İran heç vaxt azərbaycanlılara isti münasibətdə olmayıb
İran heç vaxt azərbaycanlılara isti münasibətdə olmayıb
İstər Azərbaycan Xalq Cümhuriyyəti dönəmində, istərsə də Azərbaycan Respublikası qurulduqdan sonra İran İslam Respublikası Azərbaycanın dövlət müstəqilliyini qəbul etməmiş, özünün milli təhlükəsizliyi üçün təhlükə mənbəyi hesab etmişdir. Pəhləvilər hakimiyyəti dönəmindən etibarən azərbaycanlıların milli hüquqlarının pozulması, ana dilindən məhrum edilmələri, məktəblərinin olmaması, tarixi yer adlarının dəyişdirilməsi, Cənubi azərbaycanlıların sosial-iqtisadi vəziyyətinin ağırlaşdırılması, onların düşüncələrində həmişə bu tay Azərbaycana qarşı apardıqları dini-ideoloji, daxili işlərə qarışmaq siyasəti, etnik qarşıdurma yaratmaq cəhdləri bu günə kimi davam edir.
Tarixi faktlara nəzər saldıqda görürük ki, İran hələ 1988-ci ildən Azərbaycana qarşı ikili siyasət yürütmüş, SSRİ ilə əməkdaşlıq edərək ölkəmizdə dini-ideoloji qruplaşmalar yaratmış, ticari-iqtisadi, “xeyriyyə təşkilatları” və s. adlar altında əks-fəaliyyət göstərmişdir. Belə ki, İran müstəqilliyin ilk illərində Azərbaycandakı sosial-iqtisadi və dini-ideoloji vəziyyətdən məharətlə istifadə etdi. Birinci Qarabağ müharibəsində İran Ermənistan üçün necə “həyat dəhlizi” olmuşdursa da, Vətən müharibəsində də həmin rolu oynamışdı, bir sıra qərb dövlətləri ilə birgə Ermənistanı təmin etmişdir. İranda “qondarma erməni soyqırımı abidəsi”, erməni məktəbləri, erməni dilli kitab, jurnal, qəzetlərin çapı, Daşnaksütyun və İnkişaf Partiyasının, dünya erməni liderlərinin Tehrandakı görüşləri, dəfələrlə ermənilərin Türkiyə və Azərbaycan səfirliyi önündə keçirdiyi nümayişlər, fars və erməni dillərində Azərbaycan və Türkiyəyə qarşı yazılar, Vətən müharibəsindən sonra Azərbaycanın regionda artan nüfuzuna qarşı aqressiv, şovinist mövqeyi bunun bariz nümunəsidir.
Ümumiyyətlə qeyd edək ki, nə qədər beynəlxalq hüquqda, Vyana konvensiyasında, xarici ölkələrdə İranla imzalanmış sənədlər olsa da, istər Pəhləvilər dönəmində, istərsə də İran İslam Respublikası qurulandan sonra İran ölkəmizə qarşı etibarlı, güvənli olmamışdır. İranda diplomatik xidmətdə olmaq, dövlət missiyasını yerinə yetirmək həmişə çətin, təhlükəli olmuşdur. Bir çox xarici tədqiqatçılar İranın ziddiyyətli və hədəli addımlarının ən çox Qərb dövlətlərinə, İran rejimi ilə mənafeləri üst-üstə düşməyən, əks mövqedə duran ölkələrə qarşı olduğunu bildirsələr də, lakin cənub qonşumuzun şovinist, ziddiyyətli, riyakar addımları, Azərbaycan və Türkiyə dövlətçiliyinə, Türkiyə və Azərbaycanın daxili və xarici siyasətinə, Türk-İslam aləminə nüfuzuna, cənubi azərbaycanlıların milli oyanışına, müstəqil dövlətçiliyinə qarşı olmuşdur və bu siyasət bu gün də davam edir.
İranı yaxşı tanıyan mütəxəssislər və dünya diplomatları İran haqqında deyirlər, “İran diplomatları bir cür deyir, bir cür yazır, amma əməldə isə bunun əksini edir”.
Xatırladaq ki, İran dövləti və müvafiq qurumlar İranla Azərbaycan arasında imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında konsulluq məsələləri üzrə əməkdaşlıq haqqında Memorandum (Bakı, 20 aprel 1992), Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və İran İslam Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq barəsində Protokol (Tehran, 19 avqust 1992), Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası ilə İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurası arasında təhlükəsizlik sahəsində Əməkdaşlıq Memorandumu (Bakı, 20 iyul 2001), Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum (Bakı, 25 iyul 2002-ci il), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və İran İslam Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlığa dair Memorandum (Tehran, 13 aprel 2003-cü il), Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında təhlükəsizlik və hüquq-mühafizə fəaliyyəti sahəsində əməkdaşlıq haqqında Saziş (Bakı, 5 avqust 2004), Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyi arasında beynəlxalq terrorçuluqla mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol 2 (Bakı, 16 dekabr 2004) və s. sənədlərə yalnız imzalanmalarda yox, əməldə hörmət və riayət etməli, Azərbaycan Respublikasının İrandakı səfirliyinə qarşı edilən bu terror hadisəsinin səbəbkarlarını ciddi şəkildə cəzalandırmalı, bu terror işinin istintaqında Azərbaycanın hüquq-mühafizə orqanlarının iştirakına şərait yaratmalıdır. Azərbaycan dövləti İranla imzalanmış bütün sənədlərə həmişə hörmətlə yanaşmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin Tehrandakı səfirliyinə xain hücumla əlaqədar tvitter hesabında paylaşımında deyilir: “Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”.
Hətta Prezident İlham Əliyev İranın Prezidenti İbrahim Rəisi ilə telefon danışığı zamanı Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini, bu hadisəni şiddətlə qınadığını bildirərək qanlı terror aktının hərtərəfli araşdırılacağına və cinayətkarların layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu qeyd edib. Dövlətimizin başçısı səfirliyin digər mühafizə əməkdaşının əliyalın şəkildə terrorçunun üzərinə atıldığını, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah etdiyini bildirib. Terrorçu tərk-silah olunmasaydı, səfirliyin digər əməkdaşlarını və onların səfirliyin binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağının istisna edilmədiyini deyib.
Beynəlxalq hüquqi nöqteyi-nəzərdən isə İran İslam Respublikasının imzaladığı və öhdəlik götürdüyü beynəlxalq qanunlara, konvensiyalara bu ölkənin müvafiq qurumları tərəfindən əməl edilməmiş, nəticədə Azərbaycan səfirliyi silahlı hücuma, terrora məruz qalmış və səfirliyin 1 əməkdaşı öldürülmüş, 2 əməkdaşı yaralanmışdır. Hadisə ilə bağlı kadrlar, müşahidələr, xarici və yerli KİV-dəki, eləcə də İrandakı xəbərlər, məlumatlar, terroru törədənin İranın KİV-lərinə verdiyi müsahibə və qatilin davranışları bir daha onu göstərir ki, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin təhlükəsizliyi həm İranın hüquq-mühafizə orqanları tərəfindən hüquqi və lazımi şəkildə mühafizə olunmur, həm də bu əvvəlcədən hazırlanmış, planlaşdırılmış terror hadisəsidir.
Maraqlıdır ki, 1992-ci ildə Azərbaycan Respublikasına İran İslam Respublikasında səfirlik, konsulluq üçün bina tikməyə ərazi verilməmişdir. Hələ 1969-cu ildə isə İranın Bakıda konsulluğu açılmışdır. 1992-ci ildən fəaliyyət göstərən İranın Bakıda səfirliyinin 1-ci binası Bakı şəhəri, Səbail rayonunda, 2-ci binası Bakı şəhəri, Yasamal rayonunda yerləşir. İranın Bakıdakı Mədəniyyət Mərkəzinin Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsindəki binası, Naxçıvanda Baş Konsulluğunun binası (08.03.1992), Bakı şəhəri Gəncə prospektindəki İran Səfirliyinin Şəhriyar adına Mədəniyyət Mərkəzinin binası və s. yaradılmışdır və təhlükəsizliyi mühafizə olunur. Vaxtilə İranın bir sıra dini, iqtisadi, ticari, sosial və s. idarə və obyektlərinin imzalanmış sənədlərə, Azərbaycan dövlətçiliyinə və milli maraqlarına zidd olduqları üçün fəaliyyətləri dayandırılıb. Hətta 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinə məxsus olan səfirliyimizin binası Azərbaycanın mülkiyyəti hesab olunsa da, həmin binanın önündə kiçik işarə, əlamət, barelyef belə vurulmamışdır. Bütün bunlar Azərbaycan dövlətinə haqq və hüquq verir ki, İranın Bakıdakı Səfirliyinin və digər obyektlərinin fəaliyyəti, onun əməkdaşlarının ştat tərkibinin azadılmasını tələb etsin. Ya da Tehranda Azərbaycan Respublikasına Səfirlik və Mədəniyyət Mərkəzi, Təbrizdə Konsulluq üçün ərazi və binalar verilsin, onların beynəlxalq hüquqa, Vyana Konvensiyasına uyğun olaraq fəaliyyət göstərmələrinə, Azərbaycanın səfirliyinin ştat tərkibinin artırılmasına şərait yaradılsın.
Azərbaycan Respublikasının Xarici işlər nazirinin müavini X.Xələfov bildirib ki, Vyana Konvensiyasının müvafiq maddələrinə görə, səfirliyi qəbul edən ölkə onun təhlükəsizliyinə məsuliyyət daşıyır. Baş vermiş terror hadisəsi və onun ağır nəticələri ilə əlaqədar İranın bir dövlət kimi məsuliyyət daşıdığını vurğulayıb: “Prezidentimiz bu hücumu terror aktı kimi qiymətləndirib və şiddətlə pisləyib. Bu hadisədən sonra İranın Bakıdakı səfirini dərhal Xarici İşlər Nazirliyinə çağırdıq. Əsas tələbimiz ondan ibarətdir ki, İran bir dövlət kimi beynəlxalq öhdəliklərinə uyğun olaraq bu terror aktının hərtərəfli və şəffaf şəkildə təhqiqatını aparmalı, cinayətkarları məsuliyyətə cəlb etməlidir”.
Artıq İran tərəfinin məhdudiyyətlər, maneələr yaratmasına baxmayaraq, terror hücumu nəticəsində şəhid olmuş Azərbaycan səfirliyinin əməkdaşı Orxan Əsgərovun cənazəsi, eləcə də yaralananlar, səfirliyin heyəti Azərbaycan dövləti tərəfindən ayrılmış xüsusi təyyarə ilə Vətənə qayıtdı, səfirliyin fəaliyyəti isə dayandırıldı. Rəsmi mövqedə isə 5 nəfər əməkdaşın səfirliyin inzibati binasının, əmlakının qorunması ilə bağlı səfirlikdə qalacaqları, onların diplomatik fəaliyyət göstərməyəcəkləri bildirildi. Təbrizdəki baş konsulluğumuz isə fəaliyyətini davam etdirəcəkdir.
Yaxşı olardı ki, nə qədər gec deyil, İran KİV-lərində, ayrı-ayrı ölkələrdə, təcavüzkar Ermənistan da, Yaxın və Orta Şərq ölkələrindəki dini-ideoloji qruplaşmaları dəstəkləmək əvəzinə regionda sülh və təhlükəsizliyə xidmət edən əməkdaşlıq üçün addım atsın. İran Azərbaycan və Türkiyə dövlətinə münasibətini, mövqeyini dəyişməli, qanun və hüquqla rəftar etməlidir. Təbii ki, Türkiyə, Azərbaycan dövləti və xalqı ona qarşı olan hər bir hücumu, terroru, təcavüzü dəf etməyə qadirdir. Bu, Azərbaycan səfirliyinin əməkdaşının əliyalın, silahsız halda səfirliyimizə hücum edən terrorçunu zərərsizləşdirməsində açıq-aydın nümayiş olundu.
Sübhan TALIBLI,
AMEA Şərqşünaslıq İnstitutunun
aparıcı elmi işçisi, tarix üzrə
fəlsəfə doktoru, dosent.