İqbal İsmayılov
Nə yaxşı sevdim səni…
Varlığına min şükür,
nə yaxşı sevdim səni….
Necə də sevmiyəydim?!
Sən ki mən etdin məni!!…
Nə yaxşı sevdim səni…..
Mən səni sevdiyimçün
sevgi bağını gəzdim….
Mən səni sevdiyimçün
sevgi gölündə üzdüm,
Mən səni sevdiyimçün
o sevgi günəşinin
ziyasında yuyundum.
Yuyunduqca duruldum,
durulduqca saflaşdım,
saflaşdıqca bərkidim,
bərkidikcə mənləşdim.
Mənləşib mən olmuşam,
Toparlaşıb cəmləşib
Cəmlənib cəm olmuşam.
Nə yaxşı sevdim səni !…
* * *
Mən səni sevdiyimçün
milləti, eli sevdim,
Seçdim el qızlarından,
Öncə gözəli sevdim:
–Yerişi incə-incə,
Gəlişi incə-incə,
Gülüşü incə-incə
İncə gözəli sevdim..
O sevgimin əzəli,
Həm meyli, həm məzəli,
El qızı, el gözəli,
Gözləri ləli sevdim.
Sevgisinə qarışdım,
Sevənlərlə yarışdım,
Həsrətindən alışdım,
Oldum bir dəli…Sevdim…
Nə yaxşı sevdim səni..
Mən səni sevdiyimçün
Sevdim uca dağları,
Bol meyvəli bağları,
Gözəl-gözəl çağları-
Ayları, ili sevdim.
Sona gördüm göl boyu,
Ceyran qovdum çöl boyu,
Nəğmə qoşan gül boyu
Sarı bülbülü sevdim,
Uca dağda vüqarı,
İnsanda qeyrət, arı,
Bağlarda bəhər-barı
Becərən əli sevdim…
Nə yaxşı sevdim səni….
Mən səni sevdiyimçün belə ədalətliyəm,
Əhdimə, ilqarıma sonsuz sədaqətliyəm,
Halallığa talibəm, həm də səxavətliyəm,
Həm insafı, mürvəti, həm də imanı sevdim.
İndi baxıb görürəm bir böyük ozanmışam,
Öz adımı tarixə mən özüm yazanmışam ,
Hər nə qazanmışamsa,zəhmətlə qazanmışam,
Həm halal zəhmətimi, həm də zamanı sevdim..
Mən ən böyük sirrimi hər gün sənə açıram,
Şərəfsizə düşmənəm, inamsızdan qaçıram,
Nə olsun qanadsızam, mənliyimlə uçuram,
Həm ulduzlu, həm aylı o göy səmanı sevdi,
Nə yaxşı sevdim səni….
* * *
Nə yaxşı sevdim səni,
mənim məni yaradanım.
Babam da çox sevib səni;
Atadan, həm anadan
onçu halaldı qanım,
mənim məni yaradanım!!!!…
Nə yaxşı sevdim səni !!!…
* * *
Nə yaxşı sevdim səni,
ay mənim xanım anam!!!…
Varlığım– ətim, qanım,
ürəyim, canım anam!!!..
Ay mənim xanım anam!!!
Nə yaxşı sevdim səni !!!..
* * * *
Nə yaxşı sevdim səni,
ay anamca Vətənim,
Var olmaq yerim mənim!!!….
Sənsiz yaşamaq olmaz,
havam, suyum, çörəyim!..
Sən varsan, mən də varam,
yaşamağa gərəyim !!!…
Nə yaxşı sevdim səni !…
* * *
Mən səni sevdiyimçün
bu varlıqda var oldum…..
Mən səni sevdiyimçün
belə bəxtiyar oldum !!!…
Nə yaxşı sevdim səni !…
Nə yaxşı sevdim səni !…
Nə yaxşı sevdim səni !…..
İqbal İsmayılov
Yazıçı şair .
Azərbaycan Yazıçılar birliyinin üzvü