İrəvanın bayrağı qəbul edildi, and içdik… – Qafar Çaxmaqlı
Sənan Qılıncarslan Qacar / Kırımın Sesi /Azerbaycan
4 iyul tarixində keçirilən iclasda biz Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının bayrağını qəbul etdik və bir gün bu bayrağı qədim yurdumuz olan İrəvanda dalğalandıracağımıza and içdik. Bizim ali amalımız tarixi torpaqlarımızın geri qaytarılmasıdır.
Bu sözləri açıqlamasında Türkiyənin Ərciyəz Universitetinin professoru, Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının təsisçisi Qafar Çaxmaqlı 4 iyul tarixində keçirilən iclasda Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının bayrağının qəbul edilməsi haqqında danışarkən deyib.
O bildirib ki, bu təşəbbüsün uğurlu olacağını düşünür:
“Biz 4 iyul tarixində bir videokonfrans təşkil etdik. Konfransda Bizim Millət Şurasının üzvləri iştirak etdi. İclas təxminən, iki saat davam etdi. Uzun çəkən görüşdə Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının bayrağını şəxsən qəbul etdim. Vətənə, millətə xeyirli, uğurlu olsun”.
Q.Çaxmaqlı Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının bayrağının qəbul olunması və bayrağın özündə əks etdirdiyi mənalar haqqında danışıb:
“Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının dövlət atributlarının hazırlanması ilə bağlı işlər gedirdi. İlkin olaraq dövlət bayrağının hazırlanmasını qərara aldıq. Bu məqsədlə də dövlət atributlarının hazırlanması üzrə komissiya yaratdıq. Bayraq qəbul olunmamışdan öncə çox ciddi müzakirələrdən keçib. Onu da deyim ki, bayraq hazırlanan zaman bir çox variantlar təklif edilmişdi. Bu məqsədlə müsabiqə belə elan etmişdik. Hətta təkliflər sırasında hər kəsin bildiyi İrəvan xanlığının tarixi bayrağı da oldu. Lakin biz düşündük, İrəvan xanlığının tarixi bayrağında öz əksini tapan bəzi monimentlərdən, eyni zamanda “Şiri-Xurşid” təsvirindən növbəti atributumuz olan gerbin hazırlanmasında istifadə edək. Nəhayət, 4 iyul tarixində keçirilən iclasda Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının bayrağını qəbul etdik. Biz bu bayraqla yalnız siyasi varlığımızı sərgiləmirik, eyni zamanda çağdaş bir respublika olduğumuzu elan edirik. Bayrağımızda qırmızı rəngin daha qabarıq olmasının səbəbi də məhz bizim çağdaş dəyərlərə bağlı olduğumuzu bildirməkdir. Bayraqdakı mavi xətt İrəvan torpaqlarının əsil sakini olan qədim türk xalqını təmsil edir. Yaşıl xətt isə islam dininə mənsubluğu ifadə edir. Aypara ilə ulduz bizim hər zaman Azərbaycana bağlı olduğumuzu, azərbaycançılığımızı bildirir. Gördüyünüz kimi, biz həm Türkiyəyə, həm də Azərbaycana bağlılığımızı rəmzlərimizdə də bariz şəkildə ifadə edirik”.
Professor bildirib ki, onların fəaliyyəti Ermənistanda ciddi narahatlıq doğurur:
“Mən özüm ixtisasca ermənişünas olduğum üçün bu dili səlis şəkildə bilirəm. Biz müntəzəm olaraq erməni kanalları, saytlarını izləyirik və deyim ki, bizim ən kiçik hərəkətimiz belə Ermənistanda narahatlıq yaradır. Artıq bizə qarşı təzyiqlər, kampaniyalar başladılıb. Bu bizi qəti narahat etmir. Biz haqlı davamızdan dönməyəcəyik. Onu da qeyd edim ki, hazırda bizim atributlarla paralel, saytımız, televiziya kanalımız da hazırlanır. Qısa zamanda bu haqda da ictimaiyyətə ətraflı məlumat veriləcək”.