüm gülü dərməmişdim heç.
Kəpənək öpüşü görməmişdim heç,
Yaradan hər şeyi qoşa yaradıb.
***
Bu qəlbin sevgisi o qəlbə çatır,
Özünü qucaqdan qucağa atır.
Hər isti yuvada iki quş yatır,
Yaradan hər şeyi qoşa yaradıb.
07 may 2017
Novxanı
Ağaclar rüşvətlə gül açmır
Gecə yuxusunda nar görüb nadan,
Görüb ki, ovcunda yenə nar sıxır.
Səhər tezdən durub baxır aynadan,
Baxır ki, bağçada qar dizə çıxır.
***
Ağacın cibinə pul basır nadan,
Tez ol gül aç deyir, çiçək aç deyir.
Qaynamaz qazanı pulla qaynadan
“Nə dil qanmaz olub bu ağac” deyir.
***
Baxıb adamların üzünə, gedir,
Yaxşı ki, ağaclar dil açmır hələ.
Bu nadanın ağlı özünə gedir,
Ağaclar rüşvətlə gül açmır hələ.
24 mart 2017
Novxanı
ADAM VAR, KÖKƏLİR…
***
Gözlərini yeyim desə, dur, gəlir,
Səsinə bal qatıb, yaman gur gəlir.
Onda öz gözünə işıq, nur gəlir,
Biri gözdən olur göz yeyə-yeyə.
***
Ağıldan danışır bir ağlı kəm də,
Sevincin üstündən qəm içir həm də.
Kösöyü tətikdə, odunu dəmdə,
Ocaq var, kül olur köz yeyə-yeyə.
***
Ürək əyməyəni qol da əyəmmir,
Ürək deməyəni dil də deyəmmir.
Adam var, ölsə də sözü yeyəmmir,
Adam var, kökəlir söz yeyə-yeyə.
10 mart 2017
Novxanı
BİR XALQIN ÜZÜNDƏ
QARA LƏKƏ
***
1974-cü ildə yunanlar Kıprısın türk
əhalisini uşağa, qocaya, qadına
baxmadan vəhşicəsinə öldürüblər.
Bir cocuğu da sağ qalmayan ailə-
lərin uçuq-sökük evləri insanlığa
göz dağı kimi hələ durur.
***
Şair, ayaq saxla, ötmə yanından,
Unutma bu uçuq, sökük evləri.
Bir ağrı, sızıltı keçsə canından,
Yada sal ağ, sarı, qara devləri.
***
Əlində göyərçin tutan uşağı
Əlindən, əlindən güllələyibdir.
Əlində tutduğu quşu da yağı
Dilindən, dilindən güllələyibdir.
***
Daşlara qulaq as, daş qulağında
Hələ vıyıldayır güllə səsləri.
Bir ağrı yaşayır quş qılığında,
Quşlardan soruşun ölən kəsləri.
***
Yer ləkə-ləkədi, göy ləkə-ləkə,
Dilini kəsdilər dinən uşağın.
O qara bulud da ahıdı bəlkə
Beşiyi məzara dönən uşağın.
***
Hər daşın köksündə yatır min qırma,
Hanı dil açmamış lal olan dillər?!
Əlini də vurma, yaxın da durma,
Burda qan qoxuyur hələ də güllər.
***
Burnunda bir barıt qoxusu qalıb,
Durnalar geriyə qayıtmaz daha.
Canında bir ölüm qorxusu qalıb,
Ağaclar bu payız boy atmaz daha.
***
Bu necə vətəndi, necə ölkədi,
Quşlarmı qoruyur evi, eşiyi?!
Bir xalqın üzündə qara ləkədi
Körpələrin qanla dolan beşiyi.
***
Axı kim ağlamaz baxsa, a Tanrım,
Soyuq divarlara, soyuq daşlara.
Qurbanmı demişdin yoxsa, a Tanrım,
Kəsilən başları kəsən başlara?!
13 dekabr 2017
Novxanı
NƏ TEZ UNUTDUN
***
Sənin gözlərinə vuruldum bir gün,
Gözlərinə baxıb duruldum bir gün.
Sökülüb təzədən quruldum bir gün,
Qurduğun İslamı nə tez unutdun?!
***
Soyuq yel əsirdi sağı-solunda,
Bir qol üşüyürdü yoxsa qolunda.
Bir gül almaq üçün hər gün yolunda
Durduğun İslamı nə tez unutdun?!
***
Barmağın dəymişdi elə yenicə,
Dinirdi könlümün sarı simicə.
Bənövşə dərəndə vurğun kimicə
Vurduğun İslamı nə tez unutdun?!
***
Bizə yol salmışdı bir işıq sizdən,
Günəşmi doğurdu ya evinizdən.
Bir gün görməyəndə, cığırdan, izdən
Sorduğun İslamı nə tez unutdun?!
***
Ürəyim dedi ki, döz alanatan,
Gözündən əl çəkmə göz alanatan.
Dilindən bir kəlmə söz alanatan
Yorduğun İslamı nə tez unutdun?!
26 mart 2017
Novxanı
ÖPÜŞƏNDƏ
***
Ayaq dəyir, yol sevinir,
Bülbül qonur, kol sevinir.
Çəmən gülür, çöl sevinir
Arıynan gül öpüşəndə.
***
Qınamayın elləri siz,
Gördünüzmü yelləri siz.
Dinc durmayan əlləri siz,
Yanaqnan tel öpüşəndə.
***
Püskürüb göz-göz oynayır,
Çataçat söz-söz oynayır.
Altındakı köz oynayır
Ocaqnan kül öpüşəndə.
***
Havalanıb havasından,
Dönüb köhnə tobasından,
Ürək qopur yuvasından
Dodaqnan dil öpüşəndə.
***
Baxışları düzəl deyir,
Nə deyirsə, gözəl deyir.
Nə durmusan, rez gəl deyir
Sonaynan göl öpüşəndə.
***
Yar başına dolanmırmı,
Yanıb oda qalanmırmı?!
Ayın ağzı sulanmırmı
İki könül öpüşəndə.
***
Bir fürsətdi bu da, baxın,
Ağzındakı dada baxın.
Qığılcıma, oda baxın
Daraqnan tel öpüşəndə.
21 fevral 2017
Novxanı