Isa İsmayılzadə

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Görkəmli şairimiz Isa İsmayılzadə

1941-ci il martın 15- də  Gürcüstanın   Qarayazı  (indiki  Qardabani ) rayonunda anadan olmuşdur. 1958–1963-cü illərdə burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır.
1963–1964-cü illərdə Qardabanidə orta məktəbdə müəllim,  Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində  redaktor,  Azərbaycan Sovet Ensiklopediyası  Baş redaksiyasında elmi redaktor (1966–1968), “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, baş redaktorun müavini, “Ulduz” jurnalı redaksiyasında şöbə müdiri (1968–1981), “Azərbaycan” jurnalı redaksiyasında baş redaktorun müavini vəzifələrində işləmişdir (1981-ci ildən ömrünün sonunadək). Eyni zamanda Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin musiqili veriliş baş redaksiyasında (müqavilə ilə) musiqi mətnləri şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir . İsa İsmayılzadə 1997-ci ildə Bakı şəhərində haqqın dərgahına qovuşub .Allah rəhmət eləsin.Mərhum şairimizin bir neçə şeirini “Kırımın sesi qazetesi” nın oxucularına təqdim edirik!


İsa İSMAYILZADƏ
(şeirlər)
GÜLLƏLƏR DEMƏDİ
Davadan qayıtmayan cavanlara
Getdilər… Getdilər fit çala-çala
getdilər atları çimizdirməyə –
bizi aparmadılar.
Qulançar yığmağa, moruq dərməyə
bizi aparmadılar.
Yalvarıb-yaxarıb dil tökəndə biz
Onlar üstümüzə od ələdilər,
qışqırıb-təpinib hədələdilər:
“Hələ uşaqsınız, nə yaşınız var…”
Bir gün xəbər gəldi: dava başlanıb…
Onlar əsgərliyə çağırıldılar,
nə tütək çaldılar, nə fit çaldılar,
fikirli oldular, ağır oldular…
Yola salanlara qoşulanda biz
yalvarıb -yaxarıb dil tökdü onlar:
“Qayıdın… qayıdın, geri qayıdın,

qayıdın atları çimizdirməyə,
qulançar yığmağa, moruq dərməyə”.
Biz getdik atları çimizdirməyə,
Qulançar yığmağa, moruq yeməyə.
Düşüb arxamızca gəldi uşaqlar,
Dilimiz gəlmədi bir söz deməyə…
Onların yoxluğu düşdü araya,
oyunlar, məclislər qaldı yarımçıq.
Toylar da seyrəldi toyxanalar da,
aşıq da havanı çaldı yarımçıq.
Kəndimiz yamanca uralanmışdı,
Yaman korun-korun yanırdı ocaq.
Bir ağzıgöyçək də qaralanmışdı:
“Deyəsən gedənlər qayıtmayacaq…”
Mərmilər, güllələr fit çala-çala
cuvar Cavad kimi qovdu onları,
ketmən vura-vura, ot çala-çala
baxdıq yollara…
Getdilər, getdilər Berlinə sarı,
getdilər … getdilər ölümə sarı…
Qəlpələr demədi: geri qayıdın,
lülələr demədi: geri qayıdın,
güllələr demədi: geri qayıdın,
Hələ uşaqsınız, nə yaşınız var…

GÖZLƏYİN, DÜNYAYA QAYITMAĞIM VAR

Bu dünyaya bir də qayıtmağım var
Qəbrimin üstündə bitən gülləri,
Uyumuş,
soyumuş torpağı-daşı
Ölüm sükutundan oyatmağım var.
Bilmirəm çiçəklə, bilmirəm otla,
Bilmirəm ağacla, yoxsa buludla,
Dağları yerindən oynadıb gələn

Dəli qışqırıqla, yoxsa sükutla-
deyə bilmərəm.
Apardım özümlə öz dünyamı mən-
Ulduzlu göyləri, Ayı, günəşi,
İlğımlı çölləri, təpəlikləri,
Dağları, düzləri, biçənəkləri
Son gündə, son anda, son saatımda
Apardı gözüm.
O günü, o annı, dəqiqəni də
Apardım özüm.
Səsləri, sözləri, pıçıltıları,
Kür tərəfdən gələn uğultuları
Mikrofon qulağım «yazdı» apardı.
Gecəli-gündüzlü, ömrüm boyunca
Kürün uğultumu məni çağırıb,
Suyun şırıltısı məni çağırıb,
Məni haraylayıb Qarayazıdan.
Mən də yuxularda hey uça-uça
getmişəm ora.
İlğımlar çağırıb məni uzaqdan,
Yəhərbel ilğımlar, kəhər ilğımlar,
Qarayel ilğımlar, ağyel ilğımlpar –
Bilmirəm, onları kimlər azadıb,
Çağırıb düzlərdən – Qarayazıdan.
Kürün uğultusu aparıb məni,
Suyun şırıltısı çəkib aparıb.
Sehrli ilğımlar əl eləməklə
Aparıb, yaxama çöküb aparıb.
Məni bu dünyaya bir də, yenidən
Bəlkə o uğultu gətirə bildi,
Bəlkə o şırıltı gətirə bildi.
Bəlkə o ilğımlar sehrli yolla
Məni bu dünyaya ötürə bildi.
Nəsə, ürəyimə damıb, bilirəm-
Bəlkə də yüz ildən, min ildən sonra,
Milyon ildən sonra – nə bilmək olar –
Nə vaxtsa dönəcək ömrün illəri…

MƏN BİR TERMOS ŞÜŞƏSİYƏM
Mən bir termos şüşəsiyəm,
çilik-çilik olmuşam,
tökülmüşəm içimə.
(Eh, kimin nə vecinə)
Birinin gözlərindən,
birinin ürəyindən
qolaylanıb atılanda
tənhalığın üstünə düşüb sınmışam –
necə sındığımı heç kəs görməyib,
Heç kəs bilməyib.
Mən bir termos şüşəsiyəm –
pərtliyin də üstünə,
sərtliyin də üstünə
düşəsiyəm bugün-sabah
Mənim ürəyimin qırıntıları
qəlpəyə dönə bilər,
dostuma, tanışıma, arzuma dəyə bilər…
Bir gecə
kiminsə əlləri qonaq gələcək,
kiminsə nəfəsi qonaq gələcək,
kövrəlmiş ürəyimə.
Toplayıb bir yerə qırıntıları
düzəcək yan-yana.
Sonra da yana-yana
zərgər barmaqlarla cilalayacaq –
xarabalığın tən ortasında
möhtəşəm bir ürək ucalacaqdır.
Ancaq möhtəşəm ürək
mənim ürəyimə bənzəməyəcək…
Soyuqdan genişlənib istidən sıxılacaq,
darıxacaq, boğulacaq,
bağlı qalmış qapı kimi
taybatay açılmaq istəyəcək…
Mən bir termos şüşəsiyəm… Təzədən, təzədən,

təzədən sınmaq üçün,
təzədən yanmaq üçün
bir heyrətin üstünə
daş kimi düşəsiyəm…
BİR DƏ GÖRƏRSİNİZ…
Dostlarıma, əzizlərimə
… Bir də görərsiniz mən də getmişəm,
Bir də görərsiniz,
yoxam dünyada.
Sizin gözünüzdən elə itmişəm,
Çətin,
Çətin yolunuza çıxam dünyada.
Başını bulayıb köks ötürən də,
Əlini dizinə çırpan da olar,
Tüstüsü başından çıxan da olar,
Mənsiz
bir ömürdən-gündən usanan,
Başdaşına dönüb baxan da olar…
Yığışın bir yerə, yığışın, dostlar,
Sizin aranızda,
sizdən xəbərsiz
Mənə də, mənə də bir yer tapılar.
Dinib-danışmaram, susaram onda…
Neyləyim, neyləyim açılmaz daha
Sözümə
ömürlük bağlı ürəklər,
Üzümə
ömürlük bağlı qapılar.
Siz də danışmayın, bir anlıq susun…
Siqaret üstündən yaşarsın gözü
Tüstüsü başından çıxan Abbasın.
Yalvarıram sizə,
Mən gedəndən sonra “qeybət daşını”
Bir qara daş kimi atın dənizə,
Dalğıclar yığılsa –

tapa bilməsin,
İlişməsin ayağına bir kəsin…
… Bir də görərsiniz, mən də getmişəm,
Bir də görərsiniz,
yoxam dünyada.
Sizin gözünüzdən elə itmişəm –
Çətin,
Çətin yolunuza çıxam dünyada…


Qatım bir-birinə gecə-gündüzü,
Axşamım-səhərim qarışıq düşsün.
Yaza bilmədiyim sətirlərimdən
Alnıma təptəzə qırışıq düşsün.
Desinlər:
Bu nədir, bir gecəliyə
Adam da bir belə qocala bilər?..
Heç kəs bilməyəcək –
şeir yazanda
Bütün ağrıların gedər heçliyə,
Bütün qırışların açıla bilər! –
Açılar
ürəyin qırışıb belə…
Hamı gözlərinə ipək görünər,
Hamını öpməyə hazır olarsan.
Ulduzları dərib,
çiçək yerinə
Qızların üstünə tolazlayarsan.
Ayağı da yerə toxunmaz onda…
Elə bilərsən ki, damarlarından
Bir coşqun çay axır –
sevinc adında,
Boğula bilərsən burulğanında…
…Sonra yavaş-yavaş
sovuşub gedər,
Təkcə adı qalar sevincin, adı…
Bunu da bir kəsə açıb demirdim:
Hər şeir –

ömrümü bir gün uzadır,
Amma…
ikicə gün alır ömürdən.
NECƏ DEYİM
Neyləyim
mən səni sevə bilmədim,
Adsız çiçəkləri, otları sevdim,
Tanışları sevdim, yadları sevdim,
Ürəyimə yatan adları sevdim,
Neyləyim,
tək səni sevə bilmədim.
Sızladım qarışqa yuvası üstə,
Göynədim «Sarıtel» havası üstə.
Dünyanın məhəbbət «davası» üstə
Tək səni,
tək səni sevə bilmədim.
Ağacın üstündə budaqlar qoşa,
Budağın üstündə yarpaqlar qoşa,
Dağlar da,
quşlar da verib baş-başa-
Nə olsun
Mən səni sevə bilmədim.
Qol-qola söykənən budağı sevdim,
O dərəni sevdim,
budağı sevdim,
Məni haraylayan ocağı sevdim –
tək səni sevə bilmədim.
Bir baxışdan dağ çayına vuruldum,
Bulaq gördüm – ağ suyuna vuruldum,
Sənə şer yazım dedim, – yoruldum,
Mən nə deyim, mən də deyim – bilmirəm.
Qələm səni, kağız səni sevmədi.
Bulud gəldi, yağış gəldi – bilmədin,
Göy üzünə axın gəldi – bilmədin.
Tanrıdanmı qarğış gəldi – bilmədin –

Mən gəlmədim
yollar səni sevmədi,
Açılmayan qollar səni sevmədi.
Necə deyim – o yolları bağışla,
Necə deyim – bu qolları bağışla,
Necə deyim,
necə deyim – bilmirəm –
Sənsiz keçən bu illəri bağışla,
Sənlə keçən bu illəri bağışla,
Vurulduğum dağ çayını bağışla,
Sevdiyim çiçəyi-otu bağışla,
Sevdiyim ocağı-odu bağışla,
Sevdiyim tanışı-yadı bağışla-
Neyləyim,
neyləyim,
deyə bilmirəm

Pin It on Pinterest