İnqilab İSAQ – Şeirlər
Nazım AHMETLİ
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
İnqilab İSAQ
Şeirlər
Kəpənəklər çiçəklərə qoşuldu
Gözləməkdən çiçəklər də saraldı,
Bir cığır da açılmadı bəxtimə.
Tanrının da heç yadına düşməyib,
Özgə yolun qismətiymiş bəxt demə.
***
Bu ömürdə yanlış bircə sətir yox,
Üsyanamı ünvanlayıb bu adı?
Günlərimin nə çox imiş günüsü,
Ögeylik də baş qatmaqda ustadı.
***
Yır-yığışın vaxt-vədəsi bilinmir,
Öz yükünü özü çəkər, eləmi?
Çox uzandı bu gileyin axırı,
Qapanmışam taleyimə söz kimi.
***
Bir taleyə oyun qurmaq hünərmi?
Cavab üçün bəzənməyib qış, bahar.
Ta üzülmə, bu ah-vaylar hədərdi,
Bu boşluqda boş olmayan nəsə var.
***
Bəsdi, yetər çək-çevirlər fəryadı,
Qızıl gülün ətrinə də çatar gün.
Kəpənəklər çiçəklərə qoşuldu,
Arxasınca yel oynadı bir ömrün.
2019
Vətən kimi
Böyük şairimiz Musa Yaquba
Çıxar yolumuza gah qış, gah bahar,
Nədir aralığa düşən ögeylik?
Çox imiş dünyada haçalı yollar,
Nə yaxşı hər yola yatan deyilik.
***
De, hansı xəbərdi, bu qaçhaqaçda?
Göylərdə əyləyir durna köçünü.
Küsülü cığırın dolan vaxtıdı,
Tutar yetimliyi, dərər içini.
***
Fələk qapı açır, örtmür hələ ki,
Kimi başa çəkir, kimi ayağa.
O tala, o orman sağ olsun təki,
Hər əl yetə bilmir söz çıxan dağa.
***
Quzeyi üşütməz zirvənin qarı,
Yüyən çəkən qalar əldə-ətəkdə.
Halalın haqqında tufan qopsa da –
Azmaz öz yolunu arı pətəkdə.
***
Hələ görüşümüz qalsın sonraya,
Baharın oyaqdı qış çilləsində.
Sözün qəribliyə düşən yerini,
Tapdım Vətən kimi… tapdım səsində…
2011
İnad
Üzümə dayandı axrı bu divar,
Dəyişik saldıqca qapı yerini.
Azmı müsibətin odunu görmək,
Sürgünlü-cəzalı ömür yenimi?
İşıq axtarıram, gün ki günorta,
Zülmətlə əlbirdi şeytan ürəyi.
Ancaq gözlərimə öpüb qoyuram,
Əlim halallıqla kəsən çörəyi.
***
Dağıntı içində bir tale qurmaq,
Heç kəsə o qədər gəlməsin asan.
Hamı baxıb gülər dərdli adama,
Odur ucalıqda fikrini aşan.
***
Tanışdı bu dünya ən yad adama,
Bilir ki bu gələn yol gözləyəndi.
Ağac kölgəsində, arx qırağında,
Yuxuya getsə də fürsəti, fəndi.
***
Bir də dediyimi yanlışa yozma…
Necədi kədəri daş-qalaq etmək.
Nə xoşdu könüldə işıq yandırıb,
Ayı salamlayan tərəfə getmək.
2019
Nə ayrılıqdı belə…
Telejurnalist, dostum
Qaraş İsmayılın xatirəsinə
Nə qara-qorxu xəbər
Nə ayrılıqdı, Qaraş?
Mən qardaş itirmişdim
Əcəl pusqudan çıxıb
Səni də tapdı, qardaş.
Dur, yalanı güldürüb
Elan eylə efirdən.
Doğra qəhər lentini,
Bu qəfil reportaja
İnandırma bizi sən.
Qızlarının gözündə
Qapanan ekranlara,
Açılmayan səhərə
Nə təhər dözəcəksən?..
Zarafatın ürəktək
Dostları dindirərdi.
Şəhərinə gəlmişəm
Zarafat eylə indi.
Nə qara-qorxu xəbər
Nə ayrılıqdı, Qaraş.
Nolar bir məni eşit,
Nolar mənə qulaq as.
Boşla-boşla sən Allah
Ölümlə zarafatı,
Belə zarafat olmaz.
2003
Hara gedək?
Qələm dostum
Məmməd Dəmirçioğluna
Dostlar, durub hara gedək?
Bürkü gəlməsin yaxına.
Can qurtaraq qaçhaqaçdan,
Təslim olmayaq axına.
***
Çox ömürün astarını
Görə-görə üzüldüm mən.
Siz də görüş yeri kimi
Əl çəkməyin ümidlərdən.
***
Hərdən dəli, tünd şəraba
Yer axtaraq bir küncdə biz.
Onsuz da ki, qılınclanır
Bu körpə, məsum kölgəmiz.
***
Nə yaxşı ki azmamışıq
Sağlıqların dumanında.
Deyən, tamam yanıldılar
Sərxoş günlər gümanında.
***
Səfərdəyik… yol üstündə,
Fikirlidir oğul, uşaq.
Ürək tutan sancılarsa,
Heyif bizdən deyil uzaq.
***
…Dostlar, durub hara gedək?
Bürkü gəlməsin yaxına.
Can qurtaraq qaçhaqaçdan,
Təslim olmayaq axına.
2011
Düzlük dəlisi…
Gördüyün, görmədiyin,
Səbrinə dönmədiyin,
Dərdindən ölmədiyin
Adam kimdi, ay adam?
***
Kölgəsinə daş atıb,
Kölgəsində daş yatıb,
Günaha batan-batan,
Adam kimdi, ay adam?
***
Yavan günləri olan,
Cavan günləri olan,
Avvam günləri olan,
Adam kimdi, ay adam?
***
Bir vaxt ağız büzdüyün
Dəlisiydi düzlüyün,
Sinəsini qanadıb,
Qəbrinə gül düzdüyün
Adam kimdi, ay adam?
2019
Daxma
Əllər tutmaz daha əldən
Əllər getdi, demək əldən
Soruş dəlidən, Vəlidən
Bura kimin daxmasıdı?
***
Dən cücərtməz oğru olan
Yurd itirməz oğlu olan,
Yalan olan, doğru olan
Bura kimin daxmasıdı?
***
Divar, divar “qoçaq” divar,
Halallıqdan qaçaq divar,
Süngü divar, bıçaq divar
Bura kimin daxmasıdı?
***
Çətin susar incik adam,
Olanmadım çik-çik adam.
Böyük dərdəm, kiçik adam
Daxmam, könül daxmasıdı
Sorma kimin daxmasıdı?
Deyən söz var səndə…
Kənddən gələnə
Xoş xəbərçi deyil şəhər.
Bir əlçim buludun,
Arxqırağı yarpızın,
Kərəntə ağzının,
Sayğacsız bulağın
Bu şəhərdə nə işi…
Yaxşı, yaxşı fikirləş, kişi…
Cibini bərk tut
Cibgirlər içində
Nə nəvənə noğul pulu qalacaq,
Nə qarıya, mixək, darçın pulu
Ayağını qaçaq qoy, üzüsulu…
Çox mərtəbəli evlərin –
Mərtəbəli dəvətinə dözə biləcəksənmi?
Qapısı gözlüklə açılan
Üzünə yox
əlinə baxan şəhərin…
Axşamı belə qapanır,
Səhəri belə açılır…
İstəsən istəməsən də.
Şəhərdən nə tez qayıtdın
Həmiş baba,
Deyən söz var səndə…
2017
Fevralın qar dənəsi
Fevralın qar dənəsi…
Saçında donar qalar.
Baxışımla əridim…
Birdən ölüb gedərəm,
Saçlarında qar qalar.
2002
Nə sən, nə mən…
Sənsizlik sitəmini
İndi anlamışam mən.
Birlikdə olmağı da
Qovmamışam içimdən.
***
Gözü dolmuş sevdaya
Niyə baxdıq belə kəm.
Kəşf olunmuş adatək
Sevilmək istəmirəm.
***
Güzəştli təbəssümün
Səni də darıxdırır.
Bu da həsrət dalğası…
Yellənir ağır-ağır.
***
Ayrılıq dustağıdı
Çoxdandı görüş yeri.
Nə sən gəlib çıxırsan,
Nə mən dönürəm geri.
2002
Bitməyən nağıllar
Biri var, biri yox, bugünkü nağıl…
Bir zaman nağılda susan biz idik.
İxtiyar var idi göyün əlində,
Nağıl tilsimiydi qəribə cütlük.
***
Payız buluduna bölündü göylər,
Dönmədi sevdamız payız toyuna.
Qəfil qəzaların, qəfil sınağı…
Bilmədik, bizi də çəkdi oyuna.
***
İpək baxışlara tikan toxundu,
Sındı güzgülər də, sındı sular da.
Şirin yuxulara doldu qorxular,
Diksindi qorxudan o arzular da…
***
Nağılda bitmədi nağıl sonu da,
Acılar yaşadım yoxluğun qədər.
Axır ki, bilmədik, bilməcələrdə
Yollar ayrıcına döndü talelər.
2017
Xəfif ayrılıq, xəfif təbəssüm
Görüşdük… Ayrılaq, bu da axırı,
Üz-üzə gəlməyə yoxdu üzümüz.
İndi necə susaq, necə danışaq?
Xəfif təbəssümdə utanmayaq biz.
***
Sındırdı taleyi sınıq gileylər,
Bir də baxıb gördük ömür tükəndi.
Dedi-qodulara ayaq verəndə,
Məğlub xatirələr zəhlətökəndi.
***
Yoxdu bəhanə də, durub söz atıb,
Hərdən keçmişi də bir salaq yada.
Biz ki dava-savaş hökmü deyilik,
Barışıq anları uzaq olsa da.
***
Yollara baxıram, gözlərim dolur,
İçimdə boğulur harayım, ünüm.
Bilmirəm, incikmi, necə getmisən?
Durur aramızda, ara vurmayan –
O xəfif ayrılıq, xəfif təbəssüm…
2016