Genel

İlk…və son məğlubiyyət – Səyyad ARAN

Səyyad ARAN

İlk…və son məğlubiyyət

                 povest  

       Bu yerlərə hələ heç bir bəni-insan ayağı dəyməmişdi…

                                      ***

       Uzanıb gedən Böyük vadi Böyük çayın şimal-qərbində, dünya bina olandan bəri necə yaranmışdısa, elə həminki yerindəydi.

      Lap uzaqlarda başı qarlı, şiş uclu, bəyaz yaylıqlı, qara yelənli dağlar görünürdü… “Qara yelənlər” günəşin qarını, buzunu əritdiyi qayaların iti və dərin çapıqları idi. Qayaların maili səthi günəşin ilk şüalarını görüncə əriməyə başlayırdı. Hamar və yastı yerlərdə qar qalın olduğundan o qədər də bərkimiş qarı əritməyə gücü çatmırdı. Ona görə də qayalar uzaqdan baxanda ağappaq fonda qara yelənli ağ kəlağayı kimi görünürdü.

      Ucsuz-bucaqsız Böyük vadi düz o dağlara qədər uzanıb gedirdi. Hər səhər açılanda ehtiramla onun ayaqlarına sərilir, minnətdarlıqla baş əyirdi. Dağları özünün ən qüdrətli dayağı, həm də arxası hesab edirdi. Məhz onun sayəsində tufana, ildırıma, selə, qara, yağışa dözürdü. Məhz onun sayəsində yaz vaxtı dağlardakı qarlar, buzlaqlar əriyərək xırda çaylar vasitəsilə vadiyə axırdı. Köhnə arxlar, nohurlar xoşbəxtlikdən aşıb-daşırdı. Qupquru qurumuş torpaqlar, sapsarı saralmış düzlər, cadar-cadar olmuş kömbə təpələr sulara qərq olurdu, doyunca içib özlərinə gəlir, yenidən dirilirdilər. Çox keçmirdi, hər tərəf gülə-çiçəyə qərq olur, meşələr, yamaclar, çəmənliklər dərindən nəfəs alıb yeni həyata başlayırdılar.

       Bir sözlə, Böyük vadinin şükranlığı dilə-ağıza sığmırdı. Dağlar da onun səssiz dualarını unutqan olmadığını, qədirbilənliyini hər zaman hörmətlə qəbul edirdi. “Gözüm üstündədir. Nə qədər ki, mən varam, arxayın ol!” – deyirdi.

      Böyük vadi vəcddən şirin-şirin gülümsəyirdi. Çox xoşbəxt idi. Kimin belə arxası, dayağı vardı?.. Belə bir gücün himayəsində yaşamağa nə vardı ki…

         Qış vaxtı o tərəfdən sərt küləklər əsirdi, özüylə buz kimi soyuq gətirirdi. Bu həmin dağların təpəsindəki neçə vaxtdan bəri üst-üstə yağdığından qalıb-qalıb qurd salmış qar topalarından, buzlaqlardan gəlirdi. Hər yer qırov bağlayırdı. Dəhşətli şaxtalar olurdu. Xırda kolluqların, qurumuş yulğunların nazik qanadlarının ucunda muncuq kimi bəmbərk buz dənələri işıldayırdı. Amma günorta havanın nə qədər soyuq olmasına baxmayaraq, günəşin ilk şəfəqlərini görüncə, həmin dənəciklər əriyib damcı-damcı çayırlığa düşürdü. Həşəratlar, cücülər, böcəklər, xırda ilanlar ağızlarını həmin damcıların altına tuturdular, soyuq olsa da, ləzzətlə udurdular.

        Vadidə şaxta erkən səhər daha sərt olurdu. Kiçik bir küləkdən vəhşi heyvanlar elə büzüşürdülər ki, böyük siçovullara oxşayırdılar. Amma uzun müddət dözüb durur, səbirlə gözləyir, dörd bir tərəfə marıtdamaqlarından qalmırdılar… Bəlkə qismətlərinə bir ov düşdü?..

       Xırda məməlilər havanın üzü dönən kimi qaçıb yuvalarına doluşurdular. İsti, rahat yuvalarında daha təhlükəsiz və sərbəst olurdular. Aclıq və soyuq vaxtı siçovullar, gəmiricilər, digər dişə dəyən həşəratlar özlərindən güclü heyvanlara yem olmaqdan çox ehtiyatlanırdılar. Ac yırtıcılar onları görsəydilər, sağ buraxmazdılar. Belə olan halda onların şaxtalı havada bayırda nə işləri vardı?

     Ətraf yırtıcılarla doludur. Ondansa qoy elə ac ölsünlər, amma kiminsə pəncəsində can verməsinlər…

       Yay aylarında isə hərdənbir sərin, ləzzətli meh əsərdi. Otlaqlar, çəmənliklər, cürbəcür çiçəklər nazla yellənərdilər. Və bunu də sövq-təbii o dağların başındakı qardan görərdilər. Bu, şəksiz idi! Həşəratlar, gəmiricilər, cücülər xoşhallıqla çəmənliyə, balaca, kömbə təpələrə sərilirdilər. Amma bu ləzzət tez-tez olmurdu. Od-alov hər yeri qarsır, yandırıcı şüalar çöl-çəməni kül edirdi. İstinin şiddətindən həmin sərin meh çox zaman təpələrə gəlib çatmırdı, yarıyolda buxarlanırdı. Ona görə də bir çox hallarda adicə hava udmaq belə müsibətə çevrilirdi.

      Yay ən çox ilanlara, kərtənkələlərə, koramallara sərf edirdi. Ən xoşbəxt günlərini yaşayırdılar. Od tutub yanan təpəliklərdə, düzənliklərdə belədən-eləyə, elədən-beləyə şütüyərək kef çəkirdilər. Bircə qorxuları itidimdik qartallardan idi. Yırtıcı quşlar göylərdə xoşbəxtcəsinə süzürdülər, intəhasız səma onların şəriksiz və sahilsiz vətəni idi. İlanların heç bir qorxu hiss etmədikləri çöllü-biyabanda qartallar, qırğılar onları bir neçə kilometrdən görür, açıqlığa çıxmalarını güdürdülər. Qəfildən sürətlə şığıyaraq təkcə sürünənləri yox, körpə ceyran, cüyür, dağ kəllərinin, vəhşi donuzların balalarını da caynaqlarına keçirib havaya qalxır, hündürdən sərt qayalara çırparaq parçalanmış tikələrini dimdikləyib yeyirdilər. Torpağın üzərində cürbəcür sürünən və gəzən nə vardısa, qartalların girinə keçməkdən ehtiyatlanırdılar, çünki müqavimət göstərməkdə aciz idilər. Gücləri çatmırdı…

                                             ***

       Bu Böyük vadinin hökmdarı Qoca Şir və ailəsi idi. Bütün vəhşi heyvanlar gözlərini açıb onları başlarının üstündə görmüşdülər. Ucu-bucağı bilinməyən bu çöllükdə hələ Qoca Şirin qabağına çıxan olmamışdı. Əvvəlki çevikliyi, gücü qalmamışdısa da, əzəməti, zəhmi yerindəydi. Həmişəki kimi yenə ondan qorxur, çəkinirdilər.

        Azıb gələn bütün məməlilər onun halal malı idi. Heç kimə fürsəti qapdırmazdı. Ondan başqa da yırtıcı heyvanlar çox idi. Amma nə sirr idisə, belə ovlar ilk əvvəl həmişə onun nəsibi olurdu. Neçə vaxt idi ki, vadidə yaşayan yırtıcılardan tutmuş, xırda heyvanlara qədər hamısı öz taleyinə boyun əyib dinməzcə günlərini yola verirdilər. Nə onun ərazisinə girmək olurdu, nə də qismətinə tamah salmaq.

      Qoca Şir və arvadı xeyli vaxt idi ki, öz məmləkətlərində arın-arxayın  yaşayırdılar. Balaları onları çoxdan atıb getmişdilər. Buna səbəb atalarının hüdudsuz hökmranlığı idi. Ov zamanı heç biri atalarından əvvəl nəsə qapışdıra bilməzdi. Ata payını götürüb uzaqlaşandan sonra o zaman yerdə qalan qənimətə yaxınlaşardılar. Anaları ilə birlikdə hərəsi bir tərəfdən leşə cumardılar.

      Zaman keçdikcə böyüyərək özlərini güclü hiss etdikdən sonra bəzi hallarda ataları ilə öcəşərdilər, amma onun ağır pəncələrinə tab gətirməyərək fınxırıb geri dönərdilər. Bu zaman qəzəbləri yeri-göyü yaxardı. Məcbur qalıb özlərini sakitləşdirməkdən ötrü bir-birilə boğuşardılar. Yorulub əldən düşəndən sonra hərəsi bir tərəfdə uzanıb atalarının ovu necə ram etməsinə baxardılar. Doğrudan da, görüb götürməli çox şey vardı.

         Qoca Şirin hakimiyyəti çox qüdrətli idi. Onu sarsıtmaq mümkün deyildi. Cəngəlliyin bütün vəhşi heyvanları gücündən asılı olmayaraq bunu yaxşı anlayırdılar. Onlar bu hakimiyyəti əbədilik sanırdılar.

     Övladları isə atalarının qocalmasını, gücünün azalmasını, öləcəyini ya anlaya bilmirdilər, ya da təsəvvür etmirdilər. Ya dözmək, ya da onun ölümünü gözləmək qalırdı. Ətrafda xeyli canavar, vəhşi donuz, iribuynuz kəl, başqa güclü heyvanlar vardı, lakin hamısı açıq-aşkar Qoca Şirdən yan gəzirdilər. Heç kim onun qəzəbinə düçar olmaq istəmirdi. Hamı bacardığı qədər ondan uzaq dolanardı. Xeyli aralıda – cəngəlliklərin lap kənarlarında gəzib qarşılarına çıxan qismətlərini ovlar, birtəhər ötüşər, keçinərdilər. Bu zaman Qoca Şirin həm qəfil həmləsindən, həm də qismətlərinin əllərindən alınması qorxusundan narahat olmazdılar. Hökmdar qan iyini duyub gəlincə onlar işlərini bitirib, yeyib, doyub, sıx kolluqların dibində sərələnib ləzzətlə eşələnəcəkdilər. Qoca Şir uzaqbaşı sür-sümüklə qarşılaşa bilərdi. Bu zaman əgər ac olardısa, onun qəzəbli bağırtısı vadiyə yayılar, zəif heyvanlar əsim-əsim əsərdilər. Hamı başını soxmağa bir kol, deşik axtarar, uzun müddət gizləndikləri yerdən çıxmazdılar. Yoxsa Qoca Şir acığını gözünə görünən hər hansı bir heyvandan – qaçıb harada gizlənməsindən asılı olmayaraq, yerin deşiyindən də olsa, tapıb çıxarar, qüvvətli pəncələrinin altında məhv edərdi.

     “Aman Allah! Bizdən uzaq elə!”

      Çaqqallar, tülkülər, iri siçovullar Qoca Şir uzaqlaşana qədər bir neçə dəfə o dünyanı görüb gələrdilər.

       Vadidəkilər Qoca Şirin övladlarından da çəkinirdilər. Həm valideynlərinə, həm də yaranışdan güclü və ürəkli olduqlarına görə onların da heç bir qorxu-hürküləri yox idi. Bir şey kələklərini kəsirdi: sərbəst olmaq, azad gəzib-dolaşmaq istəyirdilər, başlarının üstündə başqa güc olmasını istəmirdilər. Nə vaxt idi ki, uzaqlarda görünən şiş uclu, zirvəsi qarlı dağlar onları ahənruba kimi çəkirdi. Yəqin, o dağların ətəkləri ovla dolu olardı. Həm də o yerlər o qədər geniş və ucsuz-bucaqsız görünürdü ki, özlərini saxlaya bilmirdilər. Daim o yerlərin həsrəti ilə alışıb-yanırdılar. Amma birdən-birə hər şeyi atıb getməyə cəsarət etmirdilər. Hiss edirdilər ki, hələ tezdir. Belə erkən çıxıb gedə bilməzlər. Sümükləri tam bərkiməyib, ov bacarıqları, təcrübələri azdır. Bu yaxınlarda maralla olan hadisə yadlarından çıxmamışdı, onlara həmişəlik dərs olmuşdu. Bəli, hələ atalarından nə qədər öyrənməli şeylər var idi.

                             ***

    …Səbr daşı yazağzı çatladı. Növbəti ov zamanı hardansa azıb gəlmiş iri bir maral Qoca Şirə urcah olmuşdu. Onun iyini iki-üç gün bundan irəli duymuşdu. Get-gedə yaxınlaşan qoxu Qoca Şiri məst etmişdi. İndidən ləzzətdən bayılırdı. Günbəgün ov daha da yaxınlaşırdı. Bilirdi ki, tələskənlik neçə gündən bəri güddüyü işi bada verər. Gözləmək çətin olsa da, Qoca Şir səbrlə dözürdü. Ana Şir də, övladları da neçə gündü ac idilər. Bir az keçəndən sonra qoxunu artıq ana da, övladları da duydular. Amma heç kim Qoca Şirdən izinsiz hərəkət edə bilməzdi. Bir neçə fərsəx irəli qaçıb ovu hürkütsəydilər, o qaçıb uzaqlara gedərdi və ailə uzun müddət ac qalardı. Ataları bunu onlara bağışlamazdı.

      Maral artıq göz hədəfində olanda Qoca Şir sıya-sıya ona tərəf getməyə başladı. O qədər sakit və səssiz yeriyirdi ki, yarpaqlar belə tərpənmirdi. Ana Şir və övladları da onun ardınca ehtiyatla sürünməyə başladılar. Ehtiyatsız və arxayın Maral otlaya-otlaya artıq onların hədəfindəydi. Ağlına heç nə gəlmirdi. Qəniminin bu yiyəsiz vadidə olacağını güman etmirdi. Maral şiş uclu dağların o tayından gəlmişdi. Oralarda yırtıcı heyvan çox idi. O, böyük bir sürünün başçısı idi. Dağların o üzündə də onları sakit və rahat yaşamağa qoymurdular. Daim yırtıcı heyvanların hücumuna məruz qalırdılar. Belə hücumların birində o, canını güclə götürüb qaçmışdı. Sürüsü pərən-pərən düşdüyündən heç birinin aqibətindən xəbər tuta bilməmişdi. Yəqin ki, hamısı yırtıcıların yemi olmuşdu. Qarşı tərəfdəki sakitliyi və genişliyi görüb bura üz tutmuşdu. Həm də Vadidə sıx meşələr yox idi. Burada kolluqlar, xırda ağaclar, hamar ərazilər daha çox olduğundan hərəkət etmək sərbəst, yüngül idi.

        Qənimləri həm də iri buynuzları idi. Maralların şaxələnmiş buynuzları nəhəng ağacların payız vaxtı yarpaqları tökülmüş budaqlarına oxşayırdı. Pələnglər, şirlər qəfil onları yaxalayanda buynuzları ağacların budaqlarına ilişib ləngidir, çarəsiz heyvanları vaxtında qaçıb canlarını qurtarmağa qoymur, nəticədə heç nədən yırtıcılara yem olurdular. Ona görə də o yerlərdən son zamanlarda uzaqlaşmağa çalışırdılar. Bu aralarda budaqları böyük, sıx ağaclıqlar yox idi. Uzanıb gedən yaylalar, çəmənliklər, yaşıl kolluqlar, kömbə təpələrin üstündə cürbəcür çiçəklər, güllər var idi ki, bu da iri buynuzlu marallara sərf edirdi. Rahat otlaya bilirdilər, bolluq ürəklərincə idi.

        Vadidə quşlar daha çox olurdu. Yay aylarında bura dünyanın hər tərəfindən dəstə-dəstə saysız-hesabsız köçəri quşlar gəlirdi. Kömbə təpələrin üstünə o qədər rəngarəng quşlar qonurdular ki, uzaqdan baxanda nəhəng gül topaları kimi görünürdülər.

          Belə baxanda bu yerlər çox təhlükəsiz, asudə, yaşamaq üçün olduqca rahat məkan təsiri bağışlayırdı.

        Quşların xoşbəxt nəğmələri çoxlarını aldadırdı. Hər şey bu yerlərin azad və arxayın məmləkət olduğuna dəlalət edirdi.

Maral otların arasından Qoca Şiri bütün zəhmi ilə görəndə yerindəcə donub qaldı.  Nə illah elədi, tərpənə bilmədi. Maral məhz bu heyvanın əlindən uzaq-uzaq yollar yorub gəlib bura çıxmışdı. Nədənsə, əmin idi ki, məhz burada asudə, sakit yaşaya bilər, bol sulardan, şirəli çəmənlərdən, ağacların yarpaqlarından doyunca yeyib ömrünü qorxusuz-hürküsüz başa vurar. Axı kənardan bu tərəflər çox sakit və təhlükəsiz görünürdü.

        Bu da xəyalında bəslədiyi sakit məkan…

        Qoca Şir elə ilk sıçrayışdan bir həmlədə tir-tir titrəyən heyvanın boğazından yapışdı. Dişlərini onun xirtdəyinə keçirtdi. Təcrübəsiz bala şirlər ataları kimi marala tərəf cumanda onun buynuzlarına ilişib yaralandılar. Qoca Şir ustalıqla buynuzlardan yayınırdı. Ana Şir də ehtiyatlı idi. Hələlik Maraldan yan gəzirdi, nəfəsinin kəsilməsini gözləyirdi. Bir azdan onun ən dadlı yerindən iri bir tikə qoparıb neçə günlük aclığını unudacaqdı.

        Maral son dəfə xırıldayıb böyrü üstə yıxıldı. Xilas ola bilməyəcəyini anladı. Son bir fürsət gözləyirdi. Zəif də olsa, müqavimət göstərirdi, hələ canı çıxmamışdı. Bu dəmir kimi məngənədən azca qurtulsaydı…

        Bu zaman bala şirlər ölməkdə olan marala soxuldular. Bədəninə soxulan iti dişlərdən ölümünün qaçılmaz olduğunu duyan Maral son dəfə var gücü ilə çırpınıb  xırtdəyini Qoca Şirin kəsici dişlərindən qopardı. Boğazının neçə yerindən qan fışqırdı. Amma arada fürsət tapıb buynuzu ilə Şirin qarnından nazik bir şırım açdı. Qoca Şir kənara sıçradı. Balaları da vahimə içində uzaqlaşıb gözləməyə başladılar.

         Şirlə Maralın süpürləşməsindən çayır ovum-ovum ovulmuşdu. Maral son dəfə nərildəyib titrədi, beli üstə düşdü, ayaqlarını bir-iki dəfə qaldırıb endirdi, buynuzları torpağa girdiyindən eləcənə arxası üstə qaldı, getdikcə daha çox boğulmağa və xırıldamağa başladı. Bala şirlər onun can verməsinə sevinclə, iştahla baxırdılar. Böyük bir dairədə torpaq, çayır, qan, gicitkən, qanqal, cürbəcür yabanı otlar əzilib bir-birinə qarışmışdı. Bütün bunlar qanla qarışaraq Maralın başının və kürəyinin altında palçıqlaşmışdı. Nəhayət, Maral son nəfəsini verib süst qaldı…

         Atalarından əvvəl balaları cəsədə hücum çəkdilər. Qoca Şirin qarnının altını Maralın buynuzu əməllicə çərtmişdi, qanı axırdı. Bayaq övladlarının tələsik hücumu Marala son anında sanki əlavə güc vermişdi. Maral ümidlənmişdi ki, bəlkə xilas oldu? Amma yox, xeyli qan itirdiyindən qüvvəsi qalmamışdı. Boğulurdu. Nəfəs aldıqca qan boğazından daha sürətlə fışqırırdı, getdikcə taqəti azalırdı, gözləri yumulurdu…

       O zaman Qoca Şir canını güclə qurtarmışdı. Həlak da ola bilərdi. İndi də balalarının ölmüş Marala atalarından qabaq girişmələri onu qəzəbləndirdi. Hirslə onların üstünə cumdu. Anaları qarışıq hərəsi bir tərəfə itdi.

        Maralın düz göbəyindən ağzını atdı. Qanı ləzzətlə sümürdü. Sonra bağırsaqlarını sökdü. Yavaş-yavaş fınxıra-fınxıra Maralın budlarına girişdi. Doyandan sonra yovşanlığa girdi. Qarnını təzə-tər yovşanlara sürtüb yaralarına məlhəm qoydu. Ağrıları azaldı. Atasından, babasından, nəsildən gələn ənənə idi, yaralarını bu cür sağaltmağı onlardan öyrənmişdi. Ağrılarının yüngülləşdiyini hiss edib iri yulğun ağacının altına sarı getdi. Yavaş, ləng addımlarla yeriyirdi. Çox yediyi, tamam doyduğu gendən bilinirdi.  Uzandı…

                  ***

          Axşam yuvalarına qayıdarkən günorta baş verən hadisə Qoca Şirin yadına düşdü. Balaları şad, saymazyana, laqeyd halda heç nə olmamış kimi oynaqlaşa-oynaqlaşa analarının ardınca gəlirdilər. Hamının kefi yerindəydi. Hamı günorta baş verənləri unutmuşdu.

          Amma Böyük vadinin hökmdarı heç nəyi unutmamışdı. Övladlarının bayaqkı səhvi az qala onun ölümü ilə nəticələnə bilərdi. Dərslərini birdəfəlik vermək lazım idi. Qəzəblə onların üzərinə şığıdı. Çatan kimi hərəsinə bir pəmpə vurdu. Balalar – hərə bir tərəfə yıxıldı. Atalarının növbəti zərbələrindən yayınmaq üçün özlərinə gəlib əks istiqamətlərə qaçdılar. Ata hansının üstünə gedib axıra qədər cəzalandırmaq üçün xeyli fikrləşdi… Ona qədər balaları daha da uzaqlaşdılar…

        Axşam düşürdü. Çayırın üstündə Qoca Şirlə arvadı – hər ikisi o yan-bu yana ağnayırdı. Toxluqdan idi. Onlara başqa nə lazım idi ki…

          Hava qaralanda birdən hər ikisi övladlarını xatırladılar. Ana Şir yaxınlıqdakı kömbə təpələrdən birinin üstünə çıxıb gözü seçdiyi qədər Böyük vadini seyr etdi… Heç nə görmədi. Daha doğrusu, görmək istədiyini görə bilmədi. Qəmli halda təpədən düşdü. Ərinə tərəf baxmayıb yulğun kolunun o biri tərəfinə keçdi…

       Valideynlərin hər ikisi başa düşdülər ki, övladları onları həmişəlik tərk etdilər. Qəzəbi soyumayan Qoca Şir heç vecinə də almadı. Ananın açıq-aşkar kədərləndiyi aydın görünürdü, lakin heç nə deyə bilmədi.

Qoca Şir gecə düşəndə yuvasına girib mırıldaya-mırıldaya yerinə uzandı. Nəyə görəsə yatdığı yeri, divarı acıqlı-acıqlı cırmaqladı. Nəyinsə qarasına nərə çəkdi. Yuvasından kənarda da eşidildi.

     Ana da yerinə keçib qüssə içində bir küncdə başını qoyub fikrə getdi. Kürəyini Qoca Şirə çevirmişdi. Yuvaya ağır bir sükut çökmüşdü.

                                       ***

        Günlər əvvəlkilər kimi bir-birinin ucuna calanıb gedirdi. Hər şey əvvəlki kimiydi. Heç nə dəyişməmişdi. Amma Qoca Şir son günlər hansı səbəbdənsə narahatlıq keçirirdi. Onu qəzəbləndirən, meydanına girən yox idi. Bəs niyə ən xırda şeyə belə əsəbiləşirdi? Onun son günlər acıqlı olduğunu, fınxırıb qabağına keçənin üstünə cumduğunu tez-tez görürdülər. Birtəhər canlarını qurtarıb qaçıb gedirdilər. Ancaq…

          Axı nə olmuşdu?..

         Bəzən elə olur ki, durduğun yerdə yaxınlarda baş verəcək qorxunu, faciəni, fəlakəti duyursan. Hər şey qaydasındadır, yenə də səhər gün çıxır, axşam qaranlıq çökür. Səhəri yenə də. O birisi gün də eynilə təkrar olur. Sanki hər şey əvvəlki kimidir. Heç nə baş verə bilməz. İndiyə qədər nə olub ki, hansısa dəyişiklik, nizamsızlıq baş versin? Amma bəzən hansısa təhlükəni, qorxunu da duyursan, görmədən belə hiss edirsən. Beləliklə, həyəcan başlayır, narahatlıq artır. Və arzu etmədiyinlə qəfil üz-üzə gəlirsən. Heyrətlə düşünürsən: bu necə oldu?

          Payızın sərin günlərindən birində günün günorta vaxtı sanki şimşək çaxdı. Heybətli bir nərilti Böyük vadini yumşaq otundan tutmuş, iri ağacınacan təpədən dırnağa silkələdi. İribuynuzlu vəhşi öküzlərdən tutmuş, balaca, qara qarışqalara qədər bütün heyvanların qorxudan bağrı çatladı. Onlar hələ belə bir səs eşitməmişdilər. Bu səsdəki güc, qüdrət heybətli və dəhşətli idi. Qoca Şirin nəriltisi onun yanında çox zəif səslənirdi. Bu nə idi? Onların məmləkətinə yeni hökmdar gəlirdi? Onların ki, hökmdarı var axı? Yenisini istəmirlər.

         Ancaq deyəsən, o səs yiyəsi Böyük vadidəkilərin onun haqqında nə düşündüklərini heç vecinə almırdı. Bu hesabla yaxın vaxtlarda yəqin ki, tezliklə özünü büruzə verəcəkdi. Nəriltisi ucu şiş, qarlı dağların bəri üzündən gəlirdi – Böyük Vadinin yuxarısından. Düzdü, bura gəlib çatanacan bir xeyli dərə-təpə aşmaq lazım gələcəkdi. İndilikdə isə hamıya gözləmək qalırdı. Nə qədər kolluqları, gicitkənləri, tikanları, iynədən bətər qanqallığı aşmaq vaxt və hünər tələb edəcəkdi…

         Əlbəttə, səsi Qoca Şir də eşitdi. Hamıdan yaxşı da səsin yiyəsini və gücünü o anladı. Çətinliyə düşəndə həmişə arvadına baxıb ondan kömək, yardım, məsləhət alırdı. Bu dəfə ona baxa bilmədi. Arvadı da səsin yiyəsini fəhm etmişdi…   

         Yaxınlaşan təhlükə qapının ağzındaydı. Ölüm-dirim döyüşü an məsələsi idi.

                                    ***

       Adi günlərdən biriydi. Yenə hər şey əvvəlki kimiydi, son baharın sərin günləri get-gedə soyuyurdu. Ağacların yarpaqları töküldüyündən ətraf açıqlıq idi. Bir xeyli məsafədən kimin gəlib keçdiyini, hara getdiyini görmək çox asan idi. İndi daha kolun-kosun altında, arxasında, böyründə-başında gizlənmək mümkün deyildi.

        Qoca Şir yuvasının ağzında gərnəşib ətrafa baxırdı. Meşə sakinlərinin hər biri öz işinin ardınca vadinin müxtəlif künc-bucaqlarına girib-çıxırdılar. Tülkülər, çaqqallar burunlarını qurumuş kol-kosa soxur, iyləyir, bir şey tapa bilməyib mırıldayırdılar. Qarışqalar onların ayaqları altında qalsalar da, sıx otlar vadinin bu zəif varlıqlarını əzilməyə, ölməyə qoymurdu. Bir an hərəkətsiz qalandan sonra özlərinə gəlib, yenidən məqsədlərinin ardınca gedirdilər.  Onun mülayim tövrünü görən heyvanlar hürkmürdülər. “Şükür Allaha! Gün hayannan çıxıb ki, hökmdar belə xoşqılıqdır”.

       Qoca Şiri gərnəşməkdən və laqeyd görkəmindən iki tülkünün qəfil özlərini kolluqların arasına vurub yox olmaqları ayırdı. “Nooldu belə?”.

       Daha bir neçə canlı da vahimə içində ortalıqda vurnuxurdu. Hara gedəcəklərini bilmirdilər, çaşıb qalmışdılar…

       O idi!

          Bir neçə gün bundan qabaq vadini titrədən səsin yiyəsi…

      Yadelli güc bütün varlığı ilə meydan oxuyurdu. Cavan idi, görkəmindən qüdrət yağırdı. Özünü göstərmək üçün alışıb-yanırdı. Bir neçə gün idi vadini gəzib-dolaşırdı, amma qabağına çıxan olmamışdı. Belə bol və geniş ərazinin yiyəsiz olmayacağını bilirdi. Bəs hanı sahibi-ixtiyar? Aha, o burada imiş…

       Bir an belə tərəddüd eləmədən Qoca Şirin üzərinə şığıdı. Amansız döyüş başladı…

       Bir tərəf illərdən bəri sürdürdüyü hakimiyyəti əldən verməmək, digər tərəf isə öz hakimiyyətini qurmaq üçün ölümə belə hazır idi. Əslində, başqa yol da yox idi. Böyük vadi ikisindən birinin olmalıydı.  Yad qonaq Şirin bədənindən harası gəldi şırım çəkirdi. Müqavimət göstərmək mümkün deyildi. Bu nə qarşısı alınmaz güc idi. Hardan gəlib çıxdı bu lənətə gəlmiş…

       Cavan Şir ağır və qüdrətli pəmpələri ilə Qoca Şiri taqətdən salırdı. Onu süpürləyib altına basır, dişləyir, iti və qüdrətli caynaqları ilə cırmaqlayırdı. Qoca Şir, əslində, müdafiə olunurdu, hücum etmək üçün onun kimi çevik, qıvraq, cəld deyildi. Cavan Şir civə kimi oyur-oyur oynayırdı. Onun bədəninin harasındansa dişləmək, boynundan yapışmaq mümkün deyildi. Rəqibinin fikrini sanki əvvəlcədən bilirmiş kimi onun ağız atdığı istiqamətlərdən məharətlə yayınırdı. Qoca Şirin hər dəfə fəndi puç olur, əziyyəti hədər gedir, həmlələri boşa çıxırdı. Bəzi hallarda meydanda yayındırıcı hərəkətlər edir, nəfəs dərmək, güc toplamaq üçün sağa-sola fırlanırdı. Özünü toparlamağa, uğurlu bir fənd işlədib işi bitirməyə müvəffəq ola bilmirdi. Nəticədə gücü daha da azalır, halsızlaşır, tövşüyürdü. Bir sözlə, qarşısındakı gücün öhdəsindən gələ bilmirdi.

        Arvadı da qıraqda durub baxırdı. Kömək etmək istəyirdi. Arada bir-iki dəfə nərə çəkib yüngülvari dövrə vurdu. Cavan Şir rəqibini buraxıb onun üstünə necə qəzəblə cumdusa, özünü güclə yulğunluğa soxdu.

      Cavan Şir yenidən meydana qayıtdı. Nə olur-olsun, qalibiyyətini elan etməliydi. Son qüvvətli zərbə ilə Qoca Şiri diz çökdürməliydi.

     Birdən ox kimi süzüb pəncələri ilə onun əllərini havada tutub, dişlərini boynuna keçirtdi. Onun bu fəndgirliyini Qoca Şir gözləmirdi. Bu necə oldu?..

        Uzun bir süpürləşmə başladı. Qoca Şir canını onun dişlərindən qurtarmağa cəhd edir, Cavan Şir isə var gücü ilə daha bərk sıxmağa çalışırdı.

       Qoca Şir qarşısındakı gücü dərk edirdi. Cavan Şirin əzəməti və qüdrəti göz önündəydi!

      Onun məğlubiyyətini, biabırcasına uduzmağını hamı görürdü. Ətrafındakı heyvanlar ona heyrətlə, təəssüflə, bəziləri də açıq nifrətlə, qəzəblə baxırdı. Onların artıq yeni başçıları vardı. Bu gündən onun hakimiyyəti altında yaşayacaqdılar. Görəsən, yeni hökmdar onlarla necə rəftar edəcəkdi? Qoca Şirdən həlim, mülayim olacaqdı, yoxsa daha qəddar, əzazil? Baxışlardakı cürbəcür ifadələr həmin nigaranlığın nəticəsi idi. Bir az irəli gedərək deyək ki, sevinənlər tələsmişdilər…

      Qoca Şir illərlə hökmdarlıq etdiyi məmləkətdə daha qala bilməzdi. Cavan Şir dik duruşu, qalibiyyət əzmiylə hamıya meydan oxuyurdu – indicə məğlub etdiyi əski hökmdara da. Bunu artıq hamı yəqinlədi. Duruşu: – “İstəyirsən, bir də çıx meydana, səni parça-parça edim, arvadının gözü qarşısında sonunu gətirim!” – deyirdi.

        Qoca Şir bunu çox yaxşı başa düşürdü. Bayaq Cavan şir fəndgirləyib onun boynunu dişləri arasında sıxanda çənəsinin məngənəsindən var gücüylə nərə çəkərək son anda xilas oldu. Elə bildi, bəbəkləri töküldü. Bir anda dünya gözlərində zülmətə qərq oldu. Başı bədənindən üzülmüş kimi yerdə xeyli çapaladı. Ona nifrət edənlərin də ürəyi ağrıdı. Sarsıdıcı zərbə idi. Vadinin heyvanlarının adət etmədikləri mənzərə olduğundan, baxmaq onlar üçün də olduqca ağır idi. Hər biri gələcək taleləri ilə bağlı ciddi əndişəyə düşdü.

         Qoca Şirin boynu dəhşətli dərəcədə zoqquldayırdı. Qan dayanmadan axırdı. Hələlik sıx tükləri qanı udurdu, görünməz edirdi, ağrıdan boynunu sağa-sola döndərəndə tüklərin dibiylə axan qan izləri baxanları titrədirdi. Davam gətirə bilməyəcəyini duyub gerilədi. Yenidən hücuma keçməyə cəsarət eləmədi. Ona görə də başını aşağı sallayıb ağır-ağır döyüş meydanından kənara çəkildi…

        Həmişə meydan suladığı, bu gün isə ilk dəfə məğlub olduğu meydandan…

          Son vaxtlar ağırlaşdığını, əvvəlki kimi ov edə bilmədiyini hiss edirdi. Aclıq güc gəlməsəydi, günlərlə yuvasından çıxmazdı. Ovun dalınca əvvəlki kimi qaça bilməməsi, məcburən qalın kol-kosa girməsi, nəticədə əliboş geri dönməsi onu ruhdan salırdı. Tikanlar üz-gözünü qanadır, pəncələri didik-didik olurdu. Hər yeri amansızcasına göynəyirdi, günün altında qalıb qurumuş, olduqca sərt və iti gicitkanlar əllərində, üz-gözündə, iri qələmələr barmaqlarında, dərisində uzun müddət qalıb bütün bədənini yandırıb-yaxırdı. Onları çıxarmaq üçün özünü təzədən kol-kosa toxuyur, ağacların budaqlarına sürtürdü, ancaq həmin tikanlardan, qələmələrdən çox vaxt xilas ola bilmirdi. Get-gedə həmin qələmələr boynunda, pəncələrində qalıb irinləyir, sağalmaz yaralara çevrilir, sızıltılardan canını qoymağa yer tapmırdı. Ağrıdan elə nərildəyirdi ki, yaxınlıqda bir dənə də olsun vəhşi heyvan qalmırdı. Otların üstündə irinin sarımtıl, al-qırmızı damcılarını görəndə bilirdilər ki, Qoca Şirin yaralarından axıb. Bir tərəfdən sevinirdilər ki, nə yaxşı onlar belə müsibətə urcah olmayıblar. Digər tərəfdən də “Ona hələ bu da azdır!” – deyib xəlvətcə vaxtı ilə onlara etdiyi zülmləri xatırlayıb xoşbəxtcəsinə gülümsəyirdilər. “Nə vaxt öləcək, canımız qutaracaq bundan?!”.  

        Onun yerinin boş qalmayacağı isə heç birinin ağlına gəlmirdi. Birdən sanki hamısı qəflət yuxusundan ayıldı. Artıq yeni hökmdar peyda olmuşdu. Yenə də sərbəst gəzib-dolaşa bilməyəcəkdilər. Başlarının üstündəki əbədi vahimə, qorxu yenə qalacaqdı. “Bir bax! Gör təzə padşah qalib nəzərlərlə ətrafa necə baxır?! Elə bil, hamı ona borcludur”.

         Bəlkə də heyvanlar birləşib Cavan Şirə qalib gələ bilərdilər. Hərəsi bir tərəfdən soxulub onu didərdilər. Amma açıq-aşkar sezilən güc, qüdrət, tarixən itaətkarlıq və qorxu, çəkingənlik onları əlbir olub birləşməyə qoymurdu.

        Dərhal burdan uzaqlaşmaq vaxtıydı. Qaldıqca, durduqca yüz yerindən sınırdı. Xüsusən arvadının məhzun baxışları, bayaqdan bəri başını qaldırıb bir dəfə də olsun ərinin üzünə baxmaması onu daha çox ağrıdırdı.

        O biri ağrıları çəkməyə nə vardı ki…

         O biri ağrılara öyrəşmişdi. İndicə düçar olduğu bu yeni ağrılara dözmək isə çox çətin idi. İçi doğranırdı. Bu nə idi belə?..

         İndi ölümü necə də arzulayırdı. Xəbəri olmadan, qəfil, kaş ki, öləydi. Ölüm indi ən gözəl xilas kəməriydi. 

Ana Şir nə edəcəyini bilmirdi. Məğlub ərin görkəmi çox miskin idi. Bundan sonra necə olacaqdı?..

         Arvadını özüylə götürüb aparmaq istəyirdi. Ona hədsiz dərəcədə ehtiyacı vardı. Məhz indi! Onun yaralarına kim məlhəm qoyacaqdı? Onu arvadından yaxşı kim tanıyır, kim qayğı göstərərdi? Əlbəttə, heç kim.

       Bəs indi bundan sonra kimə güvənəcəkdi?..

       Son dəfə arvadına baxıb onun rəyini bilmək istədi.

       Amma arvadı başını qaldırmadı… ona tərəf baxmadı da…

       Cəsarətmi etmədi?..

     Yəqin, Cavan Şir də izin verməzdi. Artıq bu yerlərin hökmdarı o idi! Ana Şiri əldən versəydi, kiminlə mazaqlaşıb, sevişib, qucaqlaşıb yatacaqdı?

         Qoca Şir fikirdəykən Cavan Şir bir də nərə çəkdi. Yer-göy bir-birinə dəydi. Heyvanlar dəhşət içində bir-birinə baxdılar. Cavan Şir aşıb-daşan enerjisini onların hər hansı birinin başında çatlada bilərdi. Bunu isə, əlbəttə, heç biri istəmirdi. Bəs vəziyyətdən necə çıxmalı?.. 

      Əlbəttə, gözə görünməmək. Mümkün qədər yayınıb kol-kosun arxasında gizlənmək, qaçıb getmək – hara gəldi…

     Qarıyıb qartımış Canavar qəzəblə məğlub Qoca Şirə baxdı. Bir dəri, bir sümük qalmışdı. Qarnının altındakı tükləri uzanıb yerə dəyirdi. İndi əvvəlki illərdə olduğu kimi elə də güclü görünmürdü, amma nüfuzu qalmışdı. Sanki buna bənd imiş kimi digər heyvanlar da məğlub hökmdarlarına boylandılar. Ümumi kin və qəzəbi Qoca Şir də açıq-aydın duydu. Əsas məsələ o idi ki, Böyük vadini və təbəələrini onların tanımadığı yad bir başçıya təhvil verib gedirdi. Yeni qaydalara öyrəşmək, uyğunlaşmaq onlar üçün heç də asan olmayacaqdı. Günahkar kimi həmişə Qoca Şiri xatırlayıb, onu söyəcəkdilər.

      “Lənətə gəlsin hər şey! Biz bunun ölümünü gözləyirdik, amma gör nə baş verdi? Yenə də kiminsə zülmü altında yaşayacağıq…”.

     Hara getdiyini bilmirdi. Bircə onu bilirdi ki, tez ortadan qeyb olmalıdır. Arada iki dəfə Cavan Şirin ehtirasla arvadına tərəf baxdığını gördü. Gözünün qabağında Cavan Şirlə arvadının sevişməsinə dözə bilməzdi. Tez, tez burdan yox olmaq, uzaqlaşmaq lazımdı. Onun üçün çətin olsa da, addımlarını yeyinlətdi.

      Cavan Şir bir daha nərə çəkib ona baxan canavarlara, tülkülərə, çaqqallara cumdu. Hamısı girə keçməmək üçün kol-kosa təpildilər. Meydan tam boşaldı…

        Qoca Şir illərdən bəri ona doğma olan yerdən istəmədən baş götürüb gedirdi. Getməliydi, çünki məğlub idi. Hökmü, hakimiyyəti əlindən alınmışdı. Artıq heç kimə gərək deyildi.

         Cavan Şir şəstlə Qoca Şirin arvadına yaxınlaşdı. Qoca Şirin arvadının zərif tükləri, sarı-qırmızı dərisi vardı, ümumiyyətlə, çox gözəliydi. Cavan Şir meydana çıxandan ondan gözünü çəkmirdi. Ehtiraslı baxışlarından hiss olunurdu ki, tezliklə ona sahiblənmək istəyir. Və tələsir…

          Niyə ona gözünü ağarda bilmir, “həddini bil!” – deyə bağırmır. Bu nə idi?  Niyə belə mağmın günə qaldı? Yad, hardan gəldiyi bilinməyən bir həmcins necə ötkəmlik eləyə bilər onun ölkəsində? Niyə onun gücü, cəsarəti belə azaldı? Ürəyi niyə belə əsir?

      …Heç bir müqavimət görməyən Cavan Şir onu döşünün altına salıb kolluğa tərəf itələdi. Boynundan yumşaq şəkildə dişləyib üz-gözünü yaladı, oxşamağa başladı. Çoxdan nəvaziş görməyən dişi şir məst oldu. Qarşısındakı güclü və yenilməz təzə bir ər idi. Onun gücü sonsuz idi. Bu gücün qabağında dayanmaq mümkün deyildi. Ləzzətlə nəhəng güc onun üstünə yıxıldı. Ağır və həyasız olsa da, dişi şir o gücü qəbul etdi. Bətninə girən tənasüldən nəfəsi kəsilsə də, ləzzətlə inildədi.

        Bunu bütün heyvanlar eşitdilər.

         Nə qədər uzaqlaşsa da, Qoca Şir də eşitdi…

          Elə yeridiyi yerdə də çökdü. Onun illərdən bəri hökmranlıq etdiyi, heç kimin qarşısına çıxa bilmədiyi, bir sözünün iki olmadığı səltənəti tam süquta uğradı…

          Daha yaşamağın mənası yox idi. Balaları çoxdan baş götürüb getmişdilər. Bax, əgər onlar burada olsaydılar, yəqin ki, o belə rüsvayçı məğlubiyyətə uğramazdı. Balaları atasının yenilməyini həzm etməzdilər. Qalsaydılar, elə Cavan Şir boyda olardılar – onun kimi güclü, ürəkli… Anladı ki, o zaman həyatının ən böyük səhvini edib. İndiki yenilgisinin əsasını o zaman özü qoyub – fərqinə varmadan, gələcəyini düşünmədən. Şəxsi acığını, kinini güddüyündən özü-özünü təklədi. Ağıllı arvadı hələ o zaman təkləndiklərini hiss edib uzun müddət onu yaxına buraxmadı, övladlarının ayrılığına dözə bilməyib xeyli vaxt qəm-qüssə içində yaşadı, gözü elə hey şiş uclu dağların ətəklərində qaldı, həmişə inandı ki, onlar bir gün dönüb qayıdacaqlar…

       Ancaq qayıtmadılar…

          Yadına düşdü ki, son zamanlar əvvəlki kimi ov edə bilmirdi. Çünki məhz əvvəlki kimi güclü, çevik deyildi. Son vaxtlar çox ağrıyırdı. Yerindən ləng qalxırdı. Aclıq hissi güc gəlməsəydi, günlərlə uzanıb yatardı. Tərpənmədən hündür kömbə təpələrdən birində yayxanıb ona son dərəcə doğma və əziz olan vadini seyr edərdi. Bu gözəl mənzərədən unudulmaz nə ola bilərdi. Axı bu böyük, geniş, sonsuz ərazi onun idi… 

       Bayaqdan bəri hara gedəcəyini bilmirdi. İstiqaməti özü seçməmişdi. Sadəcə, məğlub olduğu ölkəsindən tezliklə uzaqlaşmaq istəyirdi.

       …Arvadının iniltilərindən sonra birdən-birə başa düşdü ki, hər şey… hər şey bitdi.

        Qan yaddaşından anladı ki, cəngəlliyin ən sıx, qatı yerinə girib ölümü gözləməlidir. Onsuz da ölümün çox yaxında olduğunu bütün əzaları ilə hiss edirdi. Canında ağrımayan yeri qalmamışdı, olan-qalan salamat sümükləri də son savaşda sınıq-sınıq olmuşdu. Dədə-babalarının dediklərindən yadına düşdü ki, Böyük çayın Böyük təpəyə sığınan, heç bir vaxt gəlmədiyi, heç gəlmək istəmədiyi də sol tərəfdəki sıx, keçilməz cəngəlliyə girməlidir. Dədə-babaları da ölümləri yaxınlaşanda ora getmişdilər…

     İndi əvvəlkindən yüngül və iti yeriyirdi. Hər şey arxada qalmışdı. Heç bir arzusu yox idi. Hətta canındakı ağrılar da, rüsvayçı məğlubiyyət də eyninə deyildi. Hətta bir anlıq ona elə gəldi ki, xoşbəxtdir. Düşündü: niyə?

     İşə bir bax! Sən demə, arxayınlıqdan!

       Nə indi, nə də sabah üçün heç bir qayğısı, məmləkətin həll ediləsi bir problemi qalmamışdı. Artıq hər şey bitmişdi. Tam azad və qayğısız idi…  Sabah üçün planları, görəcəyi hər hansı iş zərrəcə də olsun eyninə deyildi. Üç gündür heç nə yeməməsinə baxmayaraq, ac da deyildi. Daha doğrusu, indi bu saat aclıq hiss etmirdi. Amma özünü xoşbəxt sanırdı… Beyni yüngülləşmişdi. Çünki heç nə fikirləşmirdi.

        Qoca Şir hara getdiyini və niyə getdiyini qəfil xatırladı. Aha..! Demə, buymuş! Hər şey qanuni şəkildə sona yaxınlaşırdı. Daha bundan o yanası yox idi.

       Ahh!.. Bir daha yəqinlədi.

         Ölməyə gedirdi…

         Dədə-babalarına, kökünə, əslinə, nəslinə qovuşmağa…

      Ayaqlarını güclə atırdı, zarıyırdı. Kol-kos, iti qələməli cəngəllik gücünü tükədirdi, amma sevinirdi. Çünki ölmək daha tez və asan olacaqdı. Ona görə də qabağına çıxan bütün maneələri dəf edərək son məqsədinə doğru sonsuz əzabla irəliləyirdi. Dayanacağı son yer, onun ən rahat, xoşbəxt anı olacaqdı. Dərhal da çatıb əbədiyyətə qovuşacaqdı.

       Bədəninin hər yerindən – dırnaqlarından, pəncələrindən, budlarından, qarnının altından, boynundan qan axırdı. Dözürdü. Aramsız ağrılar, hələ çıxmayan canını amansızcasına yaxıb-yandırırdı. Sümükləri elə sızıldayırdı ki, əgər bu ağrılar üç gün əvvəl olsaydı, hamının gözü qarşısında nərildəyə-nərildəyə canını tapşırardı. Çünki dözmək mümkün olmazdı. Amma indi bütün ağrılara tab gətirə bilirdi, çünki sona az qalırdı. Qəribədir… Ölümə getdiyini bilmək necə də rahatlıq yaradırmış…

      Gəlib elə bir yerə çatdı ki, daha cəngəlliyi yarıb irəli gedə bilmədi. Dəhşətli dərəcədə sıxlıq idi. Burdan o yana yol yox idi… Oradan arxaya da yol, ümumiyyətlə görünmürdü… Bütün bədənini sarmış amansız ağrıyla boynunu döndərib geri qanrıldı… heyrətləndi. O, bura haradan, hansı istiqamətdən gəlmişdi?.. Yalnız qan çilənmiş iti qələmələri, yulğunları və qalın çayırı gördü.

        Dədələrinə, babalarına qovuşacağı yer elə bura idi…

      Göz-gözü görmürdü. Yox, gecə düşməmişdi. Bunu fəhmlə hiss edirdi. Həm gözləri zəiflədiyinə, həm də budaqlar, kolluqlar, yabanı tikanlar bir-birinə elə burulub sarılmışdılar ki, ətraf tam zülmətə qərq olmuşdu, zərrə qədər işıq yox idi.  Bu azmış kimi, səmti müəyyənləşdirmək də artıq heç nəyə dəyməzdi. Ona görə də başını əllərinin üstünə qoyub dərindən nəfəs aldı… gözlərini yumdu. Onu çəkib aparanın yuxu, yoxsa əcəl olduğunu bilmədi…

       Son anda yenə arvadını xatırladı. Yanında olsaydı!..

      Əvvəla, onu ölməyə qoymazdı. Ölsəydi də, bu ölüm onun həyatının ən xoşbəxt anı olardı. Arvadı onun yaralarına məlhəm qoyardı, oxşayardı, tumarlayardı, dayanmadan qan axan yaralarını dili ilə yalayardı, mütləq sağaldardı. Onun nəvazişləri, sığalları, üz-gözünü yaralarına sürtməsi… nəyə desən dəyərdi. Əgər qucaqlaşıb birlikdə ölsəydilər, bu ölüm dünyanın ən bəxtəvər ölümü olardı. “İlahi, bu səadəti mənə niyə qıymadın, niyə layiq görmədin? Axı mən arvadımı çox sevirdim…”.

         Ürəyinin döyüntüləri getdikcə zəifləyirdi. Göz qapaqları ağır-ağır yumulurdu. “Ölüm belə olurmuş?”. Sonuncu qan damlaları süzülüb, yamyaşıl sıx çəməni al-         qırmızı rəngə boyayırdı…

        Damarlarındakı bütün qanı axıb qurtardığından o boyda nəhəng Şir qırışmış, büzüşmüş dəriyə oxşayırdı. Üstündə milçəklər, ağcaqanadlar, vəhşi arılar vızıldayırdı. Cürbəcür həşəratlar dərisinin qatlarına soxulub nə isə axtarırdılar. Bəziləri sonuncu qan damlalarını sümürürdülər. Onlar üçün hər halda qənimət idi.

          Yalnız böyük və tüklü başı, ağzı açıq qaldığından sapsarı kəsici dişləri bu büzüşmüş dərinin Şir olduğunu xatırladırdı…

                            ***

          …Bu yerlərə hələ heç bir bəni-insan ayağı dəyməmişdi…

Nazim Əhmədli /Kırımın sesi qazetesinin Azərbaycan təmsilcisi

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest