İnqilab İsak – Şeirler
Nazım AHMETLİ
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
İnqilab İsak
YALAN DANIŞMAZ Kİ
Özgələr yanında sənin nə işin
Görən nə söylər istəyim sənə.
Nədən baxışıma çiyin çəkirsən
Şübhələr oyadır de nəyim sənə?
***
Sözümü danışır dili lal olmuş,
Bəxtimə cavabı ay sual olmuş,
Bu mənəm dünyası halbahal olmuş
Çarə diləmirmi diləyim sənə?
***
Könül oyaq olar səsə düşəndə,
Hicranın ayağı tərsə düşəndə,
Yubanar qismət də bəhsə düşəndə
Nə deyim fələyim, mələyim sənə?
***
Bu sənsən sevdama açılan buta,
Dünya dağılmaz ki, əl-əldən tuta
Gözümü gözündə tikdim sükuta,
Yalan danışmaz ki, ürəyim sənə.
DAĞINTI
Sözümə, fikrimə qəm xətti düşüb
Ha pozdum cücərdi yenə də qəmlə,
Qərib ağrılarım canımdan qaçaq
Ağrılar nəbzimi tutar Vətənlə.
***
Gerçək olmuşammı biləmmədim heç
Xəyal yollarında azdı – bu ömrüm.
Nağıllar nə yaxşı yuxumu qatdı
Yuxusuz dərdləri yazdı – bu ömrüm.
***
Ağlım gəlməyibdi başıma hələ
Nəğməm köklənməyib bir simin üstə.
Mən öz taleyimin dağıntısıyam
Dava qoparıram gör kimin üstə?
NEYLƏYİM
Bir vaxt bu yollardan nazı keçərdi,
İndi qocalığı keçir, neyləyim?
Odlu baxışları məni seçərdi
İndi eynək ilə seçir, neyləyim?
***
Bahardan gələrdi ətri, nəfəsi,
Əlləri üstümə qanadlanardı.
Soyuq bir cığırın tənhalığı da
Dumana düşübdü, düşübdü adı.
***
Saçının rəngini gecə hörərdi
Heyif, boyağını payızdan alıb.
Elə bil, dünyanın acığı tutub
Bütün heyifini bu qızdan alıb.
ZALIM ÜRƏK
(Orxan Vəliyə)
Nə qovğadır, zalım ürək?
Eşq dolu bir cam içində.
Yerin-göyün qorxuları
Rəqs edir bu can içində.
***
Dərindi dərdin gözləri,
Naləsi tütək kimidi.
Ağ vərəqlər bəxt üzünə
Çəkilən örpək kimidi.
***
Nə desən, gələr ağıla,
Huşun sözdən çıxan vaxtı.
Canım qələmə can tikib
Öz evini yıxan vaxtı.
***
Bu ürəklə, bu ağılla
İnanmayın bu dəliyə.
Mən halalca bir dərvişəm,
Qardaşam Orxan Vəliyə.
QƏLƏBƏ
Canı dincələcək bu qorxuların,
Bir gün boşluğuma əli çatacaq.
Mənim ümidlərim gecikən yola,
Mənim ağrılarım əlli çatacaq.
***
Yüz peşman olsa da daha nə fayda,
Qoşunum oyanmaz cəsarət üçün.
Köhlənim bağlansa bir quru ada,
Cıdırım çidarlı ətalət üçün.
***
Bu çək-çevirlərə cavab tap, barı,
Diri gümanlarım suala dönsə.
Yanmaz sevdaların gecə şamları,
Həsrətin gündoğan atəşi sönsə.
***
Ağrımın, acımın nədir qazancı?
Bu gecə pusqulu gözünü oydum.
Açdım qorxuların yarasını da
Yerinə sözümün duzunu qoydum.
QAN
(Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə)
Ölüm – yamyaşıl kədər…
Boz səhra meydanında,
Yerin ana təkində,
Göyün yeddi qatında
Qanın gül açan günü.
Axan qanın mübarək!
Bayraq, bayraq ucalıq!
Ayaq altından çəkib öpdüyün torpaq kimi.
***
Salam, baba ruhuna kişnəyən at nalından,
Cilovunu daraltmaz oyanan səngər yeri.
Qəbrinə diz çökürəm damarımda borclu qan,
Sənə necə oxuyum, bilmirəm, bu şeiri…
SƏBRİM, İNADIM
Kiminə qocayam, kiminə cavan,
Gözlə ürək işi köhnə davadı.
Di gəl, bu dünyanın min oyunu var,
Mənimki sümüyə düşən havadı.
***
Gücüm qaçaq imiş giley-güzardan,
Bəxtə əl açmadım gözüyumulu.
Yavan qismətimə toxam hər zaman,
Fikrimin şahıyam, andımın qulu.
***
Yolu addımbaşı yalana çəkən,
Kürsüyə düşmənəm, qələmə öcəm.
Fikir tumlarını ulduza əkən,
Könül sabahına bağbandı gecəm.
***
Qaranlıq boğuram işıq olunca,
Neyləyim, baharı qış haqlayıbdı.
Zirvə arzularım ucadan, uca
Uçqun qəzasını söz saxlayıbdı.
***
Yenə ümidlərim cənnət soraqlı,
Əzabı tanıyan yola inandım.
Durub ocağımda əliçıraqlı,
Bax, qoca səbrimlə, cavan inadım.
BU LAL BOŞLUQ İÇİNDƏ
Bu lal boşluq içində
Ağlamaq çatmaz dada.
İndi tənha ağacı
Meşə salarmı yada?
***
Ömrə sahiblik edən
Nə sevincdi, nə də qəm.
Özümdən qorxa-qorxa
Özümə çəkilmişəm.
***
Yer, göy dəyişib tamam
İtirib məkanını.
Nağıl yolundan azıb
Hardan tapdım bu anı?
***
Tanımaz məni heç kim
Bu görkəmdə, bu gündə.
Kölgəm yad adam kimi
Dayanıbdı önümdə.
DÖYMƏ, QAPIMI DÖYMƏ...
Döymə, qapımı döymə…
Dərdim səsə oyanar.
Xatirələr – köksü qan…
Ağrılara boyanar.
***
Ömür bir uzanan yol…
Tale könül yolçusu.
Cücərtmədi sevdamı
Arxamca atılan su
Döymə, qapımı döymə…
***
İlğımlara bükülüb
Çəkilmişəm içimdən.
Allah bilir hardayam,
Allah bilir kiməm mən.
***
Bəlkə göz yaşlarımdan
Qanadlanmış buludam.
Yağışıma düşərsən
Çəkil yoldan, ay adam.
Döymə, qapımı döymə…
***
Eh… dərdlər tünlüyündən
Gör ki, hara qaçmışam?!
Mən ki, çoxdan qapımı
Tənhalığa açmışam.
Döymə, qapımı döymə…
ÖPÜB QURTARIB…
Açılıb… örtülüb qapı qurtarıb…
Canında heyi yox bir səs saxlasın.
Bu şəhər bu qızı öpüb qurtarıb
Daha göz yaşı yox töküb ağlasın.
***
Havası bulanıb şehin içində,
Küləyi boğulub mehin içində,
Cavabı gah yoxun, ehin içində
Bir söz də qalmayıb udub ağlasın.
***
Gecəsi gizlənər hey gündüzündən,
Göyü utancaqdı yerin üzündən.
Bu dünya düşübdü daha gözündən
Üzünü bəs kimə tutub ağlasın?
NƏ AYRILIQDI BELƏ…
(Telejurnalist, dostum Qaraş İsmayılın xatirəsinə)
Nə qara-qorxu xəbər
Nə aynlıqdı, Qaraş?
Mən qardaş itirmişdim
Əcəl pusqudan çıxıb
Səni də tapdı, qardaş.
Dur, yalanı güldürüb
Elan eylə efirdən.
Doğra qəhər lentini,
Bu qəfil reportaja
İnandırma bizi sən.
Qızlarının gözündə
Qapanan ekranlara,
Açılmayan səhərə
Nə təhər dözəcəksən?..
Zarafatın ürəktək
Dostları dindirərdi.
Şəhərinə gəlmişəm
Zarafat eylə indi.
Nə qara-qorxu xəbər
Nə ayrılıqdı, Qaraş.
Nolar bir məni eşit,
Nolar mənə qulaq as.
Boşla-boşla sən Allah
Ölümlə zarafatı,
Belə zarafat olmaz.
DÜŞÜNCƏ…
Ən ətirli çiçəyin
Cığırına düşüb qar.
Teleqraf tellərində
Qərib səslər ağlayar…
***
Unudulmuş sevdalar
Həsrətinə boyanıb.
Bir körpə yuxusunda
Köhnə divar oyanıb.
***
İşıq qovan kölgələr,
Təslim olur anbaan.
Gözlər yenə yol çəkir
Təbəssüm qıtlığından.
YENƏ, YENƏ DƏ…
Bu çaş-baş taleyin susdurub səni
Məsum baxışların sualla dolu.
Hayandan baxırsan yollar görünür,
Yollar da tərs kimi – ayrılıq yolu.
***
Nədən düşünürsən belə fikirli,
Adamın külü də odundan çıxır.
O qədər hay-küyə alışmısan ki,
Doğma sükutun da yadından çıxıb.
***
Gedib çəkildiyin o dar komada
Təsəlli umaydın Ay işığından.
Özünə yaraşan ömür biçəydin
Kədərin solmayan yaraşığından.
***
Təəssüf həddinə tez çatır adam
Bir də görürsən ki, zaman barışır.
Güzgülər də yaman yorulur, yaman,
İndi güzgülər də yalan danışır.
***
Çəkilməz dumanlar, səngiməz savaş –
Xatirə qıtlığı sökər yaddaşı.
Yenə də ömürdə… gün ehtiyatı,
Yenə də xilaskar duzlu göz yaşı.
2022
DARIXDIM…
Bu susuz, əlacsız… uçqun yerində,
Nə xoşdu yol yorub o haya çatmaq.
Belə hay-həşirlə ömür yaşanmaz
Barı çoxmu çətin haraya çatmaq?
***
Xəbər də tərs kimi kilidli, bağlı…
Külək də dil-dodaq tərpətməz daha.
Nədəndi barışıq eyləməz həsrət –
Ötən ayrılığa, ötən günaha?
***
Şıltaqlıq sevdası – yer-göy ovsunu
Saat da görüşü çəkir geriyə.
Heç kəs əhvalımı soruşmur, bir bax,
Sözümdən, səsimdən qaçaqsan – deyə.
***
Qınağa tutulmaq, vaxtsız hədələr…
Dost, həmdəm tapılmaz burda sükuta.
Ay da ulduzlara qoşubdu beşik –
Dizinin üstündə yuxulu layla.
***
Günlərim beləcə vaxtı uduzur,
Nahaqca uzanır höcət hecalar.
Qəfil pəncərə aç, işığı yandır –
Darıxdım, darıxsan, görən, nə olar?..
2022
DÜNYADAN QORUNMAĞA
Sən hələ güzgülərə inanırsan, əzizim,
Nazını daraq-daraq çəkirsən tellərinə.
Mənsə soyuq qış günü soba kənarındayam,
Düşünürəm əlcəksiz, işıqlı əllərini…
***
İkimiz də duyğular, əfsanələr adamı
İndi bizi aldadır xəfif əsən külək də.
Xəyalında hələ də çiçəkləri tutmusan
Hünərə bax, hələ də bahar gülür biləkdə.
***
Baxışının qıyqacı nəzəri də çox gözəl
O məni unudanda, tapmayanda olur lal.
Hələ ki, gizlin deyil, dərdim aşkardı, aşkar –
Gözlərin gözlərimdə cavab axtaran sual.
***
Ümidlə ovunmağın axır ki, çatdı həddi
Həsrətdə dava qurur, ayrılıqla əlbəəl…
Yoxsa görüş yerində saatsızdı gecələr –
Qorxuram ki, deyəsən, harda qaldı bu əfəl?
***
Ocaqdakı çırtaçırt, deyən, döyür özünü,
Burdan özgə yermi var, bu birliyi qurmağa?
Belə getsə çar-naçar, daha əldən düşərik –
Son əlac – könlümüzdü, qorxudan qorunmağa…
2022
NƏ OLSUN…
Dili dinc… əlləri iti adamlar
Bir də görürsən ki, itir adamlar…
Gedib bir baxışda bitir adamlar –
Sükutu özündən, sözündən fağır…
***
Harayı içində, hayı içində
Damlası, dəryası, çayı içində
Bənzəri, oxşarı, tayı içində
Sükutu özündən, sözündən fağır…
***
Dinib dincəlməz ki, nəzir-duası
Bir dərviş misallı… gəzir duası.
Dəysə də daşlara, bəzən duası
Sükutu özündən, sözündən fağır…
***
Bu da ürəyinin şəkili, əksi
Güldü, kəpənəkdi adam çəkisi
Di gəl, bu adamla adam çəkişir
Nə olsun, sükutu özündən fağır?
2022
TALEYİM…
Sözün də söz tutan vədəsi ötdü…
Alınır, allanır, yanaqlar indi.
Təzə-tər anlarım xəzan yelində –
Yaman hay-küydədi yamaqlar indi…
***
Gözə kül üfürən közün əlacı
Nəfəsi qaralmış ocaq daşında.
Bacamı tüstülü tale ovurmuş –
Kəlmə savaşında, söz savaşında.
***
İnadım asanca düşməz kilidə
Kölgəm də yan ötər bağlı qapıdan…
Soyuq günlərimin hirsi, qınağı,
Keçirər kölgəmi yeddi qatından…
***
Daha sağ əlim də soluna ögey
Bir can təkliyində – ayrı adamlar.
İçinin güzgüsü, haqqı sınanda…
Vurhavur bəzəyir bayrı adamlar.
***
Gör necə haldayam, gör necə gündə…
Əzaba, sevincə könül xətriyəm…
Toxunsan, incitsən, qanım tökülər
Mən öz taleyimin yanlış xəttiyəm…
2022